Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3554/2021 16.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Məmmədov Fuad Əli oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakları ilə açıq məhkəmə iclasında Zəngilan Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(034)-156/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Zəngilan Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(034)-156/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Gülsarə İmanova) İddiaçı Cavabdeh qarşı avtomobilin qaytarılması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh “VAZ-21074” minik markalı 1999-cu il buraxılışlı, ** NA *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin qalıq hissəsi olan 3828,77 manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.04.2021-ci il tarixli, 2(105)-695/2021 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Zəngilan Rayon Məhkəməsinin iş üzrə 15 oktyabr 2020-ci il tarixli, 2(034)-156/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26.07.2021-ci il tarixli, 2(102)-4165/2021 saylı qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- 695/2021 nömrəli iş üzrə 05 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. İŞİN HALLARİ: İş materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək “VAZ- 21074” minik markalı, 1999-cu il buraxılışlı, ** NA *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin və ya onun dəyərinin Cavabdeh alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, “VAZ-21074” minik markalı, 1999-cu il buraxılışlı, ** NA *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini sürmək üçün Cavabdeh baş etibarnamə vermişdir. Cavabdeh isə həmin maşını banka qoyaraq pul götürmüşdür. Hazırda cavabdeh həmin pulu ödəmədiyi üçün onu narahat edirlər. O, maşınını tələb etsə də, cavabdeh maşını qaytarmaqdan imtina edir. Cavabdeh ona maşının harada olduğunu bilmədiyini deyir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “VAZ-21074” minik markalı, ** NA *** dövlət qeydiyyat nömrəli avtomobili tapmaq mümkün olmadığını və banka olan borcun bir hissəsinin cavabdeh tərəfindən ödənildiyini bildirərək, avtomobil almaq üçün bankdan aldığı kredit borcunun qalıq hissəsi olan 3828,77 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, “VAZ-21074” minik markalı, 1999-cu il buraxılışlı, ** NA *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini 7500 manata qohumu olan İddiaçı adına almışdır. Məcburi köçkünlərə kredit verilmədiyinə görə həmin avtomobil girov goyularaq bankdan pul götürülmüşdür. Kredit götürüləndə 7500 manatın 2000 manatını da özü ödəmişdir. İddiaçı onun adına etibarnamə vermiş, həmin avtomobilin pulunu banka 6 ay ödədikdən sonra, avtomobili başqa şəxsə satmışdır. Hazırda həmin şəxsin harada yaşamasını və avtomobilin harada olmasını bilmir. İddiaçı özü ilə birgə avtomobili çox axtarmış, lakin tapa bilməmişlər. Qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranması zərər çəkən şəxsə ziyan vurulması, həmin ziyanın üzərinə məsuliyyət qoyulan şəxs tərəfindən yetirilməsi, yetirilmiş ziyanla üzərinə məsuliyyət qoyulan şəxsin hərəkəti arasında səbəbli əlaqənin olması və vurulmuş ziyanla bağlı şəxsin təqsirinin olması ilə bağlıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətbiq olunmuş sübutlarla əsaslandırmalıdır. Cavabdeh apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı X6 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, 29.12.2011-ci il tarixli kredit müqaviləsinə əsasən “Bank of Baku” açıq səhmdar cəmiyyəti tərəfindən avtomobil alınması məqsədi ilə İddiaçı 24 ay müddətinə illik 23 faizlə 5350 manat kredit verilmişdir. İş materiallarından görünür ki, “VAZ-21074” minik markalı, 1999-cu il buraxılışlı, ** NA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 30.12.2011-ci il tarixdə İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Bakı şəhəri 6 saylı notariat kontorunda 1 iyul 2012-ci il tarixdə təsdiq edilərək 7E-41300 sayla reyestrdə qeydə alınmış etibarnamənin surətindən görünür ki, İddiaçı adından çıxış edən X7 “VAZ-21074” minik markalı, 1999-cu il buraxılışlı, ** NA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etməyi etibarnamə üzrə səlahiyyətin başqa şəxsə verilə bilinməməsi əsası ilə 23.02.2016-cı il tarixə kimi X5 etibarnamə vermişdir. İş materiallarında olan Bakı şəhəri 52 saylı notariat kontorunun İddiaçı ünvanladığı 322/2013 saylı 26 fevral 2013-cü il tarixlı məktubun surətindən görünür ki, 30.12.2011-ci il tarixli, 7E/39-21058 nömrəli reyestrlə təsdiq edilmiş etibarnaməyə əsasən “VAZ-21074” minik markalı, 1999-cu il buraxılışlı, ** NA *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini müvəqqəti istifadəyə verilməsinə dair və həmin tarixli 7E/38-21044 nömrəli reyestrlə təsdiq edilmiş daşınar əmlak üçün olan Cavabdeh verilmiş ümumi etibarnamələrin ləğvi ilə bağlı müraciətinə baxılmış və etibarnamələrin ləğvi faktı 26.02.2013-cü il tarixdə qeydə alınmış, göstərilənlərlə əlaqədar Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin Notariat sənədlərin elektron məlumat bankında və notariat hərəkətlərinin 7E reyestr kitabında müvafiq qeydlər aparılmışdır. İşdən görünür ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərkən apellyasiya məhkəməsinin maddi hüquq normalarının tələblərini pozmaqla qətnamə çıxarılmasına istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşin mübahisə edilməyən hallarından görünür ki, iddiaçı və cavabdeh avtomobilin iddiaçının adına, lakin cavabdeh üçün alınması barədə şifahi razılığa gəlmiş, iddiaçı avtomobilin alınması üçün bankdan kredit götürmüş, avtomobil bank qarşısında ipoteka ilə yüklü edilmiş, razılaşmaya əsasən cavabdeh kredit müqaviləsi üzrə ödənişləri (iddiaçının bank qarşısında öhdəliklərini) bir müddət yerinə yetirdikdən sonra ödəniş etməyi dayandırmışdır. Həmçinin o da mübahisə edilmir ki, “VAZ-21074” minik markalı, 1999-cu il buraxılışlı, ** NA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 30.12.2011-ci il tarixdə İddiaçı adına qeydə alınmış, iddiaçının həmin tarixdə cavabdehə avtomobilə dair etibarnamə və daşınar əmlak üçün ümumi etibarnamə vermiş, 26.02.2013-cü il tarixdə həmin etibarnamələri ləğv etdirmişdir. İşdən görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək “VAZ-21074” minik markalı, 1999-cu il buraxılışlı, ** NA *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin və ya onun dəyərinin Cavabdeh alınıb ona qaytarılmasını xahiş etmiş, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək avtomobil almaq üçün bankdan aldığı kredit borcunun qalıq hissəsi olan 3828,77 manatın Cavabdeh onun xeyrinə tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi hazırki mübahisəyə Azərbaycan Respublikası MM-nin 152 və 157-ci maddələrini tətbiq etməklə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassız olmaqla işin faktiki hallarına uyğun deyildir. Birinci instansiya məhkəməsi iddia tələbinin qanuni əsası kimi istinad etdiyi Azərbaycan Respublikası MM-nin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə əsasən bu cür tələblər üzrə iddiaçı cavabdehdən tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu və həmin əmlakın cavabdehin qanunsuz sahibliyində olduğunu sübut etməlidir. Lakin iş üzrə iddiaçının cavabdehə hər hansı məbləğdə pul verdiyi müəyyən edilməmişdir. Azərbaycan Respublikası MM-nin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşdən görünür ki, 29.12.2011-ci il tarixli kredit müqaviləsinə əsasən “Bank of Baku” açıq səhmdar cəmiyyəti tərəfindən avtomobil alınması məqsədi ilə İddiaçı 24 ay müddətinə illik 23 faizlə 5350 manat kredit verilmişdir. X4 bankdan götürdüyü pul hesabına mübahisəli avtomobili əldə etdiyi və avtomobilin hazırda iddiaçının mülkiyyətində olduğu da işin mübahisə olunmayan hallarındandır. X4 tələb etdiyi 3828,77 manat onunla bank arasında bağlanmış kredit müqaviləsi üzrə məhz onun özünün bankdan götürdüyü borcun qalığıdır və Azərbaycan Respublikası MM-nin 739-cu maddəsinə əsasən onun bank qarşısında yaranmış pul öhdəliyidir. Hazırki vəziyyətdə iddiaçının onunla bank arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış pul öhdəliyinin icrasını cavabdehdən tələb etməsinin qanuni əsası yoxdur. Mülki qanunvericilik öhdəliyin verilməsi institutunu nəzərdə tutsa da, bunun üçün zəruri şərtlər də irəli sürmüşdür. Azərbaycan Respublikası MM-nin 522.2-ci maddəsinə görə əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 646- 648-ci maddələri daşınmaz əmlakların alqı-satqısına dair xüsusi tələblər müəyyən etmiş və rəsmi reyestrdə qeydə alınması tələb edilən daşınar əşyalara, o cümlədən avtomobillərə də daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlərin müvafiq surətdə tətbiq edilməsi barədə qayda nəzərdə tutmuşdur (maddə 650). Həmin qaydaya müvafiq olaraq reyestrdə qeydə alınmalı daşınar əşyalarla bağlı mülki hüquq subyektlərinin Mülki Məcəllənin 646-648-ci maddələrinə uyğun olmayan şifahi razılaşmaları özü-özlüyündə həmin razılaşmada tərəflərin nəzərdə tutduqları hüquqi nəticələri doğura bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən görünür ki, iddianın qiyməti beş min manatdan azdır. Ona görə də Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(034)-156/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3554/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3554/2021
16.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver