Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-381/2025 14.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fermanın fəaliyyətinə xitam verilməsi və fermanın sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli, 2(012)-790/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fermanın fəaliyyətinə xitam verilməsi və fermanın sökülməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 iddiaçıya məxsus torpaq sahəsindən təyinatı üzrə istifadə etmədiyinə görə cavabdehin saxladığı fermanın fəaliyyətinə xitam verilməsi və fermanın sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-790/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir (hakim Habil Əhmədov). İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə sözügedən qətnamədən apellyasiya şikayəti verilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-790/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (hakim Habil Əhmədov). İddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-790/2024 nömrəli qətnaməsindən xx.xx.2024-cü il tarixdə yenidən apellyasiya şikayəti, həmçinin şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-ci il tarixdə apellyasiya şikayəti göndərmişdir. xx.xx.2024-ci il tarixdə qərardad çıxarılmış və xx.xx.2024-ci il tarixdə portala yerləşdirilmişdir. Qeyd olunan səhvləri xx.xx.2024-ci il tarixdə düzəldərək yenidən apellyasiya şikəyəti göndərmişdir. Buraxılmış müddəti üzrlü hesab edərək apellyasiya şikayətinin Sumqayit Apellyasiya Məhkəməsinə baxılması üçün göndərilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli, 2(012)-790/2024 nömrəli qərardadı ilə müddətin bərpasından imtina edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-790/2024 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə1 verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (hakim Habil Əhmədov). İddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-790/2024 saylı qərardadından şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-790/2024 saylı qərardadının tam ləğv edilməsi, buraxılmış müddətin bərpa edilməsi və xx.xx.2024-cü il tarixli şikayət ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, elektron kabinet vasitəsilə apellyasiya şikayətini göndərərkən sistemdə başqa səhvlər də oldu. Belə ki, telefon nömrəsi avtomatik dəyişdirildi, dövlət rüsumu 30 manat göndərilməsinı baxmayaraq, sistemdə 15 manat göstərildi. Apellyasiya şıkayətinin elektron kabinet vasitəsilə göndərilməsi ilə birlikdə, əlavə sənədlər bölməsinə PDF formatında imzalanmış apellyasiya şikayəti, etibarnamə və ərazinin sputnik foto şəkili daxil edilmişdir. xx.xx.2024-cü il tarixində Abşeron Rayon Məhkəməsi apellyasiya şikayəti geri qaytarılması barədə qərardad çıxarmış və xx.xx.2024 cü il tarixdə portala yerləşdirmişdir. İddiaçı nümayəndəsi Nümayəndə1 Abşeron Rayon Məhkəməsinin xx.xx.2024- cü il tarixli 2(012)-790/2024 nömrəli qətnaməsindən xx.xx.2014 il tarixdə qeyd olunan səhvləri düzəldərək apellyasiya şıkayəti ilə yanaşı, şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə vermişdir Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-790/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fermanın fəaliyyətinə xitam verilməsi və fermanın sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-790/2024 saylı qərardadından İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Habil Əhmədov). Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını məhkəmə işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, qanunverici müddətin buraxılma səbəbinin üzrlü hesab edildiyi halda onun bərpası qaydasını müəyyən etmiş, lakin qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün hansı səbəbin üzrlü hesab olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk növbədə iddiaçı tərəfindən iş üzrə qəbul edilmiş qətnamədən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərdən ötürülüb-ötürülməməsi məsələsinin araşdırılması zəruridir. İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə vəsatətini onunla əsaslandırmışdır ki, qətnamədən apellyasiya şikayəti verilsə də, sonrada geri qaytarılmış buna görə bundan sonra həmin səhvlər aradan qaldırıldıqdan sonra müddət ötürülməklə apellyasiya şikayəti verilmişdir. Müddətin bərpasına dair ərizəni təmin etməyən birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki hallarından göründüyü kimi Abşeron Rayon Məhkəməsinin 2(012)-790/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi elektron kabinetə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, İddiaçı nümayəndəsi Nümayəndə1 elektron sistemdə elektron kabineti olduğundan, nümayəndənin apellyasiya şikayəti vermək üçün müddətin əvvəli xx.xx.2024-cü il tarixdən başlamış, həmin müddət xx.xx.2024-cü ildə qurtarmış, qeyd olunan qətnamədən apellyasiya şikayəti vaxtında, yəni xx.xx.2024-cü ildə təqdim edilməklə müddəti ötürməmiş, lakin apellyasiya şikayətində tələb aydın göstərilməmiş və bu səbəbdən apellyasiya şikayəti Abşeron Rayon Məhkəməsinin 2(012)-790/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini vermə müddətinin ötürməsinin səbəbini bilməli olduğu halda, forma məzmuna əməl etmədən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya şikayəti vermək üçün ötürülmüş müddətin bərpasına dair ərizənin təmin edilməsi üçün əsas yoxdur və ərizə təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi iddiaçı tərəfindən ilk dəfə apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə, yəni qanunla müəyyən edilmiş müddət ötürülmədən verilmişdir.Göründüyü kimi iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət çərçivəsində prosessual hərəkətlər edilmiş, lakin forma məzmuna əməl edilmədiyindən geri qaytarılmışdır.Bundan sonra həmin səhvləri dərhal aradan qaldırdıqdan sonra məhkəməyə təkrar müraciət edərkən müəyyən edilmiş müddəti üzrlü səbəbdən ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya şikayəti prosesual tələblər baxımından digər hissələrdə qanunvericiliyin tələblərinə riayət etməklə verildiyindən, əlavə vaxt itkisinin qarşısının alınması və prosessual qənaət prinsipinə uyğun olaraq şikayətin uyğunluğunun müəyyən edilməsi məqsədilə yenidən birinci instansiya məhkəməsinə qaytarılmasına ehtiyac yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosesual müddətin bərpa edilməsi barədə verilmiş vəsatət təmin olunaraq, apellyasiya şikayəti mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbaycan Respublikası MPM-in 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 133, 263-264, 397.2, 398.0.3, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-790/2024 nömrəli qərardadı ləğv edilsin. Ərizə təmin olunsun. Abşeron Rayon Məhkəməsinin 2(012)-790/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddət bərpa edilsin. Mülki iş qeydə alınaraq icraata verilməsi və mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına təhvil verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-381/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-381/2025
14.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver