Məhkəmə qərarları › İş №2(105)-3839/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3839/2021

19.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3839/2021 19.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi ilə, Ərizəçi qardaşının ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(060)-6926/2021 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1967-ci il təvəllüdlü qardaşı X1 ölüm faktının təsdiq edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli, 2(060)-6926/2021 saylı qərardadı ilə Ərizəçi məhkəmə iclasına gəlmədiyindən ərizə baxılmamış saxlanılmışdır. Ərizəçi nümayəndəsi İbrahimova Cəmilə Yadulla qızı Sumqayıt Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək, 2(060)-6926/2021 saylı mülki iş üzrə 08.09.2021ci il tarixdə üzrlü səbəbdən iştirak etmədiyi üçün ərizənin baxılmamış saxlanıldığını bildirərək, həmin qərardadın ləğv olunmaqla işin mahiyyəti üzrə yenidən baxışa təyin edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(060)-6926/2021 saylı qərardadı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair 2(060)-6926/2021 saylı mülki iş üzrə icraatın təzələnməsi barədə onun nümayəndəsi İbrahimova Cəmilə Yadulla qızı tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Ərizəçi qeyd edilən qərardaddan şikayət verərək, onun ləğv olunmasını və işə yenidən baxılmasını xahiş etmişdir. Şikayət bununla əsaslandırılmışdır ki, 08.09.2021-ci il tarixdəki məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməmişdir. Məhkəmənin tələb etdiyi ölüm faktına dair sənədi səhiyyə mərkəzinə verilmiş sorğuya cavab olmadığına görə, yəni əsas sənəd olmadığına görə gedə bilməmiş, həmin sənədi bir neçə gündən sonra vermişlər. Bu səbəbdən də hakim, təyin olunmuş vaxtda sübütedici sənəd təqdim etmədiyindən iddia ərizəsini baxılmamış saxlamışdır. Hazırda həmin sənəd, yəni onun mənzilində qeydiyyatda olan X1 1971-ci ildə vəfat etməsinə və Saray qəsəbə qəbristanlığında dəfn edilməsinə dair rəsmi arayış vardır. Bu hallara düzgün qiymət verilmədiyindən qərardad ləğv olunmalı, işə yenidən baxılmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(060)-6926/2021 saylı qərardadı ilə şikayət əsassız hesab edilərək baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası məruzəçi hakim məruzəsini dinləyib, iş materiallarını ərizəçinin şikayəti ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(060)-6926/2021 saylı qərardadı ləğv edilməli və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş materialları həmin məhkəməyə qaytarılmalıdır. İşin tədqiq olunan hallarından görünür ki, məhkəmə iclası 08.09.2021-ci il tarixə təyin edilmiş, lakin tərəflər həmin məhkəmə iclasında iştirak etməmişlər. Bu səbəbdən də məhkəmə MPM-nin 259.0.6-cı maddəsinə əsaslanmaqla ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul etmişdir. Bununla belə, işdən görünür ki, ərizəçi (nümayəndəsi) sonradan məhkəməyə ərizə göndərmiş, məhkəmə iclasında iştirak etməməsinin hansı səbəbdən baş verməsinə aydınlıq gətirmiş, bununla bağlı sənəd təqdim etmişdir. MPM-nin 259.0.6-cı maddəsinə əsasən məhkəmə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.5-ci maddəsinə görə məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. İşdən görünür ki, ərizəçi əvvəlki məhkəmə iclasında iştirak edə bilməməsinin, yəni ərizəsinin baxılmamış saxlanması üçün səbəb olan şəraitin aradan qaldırıldığı, onun üzürlü haldan baş verməsi barədə məhkəməyə sübut təqdim etsə də, məhkəmə buna düzgün qiymət verməmiş və MPM-nin 260.0.5-ci maddəsinin tələbini pozmuşdur. Bu isə onun məhkəmə müdafiəsindən istifadə etmək hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Halbuki, MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Birinci instansiya məhkəməsi ərizənin baxılmamış saxlanılması barədə qərardadın ləğv edilməsi haqqında Ərizəçi ərizəsini rədd etməklə əsassız nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.3-cü maddələrinə görə apelyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(060)-6926/2021 saylı qərardadı ləğv edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün iş materialları həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0, 398.0.3 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(060)-6926/2021 saylı qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar