Məhkəmə qərarları › İş №2(105)-386/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-386/2023

20.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-386/2023 20.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi ilə, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(012)-3830/2021 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İşin halları xx.xx.2015-ci il tarixli ******* №-li Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsi və 226.1 kv.m olan fərdi yaşayış evini 36000 manat müqabilində X3 mülkiyyətinə verir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, ünvan 1ində 0.03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ********** qeydiyyat nömrəsi ilə Cavabdeh1 adına xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-2615/2018 saylı 20 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 Cavabdeh1 və Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontoruna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir (apellyasiya və kassasiya isntansiya məhkəmələrinin müvafiq qərarları ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır). Abşeron Rayon Məhkəməsinin 2(012)-5638/2017 saylı 24 avqust 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh X6 qarşı fərdi yaşayış evindən çıxarılma, evin boşaldılması və istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilmiş,Cavabdeh2 ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsi və 226.1 kv.m olan fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilməli, cavabdehin ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsi və 226.1 kv.m olan fərdi yaşayış evindən çıxarılması, evin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir (apellyasiya və kassasiya isntansiya məhkəmələrinin müvafiq qərarları ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır). Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə X9 arasında Sumqayıt “Asan Xidmət” Mərkəzində bağlanan 27 dekabr 2015-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin və Cavabdeh1 adına verilmiş 18 noyabr 2016-cı il tarixli, RX seriyalı, 09599977 saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə məhkəməyə müraciət edərək, o, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə X9 arasında Sumqayıt “Asan Xidmət” Mərkəzində bağlanan 27 dekabr 2015-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin və Cavabdeh1 adına verilmiş 18 noyabr 2016-cı il tarixli, RX seriyalı, 09599977 saylı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehin onların uşaqlıqdan yaşadığı evdən çıxarılması ilə hədələdiyini, icra şöbəsinə çağrıldıqda məlumatlı olduqlarını bildiklərini, anasının faiz əvəzində 200 min manat dəyərində olan evlərini 27 dekabr 2015-ci il tarixdə cəmi 36 min manata X5 formal olaraq alqı-satqı etmişdir. Onun ölümündən sonra olu analarını məhkəməyə vermiş, evin boşaldılmasını tələb etmiş, iddia tələbi təmin edilmişdir.Onların hamısının həmin evdə yaşadığını,hüquqlarının pozulduğunu, alqı-satqıdan xəbərlərinin olmadığını bildirmişdir.Ona görə də müqavilə etibarsız hesab edilməlidir.Mübahisəli halın onun razı olub-olmaması, iradəsinə zidd həyata keçirilib-keçirilməməsi ilə bağlıdır. Razı olsa idi, notarial ərizə verərdi.Cavabdeh evi alıbsa, bugünədək iddiaçının ailəsi ilə orada yaşamasını izah edə bilmir. Abşeron Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(012)-3830/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçılar alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsələr də, müqavilənin etibarsız hesab edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmişlər və məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Əksinə, iş materiallarından görünür ki, Cavabdeh2 və X9 arasında xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl olunmuşdur. Müqavilə hər iki tərəfin iradə ifadəsinə uyğun, notarial qaydada təsdiq olunmaqla bağlanılmışdır. İddiaçı tərəf həmin məhkəmə qətnaməsindən apellyasiya şikayəti verərək, şikayətin təmin edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, alqı-satqı müqaviləsi formal olmuş, həqiqətdə heç bir alqı-satqı olmamışdır. Bu ev sadəcə olaraq alınmış borcun təminatı kimi girov qoyulmuşdur. Məhkəmə heç bir araşdırma aparmadan, əsassız olaraq iddianı rədd etmişdir.cavabdeh tərəf pula ehtiyacının olduğundan düşdüyü vəziyyətdən istifadə etmiş, onu aldatmış, bağlanan əqd həqiqətən uydurma olması başqa əqdi pərdələməsinə baxmayaraq, məhkəmə əsassız qətnamə çıxarmışdır. Şahidləri dindirməmişdir.Onların iştirakı olmadan qətnamə qəbul etmişdir. Apelyasiya şikayətinin dəlilləri, ona etiraz, apelyasiya icraatında tərəflərin izahatları İddiaçı1 nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahat verərək, öz izahatında apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 və nümayəndəsi Vəkil məhkəmə iclasında iştirak edərək, apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında bu işə baxılmasının mülki prosessual qanunvericiliyin tələbi baxımından düzgün olmadığını, iş üzrə icraata xitam verilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Cavabdeh2 məhkəmə iclasında iştirak edərək, izahat verərək,borc götürdüyünü, ona pul da ödədiyini, evinin əlindən çıxdığını, bu halın qanunsuz olduğunu, ona qarşı ədalətsizlik etdiklərini bildirdi. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. 262.4. işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 384.0.5. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 387.1. Posessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun 387.2.8. İddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Apelyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apelyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, habelə birinci instansiya məhkəməsi tərəfindən düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən, məhkəmə aktı tam yoxlanılır. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş sənədlərdən görünür ki, hazırki iş üzrə mübahisə predmeti daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bununla bağlı əmlaka dair Çıxarışın etibarsız hesab edilməsi ilə bağlı tələb təşkil edir. Həmçinin, iddia ərizəsi və apellyasiya şikayətinin məzmunundan aydın olur ki,iddiaçı tərəf iddia tələbinin əsası kimi onların uşaqlıqdan həmin evdə yaşamaları, iddiaçının anasının faiz borcunun əvəzi olaraq həmin evi cavabdehin atasına formal olaraq satması, hazırda da həmin evdə yaşamaları, onların mənzilin anası tərəfindən satılmasına həqiqətən razılıqlarını ifadə etməməməsi, əqdin uydurma əqd olması, görünüş üçün bağlanması, mənzilin öz dəyərindən dəfələrlə aşağı qiymətə satılmasının onun etibarlı əqd olmamasını ifadə etməsi, anasına pul lazım olduğundan, borc pul aldığından, onun təminatı kimi mənzili girov kimi verməsi, alqı-satqının formal olması, həqiqətdə alqı-satqı olmaması, borcun təminatı kimi olması kimi hallara istinad etmişdir. Eyni zamanda məhkəmədə tədqiq edilmiş sənədlərdən görünür ki, Cavabdeh2 iddiaçı qismində Cavabdeh1 (hazırki mülki iş üzrə cavabdeh) qarşı indiki halda mübahisə predmeti olan müvafiq eyni alıq-satqı müqvailəsinin etibarsız hesab edilməsinə dair iddia tələbi irəli sürmüş, müvafiq məhkəmə qətnamsi ilə iddia tələbi təmin edilməmiş, habelə müvafiq apellyasiya və kassasiya instansiya məhkəmələrinin qərarları əsasında həmin məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmış, həmin məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir. Həmçinin, məhkəmədə tədqiq edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 (hazırki mülki iş üzrə cavabdeh) Cavabdeh2 qıızna qarşı istifadə hüququnun itirilməsi, evin boşaldılması və təhvil verilməsinə dair iddia tələbi irəli sürmüş, müvafiq məhkəmə qətnaməsi ilə iddia tələbi təmin edilmiş, habelə müvafiq apellyasiya və kassasiya instansiya məhkəmələrinin qərarları əsasında həmin məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmış, həmin məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, hazırki mülki iş üzrə iddia predmetinin barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olan iddia predmeti ilə eynilik təşkil etməsi halı mövcuddur. Belə ki, hazırki mülki iş üzrə iddia predmetini müvafiq əmlaka dair alqısatqı müqvailəsinin etibarsız hesab edilməsi təşkil edir ki, müvafiq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olan iş üzrə iddia predmetini də məhz həmin alqı-satqı müqaviləsinin (27 dekabr 2015-ci il tarixli, AN-İ, №0531190) etibarsız hesab edilməsi ilə bağlı tələb təşkil etmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbinin əsası ilə barəsində qanuni qüvüvəyə minmiş məhkəmə qətnaməsi olan iş üzrə iddia tələbinin əsası da eynilik təşkil edir. Belə ki, iş materiallarından görünür ki, hazırki mülki iş üzrə iddiaçıların iddia tələbinin əsası kimi məhz barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olan Cavabdeh2 (hazırki mülki iş üzrə cavabdeh) Cavabdeh1 qarşı (hazırki mülki iş üzrə cavabdeh) yuxarıda qeyd edilmiş iddia tələbini irəli sürərkən istinad etdiyi eyni əsaslara və eyni hallara (borcun təminatı kimi verilməsi, alqı-satqının formal olması, uydurma əqd olması və sair) istinad etmişdir. Həmçinin, məhkəmə kollegiyası bununla bağlı onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar tərəfindən iddia ərizəsində “razılıq verilməməsi” kimi ifadənin qeyd edilməsi isə özülüyündə iddia tələbinə yeni əsasın mövcüdluğu kimi görüntü yaradılması məqsədi daşımışdır. Belə ki, qeyd edilən hal yeni yaranmış hal kimi mövcud olmamış, əvvəlki məhkəmə proseslərinin olduğu müddətdə həmin halın mübahisələndirilməsı mümkün olduğu halda (iddiaçıların öz dediklərinə əsasən onlar uşaqlıqdan hazıradək həmin evdə yaşamış və yaşayır, cavabdehin anaları olması halı, bu hallar isə onların mövcud məhkəmə proseslərindən məlumatsız olması halını istisna edir), bununla bağlı heç bir tələb olmamışdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə Cavabdeh2 və X7 tərəf qismində çıxış etməklə, qeyd edilən şəxslər hazırki mülki iş üzrə də tərəf qismində çıxış edir. Bundan əlavə, qeyd olunmalıdır ki, hazırki mülki iş üzrə tərəflər qismən eynilik (cavabdehlərə münasibətdə) təşkil etsə də, digər tərəflərə (iddiaçılara) münasibətdə fərqli tərəf kimi çıxış etsə də, qeyd edilən fərqlilik görüntü xarakterinə malik olmuşdur. Belə ki, iddiaçıların iddia tələbinin əsası kimi eyni əsaslara (hazırki mülki iş üzrə cavabdehlərə aid olan və əvvəlki iddia tələbində istinad edilmiş eyni əsaslara) istinad etməsi, tələbin eyni predmet barəsində irəli sürülməsi, özlərinin mübahisə predmeti olan evdə uşaqlıqdan hazıradək yaşaması halını qeyd etmələri, cavabdehin anaları olması, nəticə olaraq həmin mənzilə dair məhkəmə mübahisələrinin mövcudluğu barədə məlumatlı olmalarına baxmayaraq, bununla bağlı heç bir tələblərinin olmaması halları özlüyündə iddiaçıların hazırki mülki iş üzrə iddia tələbinin formal olaraq irəli sürülməsi, bununla eyni tələbə (artıq barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olan tələbə) yenidən baxılmasına nail olmağa çalışmaları kimi və iddiaçıların hüquqdan sui-istifadə etmələri kimi qiymətləndirilməsinə əsas verir. Həmçinin, hazırki mülki iş üzrə Cavabdeh2 cavabdeh qismində çıxış etsə də, məhkəmə iclasında öz izahatında iddia tələbinin əsası kimi istinad edilən halları qeyd edərək, iddia tələbinə qarşı deyil, iddia tələbinin təmin edilməsi yönümlü çıxış etmişdir. Bu hal da özlüyündə iddiaçıların və cavabdeh (anaları) Cavabdeh2 əsl məqsədinin barsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olan tələbə yenidən baxılmasına nail olmaqdan ibarət olması ehtimalının real olduğunu göstərir. Bu baxımından, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq, habelə hüquqi müəyyənlik, məhkəmə aktının təkzibolunmazlığı, dayanıqlılığı, preyudisiallığı, hüquqlardan suiistifadə edilməsinin yolverilməzliyi prinsiplərini əsas götürərək, hesab edir ki, qeyd olunan hallar hazırki mülki iş iddia tələbinə münasibətdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması halı kimi qiymət verməyə əsas verir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələbinə əsasən iş üzrə icraata xitam verilməlidir. Qeyd olunan hallara baxmayaraq, birinci instansiya məhkəməsi iş üzrə həmin hallara düzgün hüquqi qiymət verməmiş, nəticə etibarilə iş üzrə istinad olunan prosessual hüquq normalarının tələbləri pozmuş, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmasına baxmayaraq, iddia tələbinə mahiyyəti üzrə baxaraq, qətnamə qəbul etmiş, tətbiq edilməli olan MPM-nin 153.1.2 və ya 261.0.2-ci maddəsini tətbiq etməmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarxli Qərarında qeyd edilmişdir ki, MPM-in 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir.MPM-in həmin maddəsində nəzərdə tutulmuş prosessual pozuntuları iki qrupa bölmək olar. Birinci qrupa birinci instansiya məhkəməsinin qətnaməsinin hər bir halda ləğv olunmasına əsas olmuş prosessual pozuntular aiddir. Belə pozuntular kobud pozuntular adlandırılır. Həmin pozuntular MPM-in 387.2.1-387.2.7-ci maddələrində göstərilmiş və bu pozuntular şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə şərtsiz əsasdır. Məhkəmə Kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən hesab edir ki, iş üzrə iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbulundan imtina edilməsi və ya icraata xitam verilməsi üçün əsasların mövcud olması halı ümumilikdə mövcud məhkəmə baxışını istisna etdiyi üçün əhəmiyyətli prosessual pozuntu kimi qəbul edilməli və hər bir halda düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olduğundan MPM-nin 372.6, 372.7 və 387.1-ci maddələrinin tələbinə əsasən apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, qətnamənin tam ləğvi üçün əsas kimi nəzərdən keçirilməlidir. Hazırki mülki iş üzrə, birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntu əhəmiyyətli prosessual pozuntu hesab olunduğundan, eyni tərəflər, eyni predmet və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan iddianın icraata qəbul edilməsindən imtina etməli və ya iş üzrə icraata xitam verməli olduğu halda, birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyəti üzrə baxmaqla, məhkəmə qətnaməsi qəbul etdiyindən, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun2022-ci il tarixli Qərardadında qeyd edilmişdir ki,bəzi əqdlər vardır ki, onlar bağlanarkən müvafiq razılığın alınmamasına görə etibarsız sayılır, lakin səlahiyyətli şəxsin bəyənməsi nəticəsində bu etibarsızlıq halı düzəldilmiş, yəni əqd etibarlı hala gətirilmiş olur (düzələ bilən etibarsızlıq). Mülki Məcəllənin 344, 345, 29.1, 30.1-ci maddələrində nəzərdə tutulan etibarsızlıq və bəyənmə halları buna misal göstərilə bilər. Əqdə əsaslanan iddia tələbinə mahiyyəti üzrə qiymət verildikdən sonra, eyni tərəflər arasında müvafiq iddianın əsasını təşkil etmiş həmin əqdin etibarsız hesab edilməsi barədə ayrıca iddiaya baxılması mülki prosessual qanunvericiliyin aşağıdakı tələbləri baxımından yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar... İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti – iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. Konstitusiya Məhkəməsinin qərarında, həmçinin qeyd olunmuşdur ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. Həmçinin qedy olunmuşdur ki, iddianın predmeti iddia ərizəsinə əsasən tələb edilənlərlə məhdudlaşmayaraq, irəli sürülmüş tələblə ehtiva olunan və ona mahiyyəti üzrə baxılıb əsaslandırılmış qiymətin verilməsi üçün zəruri olan hüquq münasibətlərini də əhatə edir. Belə ki, iddianın predmeti, barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüquq olduğu üçün iddianın obyektinə aid olan konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi kimi tələblərlə eyniləşdirilməməlidir. Ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Odur ki, oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından kompleks şəkildə qiymət verilməlidir. Təsadüfi deyildir ki, MPM-in 261.0.2-ci maddəsi iş üzrə icraata xitam verilməsi üçün eyni tərəflər arasında, eyni tələb deyil, məhz eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasını yetərli hesab edir. Digər tərəfdən, əqdə əsaslanan tələb üzrə işin icraatda olduğu və ya məhkəmə aktının qəbul edildiyi nəzərə alınmadan həmin əqdin etibarsız hesab edilməsinə dair tələblərin icraata qəbul edilməsi və baxılması hüquqi müəyyənlik prinsipinə də ziddir. Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016-cı il tarixli qərarlarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent təcrübəsində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələbləri baxımından “res judicata” prinsipinə hörmət edilməsini ehtiva edən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının bir qayda olaraq dəyişdirilmədən saxlanılmasını nəzərdə tutan preyudisiallıq və qanunun aliliyinin fundamental aspektlərindən olan hüquqi müəyyənlik prinsiplərinin təmin edilməsinə xüsusi önəm verilmiş, yalnız məhkəmə səhvlərinin düzəldilməsi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallar aşkar olunduqda belə qərarlara yuxarı instansiya məhkəməsi tərəfindən yenidən baxılmasının mümkünlüyü əks olunmuşdur (Xotulyeva Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 30 iyul tarixli, Kondraşov və digərləri Rusiya Federasiyasına qarşı iş üzrə 2009-cu il 8 yanvar tarixli qərarlar). Hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır (Brumaresku Rumıniyaya qarşı” iş üzrə 1999-cu il 28 oktyabr tarixli qərar). Hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədi ilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməsidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır (Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli qərar). Həmçinin, həmin Qərardadda qeyd olunmuşdur ki, işdə iştirak edən şəxslərin əqdə əsaslanan tələblərə baxılarkən ona verilmiş prosessual hüquqlardan istifadə etmədən (etiraz və qarşılıqlı iddia vermədən, öz dəlil və sübutlarını təqdim etmədən) əqdin etibarsızlığına dair ayrıca iddia qaldırması həm də MPM-in 47.1-ci maddəsi ilə işdə iştirak edən şəxslərin üzərinə qoyulmuş prosessual hüquqlardan vicdanla istifadə etmək vəzifəsi və prosessual qənaət prinsipi ilə bir araya sığmır. Prosessual hüquqlardan belə sui-istifadə qəbul edilmiş məhkəmə qərarlarını uzun müddət icrası mümkün olmayan aktlara çevirməklə, digər şəxslərin ədalətli məhkəmə hüququnun pozulmasına şərait yaradır. O da qeyd edilməlidir ki, əqdə əsaslanan iddia irəli sürülənədək tərəflər həmin əqdin etibarsız hesab edilməsinə dair tələblə məhkəməyə müraciət etməkdə sərbəstdirlər. Sadəcə olaraq, bu tələbə baxılaraq qiymət verildiyi halda, sonradan həmin əqdə əsaslanan iddiaya baxılması zamanı əvvəlki iş üzrə etibarsızlıqla bağlı qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən edilmiş hallar bu iş üçün preyudisial əhəmiyyət kəsb etməklə, təkrar qiymətləndirmə imkanını aradan qaldırmış olacaqdır. Həmçinin, qeyd olunmuşdur ki, əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin eidlməli, barəsində şikayət verilən məhkəmə qətnaməsi ləğv eidlməli, iş üzrə icraata xitam verilməlidir. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırki müki iş üzrə icraata xitam verildiyindən, iddia ərizəsinin verilməsi üçün İddiaçı1 tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənildiyindən, ödənilmiş dövlət rüsumu qeyd edilən iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 372,387, 397 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(012)-3830/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İş üzrə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı1 (AZE №********, Fin kodu: xxxxxxx, Qəbzin nömrəsi 767187483, Büdcə təsnifat kodu:142211, məhkəmənin növü:Abşeron Rayon Məhkəməsi ) geri ödənilsin. Qərardaddan rəsmi qaydada təhvil aldıqdan sonra 10 (on) gün müddətində (elektron kabinet və vəkil vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar