Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-389/2025 04.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı, Cavabdeh İddiaçı qarşı mülki iş üzrə (Açar sözlər: qeyri-yaşayış obyektinin cavabdehin qeyri-qanuni sahibliyindən götürülməsi, pul- əqdin bağlanması və pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5460/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən sahəsi 42,5 kvadrat metr olan xüsusi mülkiyyətində olan qeyri-yaşayış obyektinin Cavabdeh qanunsuz sahibliyindən götürülərək iddiaçıya qaytarılması, mülkiyyətçisi olduğu qeyri-yaşayış obyektinin cavabdeh tərəfindən boşaldılaraq mülkiyyət hüququnun pozulmasının aradan qaldırılması və dövlət rüsumu olaraq məhkəməyə ödənilmiş 110 manat pul vəsaitinin, eləcə də vəkil xidmətindən istifadə ilə əlaqədar ödənilmiş 320 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən sahəsi 42,5 kvadrat metr olan xüsusi mülkiyyətində olan qeyri-yaşayış obyektinin Cavabdeh qanunsuz sahibliyindən götürülərək iddiaçıya qaytarılması, mülkiyyətçisi olduğu qeyri-yaşayış obyektinin cavabdeh tərəfindən boşaldılaraq mülkiyyət hüququnun pozulmasının aradan qaldırılması, mülkiyyətçisi olduğu qeyri-yaşayış obyektinin cavabdeh tərəfindən saxlandığı müddət üçün (boşaldılan tarixədək) 01 avqust 2024-cü il tarixindən hesablamaqla Cavabdeh kompensasiya olaraq aylıq 300 manat kirayə haqqının və dövlət rüsumu olaraq məhkəməyə ödənilən 110 manatın, eləcə də vəkil xidmətindən istifadə ilə əlaqədar ödənilmiş 320 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İlk iddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən sahəsi 42,5 kvadrat metr olan qeyri-yaşayış obyekti onun xüsusi mülkiyyətindədir. 2022-ci ilin mart ayında onunla cavabdeh arasında əldə edilmiş şifahi razılaşma əsasında mülkiyyətində olan qeyri-yaşayış obyektini sonuncunun icarəsinə vermişdir. Cavabdeh də həmin obyektdən bərbərxana şəklində istifadə etmişdir. Sözügedən qeyri-yaşayış obyekti tam təmirli və səliqəli şəkildə cavabdehin istifadəsinə verilmişdir. Bir müddət əvvəl cavabdeh iddiaçıya müraciət edərək xəstəliyi ilə əlaqədar cari ilin avqust ayının 1-dən icarə münasibətlərini sonlandırmaq və obyekti geri qaytarmaq istədiyini bildirmişdir. Ancaq bu zaman cavabdeh əsassız olaraq ondan 4000 manat pul tələb etmiş və bunu guya sözügedən qeyri-yaşayış obyektinin təmirinə şəxsi vəsaitindən pul xərcləməsi ilə əsaslandırmağa çalışmışdır. Halbuki, iddiaçı mülkiyyətində olan qeyri-yaşayış obyektini tam təmirli və səliqəli şəkildə cavabdehin istifadəsinə vermişdir. Cavabdeh sonradan onunla razılaşdırmadan obyektin daxilində olan qapını çıxartdırmışdır ki, bu işlərin də qiyməti ən çoxu 200-250 manat təşkil edə bilərdi. Cavabdeh əsassız şəkildə onun hesabına varlanmaq məqsədi güddüyündən, onun 4000 manat pul tələbini rədd edərək obyekti boşaltmasını tələb etmişdir. Lakin cavabdeh tələbini rədd edərək obyektdən qanunsuz şəkildə istifadəni davam etdirir və bu azmış kimi, onu da müxtəlif üsullarla təhdid etməyə davam edir. Cavabdehə edilmiş müraciətlər nəinki bir nəticə verməmiş, hətta iddiaçının özü cavabdeh tərəfindən əsassız şəkildə ittihamlara məruz qalmışdır. Obyektin guya istifadəyə yararsız olduğunu bildirərək özünün qanunsuz əməllərinə haqq qazandırmağa çalışan cavabdeh nədənsə unutmuşdur ki, 6 il müddətində istifadəsində olduğu müddətdə həmin obyektlə bağlı hər hansı etiraz və narazılığını bildirməmişdir. Cavabdehə dəfələrlə olunan müraciətlərə baxmayaraq, sonuncu mülkiyyətində olan obyektdən çıxmaqdan və mübahisənin həlli ilə bağlı hər hansı addım atmaqdan imtina edir. Bu səbəbdən yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh tərfindən törədilən qanunsuzluqların aradan qaldırılması və mülkiyyət hüququnun müdafiəsi məqsədilə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən sahəsi 42,5 kvadrat metr olan qeyri-yaşayış obyektinə şifahi müqavilə əsasında ödənilmiş 3920 manatın geri qaytarılması və dövlət rüsumu olaraq ödənilmiş 59,20 manatın, eləcə də vəkil xidmətindən istifadə ilə əlaqədar ödənilmiş 500 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Daha sonra Cavabdeh qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ilkin iddia ərizəsinin rədd edilməsi, ünvan 1 ünvanında yerləşən, sahəsi 42,5 kvadrat metr olan qeyri-yaşayış obyektinin yaxşılaşdırılması üçün qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən çəkilmiş 1750 manat vəsaitin, ödənilmiş 59,20 manat dövlət rüsumu məbləğinin qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq ona ödənilməsi və ünvan 1 ünvanında yerləşən, sahəsi 42,5 kvadrat metr olan qeyri-yaşayış obyektinə dair qarşılıqlı iddia üzrə iddiaçı və cavabdeh arasında 2022-ci ilin mart ayından şifahi icarə müqaviləsinin bağlanmış hesab edilməsi, həmin şifahi icarə müqaviləsinin müddətsiz bağlanması, həmin şifahi icarə müqaviləsi üzrə icarə ödənişinin aylıq 300 manat təşkil etməsi, qarşılıqlı iddia üzrə iddiaçının razılığı olmadan qarşılıqlı iddia üzrə cavabdehin icarə predmetinə daxil olmasının ona qadağan olunması və qarşılıqlı iddia üzrə cavabdehin həmin şifahi icarə müqaviləsi üzrə öhdəliklərini icra etməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən sahəsi 42,5 kvadrat metr olan qeyri-yaşayış obyektini 2022-ci ilin mart ayından cavabdehlə aralarında əldə edilmiş şifahi razılaşma əsasıda qeyri-yaşayış obyektini icarəyə götürmüşdür. Həmin qeyri-yaşayış obyektindən bərbərxana kimi istifadə etmişdir. Sözügedən qeyri-yaşayış obyekti icarəyə götürəndə obyekt təmirsiz və səliqəsiz olmuşdur. Aralarıda olan şifahi razılaşmaya əsasən obyektin təmir-tikinti xərcləri aylıq icarə haqqından çıxılacaqdır. Əldə olunmuş şifahi razılaşmaya görə ünvan 1 ünvanında yerləşən, sahəsi 42,5 kvadrat metr olan qeyri-yaşayış obyektin təmir tikinti işlərinə (Kondinsioner 200 manat, Reklam 200 manat, Qazon 250 manat, bar-stulu 200 manat, Prestij iki mərtəbəli şüşəli mebel 500 manat, lambirin 150 manat, işıqlandırma 100 manat, divar saatı 40 manat, dəsmal prestij polka mebel 50 manat, bərbər kreslo yeni 800 manat, oboy rəssam 120 manat, usta zəhmət haqqı 500 manat, güzgü prestij polkalı mebel 750 manat, dəsmal qurudan 60 manat) ümumilikdə 3920 manat xərc çəkmişdir. Cavabdeh avqust ayında icarə haqqının yüksək məbləğdə qaldırılması ilə bağlı xəbərdarlıq etmiş və razılaşmadığı təqdirdə obyekti boşaltmağı tapşırmışdır. Belə olan halda o, İddiaçı Ələkbər oğlundan obyektin təmir-tikintisinə sərf olunan vəsaiti müqqəddəratı ilə bağlı soruşduqda, ona yalnız 500 manat geri verə biləcəyini bildirmişdir. Bu səbəbdən yuxarıda göstərilənləri nəzərə alaraq cavabdeh İddiaçı Ələkbər oğlu tərəfindən törədilən qanunsuzluqların aradan qaldırılması və hüquqlarının müdafiəsi məqsədi ilə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. İlk iddia üzrə İddiaçı qarşılıqlı iddia ərizəsinə qarşı etiraz verərək qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh tələbini Sumqayıt şəhəri, 14-cü məhəllə, ünvan 1 ünvanında yerləşən sahəsi 42,5 kvadrat metr olan qeyri-yaşayış obyekti ilə bağlı guya onunla bağlanılmış şifahi müqavilə əsasında çəkdiyi xərclərin geri qaytarılması istəyi ilə əsaslandırmağa çalışmışdır. Halbuki, onunla Cavabdeh arasında kirayəyə verilmiş obyektin hər hansı şəkildə yaxşılaşdırılması və ya obyektdə təmir-tikinti işlərinin aparılması ilə bağlı nə yazılı, nə də şifahi qaydada heç bir razılaşma olmamışdır. Sözügedən obyekt 17 ilə yaxındır ki, bərbərxana şəklində istifadə olunur. Cavabdeh həmin obyektdə bir müddət Xəyal adlı şəxslə birlikdə işləmiş, sonuncu başqa yerdə işləməyə getdikdən sonra isə obyekti təkbaşına olaraq icarəyə götürmüşdür. Həmin obyektdə Cavabdeh tərəfindən yenidənqurma və ya hər hansı təmir işləri aparılmışdırsa, həmin işlər onu xəbərdar etmədən aparılmışdır ki, buna görə o, ondan hər hansı pul vəsaitini tələb edə bilməz. Cavabdeh tərəfindən icarəyə verilən obyektdə görüldüyü iddia edilən işlərin onun xəbəri və məlumatı olmadan həyata keçirildiyini o fakt da təsdiq edir ki, Cavabdeh nümayəndəsi məhkəmə hazırlıq iclasında həmin işlərin 1 il bundan əvvəl yerinə yetirildiyini bildirmişdir. Belə olan halda Cavabdeh gördüyünü iddia etdiyi təmir işlərinə xərclədiyi pul vəsaitini İddiaçı tələb etməli, yaxud da 1 il ərzində ona ödədiyi aylıq icarə haqqından bu pulu çıxmalı idi. Lakin o, son aylaradək icarə haqqını mütəmadi olaraq ödəmişdir ki, bu da onun icarəyə götürdüyü qeyri-yaşayış obyektinin guya təmir-tikinti işlərinə pul xərclədiyini və bunu onunla bağlanılmış razılaşma əsasında etdiyini təkzib edir. Eyni zamanda o, məhkəmənin nəzərinə çatdırır ki, Cavabdeh qarşılıqlı iddia ərizəsində uğradığı ziyan şəklində qeyd etdiyi pul məbləğinə obyektdə görüldüyü iddia olunan işlərin deyil, əsasən bərbərxanada olan ləvazimatların dəyərini daxil etmişdir. Halbuki, Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərdiyi əmlakların bir qismi həqiqətən də ona məxsusdur və İddiaçı bu əmlakların obyektindən götürülməsinə hər hansı məhdudiyyət qoymamışdır. Sadəcə olaraq Cavabdeh özünə məxsus əmlaklarla yanaşı, qeyri-yaşayış obyektini onun icarəsinə verərkən orada olan və İddiaçı məxsus olan bəzi əmlakları da “özününküləşdirərək” onların dəyərini tələb etdiyi əmlakların siyahısına daxil etmişdir. Belə ki, Cavabdeh tərtib etdiyi siyahıda özünün əmlakı kimi qeyd etdiyi kondisioner, lambirin, divar saatı və iki ədəd bərbər kreslosu ona məxsus olmaqla obyekt icarəyə verilərkən artıq orada idi və həmin əmlakların Cavabdeh hər hansı aiddiyəti yoxdur. Həmçinin, Cavabdeh obyektin təmir-tikinti işlərinə ümumilikdə 3920 manat pul vəsaiti xərclədiyini iddia etsə də, bu təmir-tikinti işlərinin nədən ibarət olduğu əsaslandıra bilməmiş və qarşılıqlı iddia ərizəsində zərər şəklində qeyd etdiyi pul məbləğini 500 manat usta pulu istisna olmaqla, yalnız əmlakların dəyəri ilə hesablamışdır ki, bu da onun tərəfindən obyektdə hər hansı əsaslı təmir-tikinti işlərinin aparılmadığı sübuta yetirir. Eyni zamanda məhkəmənin nəzərinə onu da çatdırır ki, qanunvericilik kirayəyə verənin xərclərinin əvəzini ödəmək vəzifəsinin özgə işlərini tapşırıqsız aparmaq haqqında və əsassız varlanma haqqında göstərişlərə uyğun həll edilməsini müəyyənləşdirir.
8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-5460/2024 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) ilk iddia tələbi qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən sahəsi 42,5 kvadrat metr olan qeyri-yaşayış obyektinin Cavabdeh qanunsuz sahibliyindən götürülərək, boşaldılaraq İddiaçı təhvil verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Hüquqi yardım üçün vəkilə ödənilmiş 320 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia ərizəsinin rədd edilməsi, ünvan 1 ünvanında yerləşən, sahəsi 42,5 kvadrat metr olan qeyriyaşayış obyektinin yaxşılaşdırılması üçün qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən çəkilmiş 1750 manat vəsaitin, ödənilmiş 59,20 manat dövlət rüsumu məbləğinin qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və ünvan 1 ünvanında yerləşən, sahəsi 42,5 kvadrat metr olan qeyri-yaşayış obyektinə dair qarşılıqlı iddia üzrə iddiaçı və cavabdeh arasında 2022-ci ilin mart ayından şifahi icarə müqaviləsinin bağlanmış hesab edilməsi, həmin şifahi icarə müqaviləsinin müddətsiz bağlandığının, həmin şifahi icarə müqaviləsi üzrə icarə ödənişinin aylıq 300 manat təşkil etdiyinin, qarşılıqlı iddia üzrə iddiaçının razılığı olmadan qarşılıqlı iddia üzrə cavabdehin icarə predmetinə daxil olmasının ona qadağan olunması və qarşılıqlı iddia üzrə cavabdehin həmin şifahi icarə müqaviləsi üzrə öhdəliklərini icra etməsi barədə barədə qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edlmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında icarə münasibətləri mövcud olmuş, lakin münasibətlərin müddəti müəyyən edilmədiyindən, icarəyə götürən hər ayın əvvəli ödəniş etməklə tərəflər icarə müddətini bir ay müəyyən etmişlər. İcarəyə götürən 2024-cü ilin avqust ayından icarə haqqı ödəməyi dayandırdığından həmin tarixdən tərəflər arasında olan şifahi icarə münasibətləri xitam edilmiş hesab edilmişdir. İcarəyə götürən obyektə yaxşılaşdırmaları mülkiyyətçinin tapşırığı əsasında deyil, məhz özünün orada normal fəaliyyət göstərməsi üçün yaranmış zərurətlə əlaqədar etmişdir. Qeyri-yaşayış sahəsinin boşaldıldığı tarixədək qeyri-qanuni istifadə etdiyinə görə hər ay üçün 300 manat məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsi ilə bağlı hissədə iddia təmin edilə bilməz belə ki, tərəflər arasında artıq şifahi icarə münasibətlərinə xitam verilmişdir. Qarşlıqlı iddiaya münasibətdə məhkəmə qeyd edir ki, müqavilənin bağlanmış hesab edilməsinə dair qanunvericilik norması mövcud deyildir. Çəkilmiş xərclər isə qarşlıqlı iddiaçının məhz özünün orada normal fəaliyyət göstərməsi üçün yaranmış zərurətlə əlaqədar olduğu üçün təmin edilə bilməz.
10. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675, 684.1, 689.1, 680.1, 680.2, 700.1, 700.2, 1087.1, 1090.1, 1090.2, 1090.3-cü maddələrinə, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7.5-ci , 13.5-ci maddələrinə istinad edərək iddianı təmin etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5460/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(060)-5460/2024 nömrəli qətnaməsinin iddia tələbinin rədd edildiyi hissədə ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən prosessual hüquq normalarının çoxsaylı pozuntularına yol verilmiş və bu pozuntular nəticəsində düzgün olmayan qətnamə qəbul edilmişdir. Belə ki, iddiaçı obyekti ona təmirli formada verdiyini bildirsə də bu barədə sübut məhkəməyə təqdim etməmişdir. Bundan başqa ilkin iddia üzrə iddiaçı obyektdə bəzi bərbərxana ləvazimatlarının olduğunu bildirmişdir, lakin bu halları təsdiq edən heç bir mötəbər sübut iş materiallarına əlavə olunmamışdır. Qətnamədə ilkin iddia üzrə iddiaçı bildirir ki, yenidən qurma işlərinin aparılması barədə onun heç bir məlumatı olmamışdır. Halbuki, icarə müqaviləsini şifahi razılaşdığı kimi hər dəyişikliyi də şifahi onunla razılaşırdı. Məhkəmə mövcud obyektdə nə kimi dəyişikliyin aparıldığını və nə qədər xərc çəkildiyini araşdırmamışdır. Hesab edir ki, düzgün olmayan qətnamə qəbul olunmuşdur. Çünki hadisələr təhrif olunaraq qətnamədə ilkin iddia üzrə iddiaçının dediyi kimi yazılmışdır. Belə ki, nümayəndəsi məlumatı səhv verərək bildirmişdir ki, guya o, son 1 ilin icarə haqqını verməmişdir. Məhkəmə də bununla müəyyən etmişdir ki, obyektin içində əsaslı dəyişiklik aparılması iş vəziyyətinin yaxşılaşdırılması üçün olmuşdur. Təhrif olunan hissə bundan ibarətdir. Yəni istənilən icarəyə götürən şəxs fəaliyyətinin öz istəyinə uyğun və rahat olması üçün icarəyə götürdüyü vaxt həmin rahatçılığı yaradır ki, sonradan problem olmasın. Yəni, obyektin içində təmir işlərinin aparılması icarəyə götürülən vaxtdan iddiaçı ilə şifahi razılaşdırılaraq həyata keçmişdir. Yəni, məhkəmə icarə haqqlarının ödənməsi sənədlərini tələb etməli və ədalətli araşdırma aparmalı idi. İş üzrə qarşılıqlı iddia ilə tələb etdiyi 3920 manatlıq təmir işi deyəndə təkcə usta pulunu nəzərdə tutmamışdır. Həm də ora alınan avadanlıqları da nəzərdə tutmuşdur. Məhkəmə isə həmin avadanlıqların nədən ibarət olmasını, nə vaxt alınmasını və kim tərəfindən alınmasını araşdırmamışdır.
14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən sahəsi 42,5 kvadrat metr olan qeyri-yaşayış obyekti xüsusi mülkiyyətindədir. 2022-ci ilin mart ayında onunla cavabdeh arasında əldə edilmiş şifahi razılaşma əsasında mülkiyyətində olan qeyri-yaşayış obyektini sonuncunun icarəsinə vermiş və cavabdeh həmin obyektdən bərbərxana şəklidə istifadə etmişdir. Bir müddət əvvəl cavabdeh ona müraciət edərək xəstəliyi ilə əlaqədar cari ilin avqust ayının 1-dən icarə münasibətlərini sonlandırmaq və obyekti geri qaytarmaq istədiyini bildirmiş,lakin əsassız olaraq ondan 4000 manat pul tələb etmiş və bunu guya sözügedən qeyri-yaşayış obyektinin təmirinə şəxsi vəsaitindən pul xərcləməsi ilə əsaslandırmağa çalışmışdır. Halbuki, o, mülkiyyətində olan qeyri-yaşayış obyektini tam təmirli və səliqəli şəkildə cavabdehin istifadəsinə vermişdi. Cavabdeh əsassız şəkildə onun hesabına varlanmaq məqsədi güddüyündən, təbii ki, onun 4000 manat pul tələbini rədd edərək obyekti boşaltmasını tələb etmişdir. Lakin cavabdeh tələbini rədd edərək obyektdən qanunsuz şəkildə istifadəni davam etdirir və bu azmış kimi, onu da müxtəlif üsullarla təhdid etməkdə davam edir. Məhkəmə yekun qətnamə çıxararkən iddia tələblərini qismən təmin edərək mülkiyyətçi olduğu qeyri-yaşayış obyekti cavabdeh tərəfindən saxlandığı müddət üçün (boşaldılan tarixədək) 01 avqust 2024-cü il tarixdən hesablanmaqla Cavabdeh kompensasiya olaraq aylıq 300 (üç yüz) manat kirayə haqqının cavabdehdən alınaraq ona ödənilməsi hissəsində iddianı təmin etməmişdir. Məhkəmənin gəldiyi qənaətə əsasən mülkiyyətində olan qeyri-yaşayış obyekti ilə bağlı onunla cavabdeh arasında yaranmış icarə münasibətlərinə 2024-cü ilin avqust ayının 1-dən etibarən xitam verilmişdir. Buna baxmayaraq Cavabdeh bugünədək mülkiyyətində olan qeyri-yaşayış sahəsindən bərbərxana şəklində idtifadə edərək gəlir əldə edir və qeyri-yaşayış obyektini geri qaytarmaqdan imtina edir. Bu səbəbdən iddia tələblərimin həcmini artıraraq Cavabdeh kirayəyə (icarəyə) götürdüyü qeyriyaşayış obyektini qaytarmadığı üçün kompensasiya olaraq obyekti boşaltmadığı (saxladığı) müddət üçün aralarında müəyyənləşdirilmiş 300 manat kirayə haqqının verilməsini tələb etmişdir. Lakin məhkəmə tamamilə əsassız olaraq bu tələbini təmin etməmiş və gəldiyi nəticəni onunla cavabdeh arasında bağlanıldığını iddia etdiyi şifahi icarə müqaviləsinə xitam verilməsi ilə əsaslandırmağa çalışmışdır. Halbuki, bu hal onun cavabdehdən qeyriyaşayış obyektini saxlama müddəti üçün kompensasiya şəklində aylıq kirayə haqqı məbləğini tələb etməyinin rədd edilməsi üçün əsas sayıla bilməz. Cavabdehlə kirayə münasibətlərinə xitam verildikdən sonra mülkiyyətində olan qeyri-yaşayış obyektini onun boşaltmayaraq işlətməkdə davam etməsini əsas tutaraq irəli sürmüşdür. Yəni cavabdeh icarəyə götürdüyü obyektini icarə münasibətlərinə xitam verildikdən sonra qanunsuz şəkildə qaytarmadan həmin obyektdə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda davam edərək gəlir götürdüyü halda, onun bu qanunsuz hərəkətləri nəticəsində mülkiyyətindən faktiki məhrum edilməklə yanaşı, həmin obyekti başqa şəxsə icarəyə verməklə aylıq kirayə haqqı şəkilndə qazanc əldə etmək imkanından da məhrum edilmişdir. Bu səbəbdən məhkəmənin tərəflər arasında icarə (kirayə) münasibətlərinə xitam verilməsi səbəbindən onun cavabdehə qarşı mülkiyyətində olan qeyri-yaşayış obyektini saxladığı müddət üçün (boşaldılan tarixədək) 01 avqust 2024-cü il tarixdən hesablanmaqla kompensasiya şəklində aylıq 300(üç yüz) manat kirayə haqqının alınaraq ona ödənilməsi tələbimi təmin etməməsini sadalanan maddi hüquq normasının pozuntusu hesab edərək həmin hissədə məhkəmə qətnaməsinin ləğv edilməli olması qənaətindədir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. Apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib, cavabdehin apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, qarşı tərəf apellyasiya şikayətini zaman qazanmaq üçün verdiyini özü də etiraf etmişdir. Rəsmi icarə müqaviləsi bağlanmamış, şifahi razılaşma olmuşdur. Cavabdeh ötən ilin avqust ayının 1-ində icarə münasibətlərini sonlandırmaq və obyekti geri qaytarmaq istədiyini bildirmiş, lakin əsassız olaraq 4000 manat pul tələb etmiş və bunu guya sözügedən qeyri-yaşayış obyektinin təmirinə şəxsi vəsaitindən pul xərcləməsi ilə əsaslandırmağa çalışmışdır. Halbuki, mülkiyyətində olan qeyri-yaşayış obyektini tam təmirli və səliqəli şəkildə cavabdehin istifadəsinə vermişdi. Cavabdeh əsassız şəkildə onun hesabına varlanmaq məqsədi güddüyündən, 4000 manat pul tələbini rədd edərək obyekti boşaltmasını tələb etmişdi. Lakin cavabdeh tələbini rədd edərək obyektdən qanunsuz şəkildə istifadəni davam etdirir. Ondan qabaq obyekti icarəyə verdiyi şəxslə aralarında icarə müqaviləsi bağlanmışdı. Obyekti 2022-ci ilin mart ayında cavabdeh və Xəyal adlı şəxsə aylıq haqq 300 manat olmaqla icarəyə vermiş, hərəsindən 150 manat almışdır. Xəyal 2023-cü ilin axırlarına qədər orada çalışmış, ilin sonuna qədər hər ay 300 manat ödəmişlər. Xəyal dekabrda çıxıb getdikdən sonra cavabdeh tərəfindən ödənişlər edilirdi, cavabdeh yanına başqa adam gətirmişdi, amma 300 manatı Sahildən alırdı. Cavabdehin icarə haqqını qaldırmağı ilə bağlı iddiası həqiqəti əks etdirmir. Qarşı tərəf oğluna xəstə olduğunu, xəstəliyi ilə əlaqədar işləyə bilmədiyini, icarə münasibtlərinə xitam vermək istədiyini bildirmiş, əlavə olaraq 4000 manat obyektə çəkilmiş xərcə görə pul tələb etməyə başlamışdır. 4000 manatı tələb etməsinin əsassız olduğunu bildirəndə cavabdeh obyektdən çıxmayacağını bildirmişdir. Qarşı tərəfə məxsus olan əmlakların obyektdən götürülməsinə etiraz etmir. Qarşılıqlı iddia ərizəsində adları qeyd olunan “reklam, qazon, bar stoyka, prestij ikimərtəbəli şüşəli mebel, işıqlandırma (sadəcə yanmış lampanın dəyişdirilməsi), dəsmal, prestij polka mebel, oboy rəssam, prestij polkalı mebel, dəsmal qurudan” cavabdehə məxsusdur, siyahıda ustaya verilmiş zəhmət haqqı qeyd olunsa da 15 kv.m-lik bir sahəyə o qədər xərc çəkilməsi ağlabatan deyildir, eyni zamanda siyahıda yazılan qalan əşyalar ona məxsusdur. Ona görə də qarşı tərəfin apellyasiya şikayətinin təmin olunmaması, tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir.
17. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin verdiyi apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, şikayəti iddianın təmin edilməyən hissəsi ilə bağlıdır, birinci instansiya məhkəməsi icarə münasibətlərinə xitam verildiyindən hazırki məqamda kompensasiya şəklində pul tələb edilməsinin qeyri-mümkün olduğunu hesab etmişdir. Cavabdeh əsassız şəkildə təmsil etdiyi şəxsin hesabına varlanmaq niyyətində olduğu üçün iddiaçı 4000 manat pul tələbini rədd edərək ondan obyekti boşaltmasını tələb etmişdir. Lakin cavabdeh tələbi rədd edərək obyektdən qanunsuz şəkildə istifadəni davam etdirir. Tərəflər arasında icarə münasibətlərinin davam etməsi halında birinci instansiya məhkəməsində icarə haqqını tələb edəcəkdik, hazırda icarə münasibətlərinə xitam verildiyindən kompensasiya şəklində əldən çıxmış faydanı tələb edirlər. Cavabdeh rekonstruksiya işləri aparmamış, yüngülvari işlər görmüşdür, obyektdəki əmlakların əksəriyyəti iddiaçıya məxsusdur.
18. Məhkəmə iclasının yeri və vaxtı barədəməlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
19. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi 4-cü polis bölməsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-13-58-4/2F-10141/24 saylı məktubdan görünür ki, İddiaçı Cavabdeh obyektdən çıxarılması barədə ərizəsi yoxlanılmış və göstərilən xüsusatlar mülki xarakter daşıdığı üçün ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.
20. Azərbaycan Respublikası ƏMDK yanında DƏDKR Publik hüquqi şəxsinin xx.xx.2017-ci il tarixli ********** nömrəli çıxarışından görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı tam mülkiyyətindədir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 680.1. Kirayəyə verən kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası üçün kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ona ödəməyə borcludur. Əvəzi ödənilən xərclərə aşağıdakılar aid deyildir: 680.1.1. binaların, qurğuların və ya nəqliyyat vasitələrinin kirayəsi halında - istismar, qulluq və təmizləmə xərcləri; 680.1.2. heyvanın kirayəyə verildiyi halda - qulluq və bəsləmə xərcləri. 680.2. Kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir. 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. 697.2. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 1087.1. Özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. 1087.2. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 1090.1. Əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. 1090.2. İşlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. 1090.3. İşlərin tapşırıqsız aparılmasında sahibkarın mənafeyi və ehtimal olunan istəyi o halda nəzərə alınmır ki, belə işlərin aparılması sahibkarın ictimai vəzifələrinin və ya digər tələblərinin yerinə yetirilməsi ilə bağlı olsun.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
23. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-5460/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı ilk iddia üzrə iddiaçının apellyasiya şikayəti üzrə ilk iddianın rədd edilməsi hissəsində, qarşılıqı iddia üzrə iddiaçının apellyasiya şikayəti üzrə isə ilk iddianın təmin, qarşılıql iddianın isə rədd edilməsi hissəsində yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin, cavabdehin apellyasiya şikayəti isə qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-5460/2024 nömrəli qətnaməsi ilk iddia tələbinin təmin edilməyən və qarşılıqlı iddia tələbinin qeyri-yaşayış obyektinin yaxşılaşdırılması üçün qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən çəkilmiş 1750 manat vəsaitin, ödənilmiş 59,20 manat dövlət rüsumunun tutulması barədə tələbin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməli, ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir.
25. Məhkəmə kollegiyası tərəflər arasında bağlanmış icarə müqaviləsinin 01 avqust 2024-cü il tarixdən xitam verilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, ilk iddia üzrə iddiaçı ərizəsində cavabdehin ona müraciət edərək 2024-cü ilin avqust ayının 1-dən icarə münasibətlərini sonlandırmaq və obyekti geri qaytarmaq istədiyini, lakin sözügedən qeyri-yaşayış obyektinin təmirinə çəkdiyi 4000 manat xərci tələb etdiyini, bununla da aralarında mübahisə yarandığını qeyd etmişdir. Qarşılıqlı iddiaçı isə iddia ərizəsində ilk iddia üzrə iddiaçının icarə haqqı məbləğini yüksəltmək istəməsi, onun isə çəkdiyi xərcləri tələb etməsi ilə əlaqədar mübahisə yarandığını qeyd etməklə, ilkin qarşqlıqlı iddia ərizəsində yalnız ilk iddia üzrə iddiaçıdan qeyri-yaşayış obyektinin yaxşılaşdırılmasına çəkdiyi 3920 manat xərci tələb etmişdir ki, bununla da hər iki tərəfin razılığı ilə bağlanmış şifahi icarə müqaviləsinə Mülki Məcəllənin 421 və 423-cü maddələrinə əsasən şifahi razlaşma əsasında xitam verilməsi müəyyən edilmişdir. Bu zaman məhkəmə kollegiyası nəzərə almışdır ki, qarşılıqlı iddiaçının icarə münasibətlərini davam etdirmək niyyətində olmasına dair tələbləri sonradan irəli sürülmüşdür. Həmçinin, qarşılıqlı iddiaçı apellyaiya şikayətində də birinci instansiya məhkəməsinin müqaviləyə xitam verilməsi ilə bağlı gəldiyi nəticəyə dair hər hansı bir dəlil irəli sürməməklə, qətnaməni yalnız icarə obyektinə çəkilmiş xərclərlə bağlı hissədə mübahisələndirmişdir.
26. Birinci instansiya məhkəməsi tərəflər arasında icarə münasibətlərinə xitam verildiyini əsas gətirərək, 2024-cü ilin avqustun 1-dən etibarən əmlakın boşaldığı tarixədək hər ay üçün 300 manat kompensasiya ödənilməsi ilə ilk iddia tələbini rədd etmişdir ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmamışdır.
27. Belə ki, iddiaçı Mülki Məcəllənin 697.2-ci maddəsinə əsasən 2024-cü ilin avqustun 1-dən etibarən əmlakın boşaldığı tarixədək hər ay üçün 300 manat kompensasiya qismində kirayə haqqının verilməsini tələb etmişdir ki, bu da mahiyyət etibarı ilə iddiaçının mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlir qismində əldən çıxmış fayda olmuşdur.
28. İşin mübahisəsiz hallarına əsasən tərəflər arasında şifahi icarə müqaviləsi bağlanmış və ilk iddia üzrə iddiaçı mülkiyyətində olan qeyri-yaşayış obyektini hər ay 300 manat icarə haqqı ödənilməsi şərti ilə bərbərxana fəaliyyəti ilə məşğul olması üçün cavabdehin istifadəsinə vermişdir. 2022-ci ilin mart ayından 2024-cü ilin avqust ayına kimi cavabdeh tərəfindən aylıq 300 manat icarə haqqı iddiaçıya ödənilmiş, 2024-cü ilin avqustun 1-dən isə tərəflər arasında şifahi icarə müqaviləsinə xitam verilməsinə baxmayaraq, cavabdeh icarə obyektini iddiaçının sahibliyinə geri qaytarmamışdır. Bununla da icarə obyekti cavabdehin qanunsuz sahibliyində qalmaqla, cavabdeh həmin obyektdə bərbərxana fəaliyyəti ilə məşğul olaraq gəlir əldə etdiyi halda, iddiaçı həmin obyekti icarəyə başqa şəxəslərə icarəyə verməklə və ya obyektdən təyinatına uyğun digər şəkildə istifadə etməklə gəlir əldə etməkdən məhrum olmuşdur. 01 avqust 2024-cü il tarixdən etibarən qeyri-yaşayış obyekti cavabdehin qanunsuz sahibliyində olduğundan Mülki Məcəllənin 21-ci və 697.2-ci maddələrinin tələbinə müvafiq olaraq, iddiaçının 2024-cü ilin avqustun 1-dən etibarən əmlakın boşaldığı tarixədək hər ay üçün 300 manat olaraq əldən çıxmış fayda qsimində kompensasiya tələbinə dair iddiası əsaslı olmuşdur.
29. Bundan başqa birinci instansiya məhkəməsi qarşılqlı iddiaçı tərəfindən icarə obyektinə çəkilmiş xərclərin özgə işlərini tapşırıqsız aparma kimi qiymətləndirib, həmin xərclərin qarşlıqlı iddiaçının özünün obyektdə normal fəaliyyət göstərməsi üçün yaranmış zərurətlə əlaqədar olduğu əsas gətirərək, icarə obyektinin yaxşılaşdırılması üçün çəkilmiş 1750 manat xərc tələbinə dair hissədə qarşıqılıqlı iddia tələbini rədd etmişdir ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə də razılaşmamışdır.
30. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, ilk iddia üzrə iddiaçı cavabdehlə obyektin hər hansı şəkildə yaxşılaşdırılması və ya obyektdə təmir-tikinti işlərinin aparılması ilə bağlı nə yazılı, nə də şifahi qaydada heç bir razılaşma olmadığını, obyektdə yenidənqurma və ya hər hansı təmir işləri aparıldığı təqdirdə isə bu işlərin onu xəbərdar edilmədən aparıldığını iddia etmiş, qarşılqılı iddiaçı isə obyekti icarəyə götürdüyü vaxt obyektin təmirsiz və səliqəsiz olduğunu, obyektin təmir-tikinti xərclərinin aylıq icarə haqqından çıxılacağına dair aralarında şifahi razılaşma olduğunu iddia etmişdir.
31. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçının icarəyə götürdüyü obyektdə müəyyən yaxşılaşdırma işləri aparması işin mübahisəsiz halı olmuşdur ki, həmin yaxşılaşmanın istər tərəflərin razılığı əsasında, istərsə də qarşıqılıqlı iddiaçının özgə işlərini tapşırıqsız icra etdiyi halda, iddia tələbi qismən əsaslı olmuşdur.
32. Belə ki, məhkəmə kollegiyasının iclasında qarşılıqlı iddia üzrə cavabdeh iddiaçının icarəyə verilmiş obyektdə reklam, divar kağızı və qazon tipli dekor işlərini görməsini etiraf etmişdir ki, həmin işlər yaxşılaşdırma hesab olunmaqla, həmin əmlaklara zərər yetirmədən onların qarşılıqlı iddiaçı tərəfindən götürülməsi mümkünsüzdür.
33. Qeyd olunan yaxşılaşdırmaların qarşılıqlı iddiaçının özgə işlərini tapşırıqsız icra etdiyi halına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddiaya dair verdiyi etirazında icarə obyektinin 17 ildir ki bərbərxana şəkilində istifadə edildiyini bildirmişdir ki, icarəyə verilmiş obyektdə aparılmış reklam işləri, o cümlədən digər yaxşılaşdırma onun mənafeyinə və ehtimal olunan istəyinə uyğun olmuş, həmçinin bu yaxşılaşdırmalara dair icarə müddətində heç bir etirazının olması onun həmin yaşılaşdırma ilə bağlı işləri bəyənməsini təsdiq etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 783.1 və 1090-cı maddələrinin tələbinə əsasən qarşılıqlı iddiaçının iddiası qismən əsaslı olmuşdur.
34. Qarşılıqlı iddiaçı 500 manat ustalara çəkilmiş zəhmət haqqı və 1250 manat ləvazimatlara pul xərclədiyini iddia etsə də 1250 manat ləvazimata dair xərcin konkret olaraq nədən ibarət olmasını ərizəsində göstərməmiş, məhkəmə kollegiyasının iclaslarına isə gəlmədiyindən bu xərclərin nədən ibarət olmasını dəqiqləşdirmək mümkün olmamışdır. Digər tərəfdən cavadbeh qarşılıqlı iddia ərizəsində göstərilən əmlakların bir qisminin həqiqətən də qarşılıqlı iddiaçıya məxsus olduğunu və həmin əmlakların obyektindən götürülməsinə hər hansı məhdudiyyət qoymadığını bildirmişdir ki, qarşılıqlı iddiaçı özünün hesab etdiyi və faktiki sahibliyində olan əmlaka zərər yetirmədən ondan ayrıla bilən əşyaları özündə saxlamaq hüququna malik olmuşdur. Lakin, yuxarıda qeyd olunduğu kimi iddiaçı əvvəlki tələbində obyektdə reklam işinə görə 200 manat, qazon tipli dekor işinə görə 250 manat, divar kağızı işinə görə isə 120 manat pul xərclədiyini iddia etmiş, həmin işlər, o cümlədən həmin işlərə dair xərclər qarşılıqlı cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Qarşılıqlı iddiaçı usta işinə görə 500 manat pul xərclədiyini iddia etsə də bu məbləği də konkret olaraq hansı işlərə görə xərclədiyini bildirməmişdir. Cavabdeh isə etirazında 500 manat usta haqqının ağlabatan olmadığını iddia etmişdir ki, məhkəmə kollegiyası da həmin məbləğin ağılabatan məbləğ olmaması qənaətinə gəlmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilərək, reklam işinə görə 200 manat, qazon tipli dekor işinə görə 250 manat, divar kağızı işinə görə isə 120 manat və ustaya verilmiş xərc qismində isə ağlabatan məbləğ qismində 200 manat pul yaxşılaşdıma qismində qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir.
35. Məhkəmə kollegiyası qarşılıqlı iddia üzrə digər tələblərlə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, tərəflər arasında icarə müqaviləsinin şifahi şəkildə 2022-ci ilin mart ayından müddət müəyyən edilmədən və aylıq 300 manat icarə haqqı ödənilməsi şərti ilə bağlanması işin mübahisəsiz halı olmaqla, həmin iddia tələbinin təmin edilməsinin hər hansı bir əhəmiyyəti də mövcud olmamışdır. Digər tələblər isə bir qədər aydın olmamaqla, həmin tələblərdən qaşılıqlı iddiaçının icarə münasibətlərini davam etdirmək niyyətində olması anlaşılmaqdadır. Bununla əlaqədar olaraq isə məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin 25-ci bəndində göstərilən əsaslara görə tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam verildiyindən, qarşılıqlı iddia tələbinin digər hissələrinin qarşılıqlı iddiaçının hüquqi marağına müvafiq olaraq hər hansı bir hissədə təmin edilməsi əsassız olmuşdur. Belə ki, qarşılıqlı iddiaçının qeyd olunan tələbləri üzrə hüquqi marağı mahiyyət etibarı ilə müqavilə bağlamağa məcburetmədən ibarət olmuşdur ki, bu da müqavilə azadlığı prinsipinə zidd olmuşdur.
36. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, cavabdehin apellyasiya şikayəti isə qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-5460/2024 nömrəli qətnaməsi ilk iddia tələbinin təmin edilməyən, qarşılıqlı iddia tələbinin isə qeyriyaşayış obyektinin yaxşılaşdırılması üçün qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən çəkilmiş 1750 manat xərcin tutulması barədə tələbin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməli, ilk iddia tələbi təmin edilərək, qeyri-yaşayış obyekti cavabdeh tərəfindən saxlandığı müddət üçün 01 avqust 2024-cü il tarixindən hesablamaqla (boşaldılan tarixədək) Cavabdeh kompensasiya olaraq aylıq 300 manat alınaraq iddiaçıya ödənilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, qeyri-yaşayış obyektinin yaxşılaşdırılması üçün qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən çəkilmiş xərcin əvəzi qismində 770 manat və ödənilmiş dövlət rüsumunun 25 manat hissəsi qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya verilməli, qarşılıqlı iddia tələbi və apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5460/2024 nömrəli qətnaməsi ilk iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilsin. İcarə obyekti cavabdeh tərəfindən saxlandığı müddət üçün 01 avqust 2024-cü il tarixdən etibarən hər ay 300 (üç yüz) manat kompensasiya məbləği hesablanmaqla, Cavabdeh alınaraq, ilk iddia üzrə İddiaçı ödənilsin. Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-5460/2024 nömrəli qətnaməsi qarşılıqlı iddia tələbinin təmin edilməyən qeyri-yaşayış obyektinin yaxşılaşdırılması üçün çəkilmiş 1750 manat xərcin tutulması hissəsində ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilsin. İcarə obyektinin yaxşılaşdırılması üçün qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən çəkilmiş xərcin əvəzi qismində cavabdeh İddiaçı 770 manat və ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi olmaqla, cəmi 790 (yeddi yüz doxsan) manat tutularaq, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. Qarşılıqlı iddia tələbi ləğv edilən qalan hissədə təmin edilsin. Qarşıqlıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.