Məhkəmə qərarları › İş №2(105)-3920/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3920/2021

27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3920/2021 27.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X7 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi: X3, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X4 qarşı borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Qusar Rayon Məhkəməsinin 02 sentyabr 2021-ct il tarixli qətnaməsi ilə (hakim A.Y.Vəliyev) iddia tələbinin qismən təmin edilməsi, 14.05.2014-cü il tarixli **********87914/ip nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh məxsus olan Qusar rayonu, Kuzunqışlaq kəndində yerləşən 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 6 otaqlı, 281,2 kv.m. ümumi, 131,2 kv.m. yaşayış, 150,0 kv.m. yardımçı sahədən ibarət olan fərdi yaşayış evinə tutmanın yönəldilməsi, ipoteka predmetinin hərracda satılması və 14.05.2014-cü il tarixli **********87914 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında 8.392,81 (səkkiz min üç yüz doxsan iki manat səksən bir qəpik) manat məbləğində əsas borc, 1.804,66 (min səkkiz yüz dörd manat altmış altı qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 01.04.2020-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinin illik 15 faiz dərəcəsi ilə hesablanmış 1000 (min) manat məbləğində penya, cəmi 11.197,47 (on bir min yüz doxsan yeddi manat qırx yeddi qəpik) manat məbləğində pul vəsaiti; ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 28 (iyirmi səkkiz) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh, onun ailə üzvləri və digər şəxslərin fərdi yaşayış evini bir ay ərzində tərk etmədikləri halda həmin şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılması, ipoteka predmeti olan Cavabdeh məxsus Qusar rayonu, Kuzunqışlaq kəndində yerləşən 0,12 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 6 otaqlı, 281,2 kv.m. ümumi, 131,2 kv.m. yaşayış, 150,0 kv.m. yardımçı sahədən ibarət olan fərdi yaşayış evinin likvid dəyəri (ilkin satış qiyməti ) 52000 (əlli iki min) manat məbləğində müəyyən edilməsi, qalan hissədə iddianın rədd edilməsi, iş üzrə 150 (yüz əlli) manat məbləğində ekspertiza xərcinin Cavabdeh tutularaq "xxxx" MMCnin (VÖEN:**********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT:GUNAAZ22) hesabına keçirilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: ASC "xxxx" Bankı Cavabdeh qarşı kredit borcunun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 14.05.2014-cü il tarixli **********87914/ip №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və mülkiyyət hüququ ilə Cavabdeh məxsus Qusar rayonu, Kuzunqışlaq kəndində yerləşən 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 6 otaqlı, 281,2 kv.m. ümumi, 131,2 kv.m. yaşayış, 150,0 kv.m. yardımçı sahəsi olan fərdi yaşayış evinə tutma yönəldilməsi, ipoteka predmetinin hərracda satılması və 14.05.2014cü il tarixli **********87914 №-li Kredit müqaviləsi üzrə borcun restrukturizasiyasına dair Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında 13192,81 (on üç min yüz doxsan iki manat səksən bir qəpik) manat məbləğində əsas borc, 349,07 (üç yüz qırx doqquz manat yeddi qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 25.09.2017-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 36,75 (otuz altı manat yetmiş beş qəpik) manat məbləğində penya, cəmi 13578,63 (on üç min beş yüz yetmiş səkkiz manat altmış üç qəpik) manat və 25.09.2017-ci il tarixindən başlayaraq İddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 28 (iyirmi səkkiz) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka predmetinin İpoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyərinin – 28.000 (iyirmi səkkiz min) manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa, ASC "xxxx" Bankı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə iddia ərizəsinə əlavə verərək, 14.05.2014-cü il tarixli **********87914/ip №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdehə məxsus Qusar rayonu, Kuzunqışlaq kəndində yerləşən 0,12 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 6 otaqlı, 281,2 kv.m. ümumi, 131,2 kv.m. yaşayış, 150,0 kv.m. yardımçı sahəsi olan fərdi yaşayış evinə tutma yönəldilməsi, ipoteka predmetinin hərracda satılması və 14.05.2014-cü il tarixli **********87914 №-li Kredit müqaviləsi üzrə Cavabdeh iddiaçı ASC "xxxx" Bankı qarşısında 8 392,81 (səkkiz min üç yüz doxsan iki manat səksən bir qəpik) manat məbləğində əsas borc, 1 804,66 (min səkkiz yüz dörd manat altmış altı qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, vaxtı keçmiş əsas borc məbləğinə 14.05.2018-ci il tarixdən 30.06.2019-cu il tarixədək illik 5 % (beş faiz) dərəcəsi ilə, 30.06.2019-cu il tarixdən 28.07.2021-ci il tarixinə qədər isə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış cəmi 4 290,58 (dörd min iki yüz doxsan manat əlli səkkiz qəpik) manat məbləğində zərərin (əldən çıxmış faydanın), 01.04.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 4.175,29 (dörd min bir yüz yetmiş beş manat iyirmi doqquz qəpik) manat məbləğində penyanın, cəmi 18 663,34 (on səkkiz min altı yüz altmış üç manat otuz dörd qəpik) manat məbləğində pul vəsaitinin və 28.07.2021-ci il tarixindən başlayaraq İddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 28 (iyirmi səkkiz) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC "xxxx" Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh, onun ailə üzvləri və digər şəxslər Fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin yaşayış sahəsindən məcburi qaydada çıxarılması, İpoteka predmetinin ilkin satış qiymətinin ipoteka predmetinin İpoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyərinin – 28 000 (iyirmi səkkiz min) manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ASC "xxxx" Bankı iddianı və ona əlavəni onunla əsaslandırmışdır ki, onunla Cavabdeh (Borc alan) arasında bağlanmış 14.05.2014-cü il tarixli **********87914 №-li Kredit müqaviləsinə (bundan sonra «Kredit müqaviləsi» adlandırılacaq) müvafiq olaraq İddiaçı tərəfindən Borc alana 48 (qırx səkkiz) ay müddətinə, illik 18 % (on səkkiz faiz) ödəmək şərtilə 19 600 (on doqquz min altı yüz) manat məbləğində kredit verilmişdir. Daha sonra Borc alanla Bank arasında 25.01.2017-ci il tarixində “14.05.2014-cü il tarixli **********87914 №-li Kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyasına dair” 01 № -li Əlavə Saziş bağlanmış, Tərəflərin razılığına əsasən 25.01.2017-ci il tarixinə Kredit müqaviləsi üzrə Borc alanın borcunun əsas borc kateqoriyasına keçirilməsi, adi faizlərin və penyanın kapitallaşdırılması hesabına kredit üzrə əsas borcu 13 893,67 (on üç min səkkiz yüz doxsan üç manat 67 qəpik) manat məbləğində (8 138,04 manat əsas borc, 5 152,51 manat vaxtı keçmiş əsas borc, 482,15 manat adi faiz, 120,97 manat isə penya olmaqla) müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə Bank ilə Cavabdeh arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Qusar rayonu, Kuzunqışlaq kəndində yerləşən 0,12 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 6 otaqlı, 281,2 kv.m. ümumi, 131,2 kv.m. yaşayış, 150,0 kv.m. yardımçı sahədən ibarət olan fərdi yaşayış evinin ipoteka qoyulması barədə 14.05.2014-cü il tarixli **********87914/ip №-li İpoteka müqaviləsi (həmin Müqaviləyə 25.01.2017-ci il tarixli 01 №-li Əlavə saziş nəzərə alınmaqla; bundan sonra - «İpoteka müqaviləsi» adlandırılacaq) bağlanmışdır. Bankın yuxarıda qeyd edilən ipoteka predmetinə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC "xxxx" Bankına Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən 26.01.2017-ci il tarixli RX seriyalı ******* №-li Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış (25.01.2017ci il tarixli 01 №-li Əlavə sazişdən sonra) verilmişdir. Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 №-li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən Cavabdeh hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin, Borc alan bu öhdəlikləri kobud şəkildə pozmuş və kreditləşmə müddətinin bitdiyi tarixə, yəni 14.05.2018-ci il tarixinə kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin bir hissəsini ödəməmişdir. Beləliklə, həmin tarixə Borc alanın İddiaçı qarşısında gecikdirilmiş ümumi borcu 10 197,47 (on min yüz doxsan yeddi manat qırx yeddi qəpik) manat məbləğində olmuşdur ki, bunun da 8 392,81 (səkkiz min üç yüz doxsan iki manat səksən bir qəpik) manatını vaxtı keçmiş əsas borc, 1 804,66 (min səkkiz yüz dörd manat altmış altı qəpik) manatını isə əsas borc məbləğinə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği təşkil etmişdir. Bundan əlavə cavabdeh kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % (on beş faiz) dərəcəsi ilə penya da ödəməlidir ki, 01.04.2020-ci il tarixinə bu məbləğ 4.175,29 (dörd min yüz yetmiş beş manat iyirmi doqquz qəpik) manat təşkil edir. Qeyd edilən tarixdən sonra Bankın daxili qərarına əsasən penyanın hesablanması Borc alanın xeyrinə dayandırılmışdır. Borc alan tərəfindən əsas borc məbləğinin qaytarılması və əsas borc məbləğinə hesablanmış faizlərin ödənilməsi barədə öhdəliyi icra edilmədiyindən Bankın öz tələblərini «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 33-cü və 34-cü maddələrinə əsasən ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq Cavabdeh ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında 28.09.2016-cı il tarixli 121 №-li bildiriş verilmiş və İddiaçı qarşısında yaranmış borcun ipoteka qoyulmuş əmlak hesabına ödənilməsi üçün ipoteka predmetinin 30 (otuz) gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 28.09.2016-cı il tarixli 121 №-li bildirişin qeydiyyata alınması barədə 07.10.2016-cı il tarixli 131 №-li Ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə müraciət edilmiş və həmin İdarə tərəfindən 12.10.2016-cı il tarixli **********86 №-li məktubla iddiaçı ASC "xxxx" Bankına bildirişin qeydə alınması barədə məlumat verilmişdir. İddiaçı tərəfindən Cavabdeh ipoteka predmetinin satılması və İddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır. Bank kreditin qaytarılma müddətinin bitdiyi tarixdən, yəni 14.05.2018-ci il tarixdən 28.07.2021-ci il tarixə kimi əldən çıxmış faydanın hesablanmasında Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsində nəzərdə tutulmuş faiz dərəcəsini (14.05.2018-ci il – 30.06.2019-cu il üzrə illik 5 %) və müvafiq arayışlarda (bu halda Borc alanın xeyrinə Kredit müqaviləsində) göstərilmiş orta illik faiz dərəcəsini (30.06.2019-cu il – 28.07.2021-ci il üzrə illik 18 %) əldə rəhbər tutmağı (müvafiq faiz dərəcələri yuxarıda qeyd edilmiş dövrlər üzrə nəzərə alınmaqla) əsaslı hesab edir və müvafiq hesablanma aparıldıqdan sonra kreditin qaytarılma müddətinin bitdiyi tarixdən (14.05.2018-ci il) iddia ərizəsinə hazırki dəyişikliyin məhkəməyə təqdim edilməsi tarixinədək (28.07.2021-ci il) olan dövr üçün bu məbləğ 4 290,58 (dörd min iki yüz doxsan manat əlli səkkiz qəpik) manat təşkil edir. 28.07.2021-ci il tarixdən etibarən İddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin ipoteka predmetinin dəyərindən İddiaçının xeyrinə tutulması barədə İddiaçının irəli sürdüyü iddia tələbləri qanuni və əsaslıdır və buna görə də həmin tələblərin təmin olunması barədə məsələ məhkəmə qətnaməsində öz müsbət həllini tapmalıdır. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə qətnamədə ipoteka predmetinin ilkin satış qiyməti kimi İpoteka müqaviləsinin 3.5-ci bəndində göstərilmiş 28 000 (iyirmi səkkiz min) manat məbləğində olan likvid qiyməti təyin edə bilər. Məhkəmə hazırkı iş üzrə iddia tələblərinin təmin edilməsi haqqında qətnaməni qəbul etdiyi təqdirdə həmin qətnamədə Kredit müqaviləsi üzrə İddiaçının (Kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmeti olan Fərdi yaşayış evinə tutmanın yönəldilməsi ilə yanaşı Fərdi yaşayış evinin satışından sonra həmin Fərdi yaşayış evində yaşayan ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin 1 ay ərzində Fərdi yaşayış evindən çıxmadığı halda onların məcburi qaydada çıxarılmalı olduğunu göstərməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə əldən çıxmış fayda ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edilmədiyini göstərərək Bankın iddiasını 28 iyul 2021-ci ildən tarixdən başlayaraq iddiaçının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləginə illik 18% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin tutulması hissəsində təmin etməməklə haqlı olmamışdır. Məhkəmə cərimənin tənasüblüyünü müəyyən edərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə alındıgını qətnamədə qeyd etsə də, yekunda Bankın peniya tələbini 1000 manatadək azaltmaqla bunun əksini göstərmişdir. Qusar Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli 2(029)-21/2021 saylı qətnaməsinin qismən ləğv edilməsi və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi N.F.Bədirxanov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit, ipoteka müqaviləsinin olmasına və cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, işdə olan iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış 14.05.2014-cü il tarixli **********87914 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 48 (qırx səkkiz) ay müddətinə kreditdən istifadəyə görə illik 18 (on səkkiz) faiz dərəcəsi ilə ödənilməsi şərtilə 19600,00 (on doqquz min altı yüz) manat məbləğində kredit verilmişdir. İşə əlavə olan ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış 14.05.2014-cü il tarixli **********87914 saylı Kredit müqaviləsi üzrə borcun restrukturizasiyasına dair 01 nömrəli 25 yanvar 2017-ci il tarixli Əlavə Sazişə əsasən, tərəflərin razılığına əsasən 25.01.2017-ci il tarixinə Kredit müqaviləsi üzrə Borc alanın borcunun əsas borc kateqoriyasına keçirilməsi, adi faizlərin və penyanın kapitallaşdırılması hesabına kredit üzrə əsas borcu 13 893,67 (on üç min səkkiz yüz doxsan üç manat 67 qəpik) manat məbləğində (8 138,04 manat əsas borc, 5 152,51 manat vaxtı keçmiş əsas borc, 482,15 manat adi faiz, 120,97 manat isə penya olmaqla) müəyyən edilmişdir. İşdə olan ASC "xxxx" Bankı tərəfindən verilmiş 01.04.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 14.05.2014-cü il tarixli **********87914 kredit müqaviləsi üzrə vaxtı keçmiş borcunun 8 392,81 (səkkiz min üç yüz doxsan iki manat səksən bir qəpik) manat manat, kredit müqaviləsində nəzərdə tutulmuş faiz dərəcəsi (18%) ilə hesablanmış adi faiz borcunun 1 804,66 (min səkkiz yüz dörd manat altmış altı qəpik) manat, 01.04.2020-ci il tarixinə cərimə faizləri üzrə borcunun 4 175,29 (dörd min yüz yetmiş beş manat iyirmi doqquz qəpik) manat, kredit müqaviləsinin bitməsi tarixindən (14.05.2018) 30.06.2019-cu il tarixədək 5% dərəcəsi ilə, 30.06.2019-cu il tarixdən məhkəməyə verilmə tarixinədək (28.07.2021) illik 18% dərəcəsi ilə faizlər şəklində hesablanmış əldən çıxmış faydanın 4 290,58 (dörd min iki yüz doxsan manat əlli səkkiz qəpik) manat, cəmi borcunun 18 663,34 (on səkkiz min altı yüz altmış üç manat otuz dörd qəpik) manat təşkil etdiyi göstərilmişdir. İş materiallarında olan ASC "xxxx" Bankı ilə Cavabdeh arasında bağlanmış və Qusar rayon Notariat Ofisində 3M/26 reyestr nömrəsi ilə təsdiq edilmiş 14.05.2014-cü il tarixli **********87914/ip saylı İpoteka Müqaviləsinin surətindən görünür ki, mülkiyyət hüququ ilə Cavabdeh məxsus Qusar rayonu, Kuzunqışlaq kəndində yerləşən 0,12 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 6 otaqlı, 281,2 kv.m. ümumi, 131,2 kv.m. yaşayış, 150,0 kv.m. yardımçı sahədən ibarət olan fərdi yaşayış evi onun 14.05.2014-cü il tarixli **********87914 saylı Kredit Müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı olaraq bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri tərələrin qarşılıqlı razılığı ilə 28000 (iyirmi səkkiz min) manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX № ******* saylı ********** qeydiyyat nömrəli və 12.12.2014-cü il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu, Kuzunqışlaq kəndində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 6 otaqlı, 281,2 kv.m. ümumi, 131,2 kv.m. yaşayış, 150,0 kv.m. yardımçı sahədən ibarət olan fərdi yaşayış evi Cavabdeh tərəfindən onun 14.05.2014-cü il tarixli **********87914 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərinin təminatı olaraq 25.01.2017-ci il tarixindən öhdəliklər tam yerinə yetirilənə kimi ASC "xxxx" Bankının xeyrinə İpoteka ilə yüklü edilmişdir. İşə əlavə olan ASC "xxxx" Bankı tərəfindən Cavabdeh ünvanlanmış 28.09.2016-cı il tarixli 121 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında Bildirişin surətindən görünür ki, kredit müqaviləsi üzrə Borcalan tərəfindən öhdəliklərin kobud şəkildə pozulması, borcun vaxtından əvvəl ödənilməsi hüququnun yaranması və İpoteka saxlayanın (ASC "xxxx" Bankının) tələblərinin ipoteka qoyulmuş əmlak hesabına təmin edilməsi hüququnun yaranması ilə əlaqədar olaraq ASC "xxxx" Bankı kredit müqaviləsi üzrə əsas borc məbləğinin tam şəkildə qaytarılması və əsas borc məbləğinə hesablanan faizlərin ödənilməsi üçün ipoteka qoyulmuş əmlakın 30 (otuz) gün müddətindən gec olmayaraq satılmasını tələb etmiş, əks halda ASC "xxxx" Bankının ipoteka predmetinin satılmasından əldə edilmiş vəsaitin hesabına kredit üzrə yaranmış borcun ödənilməsi üçün məhkəməyə müraciət etmək və ipoteka qoyulmuş əmlakı açıq hərracda satmaq hüququndan istifadə edəcəyi bildirilmişdir. İşdə olan ASC "xxxx" Bankının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ünvanladığı 07.10.2016-cı il tarixli 131 nömrəli ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə ərizəsinin surətindən görünür ki, Cavabdeh (İpoteka qoyan) tərəfindən 14.05.2014-cü il tarixli **********87914/ip №-li İpoteka müqaviləsinə müvafiq olaraq, ipoteka qoyulmuş daşınmaz əmlaka (Qusar rayonu, Kuzunqışlaq kəndində yerləşən 0,12 ha torpaq sahəsinin və həmin torpaq sahəsi və üzərindəki 2 mərtəbəli, 6 otaqlı, 281,2 kv.m. ümumi, 131,2 kv.m. yaşayış, 150,0 kv.m. yardımçı sahədən ibarət olan fərdi yaşayış evi) ASC "xxxx" Bankı tərəfindən tutmanın yönəldilməsi prosedurunun başlanması ilə əlaqədar olaraq 14.05.2014-cü il tarixli **********87914/ip №-li İpoteka müqaviləsi üzrə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında 28.09.2016-cı il tarixli 121 saylı Bildirişin qeydiyyatının həyata keçirilməsi xahiş edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən ASC "xxxx" Bankına ünvanlanmış 12.10.2016-cı il tarixli, **********86 saylı cavab məktubundan görünür ki, ASC "xxxx" Bankının xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdehə tam mülkiyyət hüququ əsasında məxsus olan RX ******* seriyalı, 15.03.2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qusar rayonu, Kuzunqışlaq kəndində yerləşən 0,12 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalından çıxarılmış qəbzləin surətindən görünür ki, ASC "xxxx" Bankı ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün 30 (otuz) manat rüsum ödəmişdir. İş materiallarında olan Qusar rayon Notariat Ofisi tərəfindən verilmiş 22.09.2017-ci il tarixli Seriya GÖQ № 171326 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, ASC "xxxx" Bankı sənədlərin notarial qaydada təsdiq edilməsi üçün 28 (iyirmi səkkiz) manat rüsum ödəmişdir. İşdə olan Əmlak Ekspert Mərkəzi tərəfindən verilmiş 25 yanvar 2018-ci il tarixli, ƏEM/Y 114-114/18 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdehə məxsus Qusar rayonu Kuzunqışlaq kəndində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 6 otaqlı, 281,2 kv.m. ümumi, 131,2 kv.m. yaşayış, 150,0 kv.m. yardımçı sahədən ibarət olan fərdi yaşayış evinin 25 yanvar 2018-ci il tarixinə ilkin satış dəyəri 52 000,0 (əlli iki min) manat təşkil edir. İşə əlavə olan Əmlak Ekspert Mərkəzi tərəfindən verilmiş 25 yanvar 2018-ci il tarixli, ƏEM/Y 114-114/18 saylı məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 150,0 (yüz əlli) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə kollegiyası iddiaçının birinci instansiya məhkəməsi tərəfindən cərimə hissəsində iddianın qismən təmin olunması barədə heç bir qanuna əsaslandırmaması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılmasına yol verilmir. Məhkəmə iddiaçı ASC "xxxx" Bankının cavabdehin iddia ərizəsində göstərilən cərimə borclarının məbləği işin hallarına tam uyğun deyil, mötəbərliyi tam sübut olunmur və xeyli miqdarda şişirdilmişdir. Cavabdehdən həmin məbləğdə cərimənin tutulması onun üzərinə əlavə haqsız öhdəlik qoyulmasına və onun əlavə maliyyə sanksiyasına məruz qalmasına səbəb ola bilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən iddiaçı ASC "xxxx" Bankına əldən çıxmış fayda növündə zərər vurulması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut-yəni üçüncü şəxslərlə işlərin görülməsi, malların təqdim edilməsi və s. hallarla bağlı müqavilə bağlamaqla real olaraq gəlir əldə edəcəyinə dair hər hansı sübut məhkəməyə təqdim edilməməsi barədə iddianın rədd olunmasını və iddiaçının bu hissədə apellyasiya şikayətinin təmin olunmamasına düzgün hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 34.1, 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması üçün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bundan başqa, məhkəmə hesab edir ki, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh və onun ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini bir ay ərzində tərk etmədikləri halda həmin şəxslər yaşayış sahəsindən məcburi qaydada çıxarılmalıdırlar. İpoteka predmeti olan Cavabdeh məxsus Qusar rayonu Kuzunqışlaq kəndində yerləşən 0,12 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 2 mərtəbəli, 6 otaqlı, 281,2 kv.m. ümumi, 131,2 kv.m. yaşayış, 150,0 kv.m. yardımçı sahədən ibarət olan fərdi yaşayış evinin ilkin satış qiyməti yuxarıda göstərilən ekspert rəyinə uyğun olaraq 52000 (əlli iki min) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin bu iş üzrə 02 sentyabr 2021-ci il tarixli 2(029)-21/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar