Məhkəmə qərarları › İş №2(105)-394/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-394/2023

07.03.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-394/2023 07.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: yaşayış sahəsinin naturada bölünməsi və mənzilə köçürülmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X8 və X5 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, Cavabdeh1, onun nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1296/2022 nömrəli, 05 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinin naturada bölünməsi və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilin naturada bölünməsi, bölgü zamanı sahəsi 19.8 kv.m olan yaşayış otağının İddiaçı1, sahəs 19.8 kv.m olan yaşayış otağının İddiaçı3, sahəsi 14.4 kv.m olan yaşayış otağının İddiaçı2 və sahəsi 8.8 kv.m olan mətbəxin isə cavabdehlərin istifadəsinə verilməsi və onların həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Daha sonra iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilin naturada bölünməsi, bölgü zamanı sahəsi 19.8 olan yaşayış otağının İddiaçı1, sahəsi 19.8 olan yaşayış otağının X1, sahəsi 14.4 olan yaşayış otağının İddiaçı2 və sahəsi 8.8 olan mətbəxin isə cavabdehlərin istifadəsinə verilməsi və onların həmin mənzilin məhz qeyd etdikləri otaqlarına köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddia tələbini onunla əsaslandırmışlar ki, ünvan 1 ünvanında yerləşən 7 saylı mənzil paylı mülkiyyət hüququ ilə onların və Cavabdeh1 mülkiyyətindədir. Həmin mənzil üzərində onların hər birinin payı 6/24 hissədə, Cavabdeh1 payı 3/24 hissədə, yetkinlik yaşına çatmayan X3 payı da 3/24 hissədədir. Mənzilin ümumi sahəsi 80.20 kvadratmetrdir və mənzil üç otaqdan ibarətdir. Cavabdehlərdən X10 onların qardaşı oğlu, Cavabdeh2 isə onların keçmiş gəlinləridir. Belə ki, qardaşları X7 2011-ci ildə Cavabdeh2 boşanmışdır. 2017-ci ildə isə qardaşı vəfat etmişdir. Hal-hazırda cavabdehlər və yetkinlik yaşına çatmayan X6 həmin mənzildə yaşayırlar. Cavabdehlər onların həmin mənzildə yaşamaqlarına maneçilik yaradırlar. Dəfələrlə onlar cavabdehlərlə əlaqə saxlayaraq öz aralarında razılığa gəlməyə çalışsalar da, bu mümkün olmamışdır. Belə ki, onlar cavabdehlərə təklif etmişdirlər ki, ya onlar cavabdehlərin payına uyğun olaraq pul versinlər, ya da cavabdehlər onların paylarına uyğun olaraq pul versinlər və onlar paylarını cavabdehlərə bağışlasınlar. Lakin cavabdehlər heç bir vəclə onlarla razılaşmırlar. Ona görə də onlar cavabdehlərə qarşı mənzilin açıq hərracdan satılması və əldən edilən ümumi vəsaitin mülkiyyətçilər arasında paylarına mütənasib bölünməsi tələbinə dair iddia ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etmişdirlər. Lakin iddia tələbləri təmin edilməmişdir. İddia tələblərinin rədd olunmasına səbəb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarı olmuşdur. Belə ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3 və 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalarına əməl etməli idilər. Ona görə də onlar hazırkı ərizə ilə məhkəməyə müraciət edirlər. Hesab edirlər ki, ünvan 1 ünvanında yerləşən 7 saylı mənzil naturada bölünməli, bölgü zamanı sahəsi 19.8 kv.m olan yaşayış otağı İddiaçı1, sahəsi 19.8 kv.m olan yaşayış otağı İddiaçı3, sahəsi 14.4 kv.m olan yaşayış otağı İddiaçı2 və sahəsi 8.8 kv.m olan mətbəx isə cavabdehlərin istifadəsinə verilməli və onların həmin mənzilə köçürülmələri barədə qətnamə çıxarılmalıdır. Yuxarıda göstərdiklərinə əsasən, iddiaçılar iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehlər tərəfindən etiraz daxil olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1296/2022 nömrəli, 05 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iİddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvan 1 ünvanda yerləşən 7 saylı mənzilə köçürülməsi, iddia tələbinin iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinin naturada bölünməsi hissəsində təmin edilməməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 50 (əlli) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 ödənilməsi, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 50 (əlli) manat, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 50 (əlli) manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva). Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli mənzil mənzilin 6/24 hissəsi İddiaçı2, 6/24 hissəsi İddiaçı1, 6/24 hissəsi isə İddiaçı3 mülkiyyətindədir. Məhkəmə hesab edir ki, iddiaçılar mülkiyyətçi olmaqla mübahisəli mənzildən istifadə hüququna malik olduqlarından onların iddia tələbi mübahisəli mənzilə köçürülmə hissəsində təmin edilməlidir. Lakin mübahisəli mənzilin texniki cəhətdən bölünməsi mümkün olmadığından iddiaçıların məhz qeyd edilən otaqlara (19,8, 19,8, 14,4 kv.m. olan) köçürülməsi hissəsində iddia tələbi təmin edilməməlidir. Məhkəmə AR Mülki Məcəlləsinin 152.1, 152.5, 213.1, 213.2, 216, 217220.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6, Mənzil Məcəlləsinin 3, 8, 9.1, 9.2.1, 9.2.2-ci maddələrinə, AR Konstitusiyasının 13,29-cu maddələrinə istinad edərək iddianı qismən təmin etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Hesab edir ki, qətnamə əsassızdır. Belə ki, tərəflərindən təqdim olunan sübutlara məhkəmə tərəfindən qərəzli, eyni zamanda obyektiv yanaşılmamış, qətnamənin əsasına işin halları və faktlarla uyğunlaşmayan fərziyyələr qoyulmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçılar mülkiyyətçi olmaqla mübahisəli mənzildən istifadə hüququna malik olduqlarından onların iddia tələbi mübahisəli mənzilə köçürülməsi hissəsində təmin edilməlidir. Halbuki işin halları tam araşdırılmadan yalnız iddiaçıların mülkiyyətçi olmasını əsas gətirərək onların mənzilə köçmələrini qərara almaqla məhkəmə əsassız qətnamə çıxarmışdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, o, çox təkliflər etsə də iddiaçılarla məhkəmədənkənar qaydada razılığa gələ bilmir. İddiaçılar məhkəmə iclasına gəlmir, təkliflərinə cavab vermirlər. Onların hər birinin öz evləri var. Onun atası və babası vəfat edib, mənzildə anası, azyaşlı bacısı var. Onların sosial təminatı onun öhdəsindədir, onların başqa yaşayış yeri yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1296/2022 nömrəli, 05 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh2 məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddipaçılar və cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1. Mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

216. Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür

217. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin -ci maddəsi). (Mülki Məcəllənin -cı maddəsi). 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Mənzil Məcəlləsinin 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir.

Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 100 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Apellyasiya şikayətindən müəyyən ounur ki, cavabdeh qətnamənin iddianın təmin olunan hissəsindən narazıdır. Ona görə də məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, hazırkı mübahisə predmeti olan mənzil paylı mülkiyyətdə olmaqla tərəflərin mülkiyyətindədir. Mübahisəli mənzilin 6/24 hissəsi İddiaçı2, 6/24 hissəsi İddiaçı1, 6/24 hissəsi İddiaçı3, 3/24 hissəsi Cavabdeh1 və 3/24 hissəsi X4 mülkiyyətindədir. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş 28 iyun 2022-ci il tarixli, 10/1861 saylı rəydən görünür ki, mənzilin tərəflər arasında paylara uyğun naturada bölünməsi və həmçinin sahəsi 19,8 kv.metr olan yaşayış otağının X2, sahəsi 19,8 kv.metr olan digər yaşayış otağının İddiaçı3, sahəsi 14,4 kv.metr olan yaşayış otağının İddiaçı2 və sahəsi 8,8 kv.metr olan mətbəxin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (X6) verilməklə naturada bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinin naturada bölünməsi hissəsində təmin edilməməlidir və birinci instansiya məhkəməsi bununla əlaqədar düzgün nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, mübahisəli mənzilin 6/24 hissəsi İddiaçı2, 6/24 hissəsi İddiaçı1, 6/24 hissəsi isə İddiaçı3 mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Bu cür müdafiə üsulları kimi Mənzil Məcəlləsinin 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir. Bundan başqa yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, istifadə hüququnun tanınması və ya köçürülməsi tələb olunan yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçılar mülkiyyətçi olmaqla mübahisəli mənzildən istifadə hüququna malik olduqlarından onların iddia tələbi mübahisəli mənzilə köçürülmə hissəsində təmin edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun hesab edərək qeyd edir ki, məhkəmə iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Bundan başqa apelyantın qeyd etdiyi dəlillərə məhkəmə qətnaməsində araşdırılaraq qiymət verilmişdir. Belə ki, cavabdeh onun, anasının və bacısının başqa yaşayış yeri olmamasını, iddiaçıların isə başqa yaşayış yerinin olması, hazırki hüquqdan sui-istifadə edəcəyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar da cavabdehlərlə birlikdə mübahisəli mənzildə mülkiyyət hüququna malikdirlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1296/2022 nömrəli, 05 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:

Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1296/2022 nömrəli, 05 sentyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar