Məhkəmə qərarları › İş №2(105)-395/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-395/2025

28.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-395/2025 28.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs göstərilməklə şəxsin ölmüş elan edilməsi barədə ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: şəxsin ölmüş elan edilməsi) X3 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, Ərizəçi (sonuncu iclaslarda iştirak etmir), onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, QUBa Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 2(027)-1962/2024 nömrəli qətnaməsindən iş üzrə Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 03-16-5/8-10-397 nömrəli məktubundan görünür ki, X5 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur.

2. QUBa rayon Polis Şöbəsinin Ərizəçi ünvanlamış xx.xx.2019-cu il tarixli 1xxxx/25612-3219 saylı məktubundan görünür ki, onunla 1996-cı ildə əlaqəni itirmiş atası xx.xx.1955-ci ildə anadan olan X5 axtarışı ilə əlaqədar Rusiya Federasiyası Tümen vilayəti DİO-na müvafiq sorğu məktubları göndərilmiş və bununla bağlı axtarış tədbirləri həyata keçirilir, onun barəsində hər hansı məlumat olunarsa ona bildiriləcəkdir.

3. QUBa Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 146- 10/25612-3219 №li arayışından görünür ki, xx.xx.1955-ci ildə anadan olan X7 qohumları ilə əlaqəni itirmiş şəxs kimi axtarılır, tapılması üçün axtarış tədbirləri davam etdirilir. Apellyasiya icraatı zamanı sorğular əsasında əldə edilmiş:

4. QUBa RİH başçısının Alpan kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5-61/2-13/2025 nömrəli məktubunun məzmunundan görünür ki, xx.xx.1955-ci il təvəllüdlü X7 üzun müddətdir ki, nümayəndəliyin ərazisində yaşamır.

5. Azərbaycan Respublikası DSX-nin xx.xx.2025-ci il tarixli məktundan görünür ki, xx.xx.1955-ci il təvəllüdlü X5 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır.

6. QUBa rayon Polis Şöbəsinin Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunun məzmunundan görünür ki, xx.xx.1955-ci il təvəllüdlü X7 barəsində 9 nömrəli axtarış işi açılmış, bu barədə RF-nin Tumen şəhərinə müvafiq sorğular ünvanlanmışdır. Axtarış işi davam etdirilir və indiyədək hər hansı məlumat daxil olmamışdır. Apellyasiya icraatı zamanı şahid qismində ifadə vermiş;

7. X4 ifadə verərək bildirmişdir ki, uzun müddətdir ki, Ərizəçi ilə qonşuluqda yaşayır. Ərizəçi atası X7 1996-cı ildən əvvəl Rusiya Federasiyasına gedib-gəlirdi, onunla yaxşı ünsiyyəti var idi. 1996-cı ildən sonra isə onun barəsində heç bir məlumat yoxdur.

8. X1 ifadə verərək bildirmişdir ki, Ərizəçilə qonşudur. Ərizəçi atası Əziz Vəliyev ondan 15-16 yaş böyük olub. Hazırda Əzizin 70 yaşı olardı. Onun 1 qızı, 1 oğlu var idi. Ərizəçi özünün isə 3 uşağı var. Əziz Vəliyev 1990-cı ildən 1996-cı ilə kimi Rusiyaya gedibgəlirdi. 1996-cı ildən isə artıq ondan bir xəbər ala bilmədik. Onların kənddən Rusiyada olan şəxslər var ki, onlardan da maraqlandıqda Əziz Vəliyevi görmədiklərini bildiriblər.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

9. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, atası 11 sentyabr 1955-ci il təvəllüdlü X5 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X7 11 sentyabr 1955-ci ildə QUBa rayonu, Alpan kəndində anadan olmuşdur. O, 1991-ci ildə işləmək üçün müvəqqəti olaraq Rusiya Federasiyasına getmiş 1996-cı il tarixədək onunla əlaqə saxlamışlar. Həmin tarixdən sonra əlaqələri kəsilmişdir. Onun barəsində məlumat əldə etmək üçün müxtəlif vasitələrlə soraqlaşmışlar. Amma onun barəsində məlumat ala bilməmişlər. Axtarışları səmərəsiz olduğundan 2019-cu ildə atasının axtarılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmişlər. Bundan sonra Rusiya DİO-na atasının axtarılması üçün məlumat verilmişdir. X12 tərəfindən aparılan axtarış müddətində də ondan heç bir xəbər olmamışdır. Bu barədə ona QUBa rayon Polis Şöbəsindən 13 sentyabr 2019-cu il tarixli arayışlar verilmişdir. Artıq 27 ildir ki, atası X5 harada olması barədə heç bir məlumat yoxdur. Atası 1996-cı ilədək onlarla mütəmadi olaraq əlaqə saxlamış, evin dolanışığını təmin etmişdir. Həmin tarixdən ev ilə əlaqənin belə uzunmüddətli kəsilməsi onlar üçün nə qədər ağır olsa da, atasının sağ olmadığına əsas verir. Yaşadıqları evin və torpaq sahəsinin ilkin sənədləri atasının adınadır. Hal-hazırda həm əmlaklara dair rəsmiləşdirmə işlərini apara bilmirlər. Bunun üçün atasının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Həmin şəhadətnamənin alınması üçün atasının ölmüş elan edilməsi zəruridir. Bu faktı başqa yolla təsdiq etdirmək mümükün deyildir, yalnız məhkəmə qətnamə əsasında edilməlidir.

11. QUBa Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 2(027)-1962/2024 nömrəli qətnaməsi ilə (hakim V.Seyidov) iddia tələbi təmin edilməmişdir.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki,qanunvericiliyin tələbindən göründüyü kimi şəxsin məhkəmə qaydasında ölmüş elan edilə bilməsi üçün şəxsin yaşayış yerində onun harada olması barədə 5 il ərzində məlumatın olmaması, habelə ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşməsi və ondan 6 ay ərzində xəbər çıxamaması kimi halların olması nəzərdə tutulmuşdur. QUBa RPŞ-nin arayışından görünür ki, xx.xx.1955-ci ildə anadan olan X7 qohumları ilə əlaqəni itirmiş şəxs kimi axtarılır, tapılması üçün axtarış tədbirləri davam etdirilir. Belə olan halda məhkəmə, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edib ki, ərizə əsassız olduğundan təmin edilməməlidir.

13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 41.1, 305.1.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamənin dəlilləri ilə razılaşmayan Ərizəçi qətnamədən apellyasiya şikayəti vermişdir.

15. Apellyasiya şikayətinin dəlilləri ərizənin dəlilləri ilə analoji məzmunda tərtib edilmişdir. Şikayətdə göstərilib ki, qətnamə əsassızdır, qətnamə qəbul edilən zaman maddi hüquq normaları pozulmuş, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Məhkəmə işə baxarkən təqdim edilən sübutalara düzgün hüquqi qiymət verməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, QUBa Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 2(027)-1962/2024 nömrəli qətnaməsi ləğv edilməli, ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş ərizəçinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, ərizəçinin atası 1955-ci il təvəllüdlü X7 1991-ci ilə qədər və həmin ildən sonra da işləmək məqsədilə Rusiya Federasiyasına gedib-gəlmişdir və orada da qalmışdır. 1996-cı ildən sonra isə əlaqələri ümumiyyətlə kəsilmişdir. Onun barəsində müxtəlif vasitələrlə məlumat əldə etməyə çalışsalar da, heç bir məlumat əldə edə bilməyiblər. 2019-cu ildə isə X5 axtarılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət edilmiş və həmin orqan tərəfindən şəxsin axtarışı ilə əlaqədar Rusiya Federasiyasının daxili işlər orqanına məlumat göndərilmişdir. Lakin bu vaxta qədər ərizəçinin atası X5 harada olması barədə heç bir məlumat yoxdur. Sonda qeyd etdikləri əsasında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında Ərizəçi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, atası X7 hələ onun uşaq vaxtlarında 1990-cı illərdə Rusiya Federasiyasına getmiş, o vaxtdan onunla əlaqə saxlaya bilməmişlər. Atasının axtarılması üçün QUBa rayon Polis Şöbəsinə müraciətləri olmuş və müraciət əsasında atasının tapılması üçün axtarış tədbirləri həyata keçirilmişdir. QUBa rayon Polis Şöbəsinə edilən müraciətdən 5 il keçməsinə baxmayaraq, bu günə qədər hələ də atasının harada olması, sağ olması və ya ölməsi barədə heç bir məlumat yoxdur. Hazırda yaşadığı evin və torpaq sahəsinin ilkin sənədləri atasının adınadır, həmin əmlaklara dair heç bir rəsmiləşdirmə işlərini apara bilmir. Bu səbəbdən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən ərizəçi sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada və vaxtında Maraqlı şəxsnə məhkəmə bidirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Konstitusiyası Maddə 71. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 41. Fiziki şəxsin ölmüş elan edilməsi. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 41.4. Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Maddə 42. Ölmüş elan edilmiş şəxsin gəlməsinin nəticələri 42.1. Ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. 42.2. Nə vaxt gəlməsindən asılı olmayaraq, şəxs onun ölmüş elan edilməsindən sonra əvəzsiz olaraq başqa şəxsə verilmiş əmlakın qalan hissəsinin qaytarılmasını tələb edə bilər. 42.3. Ölmüş elan edilmiş şəxsin əmlakını əvəzli əldə etmiş şəxs bu əmlakı ona qaytarmağa o halda borcludur ki, əmlakı əldə edərkən onun ölmüş elan edilmiş şəxsin sağ olduğunu bildiyi sübuta yetirilsin. 42.4. Əgər ölmüş elan edilmiş şəxsin əmlakı dövlətin mədaxilinə keçirilmiş və satılmışdırsa, həmin şəxsin ölmüş elan edilməsi haqqında qərarın ləğvindən sonra əmlakın satışından götürülmüş məbləğ ona qaytarılır.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 305.1 və 305.1.2. məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır.

312. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. 315.2. Şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayətindən görünür ki, apellyator QUBa Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 2(027)-1962/2024 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilib, ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Ona görə də kollegiya QUBa Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 2(027)-1962/2024 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam və hərtərəfli araşdırıb, verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməklə, ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

26. Ərizə uzun müddət yaşayış yeri və olduğu yer məlum olmayan şəxsin ölmüş elan edilməsi barədədir.

27. Ərizəçi tələbində, atası X5 11 sentyabr 1955-ci ildə QUBa rayonu, Alpan kəndində anadan olduğunu və onun mütəmadi olaraq, sonuncu dəfə isə 1991-ci ildə işləmək üçün Rusiya Federasiyasına getdiyini, 1996-cı il tarixədək onunla əlaqə saxladıqlarını, həmin tarixdən sonra isə əlaqələrinin kəsildiyini bildirmişdir.

28. Atasının barəsində məlumat əldə etmək üçün müxtəlif vasitələrlə soraqlaşmış, lakin onun barəsində məlumat ala bilməmişlər. Axtarışları səmərəsiz olduğundan 2019-cu ildə atasının axtarılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmişlər. Bundan sonra Rusiya DİO-ya atasının axtarılması üçün məlumat verilmişdir. X12 tərəfindən aparılan axtarış müddətində də ondan heç bir xəbər olmamışdır. Bu barədə ona QUBa rayon Polis Şöbəsindən 13 sentyabr 2019-cu il tarixli arayışlar verilmişdir. Artıq 27 ildir ki, atası X5 harada olması barədə heç bir məlumat yoxdur.

29. Hazırda yaşadıqları evin və torpaq sahəsinin ilkin sənədləri atasının adınadır. Halhazırda həmin əmlaklara dair rəsmiləşdirmə işlərini apara bilmirlər. Bunun üçün atasının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Həmin şəhadətnamənin alınması üçün atasının ölmüş elan edilməsi zəruridir.

30. Birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayan kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmə verilmiş səlahiyyətlərdən geniş istifadə etmədən, tam və ətraflı araşdırma aparmadan, yuxarıda göstərilən nəticəyə gəlmişdir. Kollegiya mövqeyini aşağıdakılarla əsaslandırır.

31. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının; 9.3-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. 9.5-ci bəndində qeyd edilmişdir ki, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir.

32. Araşdırılan işin faktiki hallarından göründüyü kimi, ərizəçinin atası Əziz Vəliyev uzun müddətdir ki, (ərizəçinin və şahidlərin dediyinə görə 1991-cı ildən) yaşadığı ünvandan çıxaraq Rusiya Federasiyasına getmiş, lakin bu müddət ərzində ondan məlumat əldə edilməsi mümkün olmamışdır. Bundan sonra ərizəçi müvafiq orqanlara, o cümlədən DİN-ə müraciət etmiş və sonda QUBa rayon Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli, 1xxxx/25612-3219 saylı məktubu ilə ərizəçiyə 1996-cı ildən əlaqəni itirmiş atası xx.xx.1955-ci ildə anadan olan X5 axtarışı ilə əlaqədar Rusiya Federasiyası Tümen vilayəti DİO-ya müvafiq sorğu məktubları göndərildiyi və bununla bağlı axtarış tədbirləri həyata keçirildiyi, onun barəsində hər hansı məlumat olunarsa bildiriləcəyi barədə məlumat verilmişdir.

33. İşdən həmçinin müəyyən edilir ki, QUBa Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarxili, 1xx-xx/25612-3219 №li məktubu ilə xx.xx.1955-ci ildə anadan olan X5 qohumları ilə əlaqəni itirmiş şəxs kimi axtarışda olması və bu istiqamətdə axtarış tədbirlərinin davam etdirildiyi qeyd edilmişdir.

34. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya tam hüquqlu məhkəmə kimi yenidən araşdırma apararaq, müvafiq orqanlara təkrarən iş üçün əhəmiyyət kəsb edən sorğular vermiş, həmçinin şahid ifadələrini dinləmişdir.

35. Kollegiyanın araşdırması zamanı verilmiş sorğulara müvafiq cavab olaraq xx.xx.1955ci il təvəllüdlü X5 üzun müddətdir ki, nümayəndəliyin ərazisində yaşamadığı, həmçinin QUBa rayon Polis Şöbəsi tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanlanmış məktubda xx.xx.1955-ci il təvəllüdlü X7 barəsində 9 nömrəli axtarış işinin açılması, bu barədə RF-nin Tumen şəhərinə müvafiq sorğular ünvanlandığı, indiyədək hər hansı məlumatın daxil olmadığı bildirilmişdir.

36. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya iş üzrə iki şahid dinləmiş və həmin şahidlər də ifadələrində, eləcə də kollegiya tərəfindən aparılmış sorğu-sual nəticəsində xx.xx.1955-ci il təvəllüdlü X5 mütəmadi olaraq Rusiya Federasiyasına gedib-gəldiyini, 1996-cı ildən sonra isə ondan məlumat olmadığını bildirmişlər.

37. Mülki prosessual qanunverciliyə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır və məhkəmə hüquqi əhəmiyyəti olan o faktları müəyyən edir ki, həmin faktlar fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsi ilə bağlı olur (MPM-nin 305.1, 305.1.1, 307.1-ci maddələri). Göründüyü kimi hüquqi əhəmiyyəti olan faktlarhüquqların əmələ gəlməsini, dəyişdirilməsini və xitam verilməsinin asılı olduğu faktlardır.

38. Qanun, hüquqi faktlarla fiziki və hüquqi şəxslərin əmlak hüquqlarının yaranmasını, dəyişməsini və xitam edilməsini əlaqələndirir. Hüquq əhəmiyyətli olan bir sıra faktlar qanunla müəyyən edilən qaydada qeydə alınırlar və onların mövcudluğu qeydə alan orqanın verdiyi müvafiq sənədlə rəsmişləşdirilir.

39. Nəzərə alınmalıdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (MPM-nin 308-ci maddəsi).

40. Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi dedikdə-həmin faktın qeydiyyatının mövcud olmaması; faktın qeydiyyatının müvafiq qaydasına əməl edilməməsi və ona əməl edilməsinin mümkünsüzlüyü; hüquqi faktın əks olunduğu sənəddə buraxılan səhv ucbatından sənədin sübutetmə əhəmiyyətini itirməsi; həmin səhvin başqa qaydada aradan qaldırıla bilməməsi anlaşılır. İtirilmiş sənədlərin bərpasının mümkün olmaması dedikdə isə-həmin sənədləri qeydə alan müvafiq orqanın həmin sənədin dublikatını verə bilməsi imkanının olmamasını nəzərdə tutur.

41. Bu baxımdan hüquqi əhəmiyyəti olan faktların əksəriyyəti ya məcburi dövlət qeydiyyatından keçirilməli, ya da qeyri məhkəmə (inzibati) qaydada müəyyən edilməlidir.

42. Göründüyü kimi qanunverici burada əsas zəruri şərt kimi ərizəçinin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsini, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmadığını müəyyən edib. Bu eyni zamanda ondan irəli gəlir ki, hüquqi faktın əks olunduğu sənəd itirildikdə və onu başqa qaydada bərpa etmək mümkün olmadıqda həmin faktın mövcudluğu şübhə altına alınır və belə qeyri-müəyyənlik, şəxsə həmin hüquqi faktdan irəli gələn subyektiv hüquqlarının (şəxsi və ya əmlak hüquqlarının) həyata keçirilməsində çətinliklər və maneələr yaradır. Elə bu məqsədlə də qanunverici hüquq əhəmiyyətli olan faktların məhkəmə qaydasında müəyyən edilməsi qaydasını müəyyən edib.

43. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində heç bir məlumat yoxdursa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşüb və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Əgər hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatlar zamanı xəbərsiz itkin düşərsə, həmin şəxs hərbi əməliyyatların bitməsindən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Hazırkı işdən də göründüyü kimi ərizəçi bütün mümkün vasitələrdən istifadə etsə də, sonda müsbət nəticə əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

44. Beləliklə, apellyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və apellyasiya şikayətinin dəlillərini əsaslı sayaraq qeyd edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və xx.xx.1955-ci il təvəllüdlü X5 ölmüş elan edilməsinə dair qətnamə qəbul edilməlidir.

45. Bu halda qeyd edilir ki, şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarı qüvvəyə mindiyi gün onun ölüm günü hesab edilir və fiziki şəxsin ölümü ilə əlaqədar yaranan hüquqi nəticələr adi qaydada tətbiq edilir.

46. Kollegiya əlavə olaraq izah edir ki, ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Nə vaxt gəlməsindən asılı olmayaraq, şəxs onun ölmüş elan edilməsindən sonra əvəzsiz olaraq başqa şəxsə verilmiş əmlakın qalan hissəsinin qaytarılmasını tələb edə bilər.

47. Həmçinin ölmüş elan edilmiş şəxsin əmlakını əvəzli əldə etmiş şəxs bu əmlakı ona qaytarmağa o halda borcludur ki, əmlakı əldə edərkən onun ölmüş elan edilmiş şəxsin sağ olduğunu bildiyi sübuta yetirilsin. Əgər ölmüş elan edilmiş şəxsin əmlakı dövlətin mədaxilinə keçirilmiş və satılmışdırsa, həmin şəxsin ölmüş elan edilməsi haqqında qərarın ləğvindən sonra əmlakın satışından götürülmüş məbləğ ona qaytarılır.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. QUBa Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 2(027)-1962/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, ərizə təmin edilsin. xx.xx.1955-ci il təvəllüdlü X7 ölmüş elan edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar