Məhkəmə qərarları › İş №2(105)-40/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-40/2023

06.11.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-40/2023 06.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X7 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz Ərazi İdarəsinə qarşı qanunsuz tikililərin sökülməsi, torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(027)-61/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddianın qismən təmin edilməsi, Quba rayonunun Digah kəndi ərazisində yerləşən daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixli, ********** nömrəli qeydi və həmin qeyd əsasında verilmiş RX seriyalı, ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0,09 ha hissəsindən Cavabdeh çıxarılması, zəbt olunmuş həmin torpaq sahəsində cavabdehin inşa etdiyi tikililərin sökülməsi, sökülmüş tikintiyə aid materiallar, cavabdehin həmin əraziya tökdüyü daş və çınqıl materialları və cavabdehə məxsus əmlaklar həmin torpaq sahəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza xərci olaraq 100 manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonunun Digah kəndi ərazisində daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixli, ********** nömrəli qeydi və həmin qeyddən verilmiş RX seriyalı, №436479 nömrəli çıxarış əsasında onun mülkiyyətində olan torpaq sahəsində və Digah-Xucbala bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində cavabdehin inşa etdiyi tikililər sökülməsi, sökülmüş tikintiyə aid materiallar həmin torpaq sahələrindən çıxarılması, Quba rayonunun Digah kəndi ərazisində daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cli il tarixli, ********** nömrəli qeydi və həmin qeyddən verilmiş RX seriyalı №1436479 çıxarış əsasında onun mülkiyyətində olan torpaq sahəsindən və Digah-Xucbala bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən cavabdehə məxsus əmlakların və cavabdehin çıxarılması, mübahisəli torpaq sahəsində humus qatının əvəzinə cavabdeh tərəfindən tökülmüş daş və daş-çınqıl materialları cavabdehin hesabına ərazidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixli, ********** nömrəli qeydi və həmin qeyddən verilmiş RX seriyalı, №436479 nömrəli çıxarış əsasında Quba rayonunun Digah kəndi ərazisində onun mülkiyyətində olan torpaq sahəsində və Digah-Xucbala bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində cavabdehin inşa etdiyi tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi, cavabdehə məxsus əmlaklar və cavabdeh həmin torpaq sahələrindən çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 29 avqust 2012 -ci il tarixli, №2(027)-964/2012 nömrəli qətnaməsi ilə X2 Quba rayonu Digah kənd ərazisində yerləşən 0,01 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən tikdiyi qeyri-yaşayış sahəsinə faktiki ölçüləri müəyyən edilməklə X2 mülkiyyət hüquqları müəyyən edilmişdir. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 aprel 2013-cü il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 29 avqust 2012 -ci il tarixli, №2(027)-964/2012 nömrəli qətnaməsi ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2013-cü il tarixli, №2(027)- 2330/13 nömrəli qərarı ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 aprel 2013-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Quba Rayon Məhkəməsinin 11 mart 2014-cü il tarixli, № 1(027)-1/2014 nömrəli hökmünə əsasən Cavabdeh, torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozaraq Quba rayonunun Digah kəndi ərazisində Digah-Xucbala bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinin 0,01 hektarını 2012-ci ilin may ayından, İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0,02 hektarı 2012-ci ilin sentyabr ayından etibarən özbaşına tutmaqla zəbt edərək tikinti işləri aparmışdır. Bununla da Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcələsinin 188-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Həmin hökmdən göründüyü kimi Torpağa Mülkiyyət Hüququna Dair Kod 30327028, JN 694 nömrəli Dövlət Aktı əsasında ona, Quba rayonu Digah kəndi ərazisində Quba rayon DNK-nın 17.06.02 və 13.05.05 tarixli, 4 ə-155 və 07.05.05 tarixli, 4ə-346-347 saylı alğı-satqı müqavilələri ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1,04 ha torpaq sahəsi almışdır. Yenə də, həmin hökmə əsasən Quba rayonu, Digah-Xucbala bələdiyyəsinin 24 yanvar 2014-cü il tarixli məktubundan görünür ki, Cavabdeh Quba rayonunun Digah kəndində kommersiya məqsədi ilə 0.01 ha torpaq sahəsi almaq üçün müraciət etmişdir. Onun müraciətinə baxılmış və Digah Xucbala bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 10 saylı qərarı ilə ona 0,01 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Lakin, Quba Rayon Memarlıq və Tikinti şöbəsinin xx.xx.2013-cü il tarixli, 56 saylı məktubunda bildirilir ki, ərazinin planlaşdırma sənədləri Rayon İcra Hakimiyyətinə sonra baxılaraq müvafiq qərar qəbul edilə bilər. Bütün bunları nəzərə alaraq, ərazinin Baş planı hazırlanmadığı və vətəndaşın istədiyi yer magistral yola yaxın olduğu üçün həmin qərar ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyun 2016-cı il tarixli hökmü ilə Quba Rayon Məhkəməsinin 11 mart 2014-cü il tarixli 1(027)-1/2014 nömrəli hökmü ləğv edilmiş, təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublkası Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə təqsiri sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Azərbaycan Respublkası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2016-cı il tarixli, №1(102)-1744/16 nömrəli qərarı ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyun 2016-cı il tarixli hökmü ləğv edilmiş və iş yeni apellyasiya baxışına təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 may 2017-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublkası Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə onun təqsirli bilinməsinə dair Quba Rayon Məhkəməsinin 11 mart 2014-cü il tarixli, №1(027)-1/2014 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 may 2017ci il tarixli hökmündən kassasiya şikayəti verilməmiş, hökm qanuni qüvvəsini almışdır. Lakin, cavabdeh, məhkəmə aktları ilə barəsində cəza tədbiri görülməsinə baxmayaraq vicdansız sahiblik həyata keçirməkdən hələ də çəkinmir, qanunsuz əməllərini hələ də davam etdirir. Belə ki, cavabdeh nəinki, inşa etdiyi qanunsuz tikililəri sökməmiş, əksinə onun mülkiyyətində olan onun tərəfindən zəbt olunmuş torpaq sahəsində əlavə qanunsuz tikililər inşa etmişdir. Bundan başqa cavabdeh onun mülkiyyətində olan yuxarıda göstərilən mübahisəli kənd təsərrüfatı məhsullarının istehsalı üçün təyin olunmuş və həmin təyinat üçün yararlı olan torpaq sahəsinin yararlı üst humus qatını ağır texnikanın köməyi ilə sıyrılaraq götürülərək ərazidən çıxarmış, əvəzinə çay daşlarını və daş-çınqıl tikinti materiallarını səpmişdir. Bununla da cavabdeh həmin torpaq sahəsini kənd təsərrüfatı məhsullarının istehsalı üçün yararsız hala salmışdır. Həmin torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı üçün yararlı hala salınması 25 il müddət tələb edir. Bununla da cavabdeh növbəti dəfə təkrarən ona məxsus torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozmuşdur. Yuxarıda göstərilən məhkəmə aktlarından göründüyü kimi cavabdehin zəbt etdiyi bələdiyyə torpağında inşa etdiyi özbaşına tikililər həmçinin onun mülkiyyət hüququnu pozur. Belə ki, həmin tikililər altına eyni vaxtda onun və bələdiyyənin torpaq sahələri salınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Quba Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin istinad edilmiş qətnaməsi ilə razı deyil və hesab edir ki,həmin qətnamə işin həqiqi halları və maddi hüquq və maddi prossesual hüquq normalarının tələblərinə uyğun olaraq ləğv edilməlidir. Məhkəmənin qeyd edilmiş nəticə işin həqiqi halları, məhkəmə araşdırmaları zamanı müəyyən edilmiş əsaslar və qüvvədə olan maddi hüquq normalarının tələbləri ilə tam təkzib olunur. İlk növbədə hesab edir ki, birinci instansiya məhkəməsi məlum nəticəyə gələrkən AR MPM-nin 82.4-cü maddənin tələblərini pozmuşdur. Məhkəmə qətnamədə bir tərəfdən mübahisə edilən torpaq sahəsi ilə bağlı iddiaçının şikayəti əsasında barəsində cinayət təqibi üzrə çıxarılmış məhkəmə hökmü və yuxarı instansiya məhkəmələrin qərarları və həmin qərarların qəbul edilməsinə əsas olmuş Məhkəmə Ekspertiza Mərkəzinin mühəndis-texniki ekspertizasının xx.xx.2015-ci il tarixli, 20435 saylı ekspert rəyinə istinad etmiş, digər tərəfdən həmin məhkəmə qərarları, o cümlətən ekspert rəyi ilə müəyyən edilmiş hallara və sübutlara əhəmiyyət verilmir, xx.xx.2015-ci il tarixli, 20435 saylı ekspert rəyi ilə məhkəmə qətnamə çıxararkən əsas götürdüyü 4584 saylı xx.xx.2020-ci il tarixli ekspert rəyinin aralarındakı ziddiyyətlərin aradan qaldırılması və torpaq sahələrinin sərhədlərini müəyyən edilməsi üçün iş üzrə xx.xx.2020-ci il tarixli təkrar məhkəmə-tikinti ekspertizanın keçirilməsinə dair qərardad qəbul etmiş olsa da, ekspert Təhmasib Kərimovun məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli,10/1557 saylı vəsatəti ilə məhkəmə ekspertiza mərkəzində torpaq sahələrinə dair baza və arxiv məlumatları olmadığından ekspertin qarşısına qoyulmuş suallar üzrə təhqiqat aparılması münkün olmadığını, buna görə də AR MPM-nin 63.3-cü maddənin tələblərinə əsasən məhkəmədən DƏDRX-dən mütəxəsis rəyinin, mübahisəli ərazinin koordinatlarının və baza məlumatlarının mərkəzə təqdim etməyi xahiş etmiş etdiyi və bu haqda məhkəmədə qaldırdığı xx.xx.2020-ci il tarixli vəsatətini təmin etmədən, heç bir dair baza və arxiv məlumatlara istinad etmədən özəl fəaliyyət göstərən "xxxx"MMC havadan və sudan götürdüyü məlumatlar əsasında verilmiş mütəxəsis rəyi əsasında mübahisə edilən əraziyə baxış keçirmədən verilmiş 4584 saylı xx.xx.2020-ci il tarixli ekspert rəyin nəticəsini əsas götürərək guya onun tərəfindən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0,09 ha hissəsini zəbt etməyi və yerində qanunsuz tikililəri inşa etməsinə dair əsassız qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin həqiqi halları düzgün və obyektiv araşdırılmadan, mübahisə edilən torpaq sahələrinin həqiqi sahiblərinin dairəsi müəyyən edilmədən və iş üzrə həmin şəxslərin tərəf qismində cəlb edilmədən, iddia edilən torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hansı hissəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmədən, AR MPM-nin 63.3, 77.1, 82.3, 102.1-102.2-ci maddələrinin tələbləri pozulmaqla qəbul edilmiş qətnamə AR MPM-nin 384-cü maddənin tələblərinə uyğun olaraq qanunsuz və əsassız hesab edilməlidir. Eyni zamanda hesab edir ki, məhkəmə məlum qətnaməni qəbul edərkən iddiaçının dövlət tərəfindən qorunan və müdafiə olunan mülkiyyət hüquqlarının hansı hissədə pozulması müəyyən etmədən, yəni Azərbaycan Respublkası Mülki Məcəlləsinin 152.1 və 157.2-ci maddələri düzgün tətbiq etmədən gəldiyi nəticə əsaslı hesab edilməməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddia tələbinin təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsinin iş materialları o cümlədən, ekspertiza rəyi ilə öz təsdiqini tapması ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152.1, 157.2. 170.1, 170.2, 172.1, 172.2, 180.1, 180.4, Torpaq Məcəlləsinin 111-ci maddələrinə və Avropa Məhkəməsinin qərarlarına istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsədə, şikayətin məzmunundan görünür ki, qətnaməni iddianın təmin edilən hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissələrdə hüquqi qiymət verilməlidir. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə maddi və prosesual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, həmin hissədə iddia tələbləri Cavabdeh zəbt olunmuş torpaq sahəsindən və orada inşa edilmiş qanunsuz tikillərin sökülərək onun hesabına həmin ərazidən çıxarılmasından ibarət olduğu halda, birinci instansiya məhkəməsi mübahisəyə aidiyyəti olmayan Mülki Məcəllənin 152.1, 157.2. 170.1, 170.2, 172.1, 172.2, maddi hüquq normalarını tətbiq etmişdir. Qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn tələbin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Lakin birinci instansiya məhkəməsi əqdin etibarsız hesab edilməsi qənaətinə gələrkən qeyd olunan maddi hüquq normalarının tətbiq edilməsini əsaslandırmamışdır. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (Mülki Prosessual Məcəllənin 385.1.1, 386-cı maddələri). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruru hesab edir. İşdən göründüyü kimi Quba rayonunun Digah kəndi ərazisində yerləşən 0.145 ha torpaq sahəsinin İddiaçı, həmin torpaq sahəsinin qonşuluğunda yerləşən 0,02 ha torpaq sahəsinin isə Cavabdeh mülkiyyətində olması, sonuncunun məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə 100 manat məbləğində cərimə cəzasına məhkum edilməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbləri cavabdehin mübahisəli torpaq sahəsindən və həmin inşa ediyi tikillərin öz hesabına sökülərək çıxarılması barədədir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2, 180.1,180.4 və Torpaq Məcəlləsinin 111-ci maddələri təşkil edir. Məlum olduğu kimi, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu maddənin dizpozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı ilk növbədə mübahisəli torpaq sahəsinin onun mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. Qeyd olunduğu kimi 0,145 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğu işin mübahisəsiz halıdır. İkinci iddiaçı tələb edilən anda əmlakın cavabdehin sahibliyində olduğunu sübut etməli, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu tələb mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Qeyd olunmalıdır ki, Cavabdeh apellyasiya şikayətində məhkəmənin bir tərəfdən mübahisə edilən torpaq sahəsi ilə bağlı iddiaçının şikayəti əsasında barəsində cinayət təqibi üzrə çıxarılmış məhkəmə hökmü və yuxarı instansiya məhkəmələrin qərarları və həmin qərarların qəbul edilməsinə əsas olmuş Məhkəmə Ekspertiza Mərkəzinin mühəndis-texniki ekspertizasının xx.xx.2015-ci il tarixli, 20435 saylı ekspert rəyinə istinad etməsini, digər tərəfdən həmin məhkəmə qərarları, o cümlədən ekspert rəyi ilə müəyyən edilmiş hallara və sübutlara əhəmiyyət verməməsini, xx.xx.2015-ci il tarixli, 20435 saylı ekspert rəyi ilə məhkəmə qətnamə çıxararkən əsas götürdüyü 4584 saylı xx.xx.2020-ci il tarixli ekspert rəyinin arasındakı ziddiyyətlərin aradan qaldırılması və torpaq sahələrinin sərhədlərini müəyyən edilməsi üçün iş üzrə xx.xx.2020-ci il tarixli təkrar məhkəmə-tikinti ekspertizanın keçirilməsinə dair qərardad qəbul edilməsini, ekspert T.Kərimovun məhkəməyə göndərdiyi vəsatətlə məhkəmə ekspertiza mərkəzində torpaq sahələrinə dair baza və arxiv məlumatları olmamaması səbəbindən ekspertin qarşısına qoyulmuş suallar üzrə təhqiqat aparılması münkün olmamasına, məhkəmədən DƏDRX-dən mütəxəsis rəyinin, mübahisəli ərazinin koordinatlarının və baza məlumatlarının mərkəzə təqdim etməsi barədə vəsatətinin təmin edilməməsi, heç bir baza və arxiv məlumatlara istinad etmədən özəl fəaliyyət göstərən "xxxx" MMC verdiyi mütəxəsis rəyin nəticəsini əsas götürməklə onun tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin 0,09 ha hissəsinin zəbt etməsi və yerində qanunsuz tikililəri inşa etməsinə istinad etmişdir. Göründüyü kimi iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilməsi qənaətinə gələn məhkəmə bunu Məhkəmə Ekspertiza Mərkəzinin istinad etdiyi 4584 saylı, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyi ilə əsaslanmışdır. Halbuki, cinayət işinin istintaq zamanı keçirilmiş ekspertiza zamanı Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2015-ci il tarixli, 20435 saylı rəyi əsasında zəbt olunan sahənin 426 kv.m olması öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası tərəfindən tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədi ilə cavabdehin vəsatəti məhkəmə ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 10/2597 nömrəli 13 iyul 2021-ci il tarixli ekspert rəyi ilə “X6 və Ekspertiza Mərkəzi” MMC-nin 35 №-li, “07” iyul 2021-ci il mütəxəssis rəyinə əsasən, Quba rayonu Digah kəndində, Quba-Qusar magistral yolun sağ tərəfində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, 02 iyul 2014-cü il tarixli çıxarışa əsasən 0,145093 ha torpaq sahəsi həmin kənd sakini İddiaçı mülkiyyətində olmaqla faktiki 0,05933 ha torpaq sahəsinin istifadəsində olması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, 22 dekabr 2014-cü il tarixli çıxarışa əsasən mülkiyətində olan 0,02 ha torpaq sahəsi və İddiaçı mülkiyyətində olan torpaq sahəsinin faktiki olaraq 866,0 kv.m hissəsi Cavabdeh faktiki istifadəsində olması, mütəxəssis rəyinə əsasən, həmin ərazidə Cavabdeh rəsmi istifadəsində olan torpaq sahəsi İddiaçı rəsmi istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi, lakin Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin 866,0 kv.m hissəsi İddiaçı rəsmi istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi, mütəxəssis rəyinə əsasən, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanunun 15-1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Quba-Qusar magistral avtomobil yolunun həmin hissəsi yaşayış məntəqələri hüdudlarında yerləşdiyi üçün həmin hissədə qoruma (mühafizə) zolaqları müəyyən edilməmişdir. Mütəxəssis rəyinə əsasən Cavabdeh istifadəsindəki torpaq sahəsi qonşuluqda yerləşən X1 xx.xx.2014-cü il tarixli, PX seriyalı ******* nömrəli çıxarış əsasında məxsus olan 0,145 ha torpaq sahəsinin 866,0 kv.metr hissəsi ilə üst-üstə düşür. Mütəxəssis rəyinə əsasən Cavabdeh istifadəsindəki torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəli tikililər torpaq sahəsinin şərq hissəsində yerləşir və həmin tikililərin yelrəşdiyi torpaq sahəsi İddiaçı xx.xx.2014-cü il tarixli, PX seriyalı ******* nömrəli çıxarış əsasında verilmiş torpaq sahəsi ilə 866,0 kv.m. hissədə üstüstə düşür. Cavabdeh vəsatəti əsasında yenidən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin mütəxəssislərinin iştirakı ilə təkrar ekspertiza təyin edilsə də, həmin İdarənin xx.xx.2023cü il tarixli 3-21-3-34/2-12752/2023 nömrəli Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanladığı məktubda əməkdaşlarına İddiaçı tərəfindən mübahisəli torpaq sahəsində müvafiq ölçmə işlərinin aparılmasına imkan yaradılmaması qeyd olunmuşdur. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunduğu kimi cinayət işi üzrə məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2015-ci il tarixli 20435 saylı rəyinə əsasən Cavabdeh qanuni istifadəsində olan 0,01 ha torpaq sahəsi çıxılmaqla, əlavə olaraq 526 kv.m torpaq sahəsindən istifadə etdiyi, həmin torpaq sahəsinin də bölgü layihəsi üzrə 200 kv.m hissəsinin bələdiyyə mülkiyyətində olduğu müəyyən edilir. Bölgü lahiyəsinə əsasən hazırlanmış sxemdən göründüyü kimi Cavabdeh faktiki istifadə etdiyi 626 kv.m torpaq sahəsinin 200 kv.m hissəsinin Quba rayonu, Digah-Xucbala Bələdiyyəsinə 426 kv.m hissəsinin isə İddiaçı məxsus olduğu müəyyən edilir. Azərbaycan SSR Nazirlər Sovetinin 461 nömrəli, xx.xx.1989-cu il tarixli qərarı ilə təsdiq olunmuş, “Azərbaycan Respublikası ərazisində avtomobil yollarından və yol qurğularından istifadə olunması, onların qorunması Qaydaları”nın tələblərinə müvafiq olaraq Şirvan-Noxudlu-Salyan avtomobil yolunun qorunma (mühafizə) zonasının 60,0 metr (yolun oxudan hər tərəfə 30,0 m) nəzərdə tutulduğunu və Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsinin yolun oxundan bir tərəfdən 13 metr, digər tərəfdən 10,0 metr məsafədə yerləşdiyini nəzərə alaraq, tədqiq olunan torpaq sahəsinin avtomobil yolunun mühafizəsi zonasına düşdüyü müəyyən edilir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Qeyd edilməlidir ki, qüvvədə olan hökmdə istinad olunan məhkəmə mühəndis-texniki ekspertizasının 10 noyabr 2015-ci il tarixli 20435 saylı rəyi, mövcud iş üzrə keçirilmiş 19 mart 2020-ci il tarixli, 4584 saylı və 13 iyul 2021-ci il tarixli 10/2597 nömrəl ekspert rəylərinə münasibətdə əsaslı olması qaçılmaz olduğundan, məhkəmə mühəndis-texniki ekspertizasının 10 noyabr 2015-ci il tarixli 20435 saylı rəyi həmin rəylərə münasibətdə daha mötəbər subut kimi qiymətləndirilməlidir. Həmçinin oda nəzərə alınmalıdır ki, təqdim olunmuş foto şəkillərdən görünür ki, cavabdeh tərəfindən həmin ərazidə lazımı icazələr almadan tikili inşa olunmuşdur. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tkinti və qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (Mülki Məcəllənin 180.1, 180.4-cü maddələri). Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göründüyü kimi Quba rayonu, Digah kəndində yerləşən 0,145 ha torpaq sahəsinin İddiaçı məxsus olması, həmin torpaq sahəsinin 426 kv.m hissəsinin Cavabdeh sahibliyində olması və bu sahibliyin qanunsuz olması öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 23 oktyabr 2020-cu il tarixli qətnaməsi qismən iddianın təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 50+50=100 (bir yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2., 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4., 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh Quba rayon Digah kəndi ərazisində yerləşən İddiaçı məxsus 0,145 ha torpaq sahəsinin 426 kv.m hissəsindən, həmin hissədə cavabdehin inşa etdiyi tikililər cavabdehin vəsaiti hesabına sökülməklə həmin ərazidən çıxarılsın. Cavabdeh ekspertiza xərci 100 (dörd yüz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar