Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-405/2023 05.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı, cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi uşaq bağçasının nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi uşaq bağçasına qarşı əmrin ləğv edilməsi, işə bərpa və itirilmiş günlərə görə ödənilməyən əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli, e-2(060)-2277/2022 nömrəli qətnaməsindən cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi uşaq bağçası tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Ələkbərov) iddianın təmin edilməsi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi uşaq bağçasının xx.xx.2021-ci il tarixli, 151 №-li əmrin ləğv edilməsi, İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi – uşaq bağçasına işinə bərpa edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi uşaq bağçası qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi uşaq bağçasının xx.xx.2021-ci il tarixli, 151 №-li əmrinin ləğv edilərək onun işə bərpa olunması və itirilmiş günlərə görə ödənilməyən əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Vəkil1 cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin əsl cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi - uşaq bağçası ilə əvəz olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2003-cü il tarixdən Sumqayıt şəhər Təhsil Şöbəsi 63 saylı körpələr evi uşaq bağçasında sanitar dayə kimə işə qəbul olunmuşdur. Həmin tarixdən də həmin bağçada 1 stavka sanitar dayə kimi işləmişdir. xx.xx.2018-ci il tarixdə analıq məzuniyyətə çıxmışdır. Belə ki, xx.xx.2018-ci il tarixdə qızı X8 anadan olmuşdur. Bağçanın keçmiş rəhbərliyinin təkidi ilə yazdığı ərizə əsasında xx.xx.2020-ci il tarixdə yenidən analıq məzuniyyətindən işə geri qayıtmışdır. Sonradan rəhbərlik ilə aralarında olan anlaşılmazlıq nəticəsində yenidən xx.xx.2020-ci il tarixdən analıq məzuniyyətinə geri dönmüşdür. Artıq xx.xx.2021-ci il tarixdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin müvafiq əmri ilə X7 63 saylı körpələr evinə yeni müdir təyin olunmuşdur. O, da xx.xx.2021-ci il tarixdən analıq məzuniyyətindən işinə geri dönərək 0.5 stavka sanitar dayə kimi işə başlamışdır. Lakin yeni rəhbərliyə 1 stavka ilə bərpa olunmağını xahiş etmişdir. Rəhbərlik əlavə ştat olmadığını bəhanə gətirərək müraciətini nəzərə almamışdır. Lakin o, 19 il stajına əsaslanaraq sadəcə 1 stavka ilə işləmək istədiyini, yəni stavkasının bərpa olunmasını xahiş etmişdir. Müdiriyyət tərəfindən təhqirlərə məruz qalmışdır. Daha sonra AR ƏƏSMN-nin 142 qaynar xəttinə bu şikayəti ilə bağlı müraciət etmişdir. Nazirlik tərəfindən AR ƏƏSMN yanında X5 xidməti Sumqayıt Regional Ərazi Şöbəsinə yönləndirilmişdir. İlk müraciətini xx.xx.2021-ci il tarixdə yazmışdır. Lakin müraciət etdikdən 30 gün sonra cavab veriləcəyi bildirilmişdir. O, xx.xx.2022-ci il tarixdə yeindən ərizə ilə müraciət etmişdir. X5 xidmətinin xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubu ilə ona cavab verilmişdir. Həmin cavab məktubunda 63 saylı körpələr evi uşaq bağçasının X5 xidmətinə cavab vermişdir ki, vakant ştat olmadığından 1 stavka ilə sanitar dayə vəzifəsinə keçirilə bilmədiyi, vakant sanitar dayə ştatı olduğu zaman 1 stavka ilə təmin olunacağı bildirilmişdir. Həmçinin bağçanın rəhbərliyi tərəfindən X5 Xidmətinə AR Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “a” bəndinə əsasən qeyri-qanuni şəkildə töhmət olunduğu barədə məlumat da verilmişdir. Belə ki, həmin töhmət rəhbərlik və bağçanın metodisti tərəfindən ona qarşı qərəzli şəkildə qeyri-qanunu yazılmış töhmət olmuşdur. Həmin töhmət onun uşaqlarla və işçilərlə kobud rəftarı nəticəsində edilmişdir. Lakin bütün bunlar rəhbərlik tərəfindən ona olunan təzyiqlərin əyani sübutudur. Əksinə o, dəfələrlə bağça daxilində keçirilən iclaslarda belə rəhbərlik tərəfindən kobud ifadələrə məruz qalmış, “biri bu tupoyu başa salsın” kimi təhqiredici ifadələr eşitmişdir. Bundan əlavə olaraq 63 saylı körpələr evi uşaq bağçasının xx.xx.2021-ci il tarixli, 151 saylı əmrinə əsasən AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən onun əmək müqaviləsinə xitam verilmişdir. Halbuki o, xx.xx.2021-ci il tarixdə X4sı haqqında SN 0007 saylı, ******* nömrəli vərəqəyə əsasən bülleten açdırmışdır. Həmçinin həmin vərəqəyə əsasən xx.xx.2022-ci il tarixdə o, yenidən işə başlamalı idi. Bundan əlavə müdirin köməkçisinə, metodistə, bağçanın tibb bacısına səhhəti ilə əlaqədar işə gələ bilməyəcəyini və hətta xəstəliyi ilə əlaqədar bülleten açdırdığını onlara telefon vasitəsilə, həmçinin sms yazaraq da məlumat vermişdir. Buradan da aydın görünür ki, 63 saylı körpələr evi uşaq bağçası qanuna zidd hərəkətlər etmiş, onun hüquqlarını kobud şəkildə pozmuş, həmçinin AR Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinə zidd addım ataraq qanun pozuntusuna yol vermişdir. Bunun nəticəsi olaraq 63 saylı körpələr evi uşaq bağçası AR İXM-nin 192.4 və 192.6-cı maddələrinə müvafiq olaraq xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli protokola əsasən cərimə edilmişdir. Rəhbərlik bütün bu qanunsuzluqları qərəzli şəkildə etmişdir. Belə ki, bağça tərəfindən ona ünvanlanan məktubun məzmununda qeyd edilmişdir ki, o, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə işə gəlməməyinin üzrlü səbəbini müdiriyyətə məlumat verməmiş, həmçinin lazımi təsdiqedici sənədi təqdim etməmişdir. Halbuki o, işə gəlməməyi ilə bağlı qanunvericiliyə uyğun olaraq lazimi tədbirləri görmüşdür. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi uşaq bağçası Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş materiallarında olan sənədləri sadalamaqla yekunlaşmış, cavabdeh tərəf olaraq məhkəməyə təqqdim edilmiş heç bir sənədə hüquqi qiymət verilməmiş hətta münasibət belə bildirməmişdir. Səsləndirdiyi arqumentlər belə məhkəmə qətnaməsində öz əksini tapmamışdır. X4sı haqqında SN 0007 saylı, ******* nömrəli vərəqənin saxta və qeyri-legitimliyi ilə bağlı dəlilləri aşağıdakılardır. İddiaçı xx.xx.2021-ci il tarixində aidiyyatı üzrə poliklinikanın nevroloji kabinetinə müraciət etmişdir. O, həkim müayinəsindən keçmiş və heç bir xəstəlik aşkar olunmamışdır. Heç bir tibbi sənəd təqdim etmədiyi üçün ona xəstəlik vərəqəsi açılmamışdır. Digər müəssisə olan Ailə sağlamlıq müəssisəsi İddiaçı xəstə olması ilə bağlı bülleten aşılsa da həmin tibb müəssisəsində müayinələrdə aşılsa da həmin tibb müəssisəsində müainələrdə olub olmaması barədə heç bir sənəd yoxdur. Halbuki qeyd olunan xəstəliyin müəyyən olunması yalnız müəyyən müayinələrin (MRT, Rentgenologiya və s.) aparılmasından sonra mükün ola bilərdi. İddiaçı verilmiş bülletenin tarixi xx.xx.2021ci il olsa da, həkim Məsləhət Komissiyasının xəstələrin qeydiyyatı kitabında aparılmış rəsmi qeydlərdən görsənir ki, İddiaçı 2 nömrəli Ailə sağlamlıq Mərkəzinə 28 dekabr 2021ci il tarixdə müraciət etmiş və bu barədə müvafiq qeydlər aparılmışdır. Əgər xəstə 28 dekabr 2021-ci il tarixdə xəstəliyi ilə bağlı ilkin olaraq tibb müəssisəsinə müraciət edirsə necə ola bilər ki, onun barəsində xx.xx.2021-ci il tarixdən xəstəlik vərəqəsi açılır. İddiaçı Aidiyyatı üzrə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sumqayıt Tibb Mərkəzi” X12 2 nömrəli xəstəxananın poliklinika şöbəsinə müraciət etməli olduğu halda məqsədyönlü şəkildə (qabaqcadan saxta sənəd barədə razılıq əldə olunduğu üçün) 2 nömrəli ASM-ə müraciət etmişdir. Bu hadisədən sonra “Sumqayıt Tibb Mərkəzi” X10 Sumqayıt Regional Vəkil Bürosuna ünvanlanmış xx.xx.2022ci il tarixli, 339 №- li məktubundan görünür ki, İddiaçı X4sı vərəqəsini verən həkim X2 hazırda 2 nömrəli ASM-də işləmir, işinə xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. Bundan başqa Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X9 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sumqayıt Tibb Mərkəzi” X12 2 nömrəli xəstəxananın poliklinika şöbəsinin Sumqayıt Regional Vəkil Bürosuna ünvanlanmış xx.xx.2022- ci il tarixli, 147 №-li məktubundan görünür ki, xəstə İddiaçı xx.xx.2021-ci il tarixində poliklinikanın nevroloji kabinetinə müraciət etmişdir. O, həkim müayinəsindən keçmiş və heç bir xəstəlik aşkar olunmadığı X4sı haqqında bülleten açılmamışdır. Göründüyü kimi şəxsin xəstə olmaması, aidiyyatı üzrə dövlət Tibb Müəssisəsinə müraciət etsə də onda hər hansı bir xəstəlik əlamətlərinin müəyyən olunmaması və bu səbəbdən də bülletenin açılmasının mükünsüz olması mübahisəsiz haldır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi ilə bağlı gəldiyi nəticəni iddiaçı ilə, onun əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə, habelə həmkarlar ittifaqı təşkilatının əsaslandırılmış müvafiq yazılı qərarı təqdim olunmadan bağlanmış əmək müqaviləsinə xitam verildiyindən iddia tələbinin əsaslı olması ilə əsaslandırmışdır. İddiaçı 01 avqust 2003-cü il tarixdən 24 dekabr 2021-ci il tarixə kimi Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi - uşaq bağçasında sanitar dayə kimi işləməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi əmrin ləğv edilməsi, işə bərpa və itirilmiş günlərə görə ödənilməyən əmək haqqının ödənilməsi barədədir. Əmək Məcəlləsinin 300-cü maddəsinin dispozisiya şərtlərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri nəzərdə tutulmuşdur. Bura Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilmənin əsaslarının pozulması və ya Məcəllənin 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl edilməməsi, habelə 79-cu maddədə nəzərdə tutulmuş hallara əhəmiyyət verilməməsi daxildir. Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən hansı hallarda ləğv edilə bilməsi göstərilmişdir. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Bu Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 79-cu maddəsinin 1-ci hissəsinin tələbinə əsasən işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan edilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 10 mart 2023cü il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı 12 yanvar 2022-ci il tarixli müraciəti araşdırılmış, vətəndaşla telefon əlaqəsi saxlanılmış, yaranmış sualların cavabı izah olunmuş və 26 yanvar 2022-ci il tarixli PHŞ/1-2-2022-1987 nömrəli məktubla rəsmi cavab verilmişdir. ünvan 2 ünvanında yaşayan İddiaçı xx.xx.2021-ci il tarixində Sumqayıt şəhər 2 nömrəli xəstəxananın poliklinika şöbəsinə X4 Vərəqəsi (ƏQOV) almaq üçün müraciət etmiş, obyektiv müayinə olunmuş, vizual olaraq ciddi patologiyası olmadığı səbəbindən instrumental müayinələrə göndərilmişdir. Xəstə müayinələrdən imtina etdiyi üçün ƏQOV-i açılmamışdır. İddiaçı Sumqayıt şəhər 2 nömrəli ASM-ə müraciət etmiş, “N.S.V.D qarışıq tip: Boyun osteoxondrozu” diaqnozu ilə xx.xx.2021-ci il tarixdən, xx.xx.2022-ci tarixədək ******* nömrəli ƏQOV açılmış, yaxşılaşma olmadığı üçün stasionar müalicə məsləhət görülüb, ailə vəziyyəti ilə əlaqədar stasionar müalicədən imtina etmişdir. xx.xx.2021-ci il tarixdə açılmış olan ƏQOV-i xx.xx.2022-ci il tarixdə bağlanıb və İddiaçı təqdim edilmişdir. Həmçinin işdən görünür ki, X5 Xidmətinin Sumqayıt Regional ərazi şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə İXM-nin 192.4 və 192.6-cı maddələrinə əsasən cavabdeh barəsində protokol tərtib edilmişdir. Qüvvədə olan məhkəmə aktları ilə inzibati tənbeh vermə haqında qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarlardan görünür ki, işəgötürən tərəfindən xx.xx.2021-ci il tarixli əmr Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin tələbləri pozulmaqla qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında yaranmış əmək münasibətləri qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmaqla ləğv edildiyindən, əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətləri, eləcə də maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti 63 saylı körpələr evi uşaq bağçasınım apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-405/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-405/2023
05.04.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver