Məhkəmə qərarları › İş №2(105)-412/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-412/2023

10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-412/2023 10.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X11 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(012)-3786/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 15 oktyabr 2015-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında daş sexindən istifadəyə dair icarə müqaviləsi bağlanmışdır. Müqavilə bir il müddətinə bağlanmış və müqavilədə “icarəyə götürən” Cavabdeh “icarəyə verən” X1 qarşısında öhdəlikləri müəyyən olunmuşdur. Müqaviləyə əsasən, icarəyə götürən fiziki şəxs-Cavabdeh icarəyə verən sahibkar- İddiaçı mülkində olan daş sexini istifadəyə götürmüş, icarə haqqı iki tərəfin razılığı ilə 500 (beş yüz manat) müəyyən olunmuşdur.

2. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 18 dekabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 1,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına dövlət qeydiyyatına alınmışdır.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli 2(004)- 229/2022 nömrəli qətnaməsi (hakim Ayaz Mahmudov) ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı 19772.88 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 iyun 2022-ci il tarixli 2(103)-3750/2022 nömrəli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Emin Mehdiyev) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli 2(004)-229/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı 19772.88 manat məbləğində pul və 4.2 manat dövlət rüsumunun tutularaq iddiaçı X2 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2022ci il tarixli 2(102)-5591/2022 nömrəli qərarı ilə (hakim Ələsgər Əliyev (məruzəçi), İsmayıl Xəlilov, Mehparə Əhmədova) kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 iyun 2022-ci il tarixli, 2(103)-3750/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməyən icarə haqqlarına görə 24000 manat məbləğində pul vəsaitinin, yararsız vəziyyətə salınmış (məhv edilmiş, oğurlanmış və s.) daş bloklara görə 34500 manat məbləğində pul vəsaitinin, ümumilikdə 58500 manat pul vəsaitinin Cavabdeh alınaraq ona verilməsi, Cavabdeh mənəvi ziyana görə 30000 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Aşağı Güzdək qəsəbəsində yerləşən iddiaçıya məxsus daş sexini 4 il ərzində istifadə etsə də, 2019-cu il tarixədək icarə haqqını ödəməmişdir. Cavabdeh “icarəyə götürən” Cavabdeh arasında bağlanmış 15 oktyabr 2015-ci il tarixli müqaviləyə əsasən “icarəyə götürən” sahibkarın mülkündə olan daş sexini hər ay 500 manat ödəmək şərti ilə istifadəyə götürmüşdür. Lakin Cavabdeh həmin müqavilənin şərtlərinə əməl etməyərək icarə haqqı kimi hər ay 500 manat məbləğində pul vəsaiti ödəməsinə dair öhdəliklərini yerinə yetirməmişdir. Eyni zamanda onun "xxxx" MMC-dən alınaraq Güzdəkdə ona məxsus həmin vaxt Cavabdeh icarəsində olan daş sexinə gətirdiyi blok 40 x 40 x 80 1-ci növ 20 maşın hər biri 1000 manat olmaqla, cəmi 20.000 manat, blok 40 x 40 x 80 2-ci növ 15 maşın hər biri 800 manat olmaqla, cəmi 12.000 manat, blok 40 x 40 x 80 3-cü növ 5 maşın hər biri 500 manat olmaqla, cəmi 2500 manat, ümumilikdə 34.500 manat olan 40 ədəd “Kamaz” markalı yük avtomobilləri ilə daşınan daş blokları cavabdeh tərəfindən yararsız vəziyyətə salınmış (məhv edilmiş, oğurlanmış və s.) və dəyərini bugünkü günədək ona ödəməmişdir. Daş sexində olan daş blokların cavabdeh tərəfindən məhv edilməsi ilə bağlı şahidlər də vardır. O, dəfələrlə cavabdehə öhdəliklərini və daş blokların dəyərini ödəməli olduğunu bildirsə də, cavabdeh buna məhəl qoymur və borcu ödəməkdən yayınır. Hesab edir ki, Cavabdeh öhdəliklərini yerinə yetirmək, daş blokların dəyərini ədalətli ödəmək əvəzinə onu get-gələ salmaqla aldatmış və ona maddi və mənəvi ziyan vurmuşdur. Cavabdeh tərəfindən vurulmuş zərər nəticəsində onun haqqı çatanlardan məhrum olunmağı səbəbindən zərərin əvəzi tam olaraq ödənilməlidir.

9. Cavabdeh məhkəmədə izahatında bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. İddiaçı ilə arasında xx.xx.2015-ci il tarixdə 1 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Sözügedən müqavilə üzrə 500 manat icarə haqqı ödənilməsi müəyyənləşdirilmişdir. O, bir il müddətinə müqavilə üzrə bütün öhdəlikləri lazimınca yerinə yetirmişdir. Müqavilə müddətini bitdikdən sonra heç biri müqavilə müddətinin uzadılmasına dair təşəbbüs göstəmədiklərinə görə müqavilə ləğv edilmişdir. Lakin iddiaçı daş sexində ona məxsus əmlakları icazəsiz olaraq taladığı üçün tərəfindən prokurorluğa müraciət edilmiş və araşdırma aparılmışdır. Məhz bu səbəbdən də iddiaçı ondan əvəz çıxmaq üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, müqavilə üzrə ona icarə verildiyi iddia edilən torpaq sahəsi iddiaçının adına 2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. İddiaçı hazırda dələduzluq edərək ona böhtan atır. Bundan əlavə, iddia tələbində göstərilən yerin ona heç bir aidiyyəti yoxdur. İddiaçı ona özünə məxsus olan başqa daş sexini icarəyə vermişdir. Belə ki, o, sahibkarlıq fəaliyyəti ilə, təmir-tikinti ilə məşğul olmuş, sərbəst fəaliyyət göstərmişdir. 2015-ci ilin ortalarında Xəlilbəy Günəşov və Aydın Mürvələdovla mişar daşı bloklarının alqı-satqısından tanışlığı yaranmışdır. Həmin şəxslər ona Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən obyektin bir hissəsini icarəyə götürərək işlətməyini təklif etmişlər. Aralarında olan razılığa əsasən həmin şəxslər bu obyekti blok daşlar hazırlanması üçün material ilə təchiz edəcək, o isə blok daşların hazırlanmasını təmin edəcək və həmin şəxslər bu blokları ondan razılaşdırılmış qiymətə alacaqdılar. Razılığa əsasən icarəçi, X3 ilə onun arasında, Abdüləzimov Cavanşirə məxsus olub Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yerləşən obyektdən 80 kv.m. sahə ona icarəyə verilmişdir. Həmin sahə boş sahə olmaqla ancaq torpaq sahəsindən ibarət olmuşdur. Razılığa əsasən o, dəyəri və çəkdiyi xərclərin sonradan həmin şəxslər tərəfindən ödənilməsi şərti ilə həmin sahədə blok daşların kəsimi və hazırlanması üçün işləri görməli, sexi işə salıb fəaliyyət göstərməli idi. Göstərilən işlərin görülməsi üçün ilk növbədə elektrik enerjisi və təbii su təminatı ilə bağlı tərəfindən İddiaçı adına texniki şərtlər alınmış və bu işlərə tərəfindən 19770 manat, suyun texniki şərti üçün 248 manat, avadanlıqlar alınması və su xəttinin çəkilməsinə əlavə nağd pul ödənilmişdir. Müvafiq qurğuların alınması və qurulmasına tərəfindən 20000 manat xərclənmişdir. Bu kimi işlər görüldükdən sonra o həmin təsərrüfat obyekt üçün 2 saylı Vergilər Departamentində vergi uçotuna alınmış və ona müvafiq kod verilmişdir. Bundan sonra ərazidə planlama-quruculuq işləri aparılmış və bu işlərə 20000 manat şəxsi vəsaiti xərclənmişdir. Göstərilən işlər yerinə yetirildikdən sonra sexi, aralarındakı şərtlərə uyğun işlətməyə başlamışdır. 2019-cu ilin əvvəllərindən göstərilən şəxslər onun işinə müdaxilə etməyə başlamış, işi ləngitmək üçün xammal verilməsində, hazır məhsulun alınıbaparılmasında maneələr yaradılmış və 15 aprel 2019-cu il tarixdə sex Bakı şəhəri Yasamal rayonu ərazisində yaşayan, ***-***-**-** abonent nömrəsi olan Dadaşov Bəhram, “Qazel” markalı avtomaşın sürücüsü, ***-***-**-** abonent nömrəsi olan Duranxan və hazırda da həmin sexi işlədən, ***-***-**-** abonent nömrəsi olan Radik adlı şəxslər tərəfindən sexdən zorla qovulub, çıxarılmışdır. İndi ona məlum olur ki, İddiaçı bu vasitə və üsullarla onu aldatmış, məqsədli surətdə öz niyyətinə nail olmuş və bundan istifadə etməyə çalışaraq ona qarşı Abşeron rayon məhkəməsində iddia tələbi irəli sürmüşdür. Eyni zamanda, o, iddiaçının ona icarəyə verdiyi və Güzdək qəsəbəsində yerləşən daş sexində 3 il fəaliyyət göstərsə də, o, hazırki mübahisə predmeti olan müqavilə üzrə heç bir fəaliyyət göstərməmişdir. İddiaçı ilə araları yaxşı olduğu üçün, müqavilənin bağlandığı tarixdən 1 il keçdikdən sonra mübahisə predmeti olan sexə baş çəkməmişdir. Həmçinin cavabdeh məhkəməyə ərizə təqdim etmiş və ərizəsində göstərmişdir ki, İddiaçı tərəfindən 24000 manat icarə haqqı, 34500 manat daş blokların korlanmasına və oğurlanmasına görə, 30000 manat isə mənəvi ziyana görə pulun tutularaq iddiaçıya verilməsi barədə ona qarşı qaldırdığı iddia tam əsassızdır. Ona görə ki, onun məhkəməyə təqdim etdiyi 15 oktyabr 2015-ci il tarixli icarə müqaviləsi 1 il müddətinə bağlanmış və 1 nüsxədə tərtib edilmişdir. İddiaçı ona sadəcə boş torpaq sahəsi göstərmiş, heç bir sənəd və obyekt verməmişdir. Ona görə də o həmin müqavilə əsasında heç bir fəaliyyət göstərməmiş, fəaliyyət göstərmək də mümkün olmamışdır. Hal-hazırda iddiaçının ümumiyyətlə iddia müddəti bitmişdir. İddiaçının "xxxx" MMC-dən aldığı 40 kamaz markalı maşın daş blokun nə vaxt və hara gətirdiyi barədə heç bir məlumatı olmamışdır. Bu barədə Cavanşirlə onun arasında heç bir mübahisə olmamışdır. Ona görə də onun mənəvi ziyan vurmağıyla bağlı iddiaçının qaldırdığı iddia əsassızdır. Məhkəməyə təqdim edilən 18 dekabr 2019-cu ildə 1.19 ha torpaq sahəsinin onun mülkiyyətinə keçməsi barədə Dövlət Reyestrindən alınmış çıxarışın mübahisələndirilməsinin məsələlərə heç bir aidiyyatı yoxdur.

10. Birinci instansiya məhkəməsində şahid qismində cəlb edilmiş X9 ifadəsində bildirmişdir ki, o, hər iki tərəfi 15-20 ildir ki, tanıyır. Mübahisə predmeti olan sex iddiaçıya məxsusdur və Aşağı Güzdək qəsəbəsində yerləşir. Onda olan məlumata görə, iddiaçı daş sexini 2015-ci il tarixdə Cavabdeh vermişdir və cavabdeh daş sexində ən azı beş il sexin müdiri kimi fəaliyyət göstərmişdir. Daha sonra cavabdeh Cavanşirə icarə haqqı vermədiyi üçün, 2019-cu il tarixdə daş sexini Cavabdeh alaraq ona icarəyə vermiş və cavabdeh də həmin tarixdə daş sexindən çıxmışdır. Cavabdeh nə qədər borcu olduğunu bilmir və tərəflər arasında olan sövdələşmənin şərtlərindən məlumatı yoxdur. Hazırda daş sexini o, icarəyə götürmüş və aya 700 manat icarə haqqı ödəyir. Eyni zamanda o, sexə gələndə orada heç bir daş blok olmamış və ona boş sex təhvil verilmişdir. O, cavabdehi sexdən zorla qovmamışdır və Calaləddin 2019-cu ilin aprel ayından sonra sexə bir daha gəlməmişdir.

11. Birinci instansiya məhkəməsində şahid qismində cəlb edilmiş X7 ifadəsində bildirmişdir ki, o, hər iki tərəfi 2005-ci il tarixdən bəri tanıyır. O, daş sexinin hazırki müdiri Qadaşov Bəhramın işçisidir və cavabdeh ilə işləməmişdir. Bəhram ilə şəhərdə yerləşən daş sexində işləyən zaman Calaləddinin Güzdək qəsəbəsində sex işlətdiyini eşitmiş və Bəhram ilə birlikdə Güzdək qəsəbəsindəki sexə gələndə isə sexdə heç bir daş blok olmamışdır. 2019-cu ilin aprel ayında sexdə işıq və qaz olmasa da, təchizatlar sexdə olmuşdur.

12. Abşeron Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(012)-3786/2021 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia tələbi rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinad edərək hesab etmişdir ki, tərəflər arasında bağlanmış 15 oktyabr 2015-ci il tarixli icarə müqaviləsinə əsasən müqavilənin müddəti bir il nəzərdə tutulmuş, icarə haqqı iki tərəfin razılığı ilə 500 manat məbləğində müəyyən edilsə də, müqavilədən icarə haqqının aylıq və ya illik olmasını müəyyən etmək mümkün deyildir. Bundan başqa, 15 oktyabr 2015-ci il tarixli icarə müqaviləsində iddiaçının mülkiyyətində olan daş sexinin icarəyə verildiyi göstərilsə də, həmin mülkün harada yerləşdiyi və bunu təsdiq edən müvafiq sənədlər (icarəyə verilən daşınmaz əmlakı müəyyən etməyə əsas verən sənədlər) icarə müqaviləsində göstərilməmiş, məhkəmədə sübutların tədqiqatı zamanı da həmin sənədlər müəyyən edilməmiş, bu kateqoriyadan olan pozulmuş hüquqlara Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 146, 152, 700 və 706-cı maddələrinə əsasən təminat verildiyindən və məhkəmədə qeyd olunan maddələrdən irəli gələn təminatlarla bağlı sübutlar müəyyən edilmədiyindən məhkəmə 15 oktyabr 2015-ci il tarixli müqavilə üzrə tələbin təmin edilməsini mümkün hesab etmir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 146, 152, 700, 706-cı və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

15. İddiaçı Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(012)-3786/2021 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 may 2022-ci il tarixli, 2(105)-990/2022 nömrəli qətnaməsi ilə (hakimlər-Telman Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə və Lətifə Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə kollegiyasının mövqeyinə görə, iddiaçı şikayətinin əsasını təşkil edən 15 oktyabr 2015-ci il tarixli icarə müqaviləsindən irəli gələn öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi və əmlakın məhv edilməsi barədə dəlillərini təsdiq edən heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir

18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 386, 442, 448 və 700-cü maddələri, Mülki Prosessual Məcəllə 14, 77, 88, 217 və 384-cü maddələri ilə əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsində icraat

19. İddiaçı Abduləzimov Calaləddin Əsgər oğlu kassasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-dən alınaraq Güzdəkdəki iddiaçıya məxsus və həmin vaxt cavabdehin icarəsində olan daş sexinə gətirdiyi daş blokları cavabdeh tərəfindən yararsız vəziyyətə salınmış və dəyəri bugünkü günədək ödənilməmişdir. Məhkəmə isə bu istiqamətdə araşdırma aparmamış, yalnız cavabdehin ifadəsinə əsaslanmaqla hesab etmişdir ki, iddiaçı şikayətinin əsasını təşkil edən 15 oktyabr 2015-ci il tarixli icarə müqaviləsindən irəli gələn öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi və əmlakın məhv edilməsi barədə dəlillərini təsdiq edən heç bir sübut təqdim edə bilməmiş və bu halları sübuta yetirə bilməmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2022-ci il tarixli 2(102)-5202/2022 nömrəli qərarı ilə (hakimlər İlqar Xələfov (məruzəçi),Ələsgər Əliyev, İsmayıl Xəlilov) kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

22. Ali Məhkəmənin mövqeyi aşağıdaki kimi olmuşdur: - Daş sexinin harada yerləşməsi və müqavilədə müəyyən olunmuş 500 manatın aylıq icarə haqqına aid olması tərəflər arasında heç bir mübahisəyə səbəb olmamışdır. - İşin 9-cu səhifəsində olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, iddiaçıya məxsus torpaq sahəsi Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yerləşir. Daş sexi həmin torpaq sahəsində yerləşməklə cavabdeh həmin sexdən uzun müddət istifadə etmiş və müqavilədə göstərilən icarə haqqının aylıq icarə haqqına aid olması ona məlum olmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsinin qanuniliyinə qiymət vermədən həmin qətnamənin qanuni və əsaslı olması barədə nəticəyə gəlmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

23. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 15 oktyabr 2015-ci il tarixli müqaviləyə əsasən cavabdehin onun xüsusi mülkündə olan daş sexini hər ay 500 (beş yüz) manat ödəmək şərti ilə istifadəyə götürməsi, həmin müqavilənin şərtlərinə əməl etməyərək icarə haqqı kimi hər ay 500 (beş yüz) manat məbləğində pul vəsaitini ödəməsinə dair öhdəliklərini yerinə yetirməməsi faktı məhkəməyə şahid qismində cəlb edilmiş şəxslərin ifadəsində öz əksini tapmışdır. Lakin məhkəmə tərəfindən şahid qismində dindirilmiş şəxslərin sexin iddiaçıya məxsus olması, iddiaçının daş sexini 2015-ci il tarixdə cavabdehə verməsi, cavabdehin daş sexində ən az beş il sex müdiri kimi fəaliyyət göstərməsi, sonradan cavabdehin icarə haqqı vermədiyi üçün, 2019- cu il tarixdə daş sexini cavabdehdən alaraq başqa şəxsə hər ay 700 manat icarə haqqı ödəmək şərti ilə icarəyə verməsi və cavabdehin də həmin tarixdə daş sexindən çıxması barədə verdiyi ifadələr nəzərə alınmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

26. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə. 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(012)-3786/2021 nömrəli qətnaməsi qismən- iddianın təmin edilməyən icarə haqqı borcu hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli, Cavabdeh 21000 (iyirmi bir min) manat ödənilməyən icarə haqqı İddiaçı ödənilməli, iddiaçının apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirimədən saxlanılmalıdır.

31. Tərəflər arasında bağlanmış 15 oktyabr 2015-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə götürən fiziki şəxs-Cavabdeh icarəyə verən sahibkar-İddiaçı mülkündə olan daş sexini istifadəyə götürmüş, icarə haqqı iki tərəfin razılığı ilə 500 (beş yüz) manat müəyyən olunmuşdur. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ödənilməyən icarə haqqlarına görə 24000 manat məbləğində pul vəsaitinin, yararsız vəziyyətə salınmış (məhv edilmiş, oğurlanmış və s.) daş bloklara görə 34500 manat məbləğində pul vəsaitinin və mənəvi ziyana görə 30000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona verilməsini xahiş etmişdir.

32. Birinci instansiya məhkəməsi, işdən göründüyü kimi, iddianın əsassız olması barədə nəticəyə gələrkən tərəflər arasında bağlanmış icarə müqaviləsində mübahisə predmeti olan daş sexinin harada yerləşməsinin göstərilməməsinə, eləcə də 500 manat məbləğində icarə haqqının aylıq və ya illik olmasını müəyyən etməyin mümkün olmamasına istinad etmişdir.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir:

34. İlk öncə qeyd olunmalıdır ki, daş sexinin harada yerləşməsi və müqavilədə müəyyən olunmuş 500 manatın aylıq icarə haqqına aid olması tərəflər arasında heç bir mübahisəyə səbəb olmamışdır. Belə ki, müqavilədə göstərilən məbləğin icarə haqqı olması işin mübahisəsiz halıdır. Sözügedən daş sexinin iddiaçıya məxsus torpaq sahəsində yerləşməsi isə iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla sübut olunur. Beləliklə, tərəflər arasında icarə münasibətləri yaranmışdır.

35. İş materiallarının 50-ci səhifəsində olan xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla Abşeron RPİ-nin İŞ-nin müstəntiqi X10 tərəfindən Cavabdeh şikayəti üzrə cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, ... Yalnız 2014-cü ildə qalan işləri görməyə başlamış, həmçinin Xəlilbəy 2014-cü ildə ona sexi işə salmasını və sifarişlər olacağını demiş, o da buna görə İddiaçı adına elektrik enerjisinə texniki şərt üçün 19770 manat, suyun texniki şərti üçün 248 manat, eləcə də elektriklə bağlı “KRN”, kompensator aparatı və digər avadanlıqlar üçün 20000 manat və sexin içərisində quruculuq işləri ilə bağlı 20000 manat nağd pul xərcləmiş və bu işlər 2015-ci ildə yekunlaşmışdır. Həmin ildə Cavanşirlə aralarında icarə müqaviləsi bağlanmış, həmçinin obyekt üçün 2 saylı Vergilər departamentində vergi uçotuna alınmış və ona müvafiq kod verilmiş, bundan sonra orada işini fiziki şəxs kimi davam etdirməyə başlamışdır. ....2019-cu ilin aprel ayının 15-də Xəlilbəyə məxsus şirkətin sürücüsü Duranxan adlı şəxs onunla əlaqə saxlamış və sexə gəlməsini demiş, həmçinin Aydının da sexə gələcəyini bildirmiş, o Duranxanla birlikdə sexə getmiş, sexdə olan zaman oraya Bəhram və Radik adlı şəxslər gəlmiş, Bəhram sexin giriş qapısının üstündə olan açarları götürüb onlara sexdən çıxmalarını demiş, o bunun səbəbini soruşduqda Bəhram bundan sonra sexi özünün işlədəcəyini demiş, o buna görə də Bəhrama etiraz etmiş, lakin Bəhram onu hədələyərək sexdən çıxamasını demiş, o bundan sonra sexdən çıxmış, lakin Bəhramdan sexin içərisində özünə məxsus avadanlıqlar olduğunu və təhvil-təslim edilməsini tələb etmiş, Bəhram isə onun dediklərinə məhəl qoymayaraq sexin içərisində olan avadanlıqlarının hamısının Xəlilbəyə məxsus olmasını demiş, onun sexdən çıxmasına görə, eləcə də sonrakı müddətdə Xəlilbəy və digər şəxslər onunla əlaqə saxlamamış, onun Xəlilbəylə görüşmək cəhdləri də baş tutmamış, buna görə də bu barədə şikayət etmək qərarına gəlmişdir. İddiaçı izahatında qeyd etmişdir ki, Cavabdeh uzun müddət tanımış, onunla aralarında heç bir qərəzli münasibətlər olmamışdır. Onunla Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci i tarixli müqaviləyə əsasən Cavabdeh onun mülkiyyətində olan daş sexini hər ay 500 manat ödəmək şərti ilə icarəyə götürmüş, lakin Cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək icarə haqqı kimi hər ay 500 manat pul vəsaitini ödəməsinə dair öhdəliklərini yerinə yetirməmiş, Aşağı Güzdək qəsəbəsində yerləşən ona məxsus daş sexini dörd il ərzində istifadə etsə də, icarə haqqını ödəməmişdir. Eyni zamanda onun tərəfindən "xxxx" MMC-dən alınaraq ona məxsus, lakin Cavabdeh icarəsində olan daş sexinə gətirdiyi blok 40x40x80 1-ci növ, 20 maşın, hər biri 1000 manat olmaqla, cəm 20000 manat, blok 40x40x80 2-ci növ, 15 maşın, hər biri 800 manat olmaqla, cəmi 12000 manat, blok 40x40x80 3-cü növ, 5 maşın, hər biri 500 manat olmaqla cəmi 2500 manat, ümumilikdə 34500 manat olan 40 ədəd “Kamaz” markalı yük avtomobilləri ilə daşınan daş blokları onun tərəfindən yararsız vəziyyətə salınmış və dəyəri bugünkü günədək ödənilməmişdir. Cavabdeh icarə haqqını ödəmədiyi üçün onun daş sexində işləməsini dayandırmışdır. Cavabdeh daş sexində əmlakı qalmamışdır. Ona maddi və mənəvi cəhətdən vurduğu ziyana görə məhkəməyə müraciət etməmişdir.

36. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli 2(004)- 229/2022 nömrəli qətnaməsindən (hakim Ayaz Məmmədov) görünür ki, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh İddiaçı 19772.88 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin iş üzrə iddiaçı olmuş Cavabdeh iddia ərizəsində qeyd etmişdir ki, “...2019-cu ilin əvvəllərindən göstərilən şəxslər işinə müdaxilə etməyə başladılar, işi ləngitmək üçün xammal verilməsində, hazır məhsulun alınıb-aparılmasında maneələr yaradıldı və xx.xx.2019-cu il tarixdə Dadaşov Bəhram, Duranxan və hazırda da həmin sexi işlədən Radik adlı şəxslər tərəfindən sexdən zorla qovulub, çıxarıldı. Həmin vaxtdan sexə yaxın buraxılmır və bu günə qədər etdiyi tələblərə baxmayaraq ona məxsus olub sexdə qalan əşyalar:.... əlindən alınmış, mənimsənilmiş, ona külli miqdarda zərər yetirilmişdir.

37. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 iyun 2022ci il tarixli 2(103)-3750/2022 nömrəli qətnaməsində məhkəmə kollegiyası qeyd etmişdir ki, “...xx.xx.2016-cı ildə müqavilə müddəti başa çatandan sonra, iş materiallarına əsasən tərəflərin bir-birinə etibarlarının olması müəyyən olunmamış, buna görə də, müqavilə qeyri-müəyyən müddətə uzadılmışdır. 2019-cu ilin əvvəllərindən isə iddiaçı həmin obyektdən kənarlaşdırılmış, bu hal istintaq materialları ilə müəyyən olunur....”

38. Abşeron RPİ-nin istinad olunan qərarı və yuxarıda qeyd olunan qətnamələrlə müəyyən olunur ki, tərəflər arasında icarə müqaviləsi 1 illik bağlansa da, həmin münasibətlər 2019-cu il 15 aprelə kimi davam etmişdir.

39. Birinci instansiya məhkəməsində Cavabdeh bildirmişdir ki, “....iddiaçı ilə aralarında xx.xx.2015-ci il tarixdə 1 il müddətinə icarə müqaviləsi bağlanmışdır..... Müqavilə müddətini bitdikdən sonra heç biri müqavilə müddətinin uzadılmasına dair təşəbbüs göstəmədiklərinə görə müqavilə ləğv edilmişdir. Lakin iddiaçı daş sexində ona məxsus əmlakları icazəsiz olaraq taladığı üçün tərəfindən prokurorluğa müraciət edilmiş və araşdırma aparılmışdır. Bundan əlavə, iddia tələbində göstərilən yerin ona heç bir aidiyyəti yoxdur. İddiaçı ona özünə məxsus olan başqa daş sexini icarəyə vermişdir.... 15 aprel 2019-cu il tarixdə Duranxan və hazırda da həmin sexi işlədən Radik adlı şəxslər tərəfindən sexdən zorla qovulub, çıxarılmışdır. Eyni zamanda, o, iddiaçının ona icarəyə verdiyi və Güzdək qəsəbəsində yerləşən daş sexində 3 il fəaliyyət göstərsə də, o, hazırki mübahisə predmeti olan müqavilə üzrə heç bir fəaliyyət göstərməmişdir. İddiaçı ilə araları yaxşı olduğu üçün, müqavilənin bağlandığı tarixdən 1 il keçdikdən sonra mübahisə predmeti olan sexə baş çəkməmişdir.”

40. Məhkəmə kollegiyası cavabdehin bu ifadələrini ziddiyyətli hesab edir. Belə ki, cavabdeh bir tərəfdən müqavilə müddəti bitdikdən sonra heç biri müqavilə müddətinin uzadılmasına dair təşəbbüs göstəmədiklərinə görə müqavilənin ləğv edilməsini, digər tərəfdən isə hazırki mübahisə predmeti olan müqavilə üzrə heç bir fəaliyyət göstərmədiyini qeyd etmişdir. Bundan başqa, cavabdeh bidirmişdir ki, iddia tələbində göstərilən yerin ona heç bir aidiyyəti yoxdur, iddiaçı ona özünə məxsus olan başqa daş sexini icarəyə vermişdir. Bununla bağlı kollegiya qeyd edir ki, cavabdeh bu halı təsdiq edəcək heç bir sübut təqdim etməmişdir.

41. Cavabdehin həmin müqavilə üzrə cəmi 1 il fəaliyyət göstərmələri və müqavilənin 2016-cı ildə bitdiyi tarixdən 5 il keçdikdən sonra, cavabdehin polis orqanlarına müraciət etməsini də məhkəmə kollegiyası əsaslı, ağlabatan hesab etmir.

42. Beləliklə, işin araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək icarə münasibətləri olmuşdur. Cavabdeh icarə haqlarının iddiaçıya ödənildiyini bildirsə də, müqavilə ilə müəyyən edilmiş icarə haqqının ödənilməsinə dair hər hansı sübutu məhkəmələrə təqdim etməmişdir.

43. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı həmin dövr üzrə icarə haqqını tələb etməkdə haqlıdır. Bu səbəbdən birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilərək, iddia həmin hissədə təmin edilməli və cavabdehdən icarə haqqı üzrə tutulmalı məbləğ 21000 manat (42 ay x 500 manat) müəyyən edilməlidir.

44. İddiaçının yararsız vəziyyətə salınmış (məhv edilmiş, oğurlanmış və s.) daş bloklara görə 34500 manat məbləğində pul vəsaitinin cavabdehdən alınması tələbi və mənəvi ziyan tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, sözügedən daş bloklarının mülkiyyətçisi, kimin istifadəsində olması, cavabdeh tərəfindən yararsız hala gətirilməsi, bütün bu baş verənlərə görə iddiaçının mənəvi zərər görməsi tələbinin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.

45. Kollegiya qeyd edir ki, bu hissədə iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

46. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).

47. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

48. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

49. Yekun olaraq məhkəmə kollegiyası iddiaçının maddi və mənəvi ziyana məruz qalması barədə dəlili ilə bağlı qeyd edir ki, bu hal iddiaçı tərəfindən sübuta yetirilməmişdir.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(012)-3786/2021 nömrəli qətnaməsi qismən-iddianın təmin edilməyən icarə haqqı borcu hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin və iddia qismən təmin edilsin. Cavabdeh 21000 (iyirmi bir min) manat ödənilməyən icarə haqqı İddiaçı ödənilsin. İddiaçının apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirimədən saxlanılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar