Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-418/2025 04.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iddiaçı "xxxx" ASC-nin Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti) qarşı iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti) qarşı “torpaq sahəsinə giriş qapısının bərpa olunması və girişdə inşa olunmuş özbaşına tikili olan hasarın sökülərək həmin torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, e-2(012)-203/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları
1. RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına qeydiyyata alınmışdır.
2. Abşeron Rayon Məhkəməsinin 2(012)-517/2017 saylı, 24 oktyabr 2017-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh, X5 müştərək qaydada "xxxx" KB ASC-nin xeyrinə 08 dekabr 2014-cü il tarixli, 87B8/14-1 №-li əlavə kredit müqaviləsinə əsasən ödənilməmiş 61819,95 ABŞ dolları əsas borc, 8534,59 ABŞ dolları məbləğində faiz borcu, 600 ABŞ dolları cərimə borcu, cəmi 70953,95 ABŞ dolları, 08 dekabr 2014-cü il tarixli, 87B8/14-2 №-li əlavə kredit xətti müqaviləsinə əsasən ödənilməmiş 61905,60 ABŞ dolları əsas borc, 9003,44 ABŞ dolları məbləğində faiz borcu, 600 ABŞ dolları cərimə borcu, cəmi 71509,04 ABŞ dolları, habelə dövlət rüsumu qismində ödənilmiş 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 90 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın X7 tərəfindən ipoteka ilə yüklü edilmiş Abşeron rayon, Masazır kəndində xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 80000 manat müəyyən edilməsi, Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Abşeron rayon, Masazır kəndində xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 38000 manat müəyyən edilməsi, X2 tərəfindən ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, döngə 8-də yerləşən 16 A saylı fərdi yaşayış evinə və onun yerləşdiyi 0,0225 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 72000 manat müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. 04 noyabr 2019-cu il tarixli Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, ixtisaslaşdırılmış təşkilat "xxxx" MMC-nin direktoru X10 ilə ipoteka saxlayan və əldə etmək hüququna malik olan "xxxx" X12 Səhmdar Cəmiyyətinin nümayəndəsi arasında Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndində xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi barədə 55/09 saylı, xx.xx.2019-cu il tarixli hərracın yekunları barədə protokola əsasən alqı-satqı müqaviləsi bağlanmışdır.
4. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsi dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə mülkiyyət hüququ üzrə "xxxx" ASC-nin adına dövlət qeydiyyatına alınmışdır.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/860 saylı ekspert rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, **********04 reyestr nömrəli çıxarışla "xxxx" Kommersiya Bankı ASC-nin mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları daxilində Cavabdeh tərəfindən tikili inşa edilmədiyi müəyyən edilmişdir.
6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 22 noyabr 2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, **********04 reyestr nömrəli çıxarışla "xxxx" Kommersiya Bankı ASC-nin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinə faktiki olaraq giriş-çıxış yolu **********73 reyestr nömrəli çıxarışla "xxxx" Kommersiya Bankı ASC-nin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin daxilindən istifadə olunur, lakin **********04 reyestr nömrəli çıxarışla "xxxx" Kommersiya Bankı ASC-nin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin şimal-qərb istiqaməti faktiki olaraq vətəndaşların ümumi istifadədə olan gediş-gəliş yolu ilə sərhəddir və həmin sərhəd hissəsindən giriş qapısının bərpa olunması mümkündür.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində Cavabdeh tərəfindən inşa olunmuş özbaşına tikintinin sökülməsi və həmin torpaq sahəsinin boşaldılması, həmçinin dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçının nümayəndəsi daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsinə giriş qapısının bərpa olunması və girişdə inşa olunmuş özbaşına tikili olan hasarın sökülərək, həmin torpaq sahəsinin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.
10. Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, e-2(012)-203/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim Elman Məmmədov).
11. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, e-2(012)-203/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, torpaq sahəsi "xxxx" ASC tərəfindən ipotekaya götürülərkən müstəqil giriş qapısı mövcud olmuşdur. Bu məhkəməyə təqdim etdikləri qiymətləndirmə rəyi ilə də təsdiq olunur. Həmin rəydən göünür ki, torpaq sahəsinin dəmir darvazası olmuşdur. Yanaşı yerləşən və X6 tərəfindən ipotekaya qoyulmuş və hazırda da onun istifadəsində olan torpaq sahəsinin üzərində fərdi yaşayış evi mövcuddur. Torpaq sahəsinə giriş yalnız həmin fərdi yaşayış evinin giriş qapısından istifadə etməklə mümkündür. Həmin torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi isə X3 faktiki istifadəsindədir. Bir sözlə yalnız həmin qapı vasitəsilə hazırda mübahisəsi gedən 0.06 torpaq sahəsinə daxil olmaq mümkündür. Bundan əlavə, kredit borcunun tutulması və tələbin ipotekaya yönəldilməsinə dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi qəbul edilərkən ipoteka predmeti olan əmlakların satıqldıqdan sonra boşaldılması hissəsində iddia təmin edilməmişdir. Yəni əmlak bankın mülkiyyətinə keçsə belə, indiyədək əvvəlki mülkiyyətçi Cavabdeh və X3 faktiki istifadəsində qalmışdır. Həmin əmlakın giriş darvazası hasara salınaraq X3 istifadəsində olan **********73 reyestr nömrəli torpaq sahəsi ilə birləşdirilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 22 noyabr 2024-cü il tarixli məktubu ilə də təsdiq olunur ki, **********04 reyestr nömrəli çıxarışla "xxxx" Kommersiya Bankı ASC-nin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinə faktiki olaraq giriş-çıxış yolu **********73 reyestr nömrəli çıxarışla "xxxx" Kommersiya Bankı ASC-nin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin daxilindən istifadə olunduğu, lakin **********04 reyestr nömrəli çıxarışla "xxxx" Kommersiya Bankı ASC-nin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin şimal-qərb istiqaməti faktiki olaraq vətəndaşların ümumi istifadədə olan gediş-gəliş yolu ilə sərhəddə olduğu və həmin sərhəd hissəsindən giriş qapısının bərpa olunmasının mümkünlüyü göstərilmişdir. Birinci instansiya məhkəməsi sübutlara formal yanaşmışdır. Əmlakın iddiaçının mülkiyyətində olmasını əsas götürməklə iddianı rədd etmişdir. Halbuki iş üçün əhəmiyyətli məqam əmlakın bankın mülkiyyətində olsa belə, faktiki olaraq digər şəxslərin istifadəsində olması və könüllü olaraq banka təhvil vermək istəməmələridir. Bu səbəbdən də "xxxx" KB ASC müstəqil olaraq əmlaka daxil ola və ya giriş qapısını bərpa edə bilmir. Odur ki, torpaq sahəsinə giriş qapısı bərpa olunmalı və torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmalı, darvaza yeri sökülərək bərpa edilməli, torpaq sahəsi boşaldılmalıdır.
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Birinci instansiya məhkəməsinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli etibarnamə əsasında iddiaçının nümayəndəsi olmuş Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə vəsatət ünvanlayaraq üzrlü səbəbdən məhkəməyə gəlməyin mümkün olmadığını bildirməklə məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hər-hansl üzrlü səbəb barədə məlumatın təqdim olunmamasını, habelə iddiaçının nümayəndəsinin iş materiallarında olan etibarnaməsinin müddətinin bitməsini müəyyən etmiş və MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Bənd İ və İV. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 152.1 və 152.5. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 176. Torpaq sahələrinin hasarlanması və mərzlənməsi 176.1. Hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 238. Torpaq mülkiyyət hüququnun obyekti kimi 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.2. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Maddə 240. Torpaq sahəsində tikinti 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. 240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. 240.3. Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. Maddə 312. İpoteka ilə yüklü edilmiş əşyanı saxlamaq vəzifəsi 312.1. İpoteka verən əşyanın real dəyərini qorumağa borcludur. Əgər şəraitin pisləşməsi nəticəsində ipoteka üçün təhlükə yaranırsa, ipoteka saxlayan bu təhlükəni aradan qaldırmaq üçün ipoteka verənə müvafiq müddət təyin edə bilər. 17.Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 79. Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: ... 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 18.“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununu Maddə 25. İpoteka qoyanın hüquq və vəzifələri 25.1. İpoteka qoyanın aşağıdakı hüquqları vardır: 25.1.1. ipoteka müqaviləsi üzrə ipoteka predmetinin ipoteka saxlayanın sahibliyinə və (və ya) istifadəsinə verildiyi hal istisna olmaqla, ipoteka qoyulmuş əşyaya sahib olmaq və təyinatına uyğun olaraq ondan istifadə etmək; ... 25.3. İpoteka qoyan aşağıdakı vəzifələri daşıyır: 25.3.1. ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etmək; 25.3.2. ipoteka predmetinin üçüncü şəxslərin qəsdlərindən və tələblərindən müdafiəsi və onu lazımi vəziyyətdə saxlamaq üçün zəruri tədbirlər görmək; Maddə 26. İpoteka saxlayanın hüquq və vəzifələri 26.1. İpoteka saxlayanın aşağıdakı hüquqları vardır: 26.1.1. ipoteka predmetinin mövcudluğunu, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik surətdə yoxlamaq; 26.1.2. ipoteka qoyandan ipoteka predmetinin lazımi vəziyyətdə saxlanılması üçün zəruri tədbirlər görməyi tələb etmək; 26.1.3. ipoteka qoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb etmək; 26.1.4. ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətlərə son qoyulmasını həmin hərəkətlərə yol verən şəxslərdən tələb etmək; Maddə 27. İpoteka qoyulan əşyanın saxlanılması və sığorta ....27.3. İpoteka qoyulmuş əşyadan istifadə qaydaları, ipoteka qoyulmuş əşyanın saxlanılması vəzifələri ipoteka qoyan tərəfindən kobud şəkildə pozulduqda və belə pozuntu ipoteka qoyulmuş əşyanın məhvi və ya zədələnməsi təhlükəsini yaratdıqda, habelə ipoteka qoyulmuş əşyanın sığortalanması üzrə vəzifələr icra edilmədikdə ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. Belə tələb yerinə yetirilməzsə, ipoteka saxlayan tutmanı ipoteka predmetinə yönəldə bilər. 27.4. İpoteka qoyulmuş əşya ipoteka saxlayanın sahibliyinə və (və ya) istifadəsinə verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulduğu halda ipoteka saxlayanın hesabına sığortalanmalıdır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 47. İşdə iştirak edən şəxslərin hüquq və vəzifələri 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7.Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. İşin yuxarıda qeyd edilən hallarına əsasən, Abşeron rayonu, Masazır kəndində yerləşən mübahisə predmeti olan 0,06 ha torpaq sahəsinin xx.xx.2014-cü il tarixdən Cavabdeh mülkiyyətində olması, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqavilə əsasında iddiaçının həmin torpaq sahəsini əldə etməsi, yalnız bundan 3 il 6 aydan artıq vaxt keçdikdən sonra xx.xx.2023-cü il tarixdə həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınması işin mübahisəsiz halıdır.
22. İddiaçı məhz qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alındıqdan qısa müddət sonra xx.xx.2023-cü il tarixli “torpaq sahəsi üzərində qanunsuz inşa olunmuş özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair yuxarıda qeyd edilən məzmunlu iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddiaçının nümayəndəsi iş üzrə keçirilmiş xx.xx.2023-cü il tarixli hazırlıq iclasında veridyi izahatında da, qeyd edilən torpaq sahəsi üzərində “...keçmiş mülkiyyətçi Cavabdeh tərəfindən qanunsuz inşa olunmuş özbaşına tikintinin mövcud olduğunu və hal-hazırda bankın mülkiyyətində olan torpaq sahəsi üzərində həmin qanunsuz inşa olunmuş tikilinin mövcud olması və cavabdeh tərəfindən həmin torpaq sahəsindən istifadə edilməsinin bankın mülkiyyətçi kimi hüquqlarını pozduğunu” bildirməklə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini xahiş etmiş (bax: xx.xx.2023-cü il tarixli iclas protokolu, səhifə 37-38), iş üzrə xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən həmin torpaq sahəsinin koordinatları daxilində Cavabdeh tərəfindən tikili inşa edilmədiyi müəyyən edildikdən sonra isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək torpaq sahəsinə giriş qapısının bərpa olunması və girişdə inşa olunmuş özbaşına tikili olan hasarın sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
23. İddiaçı qeyd edilən iddia tələbinin əsasını təşkil edən sübutlar kimi yuxarıda istinad edilən yazılı sübutlara, habelə xx.xx.2014-cü il tarixli müvafiq torpaq sahəsinin qiymətləndirilməsinə dair xx.xx.2014-cü il tarixli 391№-li “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə rəy”ə istinad etmişdir. Qeyd edilən rəyin “Daşınmaz əmlakın texniki xarakteristikası” hissəsində “Giriş qapısı – dəmir darvaza” qeydi aparılmışdır.
24. Bundan əlavə iddiaçının təqdim etdiyi Abşeron Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilən ünvanda Memarlıq və tikinti şöbəsinin əməkdaşları tərəfindən yerində baxış keçirildiyi, 2.20 sm hündürlüyündə boş torpaq sahəsinin hasarlanmasının aşkar olunduğu göstərilmişdir.
25. İddianı təmin etməyən birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə giriş qapısının cavabdehin hesabına bərpa olunması və girişdə inşa olunmuş özbaşına tikili olan hasarın sökülərək, həmin torpaq sahəsinin boşaldılmasının cavabdehin üzərinə öhdəlik kimi qoyulmasını xahiş etsə də, iddia tələbinin əsasını təşkil edən sübutları məhkəməyə təqdim edə bilməmiş, "xxxx" ASC mübahisəli torpaq sahəsi ilə bağlı mülkiyyət hüququ əldə etdikdən sonra cavabdehin müdaxiləsinin nədən ibarət olması ilə bağlı hər hansı bir mötəbər hala istinad etməmişdir.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas hesab edilə bilməz.
27. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar və işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarının məcmusu baxımından müvafiq torpaq sahəsinin ipoteka ilə yüklü edilərkən onun müstəqil giriş qapısının mövcud olması, hazırda isə həmin qapının olmaması, bu faktı təsdiq edən mötəbər sübutlar olmadan özü-özlüyündə həmin giriş qapısına müdaxilənin - qapının sökülərək onun yerinin hasarlanmasının cavabdeh tərəfindən həyata keçrilməsi qənaətinə gəlməyə əsas olmamaqla yanaşı, belə bir halın mövcud olduğu halda belə həmin qapı yerinin hasarlanmasının məhz hansı dövrdə ipoteka predemetinin cavabdehin qanuni əsaslarla sahibliyində və istifadəsində olduğu dövrdə, yaxud bundan sonra həyata keçirilməsinin də sübutetmə yükü iddiaçının üzərinə düşür
28. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
29. Məhkəmə kollegiyası iddiaçının təqdim etdiyi sübutlara, Mülki Məcəllənin, Şəhərsalma və Tikinti Məcəlləsinin və “İpoteka haqqında” Qanunun yuxarıda istinad edilən normalarına əsasən qeyd edir ki, mübahisəli torpaq sahəsi ipoteka qoyulan zaman onun ipoteka qoyan, hazırkı iş üzrə Cavabdeh sahibliyində və istifadəsində qaldığından, qeyd edilən torpaq sahəsinin təyinatına uyğun istifadəsi, habelə saxlanılmasını və salamatlığını təmin etmək, üçüncü şəxslərin qəsdlərindən və tələblərindən müdafiə etmək məqsədi ilə zəruri tədbirlər görmək baxımından tam, yaxud da qismən, o cümlədən giriş qapısı hissəsini hasarlamaq hüququ qanunla qadağan edilməmişdir və bu hal iddiaçının istinad etdiyi kimi özbaşına tikili kimi qiymətləndirilə bilməz.
30. İddiaçının təqdim etdiyi və məhkəmə icraatı zamanı toplanmış sübutlar da, cavabdehin müvafiq hasarlamanı məhz ipoteka predmetinin onun qanuni sahibliyində və istifadəsində olduğu zaman həyata keçirməsini istisna etmir. Digər tərəfdən, qeyd edilən dövrdə ipoteka saxlayan kimi iddiaçının ipoteka predmetinin mövcudluğunu, vəziyyətini və saxlanma şəraitini sənədlər üzrə və faktik surətdə yoxlamaq, ipoteka predmetinin salamatlığına ziyan vuran və ya pisləşməsinə səbəb olan hərəkətlərə son qoyulmasını həmin hərəkətlərə yol verən şəxslərdən tələb etmək, ipoteka qoyulmuş əşyadan istifadə qaydaları, ipoteka qoyulmuş əşyanın saxlanılması vəzifələri ipoteka qoyan tərəfindən kobud şəkildə pozulduqda və belə pozuntu ipoteka qoyulmuş əşyanın məhvi və ya zədələnməsi təhlükəsini yaratdıqda əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb etmək imkanı da olmuşdur.
31. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının ipoteka predmeti olan mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnu tam şəkildə realizə etmək imkanı əvvəllər də mövcud olmuş (Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin ipoteka predmeti olan əmlakların satıqldıqdan sonra boşaldılma tələbinin təmin edilməmiş hissəsini mübahisələndirməklə), hazırda da mövcuddur. Belə ki, Mülki Məcəllənin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Belə olan halda iddiaçı artıq mülkiyyət hüququ əsasında ona məxsus olan müvafiq torpaq sahəsinin üzərində yerləşən hasarın da mülkiyyətçisinə çevrildiyindən həmin hasarın hüquqi və faktiki müqəddaratını da həll etmək, o cümlədən hasarı istənilən yerdən sökməklə torpaq sahəsinə ayrıca giriş qapısı açmaq imkanı da vardır. Belə ki, yuxarıda istinad olunan (6-cı bənd) mütəxəssis rəyinə əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin şimal-qərb istiqaməti faktiki olaraq vətəndaşların ümumi istifadədə olan gediş-gəliş yolu ilə sərhəddir və həmin sərhəd hissəsindən giriş qapısının bərpa olunması mümkündür.
32. Qonşu torpaq sahəsinin faktiki olaraq digər şəxslərin istifadəsində olması və könüllü olaraq banka təhvil verilməməsi, bu səbəbdən iddiaçı tərəfindən əmlaka giriş qapısının bərpa edilə bilməməsi ilə bağlı isə qeyd olunmalıdır ki, iddiaçı daha əlverişli hüquqi müdafiə vasitələrindən istifadə edə, hazırkı torpaq sahəsinin qonşuluğunda yerləşən və öz mülkiyyətində olan digər torpaq sahəsindən faktiki istifadə edən şəxlərə qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair idda qaldıra (özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə), iddiası uğurlu olacağı təqdirdə hazırkı torpaq sahəsinə də giriş əldə edə bilər.
33. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, iddiaçının apellyasiya şikayətində irəli sürülən dəlillər əsassız olduğundan mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, e-2(012)-203/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.