Məhkəmə qərarları › İş №2(105)-431/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-431/2025

17.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-431/2025 17.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq olunmasına” dair dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-1116/2022 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq olunmasına” dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2021-ci il tarixdə bağlanmış barışıq sazişinin şərtlərinin məcburi icrasını təmin etmək üçün, barışıq sazişinin təsdiq olunması, 20000 manat məbləğində pulun Maraqlı şəxs tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-1116/2022 nömrəli qətnaməsi ilə (A.Sadıqov) ərizə qismən təmin edilmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

3. Məhkəmənin həmin qətnaməsindən narazı qalan Maraqlı şəxs apellyasiya şikayəti vermişdir.

4. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsini açıq məhkəmə iclasında yoxlamağı məqsədəuyğun hesab etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

5. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən kollegiyanın iclasına gəlməmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin uyğunluğu məsələsinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Madddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 129.1 İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.5 Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 363.1.3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.2. Qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

7. Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər.

8. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi X4 Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta .. məhkəmə onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.”

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıran məhkəmə kollegiyası qeyd edir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-1116/2022 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesаb edilməli və mülki iş Mülki Prosessual Məcəllənin 357-364-cü maddələrinin tələbləri baxımından prosessual müddətlə bağlı hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, təqdim olunmuş apellyasiya şikayəti mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edilərkən müəyyən оlunmuşdur ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi xx.xx.2022-ci il tarixdə qəbul edilərək tərəflərə göndərilsə də, Maraqlı şəxs göndərilmiş qətnamə zərfin üzərinə “bu ünvanda yaşamır” qeydi edilməklə geri qaytarılmışdır. Qətnamə xx.xx.2022-ci il tarixdə icraya yönəldilmiş, Masallı rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə “icraata başlamaq haqında” qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə qətnamədən Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Kollegiya, Masallı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqında” qərarından sonra, hər hansı icra hərəkətinin edilib-edilməməsini, apellyatorun icradan nə vaxt məlumatlı olub-olmamasını, eləcə də icra sənədi üzrə ödənişlər edib-etməməsini müəyyən etmək məqsədilə həmin quruma sorğu göndərmiş və sorğuya verilmiş cavabdan (o cümlədən əlavə edilmiş sənədlərdən) müəyyən edilmişdir ki, apellyator xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərardan, tələbin könüllü icrası haqqında bildirişdən məlumatlı olmasına dair icra idarəsində izahat yazmış, hətta həmin izahatında tələbkara 600 manat məbləğində ödəniş etdiyini də bildirmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə maraqlı şəxsə rəsmi qaydada çatmasa da, sonuncu icra mərhələsində qətnamədən, onun icrasından məlumatlı olmuş, hətta icra mərhələsində 600 manat məbləğində ödəniş də etmişdir. Lakin birinci instansiya məhkəməsi qeyd olunan qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılıb-buraxılmamasına hüquqi qiymət vermədən, Mülki Prosesual Məcəllənin 364-cü maddəsində nəzərdə tutulan hərəkətləri həyata keçirmədən, apellyasiya şikayətinin uyğunluğu üzrə müvafiq araşdırma aparmadan mülki işi bаxılmаsı üçün Sumaqyıt Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Kollegiya əlavə olaraq qeyd edir ki, yuxarıda sadalanan qanunvericiliyin tələbinə görə apellyasiya şikayəti işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Şikayətin baxılmağa qəbul edilməsi və yaxud geri qaytarılması məsələləri də məhz həmin məhkəmədə həll edilir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Təkrar yoxlamanın məqsədi birinci instansiya məhkəməsinin yol verdiyi səhvlərin aradan qaldırılmasına, apellyasiyası mümkün olmayan şikayətlərin qarşısının alınmasına xidmət edir. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apellyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən buraxılmış səhvin davam etdirilməsi mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipinə ziddir. Mülki Prosessual Məcəllənin 402.2 və 402.2.1-ci maddələrinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının “apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında” qərardadından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263- 264, 366, 400, 402-403 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərаrааldı:

Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-1116/2022 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş prosessual müddət məsələsinə hüquqi qiymət verilməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-364-cü maddələrinin tələblərinin yerinə yetirilməsi üçün Xaçmaz Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar