Məhkəmə qərarları › İş №2(105)-444/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-444/2021

11.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-444/2021 11.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh və onun nümayəndəsi Məcnunova Şölə Qurban qızının iştirakları ilə açıq məhkəmə iclasında Qubadlı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(028)-157/2020 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Qubadlı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(028)-157/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Vladimir Ruvinov) İddiaçı Cavabdeh qarşı qızıl zinət və cehiz əşyalarının tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, iddia ərizəsinə əlavədə göstərilən siyahı üzrə 1-15-ə qədər, siyahı üzrə 16-6 xrustal stəkan, siyahı üzrə 17-12 armudu stəkan, siyahı üzrə 18-6 böyük nəlbəki, siyahı üzrə 20-58-ə qədər, siyahı üzrə 61, 62, məişət əşyaları siyahısı üzrə 1-34-ə qədər, siyahı üzrə 36-57-yə qədər, mebel dəsti siyahı üzrə 1-3-ə qədər əşyaların Cavabdeh alınıb İddiaçı verilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək ona məxsus olan və Cavabdeh tərəfindən ona verilməsindən imtina olunan qızıl zinət əşyalarının özlərinin və ya onların dəyəri olaraq 11820 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2019-cu il tarixdə cavabdeh Cavabdeh ərə getmişdir. Belə ki, xx xxxx 2019-cu il tarixdə qız toyu, 12 mart 2019cu il tarixdə oğlan toyu olmuş və o, el adəti üzrə cavabdehin yaşadığı evə gəlin köçmüşdür. Cavabdehin kişilik funksiyasını yerinə yetirə bilməməsi ilə bağlı xeyli müddət guya müalicə olunduğu və hər şeyin öz qaydasına düşəcəyi ümidi ilə bir müddət həmin evdə ailə kimi yaşamışdılar. Hələ nişan, toy ərəfələrində cavabdeh və qohum-əqrabaları, eyni zamanda onun qohum-əqrabaları tərəfindən ona bir sıra qızıl zinət əşyaları hədiyyə olunmuşdu. Həmin qızıl zinət əşyaları qiyməti 6100 manat olan, 1 dəst ağ rəngli, İtaliya istehsalı, 750 əyarlı, üstündə brilyant qaşları olan komplektdən (üzük, sırğa, sep, bilərzik), qiyməti 850 manat olan, 1 ədəd çəkisi 12 qram, ağ rəngli, 750 əyarlı, İtaliya istehsalı, üstü brilyant qaşlarla bəzədilmiş nişan üzüyü, qiyməti 1700 manat olan, 1 ədəd ağ qızıldan olan 750 əyarlı, İtaliya istehsalı, üstü brilyant qaşlarla bəzədilmiş, çəkisi 21 qram olan kulon, qiyməti 720 manat olan, atasının İran İslam Respublikasından gəlmiş dostu tərəfindən hədiyyə olunan 1 ədəd, 750 əyarlı, üstü brilyant qaşlarla bəzədilmiş, 9 qram çəkisi olan qızıl üzük, qiyməti 1100 manat olan, 1 ədəd dayısının həyat yoldaşının hədiyyə etdiyi 750 əyarlı, 8 qram çəkisi olan, üstü brilyant qaşlarla bəzədilmiş qızıl üzük, qiyməti 1350 manat olan, toydan sonra anası tərəfindən hədiyyə edilən, çəkisi 7,5 qram olan, 750 əyarlı, üstü brilyant qaşlarla bəzədilmiş qızıl üzükdən ibarət idi. Həmin qızıl zinət əşyaları həyat yoldaşı ilə onun istifadə etdiyi otaqda, mebelin siyirtməsində saxlanılırdı. Bu əşyalardan çox az-az istifadə edirdi və əşyaların orada olmasını ailənin hər bir üzvü bilirdi. Həyat yoldaşının sağlamlığındakı çatışmazlığın olması özünü, onu, anasını və bacısını narahat edir və bu vəziyyətdən çıxmaq üçün yollar axtarılırdı. O isə bakirə qız olaraq evin gəlini kimi onlarla birgə yaşayırdı. Bir gün həyat yoldaşı və baldızı Gülnarə buna heç bir ehtiyac olmadığına baxmayaraq onu “Bakı Medikal Center”ə aparmış, orada xeyli müddət ginekoloji şöbədə hansısa həkimlə danışıq aparandan sonra evə qayıtmışdılar. Həmin tibb mərkəzində onunla bağlı heç bir hərəkət və ya hərəkətsizlik olmamışdı. Orada həkimlə yoldaşı və baldızının danışıq aparan zaman “bu cinayət işidir, mən belə işlərə getmərəm” deyən həkimin cavabını eşitmişdi. Sonradan evdə olanda onun guya əməliyyat olunmağına ehtiyac olduğu üçün ginekoloqa aparacaqlarını biləndə o, buna narazılıq etmiş və aralarında mübahisələr yaranmışdı. Bundan iki gün sonra onun dişi ağrıdığına və ağrı dözülməz olduğuna görə diş həkiminə getmək istədiyini bildirmiş və həyat yoldaşı baldızı Gülnarə ilə onu xx xxxx 2019-cu il tarixdə Suraxanıda olan 3 saylı doğum evinə gətirərək qadınlarla bağlı işlərə burada baxıldığını bildirmiş, orada kiminləsə danışıb onun qol damarına iynə vurmuş və az sonra hüşunu itirmişdir. Ayılanda isə o, ginekoloq stolunda olduğunu görmüşdür. Beləliklə, adını sonradan oradakı tibb işçilərindən öyrəndiyi ginekoloq-cərrah Sevda Abdullayevanın ona narkoz verib hansısa alətlə və ya üsulla onun qızlıq bəkarətini pozduğu məlum olmuşdur. Oradan çıxandan sonra həyat yoldaşı, baldızı və qayınanasından niyə başına bu oyunu gətirdiklərini soruşduqda, onu hədələyərək əgər bu barədə kiməsə, nəsə desə, onun üçün pis olacağını bildirmişdilər. Elə bunun üstündə evdə aralarında bərk narazılıq yaranmış, həyat yoldaşı onu döymüş və həyat yoldaşının bibisigil bunu bilib onu evdə əyninə geyindiyi bir kofta və şalvarla həmin evin kənarından götürüb öz evlərinə gətirmiş, orada valideynlərinə bu barədə xəbər vermiş və valideynləri onu yaşadıqları evə gətirmişdilər. Cavabdeh ona məxsus olan qızıl zinyət əşyalarını qaytarmaqdan imtina edir. İddiaçı iddia tələbinin həcmini artıraraq cehiz əmlakının və ya onların dəyəri olaraq 23000 manatın cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx xxxx 2019-cu il tarixdə Cavabdeh ərə getmiş, xx xxxx 2019-cu il tarixdə qız toyu, 12 mart 2019-cu il tarixdə oğlan toyu olmuş və o, el adəti üzrə cavabdehin yaşadığı evə gəlin köçmüşdür. Cavabdehin kişilik funksiyasını yerinə yetirə bilməməsi ilə bağlı xeyli müddət guya müalicə olunduğu və hər şeyin öz qaydasına düşəcəyi ümidi ilə bir müddət həmin evdə ailə kimi yaşamışdılar. Hələ nişan, toy ərəfələrində cavabdeh və qohum-əqrabaları, eyni zamanda onun qohum-əqrabaları tərəfindən ona bir sıra qızıl zinət əşyaları hədiyyə olunmuşdu. Həmin qızıl zinət əşyaları qiyməti 6100 manat olan, 1 dəst ağ rəngli, İtaliya istehsalı, 750 əyarlı, üstündə brilyant qaşları olan komplektdən (üzük, sırğa, sep, bilərzik), qiyməti 850 manat olan, 1 ədəd çəkisi 12 qram, ağ rəngli, 750 əyarlı, İtaliya istehsalı, üstü brilyant qaşlarla bəzədilmiş nişan üzüyü, qiyməti 1700 manat olan, 1 ədəd ağ qızıldan olan 750 əyarlı, İtaliya istehsalı, üstü brilyant qaşlarla bəzədilmiş, çəkisi 21 qram olan kulon, qiyməti 720 manat olan, atasının İran İslam Respublikasından gəlmiş dostu tərəfindən hədiyyə olunan 1 ədəd, 750 əyarlı, üstü brilyant qaşlarla bəzədilmiş, 9 qram çəkisi olan qızıl üzük, qiyməti 1100 manat olan, 1 ədəd dayısının həyat yoldaşının hədiyyə etdiyi 750 əyarlı, 8 qram çəkisi olan, üstü brilyant qaşlarla bəzədilmiş qızıl üzük, qiyməti 1350 manat olan, toydan sonra anası tərəfindən hədiyyə edilən, çəkisi 7,5 qram olan, 750 əyarlı, üstü brilyant qaşlarla bəzədilmiş qızıl üzükdən ibarət idi. Həmin qızıl zinət əşyaları həyat yoldaşı ilə onun istifadə etdiyi otaqda, mebelin siyirtməsində saxlanılırdı. Bu əşyalardan çox az-az istifadə edirdi və əşyaların orada olmasını ailənin hər bir üzvü bilirdi. Həyat yoldaşının sağlamlığındakı çatışmazlığın olması özünü, onu, anasını və bacısını narahat edir və bu vəziyyətdən çıxmaq üçün yollar axtarılırdı. O isə bakirə qız olaraq evin gəlini kimi onlarla birgə yaşayırdı. Bir gün həyat yoldaşı və baldızı Gülnarə buna heç bir ehtiyac olmadığına baxmayaraq onu “Bakı Medikal Center”ə aparmış, orada xeyli müddət ginekoloji şöbədə hansısa həkimlə danışıq aparandan sonra evə qayıtmışdılar. Həmin tibb mərkəzində onunla bağlı heç bir hərəkət və ya hərəkətsizlik olmamışdı. Orada həkimlə yoldaşı və baldızının danışıq aparan zaman “bu cinayət işidir, mən belə işlərə getmərəm” deyən həkimin cavabını eşitmişdi. Sonradan evdə olanda onun guya əməliyyat olunmağına ehtiyac olduğu üçün ginekoloqa aparacaqlarını biləndə o, buna narazılıq etmiş və aralarında mübahisələr yaranmışdı. Bundan iki gün sonra onun dişi ağrıdığına və ağrı dözülməz olduğuna görə diş həkiminə getmək istədiyini bildirmiş və həyat yoldaşı baldızı Gülnarə ilə onu xx xxxx 2019-cu il tarixdə Suraxanıda olan 3 saylı doğum evinə gətirərək qadınlarla bağlı işlərə burada baxıldığını bildirmiş, orada kiminləsə danışıb onun qol damarına iynə vurmuş və az sonra hüşunu itirmişdir. Ayılanda isə o, ginekoloq stolunda olduğunu görmüşdür. Beləliklə, adını sonradan oradakı tibb işçilərindən öyrəndiyi ginekoloq-cərrah Sevda Abdullayevanın ona narkoz verib hansısa alətlə və ya üsulla onun qızlıq bəkarətini pozduğu məlum olmuşdur. Oradan çıxandan sonra həyat yoldaşı, baldızı və qayınanasından niyə başına bu oyunu gətirdiklərini soruşduqda, onu hədələyərək əgər bu barədə kiməsə, nəsə desə, onun üçün pis olacağını bildirmişdilər. Elə bunun üstündə evdə aralarında bərk narazılıq yaranmış, həyat yoldaşı onu döymüş və həyat yoldaşının bibisigil bunu bilib onu evdə əyninə geyindiyi bir kofta və şalvarla həmin evin kənarından götürüb öz evlərinə gətirmiş, orada valideynlərinə bu barədə xəbər vermiş və valideynləri onu yaşadıqları evə gətirmişdilər. O, sonradan iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək valideynləri tərəfindən verilmiş digər əmlakların da cavabdehdən alınmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh kiçik istisna olmaqla, cehiz əşyalarının hamısının mövcud olmasını etiraf etmiş və həmin əşyaların qaytarılmasına razılığını bildirmişdi. Cavabdeh məhkəmə iclasında iddia ərizəsində göstərilən qızıl zinət əşyalarının olduğunu əsasən etiraf etmiş, lakin guya həmin əşyaların onun döyülüb gecə saat 12 radələrində evdən çıxarıldığı zaman onun apardığını bildirmişdi. Onun gecə saat 12 radələrində döyülmüş halda evdən çıxarılmağını, hətta əl sumkasını da sonradan onu həmin evdən götürüb aparan şəxslər tərəfindən yenidən qayıdıb həmin evdən götürdükləri, onun valideynləri isə ər evindən çıxarılan zaman heç bir qızıl zinət əşyalarını özü ilə gətirmədiyini bildirsələr də, məhkəmə qızıl zinət əşyaları ilə bağlı cavabdehin heç bir digər sübut təqdim etmədən, ancaq gedəndə özü ilə aparıb deməsinə əsaslanaraq iddianı bu hissədə təmin etməməsi qəbul edilə bilməz. Ona görə ki, onun təqdim etdiyi şahidlər məhkəmə iclasında dindirilərkən evdən gecə saat 12 radələrində döyülmüş vəziyyətdə, ev paltarında, hətta əl sumkasını belə həmin evdə unudaraq sonradan onu evdən aparan şəxslər tərəfindən gətirilərək ona vermələrini göstərsələr də, cavabdehin gedəndə özü ilə sumkasını da aparıb deməsini təkzib etdiyi halda, məhkəmə bu hala düzgün qiymət verməmişdir. İddiaçı apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qızıl zinət əşyalarının tələbinin təmin olunmaması hissəsində ləğv edilərək həmin hissədə iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qızıl zinət əşyalarının tələbinin təmin olunmaması hissəsində ləğv edilərək həmin hissədə iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Cavabdeh və onun nümayəndəsi Məcnunova Şölə Qurban qızı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə məhkəmə qətnaməsinin qızıl zinət əşyalarına aid hissədə dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi qızıl zinət əşyalarına aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətlərində və onlara etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin qızıl zinət əşyalarına aid hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah xx xxxx 2019cu il tarixdə bağlanılaraq 1331 sayla qeydə alınmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 göstərmişdir ki, cavabdeh Cavabdeh onun qohumudur. Elvinin həyat yoldaşının atası ona zəng edərək Gülbənizin evində söz-söhbət olduğunu deyərək, bununla əlaqədar Gülbənizi götürüb öz evinə gətirməsini xahiş etmişdir. Oğlu Şəhriyar öz həyat yoldaşı ilə gedib Gülbənizi onların yaşadıqları evə gətirmişdir. Gülbəniz onların evinə gələndə əlində sumkası olmuş, lakin içində nə olduğunu bilməmişdir. Həmin vaxtı Gülbəniz koşelokunun cavabdehlərin evində qaldığını demiş və koşelokunun gətirilməsini xahiş etmişdir. Oğlu Şəhriyar öz həyat yoldaşı ilə gedib Gülbənizin koşelokunu gətirmişdilər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 və X3 da eyni məzmunlu ifadələr vermişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şərgiyə Cəbrayılova göstərmişdir ki, qızı Gülbəniz ona zəng edərək yaşadıqları evdə söz-söhbət olduğunu bildirmişdir. Gülbənizi döydüklərinə görə Elvinin bibisi oğlu Şəhriyar gedib Gülbənizi öz evlərinə gətirmişdir. Gülbəniz evdən çıxarkən özü ilə heç bir qızıl zinət əşyaları götürməmişdi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Əliyev Rövşən Soyuz oğlu da eyni məzmunlu ifadə vermişdir. İş materiallarından görünür ki, tərəflər xx xxxx 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Azərbaycan Respublikası MM-nin 225.2-ci maddəsinə görə nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqasının qanunsuz sahibliyindən geri ala bilər. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin qızıl zinət əşyalarına aid hissədə qanuni və əsaslıdır. Belə ki, iddiaçı tələb etdiyi qızıl zinət əşyalarının çəkisinə, əyarına, üstündəki daşların keyfiyyətinə, ölçüsünə, qiymətinə dair konkret sübut təqdim etməmiş, həmin qızıl zinət əşyalarının Cavabdeh yaşadığı evdə qalmasını məhkəmə iclası zamanı sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin qızıl zinət əşyalarına aid hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi qızıl zinət əşyalarına aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qubadlı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(028)-157/2020 saylı qətnaməsi qızıl zinət əşyalarına aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Səyyad Qafari Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar