Məhkəmə qərarları › İş №2(105)-457/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-457/2025

15.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-457/2025 15.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və X1 ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-781/2024 nömrəli 11 dekabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Cəlilov) İddiaçı Cavabdeh qarşı torpaq tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı torpaq tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan, Qusar rayonu Sudur kəndində yerləşən 2.7061 ha, 1.5466 ha, 1.9333 ha və 4.2483 ha torpaq sahələrinin onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun tanışıdır və uzun müddət onunla münasibətləri yaxşı olmuşdur. 2006-cı ildə özü üçün kənd təsərrüfatı təyinatlı torpaq sahəsi axtararkən cavabdeh ona belə bir torpaq sahəsi tapa biləcəyini bildirmişdir. Aralarında olan razılaşmaya əsasən Cavabdeh 100 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini taparaq adına rəsmiləşdirməyi öhdəsinə götürmüş, buna görə onun tərəfindən şahid Əkbər Əliyevin yanında 40000 (qırx min) ABŞ dolları məbləğində pul ödənilmiş, bu barədə Cavabdeh 04 iyul 2006-cı il tarixli qəbz vermişdir. Həmin vaxtdan sonra mütəmadi olaraq cavabdehdən torpaq sahələrini tələb etdikdə o, müxtəlif bəhanələrlə bundan yayınmış, torpaq sahələrini onun adına rəsmiləşdirməmişdir. Cavabdeh hər dəfə ilin sonunadək məsələni həll edəcəyini bildirmiş, təxminən 5 il bu cür davam etmişdir. Bundan sonra o, Cavabdeh verdiyi 40000 (qırx min) ABŞ dolları qaytarmasını tələb etmişdir, cavabdeh isə yenə torpaq sahələrini adına rəsmiləşdirəcəyini bildirmiş, 2016-2017-ci illərdə isə 2018-ci ilin əvvəlinədək verdiyi pulu geri qaytaracağına söz vermişdir. Bundan sonra cavabdeh yenə vədinə əməl etməmiş və bu səbəbdən də, həmin şəxsə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Qusar rayon məhkəməsinə müraciət etmişdir. Qusar rayon məhkəməsinin 03 mart 2021-ci il tarixli 2(029)-198/2021 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, Cavabdeh 40000 (qırx min) ABŞ dolları məbləğində pulun qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmiş və iş baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişir. İşə Sumqayıt Apellyasiya Məhkəməsində baxılarkən Cavabdeh ona müraciət edərək özünün və ailə üzvlərinin mülkiyyətində olan, Qusar rayonu Sudur kəndində yerləşən 2.7061 ha, 1.5466 ha, 1.9333 ha və 4.2483 ha torpaq sahələrini onun adına rəsmiləşdirəcəyini, bunun qarşılığında isə onun cavabdehə qarşı olan 40000 ABŞ dolları məbləğində pul tələbindən imtina etməyi təklif etmiş, o isə bununla razılaşmış, bundan sonra Cavabdeh 07 sentyabr 2021-ci il tarixdə yuxarıda qeyd etdiyi torpaq sahələrinə dair sərəncam vermək səlahiyyətinin verilməsi barədə onun adına 10 il müddətinə etibarnamə tərtib edib vermiş, həmçinin torpaq sahələrinin digər mülkiyyətçiləri olan ailə üzvlərinin torpaq sahələrinin satılmasına notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini vermişdir. Bundan sonra 10 sentyabr 2021-ci il tarixdə o özünün məhkəmədə olan iddiasindan imtina ərizəsini Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etmiş və həmin məhkəmənin 10 sentyabr 2021-ci il tarixli 2(105)-1959/2021 nömrəli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. Lakin bundan qısa müddət keçdikdən sonra Cavabdeh onun adına verdiyi etibarnaməni ləğv etmiş və o, torpaq sahələrini rəsmiləşdirə bilməmişdir. Bununla da, Cavabdeh onu aldadaraq onun cavabdehə qarşı olan pul tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilməsinə nail olmuş, bundan sonra həmin tələblə həmin şəxsə qarşı iddia qaldırmağı isə mümkün deyildir. Göründüyü kimi, Cavabdeh ona ödəməli olduğu 40000 ABŞ dolları məbləğində pulun müqabilində özünün və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahələrini onun mülkiyyətinə verilməsini üzərinə götürməklə onun qarşısında mülki öhdəliyi yaranmışdır. Cavabdeh həmin öhdəliyini yerinə yetirməmiş, bundan yayınmışdır. Cavabdeh onun qarşısında üzərinə götürdüyü öhdəliyini icra etmədiyindən həmin şəxsin və onun ailə üzvlərinin mülkiyyətində olan, Qusar rayonu Sudur kəndində yerləşən 2.7061 ha, 1.5466 ha, 1.9333 ha və 4.2483 ha torpaq sahələri onun mülkiyyətinə verilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Qusar Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz olmaqla işin hallarına uyğun deyildir. Göründüyü kimi, Cavabdeh ona ödəməli olduğu 40000 ABŞ dolları məbləğində pulun müqabilində özünün və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahələrini onun mülkiyyətinə verilməsini üzərinə götürməklə onun mülki öhdəliyi yaranmışdır. Cavabdeh həmin öhdəliyini yerinə yetirməmiş, bundan yayınmışdır. Qusar Rayon Məhkəməsi onun iddia tələbinin dəlillərini qəbul etməmiş, lakin öz mövqeyini əsaslandırmamış, tələbinin qanunsuz və əsasız olmasını bildirməklə kifayətlənmişdir. Qusar Rayon Məhkəməsinin onun iddia tələbini rədd edən qətnaməsi onu həm pulundan, həm də əldə etməli olduğu torpaq sahəsindən məhrum edilməyinə haqq qazandırmışdır. Halbuki, Mülki Məcəllənin ümumi prinsiplərinə əsasən mülki dövriyyə iştirakçıları, hüququ münasibətlərinin subyektləri vicdanlılıq prinsiplərinə uyğun davranmalıdırlar. Cavabdeh isə pul vəsaitini ələ keçirməklə kifayətlənməyib həm də üzərinə götürdüyü öhdəliklərini icra etməyərək onu aldatmış və torpaq sahələrini mülkiyyətinə verməkdən yayınmışdır. Göründüyü kimi, Qusar Rayon Məhkəməsi işi hərtərəfli, tam və obyektiv tədqiq etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, Mülki Məcəllənin ümumi prinsiplərinin tələblərini nəzərə almamış və nəticədə işin hallarına tam uyğun olmayan qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin 11 dekabr 2024cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini iddiaçının tələbinin əsassız olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnaməni mübahisələndirmişdir. İş materiallarında olan çıxarışlara əsasən Qusar rayonu Sudur kəndində yerləşən 2.7061 ha, 1.5466 ha, 1.9333 ha və 4.2483 ha kənd təsərrüfı təyinatlı torpaq sahələrinin xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi torpaq sahələrini iddiaçının mülkiyyətinə verilməsi barədədir. İddia tələbinin qanuni əsası kimi isə Mülki Məcəllənin 157.1. maddəsi nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Bu qaydanı müəyyən etməkdə qanunvericiliyin məqsədi, mülkiyyətçinin tanınmalı olan mülkiyyət hüququnu tanımaqdır. Nəzərə alınmalıdır ki, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüququ məhdud deyil, geniş mənada mülkiyyət hüququnun məzmununu təşkil edən səlahiyyətlərə də şamil edilir. Mülkiyyət hüququnun tanınmasına dair iddialarda iddiaçı fərdən müəyyən edilən əmlak üzərində mülkiyyət hüququ pozulan və yaxud mübahisələndirilən mülkiyyətçi və yaxud başqa sahib, cavabdeh isə əşya barəsində müstəqil tələb irəli sürən və yaxud belə tələb irəli sürməsə də, iddiaçının əşya hüququnu qəbul etməyən şəxsdir. Bu cür iddianın predmetini iddiaçının cavabdehə qarşı irəli sürdüyü mülkiyyət hüququnun tanınması və iddianın əsasını isə iddiaçının əmlak üzərində hüquqlarını təsdiq edən hallar təşkil edir. Qeyd olunmalıdır ki, yalnız iddiaçının mülkiyətində ola bilən və qanunla mülkiyyət hüququnun obyekti sayılan əmlaklar üzərində mülkiyyət hüququ müəyyən edilə bilər. Bu zaman əmlak üzərində hüquqmüəyyənedici sənədlər mövcud olduqda, Mülki Məcəllənin 140-cı maddəsinə müvafiq olaraq mülkiyyət hüququnun həqiqiliyi prezumpziyası qüvvədə olur. Bu maddə daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü mövcud iddia tələbi hüququnun həyata keçirilməsi üçün düzgün hüquqi müdafiə vasitəsi hesab edilə bilməz. Məlum olduğu kimi, Mülki Məcəllənin 139-1-ci maddəsində müəyyən olunmuş əmlak üzərində hüquqların dövlət qeydiyyatının əsasları konkret sənədlərlə təsdiq edilir. Həmin sənədlərə, hər şeydən əvvəl, hüququmüəyyənedici sənədlər yəni müqavilə, dövlət və özünüidarə orqanlarının aktı, vərəsəlik şəhadətnaməsi və s. aiddir. Göründüyü kimi, iddia ərizəsində göstərilən məsələnin həlli qaydası qanunvericilikdə yuxarıda göstərilən qaydada müəyyən edilib. Odur ki, bu məsələ mülkiyyət hüququnun tanınması yolu ilə həll olunmur və qaldırılan iddianın qanuni əsası kimi nəzərdən keçirilən Mülki Məcəllənin 157.1-ci maddəsinin dispozitiv şərtlərinə cavab vermir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı torpaq sahələrini onun mülkiyyətinə verilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar