Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-46/2025 12.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4 qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 və üçüncü şəxs Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aylıq zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(060)-620/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları İddiaçı xx.xx.1980-ci ildə dördüncü dərəcəli çilingər kimi çalışdığı “PoladKonstruksiya” Quraşdırma İdarəsində istehsalatda bədbəxt hadisəyə məruz qalaraq əmək qabiliyyətinin 80%-ni itirmiş və bununla əlaqədar olaraq xx.xx.1988-ci ilədək ona həmin müəssisə tərəfindən aylıq zərər ödənilmiş, bu tarixdən etibarən isə nə təqsirkar təşkilat, nə onun özəllişdirilməsi nəticəsində hüquqi varisi olaraq yaranmış ASC, nə də ki, DSMF tərəfindən ona ödənc verilməmişdir. İddiaçı xx.xx.1998-ci ilədək əmək qabiliyyətinin 80%-ni, həmin tarixdən etibarən isə 60%-ni itirdiyinə görə pensiya almış, habelə onun əlilliyi xx.xx.2022-ci ildən sonra həmin faizlə müddətsiz hesab edilmişdir. xx.xx.1998-ci ildə müvafiq sərəncamla “Poladkonstruksiya” Quraşdırma İdarəsinin bazasında “Sumqayıt – Polad - Konstruksiya - Quraşdırma” X6 cəmiyyəti təsis edilmiş və onun emissiya planı təsdiq olunmuş, səhmlərin özəlləşdirilməsi xx.xx.2001-ci ildə başa çatdırılmış, sözügedən müəssisəsinin hüquqi varisi "xxxx" ASC yaranmış və xx.xx.2002-ci il tarixdə nizamnaməsi təsdiqlənərək dövlət qeydiyyatına alınmışdır. Özəlləşdirmə planında müəssisənin işçilərinin siyahısında iddiaçının adı qeyd olunmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Sumqayıt Poladkonstruksiya Quraşdırma ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ASC tərəfindən ona xx.xx.1988-ci ildən xx.xx.2002-ci ilədək 147 manat, xx.xx.2002-ci il tarixdən Dövlət Statistika Komitəsinin müvafiq iqtisadiyyat sahəsinə uyğun orta aylıq nominal əmək haqqının altmış faizi məbləğində aylıq zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Poladkonstruksiya İdarəsində xx.xx.1980-ci ildə xəsarət almış, əmək qabiliyyətinin 80%-ni itirmiş və bununla əlaqədar ona xx.xx.1988-ci ilədək həmin müəssisə tərəfindən aylıq zərər verilmiş, sonuncu tarixdən bu günədək isə cavabdeh müvafiq ödənişi ödəməkdən imtina etmişdir. Cavabdeh iddiaya qarşı etirazla məhkəməyə müraciət edərək etirazında İddiaçı əlilliyini mübahisələndirmiş və onun iş zamanı xəsarət almasının təsdiqini tapdığı təqdirdə belə aylıq zərər verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalı olduğunu bildirmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR ƏƏSMN tabeliyində olan Dövlət Sosial Müdafiə X5 şəxsinin nümayəndəsi izahatında göstərmişdir ki, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 804 saylı və 903 saylı Fərmanlarına əsasən müəssisələr özəlləşənə qədər istehsalat zədəsinə görə müavinəti nazirlik, özəlləşdikdən sonra isə müəssisə özü ödəyir. Bu barədə müəssisə nazirliyə siyahı göndərir və müəssisənin hesabına pul vəsaiti köçürülür. Həmin siyahı müəssisə tərəfindən nazirliyə göndərilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(060)-620/2023 nömrəli qətnaməsi ilə (hakim Ə.Ələkbərov) iddia tələbi qimsən təmin edilmiş, İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.1988-ci ildən xx.xx.1998-ci ilədək hər ay üzrə onun orta aylıq əmək haqqının 80%-i, xx.xx.1998-ci ildən etibarən isə hər ay onun orta aylıq əmək haqqının 60%-i məbləğində aylıq ödəncin ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbi cavabdeh tərəfindən xx.xx.1988-ci ildən xx.xx.1998-ci ilədək orta aylıq əmək haqqının 80%-i, bu tarixdən sonra isə 60%-i miqdarında aylıq ödənc verilməsi həcmində əsaslıdır. Belə ki, cavabdeh iddiaçının istehsalatda bədbəxt hadisə nəticəsində əlil olduğu təqsirkar müəssisənin hüquqi varisidir və sonuncunun özəlləşdirilməsi artıq xx.xx.2001-ci ildə başa çatmışdır. Özəlləşmənin göstərilən tarixdə, 2003-cü ilin oktyabr ayınadək yekunlaşması mübahisənin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 №-li Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının təsirinə düşməsini, eləcə də iddiaçıya müvafiq dövlət orqanı tərəfindən aylıq müavinətin verilməsini istisna edir. Qanunvericilik 2003-cü ilin oktyabr ayınadək özəlləşdirilməsi başa çatmayan dövlət müəssisələrinin aylıq ödənc borclarının müavinət şəklində ödənilməsini müvafiq dövlət orqanının üzərinə qoymuşdur. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia qismən təmin olunmalı, İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.1988-ci ildən xx.xx.1998-ci ilədək hər ay üzrə orta aylıq əmək haqqının 80%-i, xx.xx.1998-ci ildən etibarən isə hər ay orta aylıq əmək haqqının 60%-i məbləğində aylıq ödənc ödənilməlidir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 45.1, 46, 47.1, 56.5, 1096.1, 1096.2, 1119.1 və 1126-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 129 saylı Qərarına, “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 saylı Qərarına, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 №-li Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, və 216-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində ilkin icraat Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə tamamilə qanunsuz və əsassızdır. Məhkəmə iş üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. İddiaçı 1980-ci il tarixdə Sumqayıt Poladkonstruksiya İdarəsinə işə qəbul olmuş, 1983-cü il tarixdə öz ərizəsi ilə işdən azad olmasına baxmayaraq hər il VTEK-in təqdim etdiyi əlillik arayışını idarəyə təqdim edərək 1988-ci il tarixədək əmək zədəsinə görə müavinat əldə etmişdir. İddiaçı özü etiraf edir ki, xx.xx.1988-ci il tarixdən sonra Sumqayıt Poladkonstruksiya İdarəsinə müraciət etməmişdir. Lakin məhkəmə iddiaçının etirafını qəbul etməmiş, iddiaçıya zərərin ödənilməməsini idarənin ödənişdən imtina etməsi kimi qiymətləndirmişdir. Halbuki iddiaçı hər il VTEK-in həkim komissiyasından keçdikdən sonra sənədin bir nüsxəsini idarəyə təqdim etməli və yalnız bundan sonra idarə ona ödənişi təmin etməli idi. Əgər İdarə ödənişdən imtina etmək istəsəydi, bunu 1983-cü il tarixdən iddiaçının öz xahişi ilə işdən azad olmasından sonra da edə bilərdi. Lakin idarə öz üzərinə düşən məsuliyyətini tam şəkildə icra edərək iddiaçının 1983-cü il tarixdən işdən çıxmasına baxmayaraq 1988-ci il tarixədək müavinatını tam olaraq vaxtı-vaxtında təmin etmişdir. İdarə əmək zədəsinə görə ödənişi VTEK-in təyin etdiyi əlilliyə görə icra edir. İddiaçının 1989-cu il tarixdə 3–cü qrup əlilliyi dayandırılmışdır. Bu səbəbdən də iddiaçı idarəyə əlilliyini təstiq edən sənədini təqdim edə bilmədiyindən, idarə tərəfindən ona ödənilən ödəniş dayandırılmışdır. İddiaçının əlilliyi 1993-cü il tarixdə bərpa olsa da, iddiaçı həmin idarədə işləmədiyi üçün ona müavinat ödənişi düşmədiyini nəzərə alaraq idarəyə müraciət etmədiyini etiraf etmişdir. Bundan başqa məhkəmə qərarında xx.xx.1988-ci ildən xx.xx.1998-ci ilədək hər ay üzrə onun orta aylıq əmək haqqının 80%-i, xx.xx.1998-ci ildən etibarən isə hər ay onun orta aylıq əmək haqqının 60%-i məbləğində aylıq ödəncin ödənilməsi təmin edilmişdir ki, bu hal qəbuledilməzdir. X7-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xx.xx.1988-ci il tarixdən iddiaçıya 3-cü qrup əlillik təyin etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarına əsasən orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Buna baxmayaraq məhkəmə tərəfindən qanunun tələblərini pozaraq 80 faiz hesablanmışdır. Bundan başqa Dövlət Sosial Müdafiə X5 Şəxsinin nümayəndəsi izahatında qeyd etdi ki, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 804 saylı və 903 saylı Fərmanlarına əsasən müəssisələr özəlləşənə qədər istehsalat zədəsinə görə müavinəti nazirlik, özəlləşdikdən sonra isə müəssisə özü ödəyir. Belə ki, xx.xx.1998-ci ildə idarə özəlləşdirməyə verilmiş, xx.xx.2001-ci il tarixdə özəlləşdirilməsi başa çatmasına baxmayaraq, məhkəmə bu ödənişi də Dövlət Sosial Müdafiə Fondunun üzərinə deyil, "xxxx" ASC-nin üzərinə qoymuşdur. Həmçinin iddiaçının yenidən “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə” müayinəyə cəlb olunaraq xəstəliyin dərəcəsi təyin edilməsi barədə vəsatət təqdim edilsə də, məhkəmə tərəfindən qəbul edilməmişdir. Baxmayaraq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarına əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edə bilər. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Bundan başqa xx.xx.1998-ci ildə idarə özəlləşdirməyə verilmiş və "xxxx" ASC kimi özəlləşdirilərək təsis edilmiş, həmin dövr ərzində Poladkonstruksiya İdarəsində olan xəsarət almış işçi siyahısını və digər öhdəlikləri də qəbul edərək yerinə yetirməkdədir. Bunun sübutu kimi Emisiya Prospekti kitabında da əmək zədəsi almış şəxslərin adları mövcuddur, həmin işçilər bugünə kimi də öz müavinatını almaqdadır. Lakin iddiaçının adı həmin Emissiya Prospekti kitabında mövcud deyildir, bu səbəbdən də ASC bu barədə məlumatsız olmuşdur. İddiaçı 1988-ci il tarixdən İdarəyə müraciət etmədiyindən müavinətini almamasının səbəbkarı özüdür. Azərbaycan Respublikası Prezidentinin 804 saylı və 903 saylı Fərmanlarına əsasən müəssisələr özəlləşənə qədər istehsalat zədəsinə görə müavinəti nazirlik, özəlləşdikdən sonra isə müəssisə özü ödəyir. Bu barədə müəssisə nazirliyə siyahı göndərir və müəssisənin hesabına pul vəsaiti köçürülür. Hazırda iddiaçı öz səhvi ucbatından ala bilmədiyi müavinəti heç bir əsas olmadan müəsisənin üzərinə qoymaqdadır. Həmçinin məhkəmə işə baxarkən iddiaçının iddia müddətini ötürməsini nəzərə almamışdır. Belə ki, mülki qanunvericiliyə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 1125.1-ci maddəsinə əssən zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Göründüyü kimi məhkəmə qeyd olunan hallara düzgün hüquqi qiymət verməmiş və əsassız iddianı təmin etməklə, cavabdehin hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1624/2023 saylı, 25 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: A.A.Mahmudov (sədrlik edən və məruzəçi), L.E.Rəhimli və L.M.Məmmədova) apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(060)-620/2023 nömrəli qətnaməsi qismən - iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2001-ci ildən etibarən hər ay orta aylıq əmək haqqının 60%-i məbləğində aylıq ödənc (müavinət) ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Cavabdeh (vəkil X3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib işin yeni məhkəmə baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. AR Ali Məhkəməsinin 2(102)-324/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1624/2023 nömrəli iş üzrə 25 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır (hakimlər Vüqar Həsənov (sədrlik edən və məruzəçi), Əhməd Əhmədov və İspəndiyar Şəfiyev). Apellyasiya instansiyası məhkəməsində hazırki icraat Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə4 hazırki iş üzrə verilmiş apellyasiya şikayətinin məhkəmə kollegiyasının mülahizəsi əsasında həll edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 384.03-cü maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1118.2-ci maddəsinə əsasən itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. 1123.1-ci maddəsinə əsasən əmək qabiliyyətini qismən itirmiş zərərçəkənin sağlamlığının pozulması ilə əlaqədar əmək qabiliyyəti sonralar zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən azaldıqda o, zərərin əvəzinin ödənilməsi vəzifəsinin həvalə olunduğu şəxsdən əvəz miqdarının müvafiq surətdə artırılmasını istənilən vaxt tələb edə bilər. 1123.2-ci maddəsinə əsasən əgər zərərçəkənin əmək qabiliyyəti zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən artarsa, zərərçəkənin sağlamlığına vurulmuş zərərin əvəzini ödəmək vəzifəsinin həvalə olunduğu şəxs əvəz miqdarının müvafiq surətdə azaldılmasını tələb edə bilər. 1123.3-cü maddəsinə əsasən əgər zərərin əvəzini ödəmək vəzifəsinin həvalə olunduğu fiziki şəxsin əmlak vəziyyəti yaxşılaşmışsa, əvəz miqdarı isə bu Məcəllənin 1116.3-cü maddəsinə uyğun azaldılmışsa, zərərçəkən zərərin əvəzinin ödənilməsi miqdarının artırılmasını tələb edə bilər. 1126.1-ci maddəsinə əsasən həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 119.2-ci maddəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 239.1-ci maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 saylı Qərarının: İ bölməsinin 1.1-ci bəndinin 2-ci hissəsindən görünür ki, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Həmin Qərarın 1.2-ci bəndindən görünür ki, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Həmin Qərarının İİ bölməsinin 2.1-ci bəndinin 2-ci hissəsindən görünür ki, həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il tarixdən hesablanmaqla İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən 4-cü dərəcəli quraşdırıcı çilingər peşəsi üzrə hər ay orta aylıq əmək haqqının 60%-i məbləğində aylıq ödənc ödənilməlidir. Belə ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2230/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2023-cü il tarixdən etibarən istehsalat zədəsi səbəbindən təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmiş, həmin qərara əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı əlillik təyinatı barədə qərarın ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, xx.xx.2023-cü il tarixdən etibarən istehsalat zədəsi səbəbindən təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyin bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Həmin qərardan verilmiş apellyasiya şikayətləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-823/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmiş və Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2230/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 362/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi və üçüncü şəxs "xxxx" ASC tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 avqust 2024-cü il tarixli, 2- 1(105)-823/2024 saylı qərarından ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri mümkün sayılmamışdır. İşin yuxarıda araşdırılmış hallarına əsasən müəyyən edilir ki, istehsalat zədəsi səbəbindən İddiaçı münasibətdə təyin edilmiş müddətsiz üçüncü dərəcə əlillik hazırda qüvvədədir. Belə olan halda yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından iddiaçı istehsalat zədəsi nəticəsində ona vurulmuş ziyanı təqsirkar müəssisənin hüquqi varisi olan cavabdehdən tələb etməkdə haqlıdır. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan Mülki Məcəllənin 384.0.3cü maddəinin tələblərini nəzərə almamışdır. Qeyd edildiyi kimi həmin maddəyə əsasən fiziki şəxsin həyatına və sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir. Buna görə iddiaçı birinci instansiya məhkəməsinə hazırki iddia tələbi ilə xx.xx.2022ci il tarixdə müraciət etdiyindən, xx.xx.2019-cu il tarixdən hesablanmaqla iddiaçıya vurulmuş ziyana görə aylıq ödənclər cavabdehdən hesablanıb tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İddiaçı iddia tələbində Azərbaycan Respublikası Dövlət Statiska Komitəsinin müvafiq iqtisadiyyat sahəsinə uyğun orta aylıq nominal əmək haqqının altmış faizi məbləğində aylıq zərərin ödənilməsini xahiş etmiş, bununla əlaqədar məhkəmə kollegiyası tərəfindən sorğu verilmişdir. Həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası Dövlət Statiska Komitəsinin xx.xx.2025-ci il tarixli məktubunda "xxxx" ASCdə “quraşdırıcı çilingər” peşəsi üzrə orta aylıq nominal əmək haqqı barədə məlumatların təqdim olunmasının mümkün olmadığı qeyd olunmuşdur. Buna baxmayaraq cavabdeh tərəfindən məhkəmə kollegiyasının 2019-2025-ci illər üzrə İddiaçı işlədiyi peşəsinə uyğun olaraq 4-cü dərəcəli çilingər quraşdırıcıların əməkhaqqı cədvəllərinə aid arayış təqdim olunmuşdur. Məhkəmə kollegiyası hər hansı mübahisə doğurmadığından həmin arayış üzrə əməkhaqqı cədvəllərini 2019-2025-ci illərə müvafiq olaraq orta əmək haqqının müəyyən edilməsi üçün əsas götürür. Bununla əlaqədar məhkəmə kollegiyasının özü tərəfindən hesablama aparılaraq təqdim olunmuş cədvəllərə əsasən 4-cü dərəcəli quraşdırıcı çilingərin orta aylıq əmək haqqının 2019-cu il üzrə 275,25 manat, 2020-ci il üzrə 310 manat, 2021-ci il üzrə 355 manat, 2022-ci il üzrə 418 manat, 2023-cü il üzrə 392 manat, 2024-cü il üzrə 370 manat, 2025-ci il üzrə 454 manat olduğu müəyyən edilir. Qeyd olunan orta əmək haqlarının və iddiaçının əmək qabiliyyətinin 60 % itirməsini əsas götürərək məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçıya:
1. 2019-cu ilin dekabr ayı üzrə 165,15 manat,
2. 2020-ci ilin 12 ayı üzrə 2.232 manat,
3. 2021-ci ilin 12 ayı üzrə 2.556 manat,
4. 2022-ci ilin 12 ayı üzrə 3.009,6 manat,
5. 2023-cü ilin 12 ayı üzrə 2.822,4 manat,
6. 2024-cü ilin 12 ayı üzrə 2.664 manat,
7. 2025-ci ilin 4 ayı üzrə 1.089,6 manat, yəni 2025-ci ilin aprel ayının sonuna cəmi 14538,75 manat, 2025-ci ilin may ayından isə 4-cü dərəcəli çilingər quraşdırıcının orta aylıq əmək haqqının 60% məbləğində hər ay aylıq ödənclərin ödənilməli olması nəticəsinə gəlir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(060)-620/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixdən 2025-ci ilin aprel ayının sonunadək ödənilməmiş aylıq ödənclərə görə cəmi 14538,75 ( on dörd min beş yüz otuz səkkiz manat yetmiş beş qəpik) manat, 2025-ci ilin may ayından isə dördüncü dərəcəli çilingər quraşdırıcının orta aylıq əmək haqqının 60 (altmış) faizi məbləğində hər ay aylıq ödənclər ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.