Məhkəmə qərarları › İş №2(105)-467/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-467/2021

17.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-467/2021 17.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi ilə, İddiaçı Zülfüqar oğlunun cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı daşınmaz əmlak üzərinə qoyulmuş həbsin götürülməsi tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(012)-3090/2019 saylı qətnaməsindən İddiaçı Zülfüqar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.Ə.Sadiqov) İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı daşınmaz əmlak üzərinə qoyulmuş həbsin götürülməsi və həmin daşınmaz əmlaklardan iddiaçının sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsindəki məhdudiyyətlərə son qoyulması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-350/2020 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi Ş.R.Abasov, A.Ə.Abbasov və T.Q.Məmmədov) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, hazırkı iş üzrə Abşeron rayon məhkəməsinin 2(012)- 3090/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020ci il tarixli qərarı ilə (sədrlik edən hakim İ.K.Dəmirov, hakimlər Ə.A.Əhmədov və V.T.Həsənov) İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)- 350/2020 saylı qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İşdən görünür ki, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivindəki 0,14 ha ölçüdə 1621 saylı bağ sahəsi və orada olan 169,1 kv.metr bağ evi Cavabdeh1 cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 1(093)-7/2018 saylı hökmünə əsasən, xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmış, həmin hökmdən verilən apellyasiya şikayətləri də təmin edilməmiş və hökm dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəyə minmişdir. İddiaçı həmin mübahisəli əmlaka mülkiyyət hüquqlarını iddia edərək həbsin götürülməsini tələb etmiş, birinci instansiya məhkəməsi iddiaçının məhkəmə araşdırması zamanı məhkəmə hökmü ilə xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı olan əmlakın “üzərinə qoyulmuş həbsin götürülməsinin və həmin daşınmaz əmlakdan iddiaçının sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlərə son qoyulmasının” əsaslılığını sübut edə bilməməsi əsası ilə iddia tələbini rədd etmişdir. İddiaçı bu nəticədən narazı qalaraq nəticəni mübahisələndirmiş, işə baxan apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. İddiaçı apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermiş, işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi iddiaçının ərizə ilə Ali Məhkəmənin sədrinə müraciət edib-etməməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmadığını, bununla da məhkəmə hökmü ilə dövlət nəfinə müsadirə edilmiş əmlakın üzərindən həbsin götürülməsi barədə işə mülki qaydada baxılmalı olub-olmamasına qeyd olunan maddənin tələbləri baxımından apellyasiya instansiyası məhkəməsinin hüquqi qiymət verməməsini əsas gətirərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv edərək işə yenidən baxılması üçün apellyasiya baxışına qaytarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki Məcəllənin 212-ci maddəsinə əsasən müsadirə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məhkəmə qərarı ilə əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cinayət işində iştirak etməyə cəlb olunmayan hökm və ya məhkəmənin digər yekun qərarı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin hökm və ya digər yekun qərarından bu Məcəllənin 408.2.4-408.2.5, 410, 413-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq təqdimat verir. Təqdimata baxılması bu Məcəllənin 414, 416—420-ci maddələrində nəzərdə tutulmuş müddəalara uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri bu səlahiyyətləri apellyasiya məhkəmələrinin sədrləri və ya Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi sədrinin təqdimatı əsasında da (yuxarıda göstərilmiş şəxslərin müraciətləri olduqda) həyata keçirir (Cinayət Prosessual Məcəllənin 408.3-cü maddəsi). Lakin birinci instansiya məhkəməsi iddiaçının qanunvericiliyin yuxarıda qeyd olunan tələbinə əməl etmədən mülki mühakimə icraatı qaydasında ərizə verməsinə əhəmiyyət verməmiş, ərizəyə mahiyyəti üzrə baxaraq, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən məhkəmə aktını qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 261.0.1. maddəsinə görə hakim iş üzrə icraata iş məhkəmədə baxılmalı deyildirsə xitam verir. Həmin Məcəllənin 262.3. maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8. maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, işə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verməli və ərizəçiyə qərardadın təsviri hissəsində göstərilən qaydaya əməl edilməsi izah olunmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.4. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 261.0.1, 384.0.4, 391, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Zülfüqar oğlunun cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı daşınmaz əmlak üzərinə qoyulmuş həbsin götürülməsi tələbinə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar