Məhkəmə qərarları › İş №2(105)-469/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-469/2025

26.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-469/2025 26.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X5 (məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə Ərizəçi (Maraqlı şəxs) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinin geri qaytarılması haqqında Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 7002/2024 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, (Maraqlı şəxs kimi göstərməklə) xx.xx.1957-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Quba rayonu, Qəçreş kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum 10 iyun 1957-ci il təvəllüdlü X4 onun atasıdır. Onlar Abșeron rayonu, Xirdalan şəhəri, 22 məhəllə, 5 ünvanında birlikdə yaşayırdılar. 07.08 2024-cù tarixdə axşam saat 18 radələrində atası huşunu itirib yerə yıxılmışdır. Bacısı təcili tibb yardım çağırmaq üçün qonşuya getmişdir. Təcili tibbi yardım maşını təxminən 10 dəqiqəyə gəlmişdir. Həkim artıq atasının dünyasını dəyişdiyini bildirmişdir. Onlar atasının xəstəxanaya aparılmasını xahiş etsələr də, həkim bundan imtina etmişdir, onlar üçün problem yaranacağını demişdir. Bildirmək istəyir ki, atası 2016ci ildə açıq ürək əməliyyatı olmuş və son illərdə ürəyində aritmiya var idi. O atasının ölümünün qeydə alınması ūçün Abșeron Rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, Qeydiyyat şöbəsi tərəfindən imtina verilmişdir. İmtinanın səbəbi kimi ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi göstərilmişdir. O ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də, xəstəxana tibbi şəhadətnamənin verilməsindəin imtina etmişdir. Atasının ölümünün müəyyən edilməsi faktı ona ölüm haqqında șəhadətnamə əldə etmək üçün lazımdır. Həmin şəhadətnamə isə dəfn üçün verilən sosial müavinətin alınması üçün lazımdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-7002/2024 nömrəli qərardadı ilə Ərizəçi (Maraqlı şəxs) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi və ərizənin ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılması, Ərizəçi “Ölüm haqqında tibbi şəhadətnamə’'nin alınması ilə bağlı müvafiq tibb müəssisəsinə müraciət etmək, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisəsinə qarşı aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun izah edilməsi, Ərizəçi ərizənin verilməsi üçün ********** nömrəli qəbzə əsasən ödədiyi 100 (yüz) manat dövlət rüsumunun dövlət büdcəsindən ərizəçiyə qaytarılması qərara alınmışdır (hakim Mirnəsir Mirhəsənli). Ərizəçi qeyd edilən qərardaddan şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-7002/2024 saylı qərardadının ləğv edilməsi, onun xx.xx.1957-ci il təvəllüdlü X2 Quba rayonu, Qəçreş kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsinin icraata qəbul edilərək baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qanunvericiliyin tələbləri nəzərə alınmadan Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsindən iddianın yolverilməzliyinə görə imtina olunması barədə qərardad qəbul edilmişdir. Ölüm faktı hüquqi müstəvidə mühüm əhəmiyyət daşıyan bir məsələdir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətə malik faktdır, çünki bu faktın müəyyən edilməsi nəticəsində şəxsin hüquqi vəziyyəti dəyişə bilər. Bu cür məsələlər, hüquqi əhəmiyyətə malik faktlar sayıldığı üçün, ümumi məhkəmələrin səlahiyyətinə daxil olur. Məhkəmənin məqsədi, ölüm faktının hüquqi əhəmiyyətini müəyyən etməkdir. Tibb müəssisəsinin bu məsələyə görə şəhadətnamə verməkdən imtina etməsi, məhkəmənin bu məsələyə baxmaması üçün əsas ola bilməz. Bu işə baxılma səlahiyyəti inzibati məhkəməyə deyil, ümumi məhkəməyə aiddir. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsi və 305.1.1-ci maddəsi göstərir ki, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi ilə bağlı işlərə məhkəmələr, mülki məhkəmə icraatı qaydasında baxır və bu faktların müəyyən edilməsi məhkəmənin səlahiyyətindədir. Beləliklə, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı da hüquqi əhəmiyyəti olan bir faktdır, buna görə də bu məsələ ümumi məhkəmənin səlahiyyətində olmalıdır. Buna baxmayaraq məhkəmə qanunvericiliyin tələblərini pozmuş, nəticədə qanunsuz və əsassız qərardad qəbul etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-7002/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qeyd edilən Məcəllənin 10.8-1-ci maddəsinə əsasən, 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 7002/2024 qərardadı ləğv edilməli, qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 151.1 və 151.2-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndi ilə əsaslanmdırmışdır. Həmin bənddə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq əvvəla qeyd edir ki, ərizədən görünür ki, ərizəçi atası xx.xx.1957-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Quba rayonu, Qəçreş kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Hazırkı iş üzrə ölüm haqqında həkim şəhadətnaməsi olmadığından ərizəçi atasının ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət etməli olmuşdur. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin ərizənin qeyd olunan əsasla qəbul edilməsindən imtina edilməsi barədə mövqeyi işin faktiki halına uyğun olmadığı kimi, tərəfin qanunla müəyyən edilmiş məhkəmə müdafiəsi hüququnun da məhdudlaşdırılmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ təsbit edilmişdir. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanuni məhkəmə tərkibinin mövcudluğu və s. subyektiv elementləri ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarı). Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vаrdır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kоllegiyаsı bu qənaətə gəlir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-7002/2024 nömrəli qərardadı ləğv edilməli və ərizənin icraata qəbul edilib-edilməməsi məsələsinə qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 399 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-7002/2024 nömrəli qərardadı ləğv edilsin. Mülki iş Ərizəçi (Maraqlı şəxs) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinin icraata qəbul edilib-edilməməsi məsələsinə qərardadda sadalanan xüsusatlar nəzərə alınıb yenidən baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar