Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-47/2025 14.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X6 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz hərəkətlərin qarşısının alınması və ona məxsus torpaq sahəsinin qarşısında yığdığı mişar daşlarının cavabdehin hesabına götürülərək yığışdırılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, 2(027)-76/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim A.Babayev) İddiaçı Cavabdeh qarşı qanunsuz hərəkətlərin qarşısının alınması və ona məxsus torpaq sahəsinin qarşısında yığdığı mişar daşlarının cavabdehin hesabına götürülərək yığışdırılması tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş 100 manat məbləğdə dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh aralarında olan qonşu torpaq sahəsindən və ona məxsus torpaq sahəsinin qərb tərəfdən olan hissələrdən daş hasar çəkilməsinə dair etdiyi maneələrə və qanunsuz hərəkətlərinə son qoyulması, ona məxsus torpaq sahəsinin qarşısında yığdığı mişar daşlarının cavabdehin hesabına götürülməsi, cavabdehin təqsiri səbəbindən ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X1 Quba şəhəri XDS İK-nin xx.xx.1989-cu il tarixli 7 saylı qərarı İlə yaşayış evi tikmək məqsədilə Quba şəhəri 2-ci kvartal ərazisindən bir tərəfdən cavabdehin atası H.Sultanovla digər tərəfdən Oqtay Babaşovla qonşu olan 300 kv.m torpaq sahəsi verilmişdir. Qonşu, hazırkı cavabdehin atası H.Sultanov tərəfindən atasına verilmiş torpaq sahəsi qanunsuz zəbt edildiyinə görə atası M.Musayev onun həmin torpaq sahəsindən çıxarılması barədə Quba rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmənin 31 avqust 2006-cı il tarixli 2-366 saylı qətnaməsi ilə iddia təmin edilərək, X3 həmin zəbt etdiyi 300 kv.m torpaq sahəsindən çıxarılması qət olunmuşdur. Cavabdehin atası H.Sultanov həmin qətnamə ilə razılaşmadığından, apellyasiya şikayəti vermiş və Apellyasiya Məhkəməsinin 01 fevral 2007-ci il tarixli 2(105)-492/2007 nömrəli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəf apellyasiya məhkəməsinin həmin qətnaməsi ilə də razılaşmamış və Ali məhkəməyə kassasiya şikayəti vermiş, Ali Məhkəmədə Apellyasiya Məhkəməsinin qətnaməsini dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qətnamələrin icrası müddətində H.Sultanov həmin torpaq sahəsində qeyri-qanuni tikinti işləri aparmışdır. Ona görə də yenidən məhkəməyə həmin qeyri-qanuni tikilmiş tikintilərin sökülməsi barədə iddia qaldırılmış və Quba Rayon Məhkəməsinin 14 sentyabr 2007- ci il tarixli qətnaməsi ilə həmin iddia da təmin edilərək cavabdeh H.Sultanovun iddiaçı M.Musayevə məxsus Quba şəhəri 2-ci kvartal ərazisində O.Babaşov və cavabdeh H.Sultanova məxsus həyətyanı torpaq sahələrinin arasında yerləşən 300 kv.m həyətyanı torpaq sahəsindəki qeyri-qanuni tikdiyi tikililərin cavabdehin hesabına məcburi qaydada sökülməsi və torpaq sahəsinin iddiaçı M.Musayevə verilməsi qət olunmuşdur. Həmin qətnamənin icrası zamanı cavabdeh tərəf həmin qanunsuz tikililəri könüllü olaraq sökərək, torpaq sahəsini təhvil verdiyindən icra sənədinin icraatına xitam verilmişdir. Qeyd edir ki, 300 kv.m torpaq sahəsi üzrə ilkin sənədlər əsasında M.Musayevin adına xx.xx.2010-cu il tarixli ********** saylı qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş çıxarışa əsasən Quba rayon notariat kontoru tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 300 kv.m torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixdə anası X4 adına ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. X9 xx.xx.2021-ci il tarixdə 4ə-3514 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 300 kv metr torpaq sahəsini ona satmış və adına xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Beləliklə də, 300 kv.m torpaq sahəsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Bütün bunlara baxmayaraq Cavabdeh həmin torpaq sahəsindən ona istifadə etməyə maneələr törədir. Belə ki, onun iki qonşu arasında, yəni Tamilla ona atasından miras qalmış hazırda onun istifadəsində olan torpaq sahəsi ilə onun torpaq sahəsinin arasından daş hasar çəkməyə imkan vermir. Onun torpaq sahəsinin qarşısına qanunsuz olaraq mişar daşlarını yığaraq onun öz torpaq sahəsinə keçməyinə orada hasar çəkməyinə maneələr törədir. Hətta bir dəfə polisin köməkliyi ilə həmin yığılmış daşları fəhlə tutaraq öz torpaq sahəsinin qarşısına yığdırmışdır. Yenidən həmin mişar (kubik) daşlarını ona məxsus torpaq sahəsinin qarşısına yığmışdır. Dəfələrlə bu barədə ona irad bildirsə də, o bunlara əhəmiyyət verməyərək, onlara öz ərazilərində iş görməyinə imkan vermir. Gətirdiyi fəhlələrdən xəbər tutan kimi əsassız şikayətlər edir və onları iş görməyə imkan vermir. Cavabdeh tərəf atasının varisi kimi Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, atası M.Musayevin adına verilmiş çıxarışın ləğv edilməsi barədə iddia vermiş, həmin iddiası da təmin olunmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Quba Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın İddiaçı qonşu torpaq sahəsindən və ona məxsus torpaq sahəsinin qərb tərəfdən olan hissələrdən daş hasar çəkilməsinə dair maneələrə və qanunsuz hərəkətlərinə son qoyulması hissəsilə bağlı isə məhkəmə bildirir ki, iddiaçı bu hissədə tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, iddiaçı cavabdeh tərəfindən ona məxsus torpağa müdaxilə edilməklə hasar çəkilməsi barədə hər hansı dəlil səsləndirməmişdir. Belə olan halda, qonşu sahələr arasında olan sökülməsi mübahisələndirilməyən daş hasarın mərz qurğusunun olmasında marağı olan şəxs tərəfindən və qonşuların faktiki sahibliyi üzrə inşa edildiyi qənaətinə gəlinir. Həmin hasardan əlavə mərzin çəkilməsi isə yalnız iddiaçıya məxsus torpaq sahəsində mümkündür ki, cavabdehin buna hansı hərəkətlərlə maneə törətməsi mümkünlüyü müəyyən edilməmişdir”. Məhkəmənin gəldiyi nəticə ilə qətiyyən razılaşmır. Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********22 reyestr nömrəli çıxarışa əsasən, Quba şəhəri, Fətəlixan küçəsi, yerləşən 0.03 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi tam mülkiyyət hüququ ilə ona məxsus olması işin mübahisəsiz halıdır. Həmin torpaq sahəsində təyinatına əsasən yaşayış evi tikmək istəyərkən iş üzrə Cavabdeh torpaq sahəmin özünün torpaq sahəsi tərəfdən hasarla ayrılmasına imkan verməmiş, habelə torpaq sahəsinin küçə istiqamətində qapı qoyaraq hasar çəkməyinə imkan verməmiş, həmin istiqamətdə mişar daşları yığaraq torpaq sahəsinə girişi mümkünsüz etmişdir. Faktiki olaraq torpaq sahəsinə girərək orada nə hasar çəkməyinə, nədə ki, digər müvafiq işlərin görülməsinə (darvaza qoymaq, kommunikasiya xətlərinin çəkilməsi və s.) imkan verməmişdir. Bununla əlaqədar qanunla qorunan mülkiyyət hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etsə də, məhkəmə sonda guya torpaq sahəsinin qarşısına cavabdeh tərəfindən yığılmış mişar daşlarının oradan götürülməsini tələb etmək hüququnun olmaması barədə absud bir nəticəyə gəlmişdir. Məhkəmə məsələnin mahiyyətinə vara bilməmiş, əsassız və qanunsuz qətnamə çıxarmışdır. Məhkəmə yerli baxış keçirmədiyinə görə cavabdehin həyətyanı torpaq sahənin qarşısına yığdığı mişar daşlarının onun mülkiyyət hüququnun reallaşdırmasına törətdiyi maneələrin, habelə ara hasarının çəkilməsinə cavabdehin törətdiyi maneələrin aradan qaldırılmasının mahiyyətini dəqiqləşdirə bilməmişdir. Yuxarıda göstərildiyi kimi halhazırda da xüsusi mülkiyyətində olan 300 kv.m həyətyanı torpaq sahəsinə girə bilmir, orada hər hansı iş görə bilmir, arahasarı inşa edə bilmir, yaşayış evi tikə bilmir, həyətinə darvaza qoya bilmir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddianın təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini iddiaçının tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən, Quba şəhəri, Fətəlixan küçəsi, yerləşən 0,03 ha yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi maneənin aradan qaldırılması barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.4. maddəsi təşkil edir. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 157.4. maddəsi). Qeyd etmək lazımdır ki, hər bir şəxsin mülkiyyətində daşınar və daşınmaz əmlakı olar. Mülkiyyət hüququ şəxsin mülkiyyətində olan əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüququnun realizəsi ilə həyata keçirilir. Bu hüququnun həyata keçirilməsinə hər hansı bir müdaxilənin edilməsi qadağandır və belə bir qadağa mülkiyyət hüququna müdaxilə kimi dəyərləndirilir. Həmçinin o da nəzərə alınmalıdır ki, bu əşyanı mülkiyyətçinin sahibliyindən götürmədən mülkiyyət hüququnun həyata keçirilməsinə maneələr törədən hərəkətlərdən müdafiə üsuludur. Bu halda mülkiyyətçinin belə hərəkətlərə son qoyulmasını tələb etmək hüququ yaranır. Adətən belə maneələr mülkiyyətçinin öz əmlakından istifadə etmək səlahiyyəti pozulur. Çünki əmlak onun sahibliyindən çıxmır və onu həmin əmlak barəsində sərəncam vermək hüququndan məhrum etmir. Mövcud vəziyyətdə iddiaçı onun sahibliyində olmuş, tələbində göstərdiyi əmlakına cavabdeh tərəfindən törədilən mülkiyyət hüququna müdaxilənin aradan qaldırılmasından ötrü hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etsə də, iddianı rədd edən birinci instansiya məhkəməsi iddiaçının hazırkı tələbinin cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılmalı olmasına əhəmiyyət vermədən iş üzrə keçirilmiş müvafiq ekspert rəyinə istinadən cavabdehin iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunduğunun mötəbər sübutlarla təsdiq olunmamasına əsaslanmışdır. Məhkəmə kollegiyası tərəfindən işin ədalətli həlli məqsədilə mübahisəli əraziyə tərəflərin iştirakı ilə yerli baxış keçirmiş və bu zaman müəyyən edilmişdir ki, tərəflərə aid olan torpaq sahələri qonşu ərazidə yerləşir. İddiaçıya məxsus torpaq sahəsinin ön tərəfində yola baxan hissəsinə cavabdeh tərəfindən mişar daşları hörülməmiş vəziyyətdə üst-üstə cərgə ilə yığılaraq iddiaçının mübahisəli torpaq sahəsinə girişini mümkünsüz edir. Cavabdeh isə həmin ərazinin iddiaçıya yox, ona aid olduğunu bildirmişdir. Məhkəmə kollegiyası ekspert rəyinə gəldikdə isə qeyd edir ki, həmin rəydə də qeyd olunduğu kimi mişar daşlarının yerləşdiyi torpaq sahəsi iddiaçıya məxsus 0,03 ha yaşayış məntəqəli təyinatlı torpaq sahəsinin ön tərəfindən yerləşir. Göründüyü kimi cavabdeh tərəfindən yığılmış mişar daşları iddiaçıya məxsus torpaq sahəsinin ön hissəsində yerləşir və iddiaçının öz torpaq sahəsindən istifadəsinə maneçilik yaradır. Belə ki, iddiaçı ümumi istifadədə olan torpaq sahəsindən öz torpaq sahəsinə girişini məhz həmin sahədən istifadə etməklə təmin edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən maneələr törədildiyindən və bu maneələr məhkəmə kollegiyasında işin araşdırılmış hallarında da öz təsdiqini tapdığından, sonuncunun bu hərəkətləri iddiaçının mülkiyyət hüququna müdaxiləni qaçılmaz etdiyindən, maneələr aradan qaldırılmalı, iddiaçının mülkiyyətinə cavabdeh tərəfindən qəsd edən hərəkətlərə son qoyulmalı, torpaq sahəsinin qarşısında yığdığı mişar daşları cavabdehin hesabına həmin ərazidən yığışdırılmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 119.1. maddəsi). Ödənilmiş 100 manat məbləğdə dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı qonşu torpaq sahəsindən və ona məxsus torpaq sahəsinin qərb tərəfdən olan hissələrdən daş hasar çəkilməsinə dair Cavabdeh tərəfindən edilən maneələrə qanunsuz hərəkətlərə son qoyulsun, iddiaçıya məxsus torpaq sahəsinin qarşısında cavabdeh tərəfindən yığılmış mişar daşları cavabdehin hesabına həmin ərazidən götürülsün. Ödənilmiş 100 manat məbləğdə dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-47/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-47/2025
14.01.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver