Məhkəmə qərarları › İş №2(105)-482/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-482/2025

13.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-482/2025 13.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X12 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, Cavabdeh, Cavabdeh nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh, Abşeron rayon 2 saylı notariat ofisinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli e-2(012)-527/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia tələbinin təmin edilməsi, X6 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh adına xx.xx.2023-cü il tarixdə verilmiş ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-950/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər F.Məmmədov - sədrlik edən və məruzəçi, L.Rəhimli, İ.Dəmirov) apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-527/2024 nömrəli qətnaməsinin qismən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 360,4 kv.m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0,1 ha olan torpaq sahəsinin ½ hissəsində X6 ilə Cavabdeh arasında bağlanmış reyestrdə 4Ə-567 nömrə ilə qeydə alınmış xx.xx.2022-ci il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsi ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi və iddia tələbinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli qərarı ilə (hakimlər Z.Əliyev (məruzəçi), Z.Babayev və V.Baxışova) kassasiya şikayətlərinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-950/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iş yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh və Abşeron rayon 2 saylı notariat ofisinə qarşı bağışlama müqaviləsinin və müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, X6 və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinin etibarsız sayılması və bunun əsasında Cavabdeh adına xx.xx.2023-cü il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (qeydiyyat nömrəsi **********) ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X6 xx.xx.2022-ci il tarixdə, anası X5 isə xx.xx.2019-cu il tarixdə ölmüşdür. Onların birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi ünvanında 0.1 ha torpaq sahəsində yerləşən 2 nömrəli fərdi yaşayış evi miras qalmışdır. Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi ünvanında 0.1 ha torpaq sahəsində yerləşən 2 nömrəli fərdi yaşayış evinin çıxarışla mülkiyyətçisi X6 olmuşdur. İddiaçının atası X1, yəni xx.xx.2013-cü il tarixdə mülkiyyətçisi olduğu 0.10 ha torpaq sahəsindən 0,025 ha torpaq sahəsini qızı iddiaçı Məmmədova (Kərimzadə) İradə Ramiz qızına bağışlamışdır. Həmin bağışlama müqaviləsinə əsasən Məmmədova (Kərimzadə) İradə Ramiz qızı qeyd olunan torpaq sahəsinə xx.xx.2013-cü il tarixdə çıxarış almışdır. Sonradan, yəni 2017-ci ildə iddiaçı Məmmədova (Kərimzadə) İradə Ramiz qızı həmin torpaq sahəsinə (özünə aid olan hissədə) hasar çəkdirmək isdədikdə qardaşları X7 və Cavabdeh ona tikinti işləri aparmaqda imkan verməmişdir. Bununla əlaqədar olaraq iddiaçı Məmmədova (Kərimzadə) İradə Ramiz qızı maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi ilə X6 bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Məmmədova (Kərimzadə) İradə Ramiz qızının iddiası təmin olunmuş, X3 iddiası isə rədd olunmuşdur. İddiaçının atası Ramiz Məmmədov, qardaşları Balaəmi Məmmədov və Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, Ramiz Məmmədov savadsızdır, latın və kiril qrafikası ilə oxuyub yaza bilmir. Nəticədə xx.xx.2013-cü il tarixli evin həyətyanı torpaq sahəsinin bağışlama müqaviləsi tərəflərin iradə ifadəsini əks etdirmədən bağlanması qənaəti məhkəmə kollegiyasında formalaşdığından hesab etmişdir ki, həmin müqavilə onların iradə ifadəsi kimi bağlanılmış hesab edilə bilməz. Bu səbəbdən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Sonradan iddiaçı Məmmədova (Kərimzadə) İradə Ramiz qızı (anasının ölümündən sonra) 2022-ci ildə Abşeron Rayon Məhkəməsinə vərəsəlik hüququnun tanınması və anasına düşən paydan onun payının müəyyən edilməsinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin MTT(012)-101/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, “cavabdeh X3 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi ünvanında 0.1 ha torpaq sahəsində yerləşən 2 nömrəli fərdi yaşayış evinin üzərinə həbs qoyulsun, həmin evin özgəninkiləşdirilməsi cavabdeh X4 qadağa edilsin”. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Abşeron rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Buna baxmayaraq iddiaçının atası X6 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi ünvanında 0.1 ha torpaq sahəsində yerləşən 2 nömrəli fərdi yaşayış evinin üzərinə həbs qoyulmasına baxmayaraq, uydurma əqd əsasında notariat orqanında iddiaçının qardaşı Cavabdeh mübahisəli mülki bağışlamışdır. Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi ünvanında 0.1 ha torpaq sahəsində yerləşən 2 nömrəli fərdi yaşayış evi onların ata mülküdür. Bundan sonra İddiaçı atasından miras qalmış əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi məqsədilə notariat orqanına müraciət etmişdir. Müraciətdən 6 ay keçdikdən sonra vərəsəlik şəhadətnaməsi üçün notariat orqanına gəldikdə ona məlum olmuşdur ki, atası ölümündən bir neçə ay əvvəl mübahisəli mülkü, yəni Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi ünvanında yerləşən 0.1 ha torpaq sahəsində tikilmiş 2 nömrəli fərdi yaşayış evini xx.xx.2022-ci il tarixdə Abşeron rayon 2 saylı notariat ofisində daşınmaz əmlakın bağışlanması müqaviləsilə qardaşı Cavabdeh bağışlamışdır. Bunun əsasında isə qardaşı Cavabdeh xx.xx.2023-cü il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarış almışdır (qeydiyyat nömrəsi **********). Qeyd etmək istəyir ki, aşağıda göstərilən səbəblərə görə xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi etbarsız hesab olunmalıdır. 1. Həmin bağışlama müqaviləsi iddiaçı Məmmədova (Kərimzadə) İradə Ramiz qızı məhkəməyə müraciət etdikdən sonra bağlanmışdır. 2. Bağışlama müqaviləsi bağlanılarkən mübahisəli mülkə həbs qoyulmuşdur. 3. Məhkəmənin gəldiyi qənaətə görə Ramiz Məmmədov savadsızdır, latın və kiril qrafikası ilə oxuyub yaza bilmir. 4. İddiaçı vərəsəlik hüququndan məhrum olmuşdur. 5. Bağışlama müqaviləsi bağlanıldıqdan bir neçə ay sonra Ramiz Məmmədov ölmüşdür, ehtimal edir ki, həmin vaxt xəstə olmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Abşeron Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə MM-in 331.4-cü maddəsini səhv tətbiq etmişdir. Belə ki, həmin maddi normaya görə yalnız fiziki qüsuru olan və savadsızlığına görə imza edə bilməyən şəxsin bağladığı əqd zamanı başqa şəxs onun əvəzinə imza etməlidir. Atası isə savadsız deyil, orta təhsili var, heç bir qüsuru da yoxdur. Belə olan təqdirdə məhkəmənin hazırkı maddi normaya əsaslanaraq əqdi etibarsız hesab etməsi qanunsuz olmuşdur. İddiaçı 2022-ci ildə atasına, ona və qardaşına qarşı anasının mirasına vərəsəlik payının tələbi barədə iddia qaldırmışdır. Həmin məhkəmədə atası da iştirak edirdi və bildirdi ki, bu evi artıq oğluna, yəni ona bağışlayıb və məhkəməyə həmin evin onun adına olan çıxarışını da təqdim etdi. Həmin iş tələb edilib baxış keçirilərsə, deyilənlər öz təsdiqini tapacaq. Məhz buna görə də iddiaçı iddiasının perspektivsizliyini başa düşərək iddiasını geri götürdü. İş materiallarından və iddiaçının öz izahatından da görünür ki, 2022-ci ilin may ayında anasının əmlakından miras payını tələb etmək barədə iddia verərkən məhkəmədə ona məlum olmuşdur ki, artıq anasının adına əmlak yoxdur və əmlak atasının adına keçmiş və atası tərəfindən ona bağışlanmışdır. İddiaçı məhz buna görə iddia ərizəsini geri götürdü. Yəni, 2022-ci ilin may-iyun ayından artıq ona məlum idi ki, ev ona bağışlanıb. Lakin iddiaçı hazırkı iddia ilə məhkəməyə 2023cü ilin sonunda, 1 il müddət keçəndən sonra müraciət etməklə etibarsız əqdlər üzrə müddəti keçirmişdir. Bu müddət də kəsici müddət olduğu üçün iddiaçının belə bir iddia vermək hüququna xitam verir. Ona görə də, məhkəmə bu maddi normanı da tətbiq edərək iddianı rədd etməli idi. Amma bunu etməməklə maddi normanın tələblərini pozmuşdur. Məhkəmənin MPM-in 82.3-cü maddəsinə istinad edərək iddiaçı ilə atası arasında olan məhkəmə qətnaməsindəkiləri bu mübahisəyə tətbiq etməsi də qanunsuz olmuşdur. Məhkəmənin isə istinad etdiyi qətnamədə tərəf olmamışdır və deməli həmin qətnamədə göstərilənlər bu işdə tətbiq edilə bilməzdi. Bundan əlavə, bu nəticəyə gəlmiş məhkəmənin məntiqindən belə çıxır ki, atasını bir əqddə aldadıblarsa, deməli bu şəxsin bağladığı bütün əqdlər həmin əsaslarla etibarsız hesab edilməlidir? Bu isə qanunsuz nəticə və məntiqsiz bir dəlildir. Bacısı atasını aldatdığı üçün o vaxt məhkəmələr əqdi etibarsız hesab etmişdi və həmin iddianı da məhz atası qaldırmışdı və iddiasında da bildirmişdi ki, qızı onu aldadıb əqdə imza etdirib. Bu işdə isə atası tam öz iradəsilə və imzası ilə evi ona bağışlayıb, iddiaçı ilə olan 2022-ci il məhkəmə mübahisəsində də birbaşa deyib ki, evi oğluna, yəni ona bağışlayıb və onun adına olan çıxarışı da məhkəməyə təqdim edib. Ona görə də məhkəmənin gəldiyi bu nəticə qanunsuz və əsassızdır. Məhkəmə bu nəticəyə gələrkən işin həqiqi hallarını tam və obyektiv araşdırmamış, atasının öz iradəsi ilə iddiaçıya qarşı iddia qaldırıb evini özünə qaytarmasına və bundan sonra könüllü olaraq evi ona bağışlaması faktına düzgün hüquqi qiymət verməmişdir. Atasının savadsız olması, bağladığı əqddə iradəsini bildirə bilməməsi kimi məhkəmənin gəldiyi nəticələr iş materialları ilə sübuta yetməmişdir. Əksinə, atası orta savadlıdır və bu barədə attestatı var, atası bundan əvvəl məhkəmədə iddiaçıya qarşı iddia qaldırmaqla savadlı olmasını, öz iradəsini irəli sürmək qabiliyyətində olmasını və öz hüquqlarını bilərək onları müdafiə edə bilməsini sübut etmişdir. Ona görə də məhkəmənin gəldiyi nəticə (atasının savadsızlığı, iradə ifadəsinin olmaması və sairə) sübuta yetməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçinin nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh Abşeron rayon 2 saylı notariat ofisinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini qüvvədə olan məhkəmə aktı ilə torpağın mülkiyyətçisi olan Ramiz Məmmədovun mübahisəli torpaq sahəsini İddiaçı (Məmmədovaya) bağışlamaq niyyəti olmaması, həmin qətnamə ilə Ramiz Məmmədovun əqd bağlaması üçün savadsız və yaşlı olması halının müəyyən edilməsi, hazırki iddia ərizəsində etibarsızlığı tələb olunan bağışlama müqaviləsinin yuxarıdakı əqddən 9 il sonra (2013-2022) bağlanması, bağışlayanın eyni şəxs olması nöqteyi nəzərindən Ramiz Məmmədovun əqdi bağlamağa iradə ifadəsi olmaması və etibarsız olması ilə əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qismən - ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 360,4 kv.m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0,1 ha olan torpaq sahəsinin ½ hissəsində X6 ilə Cavabdeh arasında bağlanmış reyestrdə 4Ə-567 nömrə ilə qeydə alınmış xx.xx.2022-ci il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsində ləğv edərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi və iddia tələbinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul etmiş, bu nəticədən narazı qalan iddiaçı qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən gəldiyini nəticəni mübahisəyə mahiyyəti üzrə baxan məhkəmənin işin müəyyən edilmiş halları ilə Mülki Məcəllənin uydurma əqd barədə 340.1-ci maddəsinin dispozisiya şərtləri arasında uyğunluğa dair hüquqi dəyərləndirmə aparılmadığını, Mülki Məcəllənin 340.1-ci maddəsi çərçivəsində araşdırma aparmamasını, həmin normanı ümumiyyətlə işə tətbiq etməməsi, hazırki işin halları baxımından İddiaçı mübahisəli əşyaya olan əmlak mənafeyi vərəsəlik hüququna dayanan əsaslarla belə yoxlanılmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. İddiaçı və cavabdehin bacı-qardaş olmaları, onların valideynləri olan X6 ilə X5 xx.xx.1971-ci ildə nikah bağlamaları, Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsində 0,10 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 360,4 kv.m olan 2 saylı ev X3 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********63-10301 reyestr nömrəsi ilə qeydiyyata alınması, X2 xx.xx.2019-cu ildə, X3 xx.xx.2022-ci il tarixdə vəfat etməsi işin mübahisəsiz halıdır. İşdən görünür ki, iddiaçı mübahisəli daşınmaz əşya üzərində özünün də mülkiyyət (vərəsəlik) hüququna istinad edərək, əşyanı Ramiz Məmmədov tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh bağışlanması haqqında müqavilənin etibarsız hesab edilməsini, həmin əqd əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh tam mülkiyyət hüququna dair aparılmış qeydiyyatın ləğv edilməsini tələb etmiş, Cavabdeh isə sözügedən müqavilənin qanunvericiliyə uyğun qaydada bağlandığına istinadən iddiaya etiraz edir. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisə predmeti olan əşyaya dair dövlət reyestrində Cavabdeh adına aparılmış qeydiyyatın əsasında xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi dayanır. Həmin müqavilə ilə X16 rayonu, Xırdalan şəhəri Ş.Qurbanov küçəsində 0,10 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 360,4kv.m olan 2 saylı evi və onun yerləşdiyi 0,10 ha torpaq sahəsini Azər Məmmdova hədiyyə etmişdir. Sözügedən müqavilənin etibarlığı hazırki işin araşdırma predmeti təşkil edir. İddiaçı tələbinin faktiki əsası kimi atası Ramiz Məmmədov sağlığında - xx.xx.2013-cü ildə torpaq sahəsinin 0,025 ha hissəsini ona bağışlamış, bundan sonra 2017-ci ildə o, özünə aid olan hissədə hasar çəkdirmək istədikdə qardaşları Azər və Balaəmi Məmmədovlar buna imkan verməmişlər. Bununla bağlı nəinki qardaşları ilə, həm də atası Ramiz Məmmədovla mübahisəsi yaranmış və yekunda məhkəmə aktı ilə ona edilmiş bağışlama etibarsız hesab edilmişdir. Anasının ölümündən sonra - 2022-ci ildə məhkəməyə müraciət edərək mübahisəli daşınmaz əşyaya anasına düşən paydan vərəsəlik hüququ üzrə onun payının müəyyən edilməsini tələb etmiş və eyni zamanda onun ərizəsi əsasında Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Abşeron rayonu, Xırdalan şəhəri Ş.Qurbanov küçəsindəki 0.10 ha torpaq sahəsində yerləşən 2 saylı fərdi yaşayış evinin üzərinə həbs qoyulmuş, həmin evin özgəninkiləşdirilməsi cavabdeh X4 qadağa edilmişdir. Buna baxmayaraq atası Ramiz Məmmədov xx.xx.2022-ci ildə əmlakı uydurma əqd əsasında qardaşı Cavabdeh bağışlamışdır. Göründüyü kimi, iddiaçının dəlilləri ilk növbədə bağışlama müqaviləsinin uydurma olmasına əsaslanır. Belə olan halda məhkəmə kollegiyası işin müəyyən edilmiş halları ilə Mülki Məcəllənin 340.1-ci maddəsinin dispozisiya şərtləri əsasında dəyərləndirmə aparılmasını zəruru hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbini təmin edən birinci instansiya məhkəməsi mahiyyəti üzrə düzgün nəticəyə gəlsə də, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericilik normalarını mübahisəyə düzgün tətbiq etməmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Baxılan iş üzrə iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədədir. İddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 340.1, 140, 141.1,141.2, 141.3-cü maddələri nəzərdən keçirilə bilər. Məlum olduğu kimi, Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, uydurma əqd əhəmiyyətsizdir. Normanın məzmunundan göründüyü kimi uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətirmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır. İşdən görünür ki, X6 ilə X8 xx.xx.1971-ci il tarixdə nikaha daxil olmuş, X11 Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 587 saylı sərəncamı ilə Abşeron rayonu, Xırdalan qəsəbəsinin 22-ci məhəlləsində fərdi yaşayış evinin tikintisi üçün 0.10 ha torpaq sahəsi ayrılmış və həmin ünvanda, ümumi sahəsi 360,4 kv.m olan 2 saylı ev Ramiz Məmmədov adına xüsusi mülkiyyət hüququ əsasında ilkin olaraq xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2013-cü ildə torpaq sahəsinin 0,025 ha hissəsi Ramiz Məmmədov tərəfindən iddiaçya bağışlanmış, sonuncu 2017-ci ildə torpaq sahəsinin həmin hissəsində hasar çəkmək istədikdə qardaşları Azər və Balaəmi Məmmədovlar buna imkan verməmiş, nəticədə qardaşları ilə atası Ramiz Məmmədovla yaranmış mübahisənin yekunda məhkəmə aktı ilə ona edilmiş bağışlama etibarsız hesab edilmişdir. Anasının ölümündən sonra iddiaçı 2022-ci ildə mübahisəli daşınmaz əşyaya anasına düşən paydan vərəsəlik hüququ üzrə onun payının müəyyən edilməsini tələb etmiş və eyni zamanda onun ərizəsi əsasında Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı 2 saylı fərdi yaşayış evinin üzərinə həbs qoyulmaqla, həmin evin özgəninkiləşdirilməsinin cavabdeh Ramiz Məmmədova qadağan edilmişdir. Lakin buna baxmayaraq atası Ramiz Məmmədov ölümündən təxminən 4 ay əvvəl mübahisəli əmlakı miras aktivindən çıxarmaq məqsədilə həmin əmlakı uydurma əqd əsasında oğlu Cavabdeh bağışlamışdır. Nəzərə alınmalıdır ki, yalan əqd də uydurma əqd kimi görünüş xarakteri daşıyır. Yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yalnış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqdir (Mülki Məcəllənin 337.1. və 337.3-cü maddələri). Bu baxımdan məhkəmə kollegiyas hesab edir ki, X6 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməlidir. İddia tələbinin müqavilə əsasında Cavabdeh adına xx.xx.2023-cü il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (qeydiyyat nömrəsi **********) ləğv edilməsi hissəsinə gəldikdə isə qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir (Mülki Məcəllənin 141.1, 141.2, 141.3-cü maddələri). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, X6 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edildiyindən, həmin müqavilə əsasında Cavabdeh adına xx.xx.2023-cü il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (qeydiyyat nömrəsi **********) ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. X6 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli bağışlanma müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh adına xx.xx.2023-cü il tarixdə verilmiş ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar