Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-511/2022 13.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(060)-8177/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddianın rədd edilməsi, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 100 ədəd «Lusia» ətiri hər biri 15 manat olmaqla 1500 manat, 100 ədəd «Giordani Qold» ətiri hər biri 18 manat olmaqla 1800 manat, 100 ədəd «Elvie» ətri hər biri 15 manat olmaqla 1500 manat, 100 ədəd «Dima Bilan» ətri hər biri 15 manat olmaqla 1500 manat, 100 ədəd «Divine» ətri hər biri 18 manat olmaqla 1800 manat, 100 ədəd «Eclat» ətri qadın üçün hər biri 18 manat - 1800 manat, 100 ədəd «Eclat» ətri kişi üçün hər biri 18 manat olmaqla 1800 manat, 100 ədəd «Volare» ətri hər biri 15 manat olmaqla 1500 manat, 50 ədəd «Miss O» ətri hər biri 14 manat -700 manat, 50 ədəd «Midsummer» ətri qadın üçün hər biri 15 manat -750 manat, 50 ədəd «Midsummer» ətri kişi üçün hər biri 15 manat-750 manat, 100 ədəd «Eclat Femme» ətri hər biri 22 manat-2200 manat, 100 ədəd «Miss O» ətri hər biri 14 manat olmaqla-1400 manat, 100 ədəd « Amber Elixir» ətri hər biri 22 manat-2200 manat, 50 ədəd «Royal velvet» gündüz kremi hər biri 15 manat olmaqla-750 manat, 50 ədəd «Royal Velvet» gecə kremi hər biri 17 manat -850 manat, müxtəlif duş qelləri - 1500 manat olan malların,həmin malları vermədiyi halda onların dəyərinin, 30 manat köçürdüyü dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehi «Orifleym» kosmetik mallarının satışı ilə məşğul olan bir şəxs kimi tanımışdır. Cavabdeh 2015-ci ildə ona bildirdi ki, nəğd ödəniş əsasında ona nisbətən aşağı qiymətə satmaq üçün kosmetik mallar təşkil edə bilər. O, cavabdehə inanaraq pulunu da qabaqcadan ödəmək şərti ilə cavabdehə aşağıdakı çeşidlərdə kosmetik mallar sifariş vermişdir: 100 ədəd «Lusia» ətiri hər biri 15 manat olmaqla 1500 manat, 100 ədəd «Giordani Qold» ətiri hər biri 18 manat olmaqla 1800 manat, 100 ədəd «Elvie» ətri hər biri 15 manat olmaqla 1500 manat, 100 ədəd «Dima Bilan» ətri hər biri 15 manat olmaqla 1500 manat, 100 ədəd «Divine» ətri hər biri 18 manat olmaqla 1800 manat, 100 ədəd «Eclat» ətri qadın üçün hər biri 18 manat - 1800 manat, 100 ədəd «Eclat» ətri kişi üçün hər biri 18 manat olmaqla 1800 manat, 100 ədəd «Volare» ətri hər biri 15 manat olmaqla 1500 manat, 50 ədəd «Miss O» ətri hər biri 14 manat -700 manat, 50 ədəd «Midsummer» ətri qadın üçün hər biri 15 manat -750 manat, 50 ədəd «Midsummer» ətri kişi üçün hər biri 15 manat-750 manat, 100 ədəd «Eclat Femme» ətri hər biri 22 manat-2200 manat, 100 ədəd «Miss O» ətri hər biri 14 manat olmaqla-1400 manat, 100 ədəd « Amber Elixir» ətri hər biri 22 manat-2200 manat, 50 ədəd «Royal velvet» gündüz kremi hər biri 15 manat olmaqla-750 manat, 50 ədəd «Royal Velvet» gecə kremi hər biri 17 manat -850 manat, müxtəlif duş qelləri - 1500 manat. Cavabdeh bu malların pulunu ondan alsa da, həmin malları sonradan ona çatdırmamış və ona bu illər ərzində əsassız bəhanələr gətirməklə gözlətmiş, lakin sonda isə ona bildirmişdir ki, şirkəti işlədə bilmədiyi üçün şirkət müflis olub və bu səbəbdən də həmin malları ona verə bilməyəcəkdir. Ona sonradan o, da məlum oldu ki, cavabdeh yalnız onu deyil, ondan başqa da bir çox şəxsləri aldatmış və onlara mallar verəcəyi adı ilə aldatmaqla pullarını əllərindən almış və qaytarmamışdır. Onlar bu qadının əməlləri ilə bağlı Sumqayıt şəhər Polis idarəsinə şikayət etmiş və həmin şikayətləri əsasında aparılmış araşdırma zamanı cavabdeh mal satmaq məqsədi ilə ondan pul aldığını qismən etiraf etmişdir. Halbuki cavabdeh ondan mal vermək adı ilə yanaşı ondan borc pul da almış, lakin həmin pulun verilməsi ilə bağlı qəbz olmadığı üçün onu məhkəmədə təsdiq edə bilmədiyindən həmin pul tələbinə dair iddiası təmin olunmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə birtərəfli və qeyri-obyektiv mövqe nümayiş etdirmiş və 1 dənə də olsun maddi hüquq normasına istinad etmədən onun iddia tələbini rədd etmişdir. Halbuki cavabdehin özünün polisdə verdiyi izahatı da onun pul almasını, lakin işlətdiyi şirkətin müflis olması səbəbindən borcunu ödəyə bilməməsi öz təsdiqini tapır. Məhkəmə hazırki mübahisəyə AR Mülki Məcəlləsinin 21,1096 və 1097-ci maddələrinə istinad etməklə qiymət verməli olduğu halda bunu etməmişdir. Qətnamə prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Onun qarşı tərəfə pul verməyilə bağlı mübahisə üzrə qəbul edilmiş qətnamələrə istinad etməklə qətnamə qəbul etmiş və bununla da birtərəfli mövqeyini nümayiş etdirmişdir İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayan iddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, cavabdeh Sumqayıt ərazisində yerləşən "xxxx" MMC kosmetik malların satışı şirkətində işləmiş və kosmetik malların satışı ilə məşğul olmuşdur. Hazırkı iş üzrə iddia tələbi əmlak və ya onun dəyərinin ödənilməsi barədədir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 567-ci maddəsi təşkil edir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (Mülki Məcəllənin 567-ci maddəsi). Maddənin məzmunundan da göründüyü kimi, alqı-satqı müqaviləsi satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verməyi, alıcının isə həmin əşyanı qəbul edərək, əvəzində müəyyənləşdirilmiş pul məbləğini, yəni əşyanın qiymətini satıcıya ödəyəcəyi haqqında razılaşmadır. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 567, 568, 598-ci maddələrinin tələblərinə əsasən alqı-satqı müqaviləsi tərəflər üçün konkret hüquq və vəzifələr yaratdığından, satılmış əmlakı öz mülkiyyətinə almaq hüququ qarşısında alıcı onun qiymətini şərtləşdirilmiş pul məbləğini satıcıya ödəməli, satıcı da müqavilənin predmeti olan əşyanı alıcının mülkiyyətinə verməyi öz öhdəsinə götürür. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88ci maddələri). Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun 16.11.2016-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, sübut etmə yükü üzərinə düşən iddiaçı ilk növbədə alqı-satqı müqaviləsinin bağlanması və Mülki Məcəllənin 599-cu maddəsinə əsasən alıcı müqavilə üzrə əşyanı satıcıdan təhvil almazdan əvvəl onun qiymətinin tam və ya qismən ödənilməsini sübut etməli olduğu halda, bunu təsdiq edən tutarlı sübut məhkəməyə təqdim etməmişdir. Halbuki iddiaçı sübut etmə yükündən o zaman azad oluna bilər ki, cavabdeh bunu mübahisələndirməsin. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, tərəflər arasında pul tələbi ilə bağlı əvvəllər mübahisə olmuş və qüvvədə olan məhkəmə aktına əsasən iddiaçının bu tələbi təmin edilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göründüyü kimi, öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyan iddiaçı tələbində göstərdikləri halları təsdiq edən heç bir sübut təqdim etməmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-511/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-511/2022
13.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver