Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-512/2023 07.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Fərmanovanın cavabdeh Kəlbiyeva (Məhərrəmova) Gülgün Yusif qızına qarşı mülki iş üzrə (Açar sözlər: əmlak tələbinə dair) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X9 və X6 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Kəlbiyeva (Məhərrəmova) Gülgün Yusif qızının iştirakı ilə, İddiaçı cavabdeh Kəlbiyeva (Məhərrəmova) Gülgün Yusif qızına qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)- 4609/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Kəlbiyeva (Məhərrəmova) Gülgün Yusif qızına qarşı qızıl-zinət əşyalarının qaytarılması barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ona hədiyyə olunmuş 1 ədəd qızıl nişan üzüyünün və 1 cüt ortası zümrüd, ətrafı brilyant qaşlı qızıl sırğanın cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu Samir Məhərrəmov cavabdeh Məhərrəmova (Kəlbiyeva) Gülgün Yusif qızı ilə rəsmi nikaha girmiş və onlar arasında Sumqayıt "ASAN Xidmət" mərkəzi qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixli, 2205 saylı nikah qeydə alınmışdır. Birgə nikahdan onların uşaqları olmamışdır. Gəlinin yaxın qohumlarının müdaxiləsindən ailədə söz-söhbət yaranmış, bu da Gülgünün özbaşına evdən getməsi və nikahın pozulması ilə nəticələnmişdir. Suraxanı Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 2(010)-2464/2022 saylı qətnaməsi ilə onların nikahları pozulmuşdur. Cavabdeh 2021-ci il oktyabr ayının ortalarında anası onlarda olarkən, evdən getməmişdən bir həftə öncə anası ilə ev əşyalarını göndərmiş, 2021-ci il oktyabr ayının 21-də isə onlardan xəbərsiz birgə yaşadıqları evdən qaçıb getmiş və ona hədiyyə kimi alınmış qızıl-zinət əşyaları ilə bərabər ailə quran zaman ona hədiyyə olunmuş bir ədəd 816 manat dəyərində qızıl nişan üzüyünü və 1200 manat dəyərində bir cüt ortası zümrüd, ətrafı isə brilyant qaşlı qızıl sırğanı özü ilə aparmışdır. Cavabdeh evdən gizli qaçdıqdan sonra o, qızıl-zinət əşyalarını yoxlayarkən aydın olmuşdur ki, Gülgün ona hədiyyə olunmuş yuxarıda qeyd edilən qızıl-zinət əşyalarını özü ilə aparmışdır (bu fakt onlara yazılan SMSlə təsdiq olur). Cavabdeh Məhərrəmova Gülgün evdən getdikdən sonra ona hədiyyə olunmuş üzük və sırğanı geri qaytarması üçün bir neçə dəfə anasına, özünə telefon vasitəsi ilə demiş, bu barədə SMS göndərmişdir. Lakin o, həmin qızıl-zinət əşyaların könüllü qaytarmaqdan imtina etmiş və bildirmişdir ki, gəlin kimi həmin qızıl-zinət əşyaları da ona çatır, buna görə də onları aparıb. Halbuki dəfələrlə ona demişdir ki, həmin qızıl-zinət əşyaları hədiyyədir və ona məxsusdur. Həmin qızılların ona hədiyyə olunması fotoşəkillərlə təsdiq olunur. Abşeron Rayon Məhkəməsinin 2(012)-4609/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Məlahət Abbasova). Birinci instansiya məhkəməsi mövqeyini bununla əsaslandırmışdır ki, iddianın əsasını təşkil edən hallar məhkəmə iclasında sübuta yetirilməmişdir, iddiaçı tərəfindən iddia predmetini təşkil edən əmlaklarla bağlı kifayət qədər sübut məhkəməyə təqdim edilməmiş, habelə məhkəmə iclasında dinlənilmiş şahid ifadələri arasında ziddiyətli məqamlar mövcud olmuşdur. Sadalananlar əsasında məhkəmə iddianı təmin etməmiş, və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, MPM-nin 119.1, 77.1, 88 və 217.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)- 4609/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə analoji məzmun daşıyan apellyasiya şikayətində qeyd edir ki, qətnamə tamamilə qanunsuz və ədalətsizdir. Məhkəmə onun tərəfindən təqdim olunan sübutlara obyektiv qiymət verməmişdir. Belə ki, mübahisə edilən qızıl-zinyət əşyalarının cavabdeh tərəfindən aparılması və onda olması iş materiallarına əlavə edilmiş smsyazışmalar, “cd” diskdə olan telefon danışığı və şahid ifadələri ilə təsdiq edildiyi halda, məhkəmə sübutların yetərsizliyi əsası ilə iddianı rədd etmişdir. Birinci instansiya məhkəməsi məhkəməyə təqdim olunan cd-diski tədqiq etməyib, şahid Hürü Məhərrəmovanın dindirilməsi zamanı prosessual qanunvericiliyin tələbini pozub, habelə şahid ifadəsi qətnamədə düzgün qeyd olunmayıb. Göründüyü kimi məhkəmə iş üzrə səthi araşdırma aparmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş və nəticədə əsassız, qanunsuz qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iddiaçı Gülnarə Məhərrəmovna şikayətinin dəlillərini müdafiə edərək, bildirdi ki, iddiada tələb olunan qızılzinyət əşyaları ona mərhum qaynanası tərəfindən hədiyyə edilən qızıllardır. Yəni həmin qızıllar cavabdehə hədiyyə kimi bağışlanmamışdır. İddiaçının oğlu onkoloji xəstə olduğundan, onun müalicəsi üçün iddiaçı bəzi qızıllarını lombarda qoyub pul götürmüşdü. Həmin vaxt mübahisəli qızılları iddiaçıya saxlamaq üçün vermis, hətta ona bildirmişdir ki, həm iddiaçının qırılan qızıl-zinyət əşyasını, həm də mübahisəli qızıl zinyət əşyasını (iddiaçı yod məhlulu istifadə edərkən zədələdiyi) təmir etdirəcəkdir. Lakin cavabdeh onlara məlum olmayan səbəbdən evi tərk etmiş və daha sonra aydın olmuşdur ki, o gedərkən bütün qızıl-zinyət əşyalarını, həmçinin iddiaçıya məxsus qızıl-zinyət əşyalarını da aparmışdır. Məhkəmə isə təqdim olunan sübutlar ətrafında dəqiq araşdırma aparmamış, nəticədə əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iddiaçı Gülnarə Məhərrəmovnanın nümayəndəsi və vəkili Vəkil2 şikayətin dəlillərini müdafiə etdi, əlavə etdi ki, məhkəmə hüquqi əsası olan və lazımi sübutlarla təsdiq edilən iddia tələbini təmin etməmişdir. Məhkəmə iş materiallarına əlavə edilən iddiaçı ilə cavabdehin atası arasında baş tutan telefon danışığına dair səs yazısını əks etdirən cd diskə sübut kimi qiymət verməmişdir. Bu barədə qətnamədə heç bir əsaslandırma aparılmamışdır. Bununla yanaşı şahid qismində ifadə verən Hürü Məmmədovanın ifadəsi qətnamədə yanlış qeyd edilmiş, habelə qətnamədə şahid ifadələrində ziddiyət olsa da, bu ziddiyətlərin mahiyyəti aydınlaşdırılmamışdır. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında Cavabdeh (Məhərrəmova) şikayəti qəbul etmədiyini bildirdi. Əlavə etdi ki, o iddiaçının oğlu ilə ailə qurduqdan sonra ona məxsus qızıl-zinyət əşyaları daimi olaraq iddiaçıda qalmışdır. Yalnız toydan-toya iddiaçının icazəsi ilə həmin əşyalardan istifadə edib. İddiaçının oğlu ilə cavabdeh arasındakı nikaha xitam verildikdən sonra, o iddiaçı tərəfdən cehiz əşyalarının qaytarılmasını xahiş etdi. Lakin onlar razılaşmadılar. Bundan sonra cavabdeh iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etdiyindən xəbər tutub, o da cehiz əmlaklarının qaytarılması barədə iddia tələbi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddiada tələb olunan əmlaklar sırasında iddiaçının hazırkı tələblə ondan istədiyi qızıl-zinyət əşyaları da vardır. İddiada mübahisələndirilən qızıl-zinyət əşyaları ona qaynanası, yəni iddiaçı tərəfindən bağışlanılmışdır. Həmin qızılları iddiaçının necə əldə etməsi isə ona məlum deyildir. Onun həmin qızıllarla bağlı hər hansı fotosu yoxdur. Daha sonra bildirdi ki, onun özünə məxsus olan, o cümlədən iddiaçının tələb etdiyi qızıl-zinyət əşyaları iddiaçının özündədir. O evdən gedərkən özü ilə hər hansı qızıl-zinyət əşyası aparmamışdır. İş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Ona görə də şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152 mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 225.2 Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-4609/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan xx.xx.2022-ci il tarixdə tərtib olunmuş iddia ərizəsindən görünür ki, X1 Gülnarə Fərmanovnaya və X3 qarşı cehiz əmlakın və qızıl-zinət əşyalarının qaytarılması barədə iddia ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-2464/2022 saylı qətnaməsindən görünür ki, X2 X3 qarşı iddiası təmin edilmiş və tərəflər arasında xx.xx.2017-ci il tarixdə qeydə alınmış nikah pozulmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən tutarlı əsaslar gətirilməmiş, o, iddiada qeyd olunan qızıl-zinyət əşyalarının cavabdehdə olmasını bildirsə də, bu hissədə, sübutetmə yükü onun üzərinə düşməsinə baxmayaraq sübut edə bilməmişdir və əsaslı şübhələrdən kənar hər hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı sözügedən qızıl-zinyət əşyalarının ona qaynanası tərəfindən hədiyyə edildiyini, o isə həmin qızılların müvəqqəti saxlanılması üçün cavabdehə verdiyini və sonuncunun evi tərk etməsi zamanı öz qızılları ilə birlikdə məhz həmin qızılları da aparmasını bildirsə də, həmçinin məhkəmə iclasında ifadə vermiş şahid ifadələri də yuxarıda qeyd olunan hallarla qismən uyğun təşkil etsə belə, sadalananlar məhkəmə araşdırması zamanı əsaslı sübutlarla öz təsdiqini tapmadığından bu formada hazırkı iddia tələbi təmin edilə bilməz. Məhkəməyə sözügedən qızıl-zinyət əşyalarının cavabdehdə olmasının təsdiqi qismində təqdim edilən cd-disklə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin materialda qeyd olunan səs yazılarında konkret olaraq hansı qızıl-zinyət əşyalarından söhbət getdiyi anlaşılan deyildir. Həmçinin iş materiallarında olan sms yazışmaların məzmunundan, habelə şahid ifadələrindən yuxarıda sadalanan proseslərin (qızıl-zinyət əşyalarının iddiaçı tərəfindən cavabdehə müvəqqəti saxlanmağa verilməsi, sonuncunun həmin qızılları məhz həmin məqsədlə qəbul etməsi, eləcə də onun tərəfindən aparılması və iddiaçıya qaytarılmaması) mövcudluğu müəyyən edilmir. Əksinə cavabdeh sözegedən qızıl-zinyət əşyalarının iddiaçı tərəfindən ona hədiyyə kimi bağışlanıldığını, bununla belə qızılların daimi olaraq iddiaçıda qaldığını bildirir. Eyni zamanda iş materiallarında olan iddia ərizəsindən göründüyü kimi hazırkı iş üzrə cavabdeh qızıl-zinyət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini qanuni və tutarlı əsaslarla sübuta yetirə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməklə əsaslı hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki,apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-4609/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-4609/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qətnamə dərhal qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-512/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-512/2023
07.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver