Məhkəmə qərarları › İş №2(105)-512/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-512/2024

03.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-512/2024 03.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: məhkəmə xərcinin tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh Sabir oğlunun iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-853/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH **********27 saylı , xx.xx.2019-cu il tarixli,çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,0255 ha torpaq sahəsi-yaşayış məntəqələri təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir.

2. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********7 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi,Yaşar Nuri küçəsi ev 58, 0.01 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 oktyabr l 2023-cü il tarixli 10/5267 nömrəli ekspert rəyindən görünür ki, iddiaçıya və cavabdehə məxsus torpaq sahələri üst-üstə düşmür.İddiaçı 0-xx.xx.2019-cu il tarixli qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0255 ha torpaq sahəsinin şərq hissəsində torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində 5.19 kv.m sahəsindən faktiki olaraq cavabdeh tərəfindən istifadə olunur.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus torpaq sahəsinin zəbt etdiyi hissəsindən çıxarılması, cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş torpaq sahəsinin ona qaytarılması, cavabdehin ona məxsus torpaq sahəsində inşa etdiyi hasarın, daş və metal konstruksiyadan ibarət tikilinin cavabdehin öz vəsaiti hesabına müvafiq olaraq sökülməsi və çıxarılması, torpaq sahəsinin ilkin vəziyyətinin bərpa edilməsi və 395 (üç yüz doxsan beş) manat məhkəmə xərcinin Cavabdeh tutularaq, ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddia tələbini onunla əsaslandırmışdır ki, o, 11 iyun 2019-cu il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi əsasında Abşeron rayonu, Masazır kəndində yerləşən, ümumi sahəsi 0,0255 ha olan torpaq sahəsini almışdır. Bundan sonra, sözügedən torpaq sahəsini Azərbaycan Respublikası DƏDRX-də xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatından keçirməklə bu barədə qeydiyyat nömrəsi ********** olan Çıxarış əldə etmişdir. Lakin, bunlara baxmayaraq, Cavabdeh heç bir qanuni əsas olmadan, özbaşına şəkildə iddiaçıya məxsus torpağın bir hissəsini zəbt edərək, həmin ərazini daş hasara alaraq, özünə məxsus torpaq sahəsinə qatmışdır. Dəfələrlə bu barədə cavabdehə məlumat verməyinə, polisə şikayət etməyinə baxmayaraq cavabdeh buna əhəmiyyət verməmiş və buna görə də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı hal-hazırda Ağstafa rayonunun Xətai kəndində yaşayır. O, Xırdalan şəhərinə hər dəfə məhkəməyə gələrkən və qayıdarkən 50 manat xərcləməli olur. Məhkəmə ən azı 5 iclas davam edərsə, iddiaçı və ya onun nümayəndəsi (həyat yoldaşı) 250 manat yol xərci çəkməli olacaqdır. Bundan başqa, 100 manat dövlət rüsumu, 20 manat nümayəndəyə verilən etibarnamə xərci və asan imza almağı üçün 25 manat xərci, toplam məhkəmə xərcləri – 395 (üç yüz doxsan beş) manat, hətta daha çox olacaqdır.

6. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-853/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı xx.xx.2019-cu il tarixli qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0255 ha torpaq sahəsinin şərq hissəsində torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində 5.19 kv.m sahəsindən Cavabdeh çıxarılması, həmin sahənin cavabdeh tərəfindən boşaldılması, torpaq sahəsinin ilkin vəziyyətə gətirilməsi və İddiaçı mülkiyyətinə qaytarılması, Cavabdeh rüsuma görə 50 manat, yol xərcinə görə 30 manat məbləğində pulun tutularaq, İddiaçı verilməsi, Cavabdeh 50 manat ekspertiza xərcinə görə pul tutuması qət edilmişdir (hakim Cəmilə Səfiyeva).

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 239.2, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84, 111, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-853/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddiasının tam təmin edilməsini xahiş etmişdir.

9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədən narazıdır və hesab edir ki, qətnamə ləğv edilməli və iddia tələbi tam təmin edilməlidir. Bundan əlavə, apellyasiya instansiyasına gediş-gəliş xərcləri və rüsumu ondan əlavə olaraq çıxılacaq. Prosesual qanunvericiliyə görə həmin xərclər məhz sonradan yarandığından apellyasiya məhkəməsinə təqdim edəcək. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. İddia ərizəsində zatən mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən bir hissəsinin zəbt edildiyini qeyd etmişdir. Məhkəmə isə qətnaamədə onun iddiasının qismən təmin edilməsini torpağının tam deyil bir hissəsinin cavabdeh tərəfindən zəbt edtiyini vurğulayaraq qətnaməni işin hallarına uyğun çıxarmamışdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 115-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: - şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; - yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; -tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; - tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; - vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; - cavabdehin axtarılması ilə əlaqədar xərclər; - qətnamənin icrası ilə əlaqədar xərclər; - məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər. O məhkəmə xərclərini qeyd etmişdir və bütün sübutları təqdim etmişdir, lakin məhkəmə əsassız olaraq həmin xərclərin ona 50 faizinin ödənilməsini qət etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

11. İddiaçı nümayəndəsi X2 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

12. Cavabdeh Sabir oğlu iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər sonuncu məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

14. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

15. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:

16. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

21. Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 8. qətnamənin icrası ilə əlaqədar xərclər; 9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər.

22. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

26. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Apellyasiya şikayətindən görünür ki, İddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-853/2023 nömrəli qətnaməsinin iddianın məhkəmə xərcləri hissəsini mübahisələndirmişdir.

30. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin yalnız mübahisələndirilən yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi dövlət rüsumunun tutulması hissəsində dəyişdirilməlidir.

32. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 2. yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər; 3. tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər; 4. tərəflərin və üçüncü şəxslərin məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarə xərcləri; 5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 7. cavabdehin axtarılması ilə əlaqədar xərclər; 8. qətnamənin icrası ilə əlaqədar xərclər; 9. məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər.

33. Həmin Məcəllənin 119.5-ci maddəsindən görünür ki, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

34. Yuxarıda qeyd olunan hüquq normalarını nəzərə alaraq, kollegiya hesab edir ki, iş üzrə iddianın verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu, nümayəndəyə etibarnamənin verilməsi üçün ödənilmiş 11,5 manat dövlət rüsumu, AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazisinə torpağın ölçülməsi üçün ödənilmiş 96 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392- 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-853/2023 nömrəli qətnaməsi dövlət rüsumunun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh oğlundan iddianın verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat dövlət rüsumu, nümayəndəyə etibarnamənin verilməsi üçün ödənilmiş 11,5 (on bir manat əlli qəpik) manat dövlət rüsumu, torpağın ölçülməsi üçün ödənilmiş 96 (doxsan altı) manat məbləğində pul vəsaiti, cəmi 257,5 (iki yüz əlli yeddi manat əlli qəpik) manat tutularaq İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar