Məhkəmə qərarları › İş №2(105)-516/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-516/2023

31.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-516/2023 31.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Şı̇ rı̇ nov Aydın Eyyub oğlunun cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı mülki iş üzrə (Açar sözlər: prosessual müddətin bərpasına dair) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Qafari və X1 ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi ilə, İddiaçı Şı̇ rı̇ nov Aydın Eyyub oğlunun cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı aylıq ödəncin yenidən hesablanaraq ödənilməsı̇ tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli qərardadından cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin nümayəndəsi və vəkili M.Q.Cəlalzadə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2007-ci il tarixli, 2-306/2007 saylı qətnaməsi ilə İddiaçı Əyyub oğlunun Cavabdeh Səhmdar Cəmiyyətinə qarşı aylıq ödəncin yenidən hesablaranaq ödənilməsi tələbinə dair iddiası təmin edilmiş və İddiaçı Əyyub oğluna Cavabdeh Səhmdar Cəmiyyəti tərəfındən ödənilməli olan aylıq ödəncin Azərbaycan Respublikası NK-nin 2003-cü il 9 yanvar tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərin ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği»nin tələblərinə uyğun olaraq yenidən hesablanaraq ödənilməsi Cavabdeh SCnin üzərinə vəzifə qoyulması qət edilmişdir.

2. Qətnamədən narazı qalan Cavabdeh MMC xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi və apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması ücün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

3. Cavabdeh MMC ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2007-ci il tarixli iş N 2-306/2007 saylı Qətnaməsindən xəbəri olmamış, həmin müddəti üzürlü səbəbdən ötürmüşdürlər. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2007-ci il tarixli, 2-306/2007 saylı Qətnaməsini 16 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialından rəsmi qaydada sorğu əsasında almışdırlar. Onlar rəsmi qaydada alan kimi də məhkəməyə müraciət etmişlər. Həmin qanunsuz, əsassız və ədalətsiz qətnamədən qanunla müəyyən edilmiş qaydada məhkəməyə şikayət verirlər. Həmin qətnaməni əsassız və ədalətsiz hesab etməklə onun ləğv edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət vermək istəyirlər. Üzrlü səbəblərdən şikayəti vermə müddətini ötürmüşlər. Hal-hazırda ötürülmüş müddətin bərpası zəruridir. Qeyd edilənlərə əsasən cavabdeh ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddiaçı məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2007-ci il tarixli, 2(060)-306/2007 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, həmin qətnamə 16 iyul 2007-ci ildə qanuni qüvvəsini almış və iş icraaya yönəlmişdir. Qətnamə qanuni qüvvə aldıqdan sonra Cavabdeh SC 2016-cı ilə qədər qətnaməni icra edərək hər ay ona 19 manat 32 qəpik ödəniş etmişdir. Lakin 2016-cı ildən sonra '"Xəzər'’ SC qanuni qüvvəsini almış qətnaməni qərəzli olaraq icra etmir. Həmçinin bildirir ki, Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixili rəyinə əsasən ona müddətsiz birinci dərəcəli əlillik verilmişdir. Əlilliyin səbəbi kimi gözdən əlil olmağı və əmək qabiliyyətini 100% itirməyi göstəriİmişdir. Həmçinin bildirir ki, xəstəliyi istehsalatla bağlıdır. 1984-cü ildə Sumqayıt Şüşə zavodunda işləyərkən əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb əmək qabiliyyətini itirmişdir. Qeyd edilənlərə baxmayaraq, "Xəzər” SC tərəfindən qanuni qüvvəsini almış 20 dekabr 2004-cü il tarixli, 2-2623/2004 saylı və 14 iyun 2007-ci il tarixli, 2 -306/2007 saylı qətnamələr icra edilmir. "xxxx" SC artıq 15 il bundan əvvəl qanuni qüvvəsini almış qətnamədən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət vermiş və buraxılmış prosessual müddətin bərpası xahişi ilə məhkəməyə müraciət etmişdir. O, “Xəzər" SC-nin prosessual müddətin bərpasına dair ərizəsini əsassız hesab edir. Bildirir ki, “Xəzər" SC qətnaməni icra etməmək məqsədilə belə bir addım atmışdır. Prosessual müddətin bərpası üçün heç bir əsas yoxdur. Qeyd edilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2007-ci il tarixli, 2(060)-306/2007 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə (hakim G.C.Tanrıverdiyeva) Cavabdeh MMC-nin Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2007-ci il tarixli, 2-306/2007 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır.

6. Cavabdehin nümayəndəsi şikayət verib, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir.

7. Sumqayıt Şəhər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(060)-306/2007 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1, 133.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Şikayətin dəlilləri

9. Cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin nümayəndəsi və vəkili M.Q.Cəlalzadə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından şikayət vermiş və verdiyi şikayəti onunla əsaslandırmışdır ki, hal-hazırda iddia tələbinin tamamilə rədd edilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər və həmin şikayəti vermə müddətinin bərpası zəruridir. Belə ki, həmin qərarlardan onların xəbəri olmamış, müddəti üzrlü səbəbdən ötürmüşlər. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2007-ci il tarixli 2-306/2007 nömrəli qətnaməsini 16 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialından rəsmi qaydada sorğu əsasında almışlar. Rəsmi qaydada alan kimi də məhkəməyə müraciət etmişlər. Həmin qanunsuz, əsassız və ədalətsiz qətnamədən qanunla müəyyən edilmiş qaydada məhkəməyə şikayət vermişlər. Ona görə də, bu barədə Sumqayıt Şəhər Məhkəməsinə buraxılmış müdətin üzrlü sayılması və bərpası barədə müraciət etməyə məcbur olmuşlar. Lakin məhkəmə onların ərizəsini təmin etməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli qərardadının ləğv olunması və Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2007-ci il tarixli qətnaməsindən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

10. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360 Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 2(060)-306/2007 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 2(060)- 306/2007 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 2(060)-306/2007 nömrəli və bununla bağlı 19 dekabr 2022-ci il tarixli 2(060)-306/2007 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır.

14. Belə ki, mülki iş materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2007-ci il tarixli, 2-306/2007 saylı qətnaməsi 14 iyun 2007-ci il tarixdə tərəflərə poçt vasitəsi ilə göndərilmişdir. Həmin vaxt qətnamədən şikayət verilmədiyindən qətnamə qanuni qüvvəsini almış və xx.xx.2007-ci il tarixdə icraya yönəldilmişdir.

15. Hazırda cavabdeh sözügedən qətnaməni 2007-ci ildən bügunə kimi almadıqlarını, qətnaməni yalnız Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialından rəsmi qaydada sorğu əsasında 16 noyabr 2022-ci il tarixdə aldıqdan sonra xəbər tutduqlarını bildirir.

16. “Xəzər“ Səhmdar Cəmiyyətinin Sumqayıt Şəhər Məhkəməsinin hakimi G.Tağızadəyə ünvanlanmış xx.xx.2008-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Əyyub oğlu Sumqayıt Şəhər Məhkəməsinin 2-306 saylı, xx.xx.2007-ci il tarixli icra sənədinə əsasən mərhələ-mərhələ əmək xəsarətinə görə müavinət alır. İddiaçı Əyyub oğlunun 2007-ci ilin sentyabr ayından 2008-ci ilin yanvar ayına kimi alacağı müavinət kassada qalıb və gəlib bu günə kimi də almayıb. 2008-ci ilin beş aylıq müavinətini isə İddiaçı Əyyub oğluna qrafik üzrə iyun ayında verəcəklərini bildirirlər.

17. Cavabdeh Səhmdar Cəmiyyəti (hazırda Cavabdeh MMC) oxşar məzmunlu xx.xx.2008-ci il tarixli məktubla Sumqayıt şəhər Məhkəmə İcraçıları Şöbəsinə də müraciət etmişdir.

18. Göründüyü kimi, Cavabdeh MMC Sumqayıt şəhər Məhkəməsinin 14 iyun 2007-ci il tarixli, 2-306/2007 saylı qətnaməsindən 2008-ci ildən xəbardar olmuş və onun icrası barədə həm məhkəməyə, həm də İcra Şöbəsinə müvafiq məlumatlar vermişdir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi K.N.Qəribovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair 08 may 2008-ci il tarixli qərarında müddətin üzrlü hesab edilməsi ilə əlaqədar göstərmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüququlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirməsinə maneə törətsin və məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

20. Qüvvədə olan mülki prosessual qanunvericiliyin normalarından göründüyü kimi şikayət onun verilməsi üçün müəyyən edilmiş müddət ötürüldükdən sonra verilirsə, qəbul edilmir. Şikayət vermiş şəxs müddət ötürülməsinə səbəb olan hallar göstərməklə həmin müddətin bərpa edilməsi barədə məhkəmə qarşısında vəsatət qaldıra bilər. Lakin vəsatətin veriməsi müddətin mexaniki bərpa edilməsinə səbəb olmur. Məhkəmə ilk növbədə müddətin buraxılmasının səbəblərini arşdırır. Əgər o, müddətin şikayəti verən şəxsdən asılı olmayan səbəblərdən (xəstəlik, ezamiyyət və s.) buraxıldığı qənaətinə gələrsə, vəsatəti təmin edərək müddəti bərpa edir, əks halda isə vəsatəti rədd edir.

21. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizədə göstərdiyi dəlillər müddətin bərpa edilməsi üçün üzrlü səbəb hesab edilə bilməz. Belə ki, cavabdeh məhkəmə qətnaməsi barədə məlumatlı olmaqla, hətta bir müddət məhkəmə aktının icrasını təmin etmişdir.

22. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarının qeyri-müəyyən vaxtdan sonra onlara yenidən baxılması hüquqi müəyyənlik prinsipini pozur. Bu cür hallar Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə baxışına olan hüququnun mahiyyətinə ziddir.

23. Avropa Məhkəməsi qərarlarında qeyd etmişdir ki, hüququn aliliyinin əsas cəhətlərindən biri hüquqi müəyyənlik prinsipidir. Həmin prinsip digər cəhətlərlə yanaşı onu da nəzərdə tutur ki, məhkəmələr qəti olaraq işə baxıblarsa, onların nəticələri şübhlə altına alınmamalıdır (Brumaresku Ruminyaya qarşı iş).

24. Eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı 20 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır.

25. Göründüyü kimi müddətlərin müəyyən edilməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinin qarşısını almağa, mülki münasibətdə qeyri-müəyyənliyi, qeyri-sabitliyi aradan qaldırmağa xidmət göstərir.

26. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin vəsatətin təmin edilməməsi ilə bağlı mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir.

27. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq

q ə r a r a a l d ı:

Cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin nümayəndəsi və vəkili X2 tərəfindən verilmih şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli 2(060)-306/2007 nömrəli və bununla bağlı 19 dekabr 2022-ci il tarixli 2(060)-306/2007 nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar