Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-523/2024 17.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi X2 ölmüş elan edilməsi haqqında ərizəsinə dair (Maraqlı şəxs cəlb olunmaqla) mülki iş üzrə (Açar sözlər: şəxsin ölmüş elan edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Rəhimli Lalə Elxan qızının sədrliyi və məruzəsi ilə, hakimlər Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-204/2023 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. X3 xx.xx.1971-ci il tarixdə Quba şəhərində anadan olmuşdur.
2. Maraqlı şəxsndə 1999-2005-ci illərdə X3 barəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır.
3. Maraqlı şəxs xx.xx.2022-ci il tarixli 05/Q-584 nömrəli məktubu ilə ərizəçiyə X2 ölməsi barədə qeydlər aparılmadığından, sonuncunun ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
4. xx.xx.1971-ci il tarixdə Quba şəhərində anadan olmuş, Quba şəhəri Ə.Orucov küçəsi ev 10-da qeydiyyatda olmuş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilərək, istintaqdan yayındığına görə barəsində Quba Rayon Polis Şöbəsində xx.xx.2003-cü il tarixli 25732 nömrəli axtarış işi açılmış, hazırda axtarışdadır. X2 tutulması istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şəxsin olduğu yeri müəyyən etmək mümkün olmamışdır.
5. Məhkəmə kollegiyasının sorğuları əsasında əldə edilmiş:
6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.1971-ci il təvəllüdlü X2 ailə tərkibi atası – Səlimov Firdovsi Əbilqasım oğlu (xx.xx.1995-ci ildə vəfat edib), anası X4 (xx.xx.1996-cı il tarixində vəfat edib), qardaşı Ərizəçi ibarətdir, nikahı və övladları barədə məlumat isə aşkar olunmamışdır.
7. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.1971-ci il təvəllüdlü X2 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır.
8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli cavab məktubunda əlavə edilmiş xx.xx.1972-ci X3 barəsində əhalinin dövlət reyestrindən çıxarışdan görünür ki, onun doğum tarixi xx.xx.1971-ci il, doğulduğu yer Quba rayonu olmaqla başqa məlumat əks olunmamışdır.
Birinci instansiya məhkəməsində icraat
9. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək (Maraqlı şəxs), xx.xx.1971-ci il tarixdə Quba şəhərində anadan olmuş bacısı X2 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, bacısı 2002-ci ildə Türkiyə Respublikasına getmiş və həmin gündən sonra ondan heç bir xəbər çıxmamışdır. Hazırda bacısının ölmüş elan edilməsi ona vərəsəlik məsələsinin həlli üçün lazımdır.
11. Quba Rayon Məhkəməsinin 2(027)-204/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizə rədd edilmişdir (hakim Vüqar Seyidov).
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbindən göründüyü kimi şəxsin məhkəmə qaydasında ölmüş elan edilə bilməsi üçün şəxsin yaşayış yerində onun harada olması barədə 5 il ərzində məlumatın olmaması, habelə ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşməsi və ondan 6 ay ərzində xəbər çıxamaması kimi haların olması nəzərdə tutulmuşdur. Quba RPŞ-nin arayışından görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X3 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilərək istintaqdan yayındığına görə barəsində Quba RPŞ-də xx.xx.2003-cü il tarixli 25732 saylı axtarış işi açılmış, hazırda axtarışdadır.
Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Ərizəçi apellyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-204/2023 nömrəli qətnaməsini ləğv edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1031/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Z.Məmmədov (sədrlik edən və məruzəçi), A.Süleymanova və F.Məmmədov). Kassasiya instansiyası məhkəməsindəki icraat
15. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan ərizəçi ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3866/2023 nömrəli qərarı Ərizəçi kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1031/2023 nömrəli iş üzrə 19 iyun 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakimlər Vidadi Məmmədov (məruzəçi), Zaur Əliyev və Aqil Abbasov).
17. Kassasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən belə anlaşılır ki, həmin məhkəmə ərizənin rədd edilməsini, 1) X2 barəsində axtarış elan olunması; 2) ərizədə şəxsin ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunun göstərilməməsi, və 3) ərizəçinin öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməməsi ilə əsaslandırmışdır.
18. İlk olaraq, bacısının ölmüş elan edilməsinin ərizəçiyə vərəsəlik məsələsinin həlli üçün lazım olduğu ərizədə göstərilmişdir. İkincisi, iddiaçı öz tələbinin əsası kimi hansı sübutları təqdim etsəydi, apellyasiya instansiyası məhkəməsi tərəfindən ərizənin təmin edilməsi üçün mötəbər və yetərli hesab oluna bilərdi, bu hallar qətnamədə müzakirə edilməmiş və əsaslandırılmamışdır. Aşağı instansiya məhkəmələri araşdırmamışlar ki, ərizəçi əldə edilməsi ondan asılı olan hansı sübutları toplaya bilərdi və bunu etməmişdir, hansı sübutlar isə MPM-in 78.2-ci maddəsi anlamında ərizəçinin müstəqil əldə etmək imkanı xaricində olmuşdur. Bu kontekstdə, X2 ərizəçinin irəli sürdüyü kimi, həqiqətən Türkiyə Respublikasına gedib-getməməsi, orada olub-olmaması faktının Məhkəmə tərəfindən dəqiqləşdirilməsi vacid idi. Araşdırılması zəruri olan məsələlərdən digəri isə X2 birinci növbə vərəsələrinin olub-olmamasıdır. Çünki, belə bir halın mövcudluğu ərizəçinin, yəni ikinci növbədən vərəsənin hazırkı ərizə ilə məhkəməyə müraciət etməklə bağlı müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsinə qiymət verilməsini tələb edəcəkdir. Bundan əlavə, Mülki Məcəllənin 41.1-ci maddəsi şəxsin məhkəmə qaydasında ölmüş elan edilə bilməsi üçün sonuncunun yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumatın olmamasını yetərli saymışdır. Bu mənada, aşağı instansiya məhkəmələrinin qətnamələrindən aydın olmur ki, həmin məhkəmələr sözügedən normanı hansı qaydada təfsir və tətbiq etmişlər.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri
19. Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bacısı Sevinc Səlimovanın harada olması barədə 2002-ci ildən ərizəçidə məlumat yoxdur, 2003-cü ildən axtarış işi açılmışdır. Bundan da 20 ildən çox vaxt keçir. Bundan əlavə, axtarış işinin heç bir nəticə vermədiyini görərək 2013-cü ildə bacısının axtarışı ilə bağlı X8 Komitəsinə müraciət etmişdir. Məhkəmə şəxsin ölmüş elan edilməsi ilə bağlı maddi hüquq norması olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə istinad etsə də, həmin maddəyə əsasən şəxsin ölmüş elan edilməsi üçün kifayət qədər əsaslar olsa da, ərizəni rədd etmiş və rədd etmə səbəbini əsaslandırmamışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
21. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər.
22. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
23. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
24. Maddə 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Maddə 305.1.2. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə baxır.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
32. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarı:
33. Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir;
34. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun;
35. Bənd 7. Apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur;
36. Bənd 17. Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
Apellyasiya baxışının hədləri
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
39. Verilmiş apellyasiya şikayətindən görünür ki, ərizəçi Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-204/2023 nömrəli qətnaməsini ləğv edərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir.
40. Məhkəmə kollegiyası Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair 28 fevral 2012-ci il tarixli qərarında qeyd edilir ki, “Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir.”
44. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqe ilə razılaşan məhkəmə kollegiyası işin hərtərəfli araşdırılmasının təmin edilməsi üçün müvafiq sorğular vermişdir.
45. İş üzrə əldə edlmiş məlumatlara görə, xx.xx.1971-ci il təvəllüdlü X2 atası Səlimov Firdovsi Əbilqasım oğlu xx.xx.1995-ci ildə vəfat etmiş, anası X4 xx.xx.1996-cı il tarixində vəfat etmişdir. Səlimova Sevincin qardaşı Ərizəçi başqa hər hansı birinci dərəcəli vərəsələri müəyyən olunmamışdır.
46. Digər tərəfdən, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən kollegiyanın sorğusuna verilmiş cavabdan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X2 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır.
47. Əvvəla kollegiya qeyd edir ki, ərizəçi ikinci növbədən vərəsə olsa da, məhkəmə kollegiyasının araşdırması zamanı birinci dərəcəli vərəsələr müəyyən olunmadığından, Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməklə bağlı subyektiv hüququna malikdir.
48. Kollegiya hesab edir ki, ərizəçi vərəsəlik məsələsinin həlli üçün bacısının ölmüş elan edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququna malik olsa da, X2 həqiqətən Türkiyə Respublikasına getməsi, orada olması faktı sübut olunmadığından, ərizə təmin oluna bilməz.
49. Ərizə eyni zamanda ona görə təmin oluna bilməz ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilir, istintaqdan yayındığına görə barəsində Quba Rayon Polis Şöbəsində xx.xx.2003-cü il tarixli 25732 nömrəli axtarış işi açılmış, hazırda axtarışdadır.
50. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına düzgün istinad edərək, ərizəni rədd etməklə düzgün nəticəyə gəlmişdir.
51. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-204/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.