Məhkəmə qərarları › İş №2(105)-525/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-525/2023

08.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-525/2023 08.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbi tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, iddia müddəti) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X1 ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2(074)-1059/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları xx.xx.2012-ci il tarixdə Qobustan rayon dövlət notariat kontorunun notariusu T.S.Seyidov tərəfindən təsdiq edilmiş əlyazmaya əsasən, Cavabdeh oğlu X2 üçün Şamaxı şəhəri Qarayev küçəsi ev 09 İddiaçı VAZ 21214 markalı avtomobili razılaşıb 9500 ABŞ dollarına almış, həmin pulu ödəmədiyini, həmin məbləği 28 ay müddətində ödəyəcəyini, həmin pulu ödəmək üçün İddiaçı iki ədəd plastik kart vermişdir ki, onun əvəzinə hər ay alsın, hər kartın dəyəri ayda müvafiq olaraq 204 və 30 manat dəyərində olduğunu bildirmişdir. xx.xx.2012-ci il tarixli, ƏN-İİİ № 781870 nömrəli etibarnamənin surətinə əsasən, X4 VAZ 21214 markalı, 10UX 088 dövlət qeydiyyat nişanlı avtomobil üzrə sürücülük hüququ olduqda idarə etmək, qeydiyyatdan çıxarmaq, qeydiyyata salmaq, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək və digər hərəkətləri X5 etibar etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7000 ABŞ dolları pulun və iddia ərizəsi üçün ödəmiş olduğu 135 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ondan VAZ-21014 markalı avtomobili razılıq əsasında 9500 ABŞ dollarına almışdır. Bu barədə xx.xx.2012-ci il tarixdə aralarında olan yazılı razılaşma mövcud olmuş və həmin razılaşma Qobustan notariat kontorunda notarial qaydada təsdiqlənmişdir. Aralarında olan razılaşmaya görə 28 ay müddətində avtomabilin pulunu hissə-hissə ödəmək şərtilə, ona 2 ədəd plastik kartını vermişdir ki, hər ay avtomobilin pulunu kartdan çıxarsın. Bundan sonra cavabadeh maşının pulundan ona 1700 ABŞ dolları həcmində manatla olaraq pulu kart vasitəsilə cavabdehdən əldə etmişdir. Sonra isə cavabadeh işdən çıxmış, bununla da, kartlara artıq pul yerləşməmiş və kartlar bağlanmışdır. Sonra cavabdeh ona bildirmişdir ki, aybaay özü maşının pulundan verəcək. Belə də, olmuşdur. Cavabadeh hardasa 2-3 ay ərzində borcundan ona ödənişlər etmişdir. Bununla da, cavabdeh ona olan borcundan cəmi 2500 ABŞ dolları ödəmişdir. Lakin sonra cavabdeh yerdə qalan borcunu ödəməkdən yayınmağa başlamışdır. Min cür bəhanələr gətirərək ona satdığı avtomobilə görə qalan borcunu verməkdən imtina etmişdir. Özünün də, xəstəliyinə başı qarışdığından cavabdeh bundan istifadə etmiş və borcu ödməkdən yayınmışdır. Bu səbəbdən də, məcbur olub qalan borcunu ödəməkdən ötrü ona rəsmi qaydada xəbərdarlıq etmişdir ki, əgər borcu ödəməsə məcbur olub məhkəməyə müraciət edəcəkdir. Lakin cavabdeh bu xəbərdarlığa da məhəl qoymamışdır. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçının iddia etdiyi əqdin bağlandığı dövrdən iddia verilən günədək 10 il müddət keçmişdir. Ona görə də İddiaçı ona qarşı pul tələbinə dair iddiası üzrə iddia müddətinin keçməsi səbəbindən iddia müddətini tətbiq edərək iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2(074)-1059/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası rədd edilmişdir. (hakim Natiq İsmayılov) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində istinad etdiyi tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli əlyazma üzrə müddət xx.xx.2014-ci il tarixdə bitmişdir. Belə olan halda, həmin müqavilə üzrə iddia müddətinin axımı da xx.xx.2014-cü il tarixdən başlanmışdır. İşin materiallarından görünür ki, iddiaçının mövcud iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia müddətinin axımının xx.xx.2022-ci il tarixdən hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verib, Şamaxı Rayon Məhkəməsinin 2(074)-1059/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini tamamilə ləğv edərək, iş üzrə yeni qətnamə qət etməklə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: İş materiallarından görünür ki, VAZ-21014 markalı, ** UX *** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehə 9500 ABŞ dollarına satmış və bu barədə xx.xx.2012-ci il tarixdə yazılı razılaşma Qobustan Notariat Kontorunda notarial qaydada təsdiqlənmişdir. Bundan sonra, Cavabdeh həmin borcundan cəmi 2500 ABŞ dollarını qaytarmış, lakin o, hər dəfə müxtəlif bəhanələr gətirməklə qalan 7000 ABŞ dolları borcunu iddiaçıya qaytarmamışdır. Sonradan ağır xəstəliyə tutulmuş və cavabdeh də onun xəstələndiyini eşidib bunu fürsət bilərək borcunu qaytarmaqdan yayınmışdır. İş üzrə birinci instansiya məhkəməsinin iclası gedərkən Cavabdeh gözlənilmədən ona 3800 ABŞ dolları borcunun qaldığını etiraf etdi, lakin birinci instansiya məhkəməsi cavabdehin yuxarıda qeyd etdiyi səmimi etirafını qətnamədə yazmamışdır. Cavabdeh onu da bildirdi ki, onun 3800 ABŞ dollar borcu qalsa da guya iddia müddəti ötürüldüyünə görə o, həmin məbləği qaytarmayacaq. Şamaxı Rayon Məhkəməsinin iş üzrə qətnaməsindən görünür ki, qətnamə qət edilərkən maddi və prosessual hüquq normaları pozularaq qanunlar və normativ aktlar düzgün tətbiq və təfsir edilməmiş, iş üzrə mühüm əhəmiyyətli bütün faktiki hallar aydınlaşdırılmamış, o cümlədən iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş və həmçinin qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntuları aşağıdakılardan ibarətdir. İş materiallarından görünür ki, cavabdehlə onun arasında notarial qaydada yazılı razılaşma xx.xx.2012-ci ildə olmuş və bunun müddəti 28 ay müəyyən edilmişdir. Bu onu göstərir ki, xx.xx.2014-cü ildən etibarən onun pul tələbi ilə bağlı iddia müddətinin axımı başlayır. Birinci instansiya məhkəməsinin gedişində 2011-ci ildən bəri ağır xəstə olduğunu bildirmiş, buna dair sübutlar təqdim edərək iddia müddətinin ötürülməsi ilə bağlı uydurmaların üzürlü sayılması və müddətin bərpası haqda ərizəsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Lakin məhkəmə buna məhəl qoymamış və bu barədə qətnamədə heç nə yazılmamışdır. Odur ki, tibbi sənədləri məcbur olub apellyasiya şikayətinə daxil etmişdir. Həkim Komissiyasının tərtib etdiyi bu tibbi sənəddən aşkar görünür ki, o, 2010-cu ildən 2021-ci ilədək Respublikanın tanınmış Xəstəxanalarında dəfələrlə uzunmüddətli stasionar müalicələrdə olmuşdur. Nəhayət 2021-ci ildə həkim komissiyasının qərarı ilə “İnsulindən asılı şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet, İİ tip ağır forma” tibbi diaqnozu ilə ona əlillik qrupu verilmiş və bu qərar təsdiqlənmişdir. 2-ci qrup əlildir. Bundan başqa, qanunun tələbindən görünür ki, ümumi iddia müddəti 10 il təşkil etdiyindən xx.xx.2014-cü ildən etibarən hüquqlarının pozulduğunu bilmiş və xx.xx.2024-cü il tarixinədək məhkəməyə müraciət etmə hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.6-cı və 382-ci maddələri tətbiq edilməklə hətta iddia müddətini ötürmüş olsaydı belə, səhhəti ilə bağlı bu, üzürlü sayılaraq pozulmuş hüquqları məhkəmə tərəfindən müdafiə edilməlidir. Yuxarıda qeyd etdiyim səbəblərdən birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsini tətbiq etməsi tam əsassızdır. Hesab edir ki, Cavabdeh ya 7000 ABŞ dolları pulunu verməli, yaxud da ondan aldığı VAZ-21014 markalı, ** UX *** dövlət qeydiyyat nişanlı avtomobilini özünə qaytarmalıdır. Cavabdehin ona olan borcunu qismən etiraf etməsi (o, 3800 ABŞ dollar borcu qaldığını məhkəmə zalında etiraf etdi) də buna sübutdur. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarınauyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarı İddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarı İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətindən görünür ki, İddiaçı Şamaxı Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2(074)-1059/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Şamaxı Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında VAZ 21214 markalı avtomobilin dəyəri olan 9500 ABŞ dollarına alınmasına dair xx.xx.2012-ci il tarixdə notarial qaydada təsdiq olunmuş razılaşma tərtib olunmuşdur. Göründüyü kimi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi faktiki olaraq əşyanın hissə-hissə ödənilməsini nəzərdə tutmuş, alıcı şərtləşdirilmiş öhdəliyi icra etməmiş, alış qiymətini tam ödəməmişdir. Tərəflərin razılaşmasından görünür ki, Cavabdeh müqaviləyə əsasən həmin məbləği 28 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Hazırkı iş üzrə tərəflər arasında yaranmış münasibətlər müqavilədən irəli gələn öhdəlikəri ilə bağlı olduğundan, həmin mübahisələrə 3 illik iddia müddəti tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərlə bağlı İddiaçı qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmədiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin hüququ pozulduqda, onun müdafiəsi üçün pozulmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçrilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımının icra müddəti bitdikdə başlanması nəzərə alınaraq tərəflərin razılaşması üzrə icra müddəti xx.xx.2014-cü il tarixdə bitdiyindən hazırkı tələb üzrə iddia müddətinin axımı məhz 2017-ci ildən başlayır ki, 3 illik həmin iddia müddəti də 2020-ci ildə başa çatır. İddiaçının hazırkı tələbinə dair ərizəsi isə birinci instansiya məhkəməsinə xx.xx.2022-ci ildə daxil olmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan mübahisə ilə bağlı iddiaçı iddia müddətini ötürmüşdür və buna görə də bütün hallarda iddia əsassız olmaqla təmin oluna bilməz. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 2(074)-1059/2022 nömrəli 01 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar