Məhkəmə qərarları › İş №2(105)-530/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-530/2025

13.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-530/2025 13.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: prosessual müddətin bərpasından imtina) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(026)-253/2022 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Qobustan Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(026)-253/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh Mirbək oğlundan 31500 manat əsas borcun, hüquqi xidmətə görə 100 manatın və 177 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

2. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 oktyabr 2022-ci il tarixli, 2(105)-2196/2022 saylı qərardadı ilə Cavabdeh tərəfindən Qobustan Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 361- 363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır.

4. Həmin qərardaddan cavabdeh kassasiya şikayəti vermişdir.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 noyabr 2022-ci il tarixli, 2(102)-6094/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 oktyabr 2022-ci il tarixli, 2(105)- 2196/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

6. Bundan sonra cavabdeh yenidən Qobustan Rayon Məhkəməsinin 03 avqust 2022- ci il tarixli, 2(026)-253/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

7. Qobustan Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(026)-253/2022 saylı qərardadı ilə Cavabdeh Qobustan Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(026)-253/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır.

8. Həmin qərardaddan narazı qalan cavabdeh şikayət vermişdir.

9. Qobustan Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, 2(026)- 253/2022 saylı qərardadı ilə Qobustan Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(026)-253/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə qanunun tələblərinə uyğun verilmədiyinə görə geri qaytarılmışdır.

10. Cavabdeh 05 noyabr 2024-cü ildə ərizə ilə məhkəməyə müraciət edərək, Qobustan Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, 2(026)-253/2022 saylı qərardadının surətinin ona təqdim edilmədiyini bildirmiş, qərardadın ona təqdim edilməsini xahiş etmişdir.

11. Qobustan Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli göndəriş məktubu ilə Qobustan Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, 2(026)-253/2022 saylı qərardadının surəti poçt xəbərnaməsindəki imzanın qarşısında onun kim tərəfindən qəbul edilməsi qeyd edilmədiyinə görə təkrarən cavabdehə göndərilmişdir.

12. Bundan sonra cavabdeh Qobustan Rayon Məhkəməsinin 04 oktyabr 2024cü il tarixli, 2(026)-253/2022 saylı qərardadından 05 noyabr 2024-cü ildə şikayət vermiş, şikayətə buraxılmış prosessual müddətin bərpası haqqında ərizə əlavə etmişdir.

13. Qobustan Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli, 2(026)-253/2022 saylı qərardadı ilə ərizə təmin edilmiş, Qobustan Rayon Məhkəməsinin 04 oktyabr 2024cü il tarixli, 2(026)-253/2022 saylı qərardadından Cavabdeh tərəfindən şikayətin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilmişdir.

14. Qobustan Rayon Məhkəməsinin 16 noyabr 2024-cü il tarixli, 2(026)-253/2022 saylı qərardadı ilə Qobustan Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, 2(026)- 253/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, Qobustan Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, 2(026)-253/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, şikayətin baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 dekabr 2024-cü il tarixli, 2(105)-1863/2024 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, Qobustan Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, 25(026)-253/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

16. Sumqayıt Apellyasiya Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli məktubu ilə mülki iş materialları Qobustan Rayon Məhkəməsinə göndərilmiş, 24 dekabr 2024-cü ildə Qobustan Rayon Məhkəməsinə daxil olmuşdur.

17. Bundan sonra 17 yanvar 2025-ci il tarixində Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə Qobustan Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(026)-253/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinə onun verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə əlavə etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı pul tələbi barədə iddiası ilə əlaqədar Qobustan Rayon Məhkəməsi tərəfindən 03 avqust 2022-ci il tarixli, 2(026)-253/2022 saylı qətnamə qəbul olunmuşdur. Həmin bu qətnamə onun tərəfindən 22 avqust 2022-ci il tarixində alınmışdır. Onun təhsili olmadığı üçün və apellyasiya şikayətinin necə tərtib olunduğunu bilmədiyi üçün hüquq xidmətlərinin göstərilməsi ilə əlaqədar Vəkil2 ilə müqavilə bağlamışdır. Vəkili ona bildirmişdir ki, bütün işləri o özü görəcək. Cavabdeh də ona inanaraq və etibar edərək digər işləri ilə məşğul olmağa başlamışdır. Vəkil2 tərəfindən ilk olaraq həmin vaxt apellyasiya şikayəti verilmiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli, 2(105)-2196/2022 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin vaxt vəkil apellyasiya şikayətini Sumqayıt Apellyasiya Məhkəməsinə deyil, Qobustan Rayon Məhkəməsinə ünvanladığı üçün apellyasiya şikayəti geri qaytarılmışdır. Sonra vəkil Sumqayıt Apellyasiya Məhkəməsinin bu qərardadından Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermiş və Ali Məhkəmənin qərardadı ilə onun kassasiya şikayəti təmin edilməmişdir. Bundan sonra vəkil yenidən həmin bu qətnamədən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Qobustan Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli, 2(026)- 253/2022 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra yenidən vəkil həmin qərardaddan şikayət vermişdir. Qobustan Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və səbəb kimi də şikayətin elektron informasiya məhkəmə sistemi vasitəsi ilə göndərilmədiyi bildirilmişdir. Bu qərardaddan yenidən vəkil tərəfindən şikayət verilmiş və şikayətə prosessual müddətin bərpa edilməsi barədə ərizə əlavə edilmişdir. Lakin həmin ərizə də elektron məhkəmə sistemi vasitəsilə verilmədiyi üçün Qobustan Rayon Məhkəməsinin qərardadı ilə ərizə təmin edilmiş və şikayət müddəti bərpa edilmiş, lakin qərardaddan verilmiş şikayət təmin edilməmiş və iş ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 2(105)-1863/2024 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Yuxarıda sadaladığı işin hallarından da görünür ki, bütün bu proses Vəkil2 tərəfindən aparılmış, o da ya səhlənkarlığı, ya qəsdən, ya da yetərincə savadı və səriştəsi olmadığına görə həm apellyasiya şikayətini aidiyyəti məhkəməyə ünvanlamamış, həm apellyasiya şikayətini yeni qanunvericiliyə uyğun elektron şəkildə göndərməmiş, həm də prosessual müddətin bərpası barədə ərizəni də elektron qaydada göndərmədiyinə görə onun hüquqları kobud şəkildə pozulmuş və apellyasiya şikayəti bugünə kimi apellyasiya məhkəməsinə gedib çatmamışdır. İşin hallarından da görünür ki, o (cavabdeh), savadsız bir çobandır, apellyasiya şikayətini tərtib edib özü göndərə bilsəydi, onda vəkilə də müraciət etməzdi. Əfsuslar olsun ki, müraciət etdiyi vəkilin səhlənkarlığı və kobud səhvləri nəticəsində onun prosessual hüquqları pozulmuşdur. O, yalnız bugünlərdə bütün bu proseslərin vəkilin səhvi ucbatından baş verdiyini bilmişdir. Ona görə də onun hüquqi xidmətlərindən imtina etmişdir. Cavabdeh ərizəsində Qobustan Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(026)-253/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsini üzrlü hesab edərək həmin müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

18. Qobustan Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(026)-253/2022 nömrəli qərardadı ilə (hakim Samir Mayılov) Cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmiş, Qobustan Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(026)-253/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasından imtina edilmiş, Qobustan Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(026)-253/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.

19. Cavabdeh Qobustan Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(026)- 253/2022 saylı qərardadından şikayət vermiş, şikayətində həmin qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

20. Qobustan Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli, 2(026)-253/2022 nömrəli qərardadı ilə (hakim Samir Mayılov) Qobustan Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(026)-253/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Qobustan Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(026)-253/2022 saylı qərardadının dəyişdirilmədən saxlanılması, şikayətin baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Şikayətin dəlilləri Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin bu qərardadı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qəbul etdiyi qərardadın əsaslandırıcı hissəsində cavabdehin bu qətnamədən apellyasiya şikayəti vermək üçün bütün imkanlarından istifadə etmədiyini, təmsilçi kimi seçdiyi Vəkil2 prosessual qaydalara uyğun şəkildə hərəkət edib-etməməsini araşdırmadan hərəkətsizlik göstərdiyini bildirmişdir. Eyni zamanda, ərizədə öz iradəsindən asılı və özü tərəfindən dəf edilməsi mümkün olmayan dəlillərə istinad etmədiyini göstərmişdir. Məhkəmənin gəldiyi bu nəticə əsassızdır. Belə ki, həm cavabdehin tərtib etdiyi ərizədən, həm də işdə olan sənədlərdən də açıq-aydın görünür ki, bütün bu proses Vəkil2 günahı səbəbindən baş vermişdir. Yuxarıda qeyd etdiyi kimi, o, heç bir savadı olmayan heyvandarlıqla məşğul olan bir çobandır. Onun vəkilin tərtib etdiyi hər hansı bir ərizənin mahiyyətindən və ya həmin ərizənin düzgün tərtib edilibedilməməsindən anlayışı yoxdur. Təbii ki, buna görə də vəkili onun hüquqlarını müdafiə edərkən prosessual qaydalara riayət edib-etməməsini yoxlamaq imkanı da mümkünsüzdür. Həmçinin, hər bir vətəndaş kimi o da onu təmsil edən vəkilə inanaraq və etibar edərək məhkəmə işlərini vicdanla və dürüstlüklə icra edəcəyinə inanmışdır. Ali təhsilli hüquqşünasın savadına və təcrübəsinə inandığı üçün onun hüquqlarını da düzgün müdafiə etdiyini düşünürdü. Bu səbəbdən də obyektiv cəhətdən cavabdeh işin bu hallarını faktiki olaraq yoxlamaq və nəsə etmək imkanı olmamışdır. Həmçinin, hər dəfə işin gedişi ilə əlaqədar vəkildən məlumat alarkən o, heç bir problem olmadığını və tezliklə bu işlərin qaydasına düşəcəyini bildirirdi. İşin gedişi ilə əlaqədar məlumat aldıqda müxtəlif məhkəmə instansiyalarına şikayət ərizəsi ilə müraciət etdiyini bildirirdi. Ona görə də hesab edir ki, məhkəmənin gətirdiyi bu arqument tamamilə əsassızdır. İşin hallarından da görünür ki, bu keçən müddət ərzində dəfələrlə müxtəlif məhkəmə instansiyalarına müraciət olunmuşdur. Eyni zamanda, birinci apellyasiya şikayəti də apellyasiya şikayəti vermə müddəti ötürülməməklə verilmiş və yalnız vəkilin səhvi nəticəsində “Sumqayıt Apellyasiya Məhkəməsi” əvəzinə “Qobustan Rayon Məhkəməsi” göstərildiyi üçün apellyasiya şikayəti geri qaytarılmışdır. Ona görə də hesab edir ki, şikayət təmin edilməli və prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul olunmalıdır. Mülki işin sənədlərindən də görünür ki, bütün bu məhkəmə prosesləri onu təmsil edən Vəkil2 tərəfindən aparılmışdır. Təbii ki, həm apellyasiya şikayətinin yazılması, həm də digər ərizə və şikayətlərin yazılması birbaşa onun tərəfindən icra olunduğu üçün cavabdehin faktiki olaraq həmin prosesə təsir etmə imkanının olmaması deməkdir. Belə ki, hər bir hüquqi yardım göstərən şəxs kimi o da vəkilə etibarnamə təqdim edərək və hüquqi xidmətlərin göstərilməsi barədə müqavilə bağlayaraq bütün işlərin görülməsini ona həvalə etmişdir. Lakin vəkilin səhlənkarlığı, savadsızlığı və ya qərəzliyi nəticəsində cavabdeh barəsində qəbul edilmiş bu qətnamədən verilmiş apellyasiya şikayəti apellyasiya instansiyası məhkəməsinə gedib çıxmamışdır. Bir halda ki, apellyasiya şikayəti vaxtında verilsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin əvəzinə, Qobustan Rayon Məhkəməsi yazıldığı üçün apellyasiya şikayəti geri qaytarılmışdır. Vəkil sadəcə ərizənin başlığını Sumqayıt Apellyasiya Məhkəməsinə dəyişərək yenidən apellyasiya şikayətini göndərməli olduğu halda bunu etməmiş və əsassız olaraq Ali Məhkəməyə müraciət etmişdir. Cavabdeh də hər dəfə ondan işin gedişini soruşduqda o, Qobustan Rayon Məhkəməsi tərəfindən qəsdən apellyasiya şikayətinin geri qaytarıldığını bildirmiş və buna görə də həmin qərardaddan yuxarı instansiya məhkəməsinə şikayət verdiyini bildirmişdir. Yəni, işin hallarından da görünür ki, cavabdehin bu proseslərdən vaxtında məlumatı olmadığı üçün obyektiv səbəbdən həmin bu proseslərə təsir etmək imkanı olmamışdır. Yalnız bu yaxınlarda başqa hüquqşünasa müraciət edərək bu vaxta kimi qəbul edilmiş məhkəmə aktlarını ona təqdim etdikdə cavabdehə məlum olmuşdur ki, onu təmsil edən vəkil hansısa səbəblərdənsə işini düzgün aparmamış və bunun nəticəsində də hüquqları kobud şəkildə pozulmuşdur. Yəni, o, yalnız bundan bu yaxınlarda xəbər tutduğu üçün başqa vəkilə müraciət edərək yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Amma məhkəmə tərəfindən işin bu halları nəzərə alınmamış və bununla da Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarının tələbləri pozulmuşdur.

22. Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Apellyasiya baxışının hədləri

25. Şikayətdən görünür ki, apellyator Qobustan Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(026)-253/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Qobustan Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(026)-253/2022 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Qobustan Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(026)-253/2022 nömrəli və bununla bağlı 10 fevral 2025-ci il tarixli, 2(026)-253/2022 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır.

27. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmiş, Qobustan Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(026)-253/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasından imtina edilmiş, Qobustan Rayon Məhkəməsinin 03 avqust 2022-ci il tarixli, 2(026)-253/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır.

28. Məhkəmə mövqeyni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən verilmiş ərizənin dəlilləri əsassızdır, cavabdehin ərizəsində göstərdiyi hallar üzrlü səbəblər kimi qəbul edilə bilməz. Bu faktlar keçən müddət ərzində, yəni 22 avqust 2022-ci ildə qətnaməni almasından və ilk dəfə apellyasiya şikayəti verdikdən sonra cavabdehin tərəfi olduğu işin hansı vəziyyətdə olması, təmsilçisi kimi seçdiyi Vəkil2 prosessual qaydalara uyğun şəkildə hərəkət edib-etməməsini araşdırmadan hərəkətsizlik göstərməsi, qətnaməni almasından 2 il yarıma yaxın müddət keçdikdən sonra yalnız vəkilini dəyişərək yenidən apellyasiya şikayəti verməsindən ibarətdir.

29. Məhkəmə qeyd etmişdir ki, cavabdeh öz iradəsindən asılı və özü tərəfindən dəf edilməsi mümkün olmayan dəlillərə istinad etməmişdir. Cavabdehin dəlil kimi göstərdiyi hal olan vəkilin hərəkətləri ilə hüququnun pozulması isə cavabdehin iradəsindən kənarda baş verməmiş, o, daha ağlabatan müddətdə onun xidmətindən imtina etmək imkanına malik olsa da, bunu etməmişdir. Göründüyü kimi, cavabdeh öz hüquq və vəzifələrinə laqeyd yanaşmış, özünün seçmiş olduğu vəkillə müqavilə bağlamaqla, ona nümayəndəsi kimi çıxış etmək üçün etibarnamə vermişdir. Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə MPM-də məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. Bu baxımdan şəxsin apellyasiya şikayəti vermək yolu ilə məhkəmə müdafiəsi hüququndan istifadə etməsi də müəyyən edilmiş prosessual müddətlər çərçivəsində həyata keçirilməlidir, bunun əksi həmin iş üzrə digər tərəfin prosessual hüquqlarının pozulması ilə nəticələnir. Ona görə də cavabdehin ərizəsinin dəlilləri əsaslı hesab edilə bilməz. Belə ki, cavabdehin qətnaməni əldə etməsindən yalnız 2 il yarım keçdikdən sonra vəkilini dəyişərək yenidən apellyasiya şikayəti verməsi üçün müddətin bərpa edilməsi həm hüquqi müəyyənlik prinsipinin, həm də iddiaçı tərəfin hüquqlarının pozulmasına gətirib çıxaracaqdır.

30. Bundan başqa, hüquqi savadının olmaması barədə cavabdehin ərizəsinin dəlili də buraxılmış prosessual müddətin bərpası üçün əsas kimi çıxış etmir. Belə ki, o, vəkilinin hüquqi yardımından istifadə etmək, işin gedişatı ilə bağlı ona lazım olan sualların cavabını vəkilindən almaq imkanına malik olmuş, eyni zamanda konstitusion hüququ olan keyfiyyətli hüquqi yardım almaq imkanının həyata keçirilməsi üçün istənilən vəkillə müqavilə bağlamaq azadlığına malik olmuşdur. Həmçinin, mübahisələndirilən qətnamənin nəticəsi hissəsində də vurğulanmışdır ki, qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Cavabdeh sözügedən tələbdən də xəbərdar olsa da, qətnamənin qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi məsələsinə laqeyd yanaşmışdır.

31. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırda qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi və buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməməli, müddətin bərpasından imtina edilməlidir.

32. Məhkəmə həmçinin cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib bildirir ki, həmin apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş və buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin olunmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayəti də geri qaytarılmalıdır.

33. Cavabdeh Qobustan Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(026)- 253/2022 saylı qərardadından şikayət vermiş, şikayətində həmin qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir.

34. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə qiymətləndirmə apararaq birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır, şikayətin dəlillərini əsassız hesab edir, kollegiyanın qənatincə birinci intansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardad prosessual hüquq normalarının tələblərinə uyğundur, qərardadın ləğv edilməsi üçün əsas yoxdur.

35. Kollegiya həmçinin aşağıda şərh olunanları qeyd edir:

36. Qüvvədə olan mülki prosessual qanunvericiliyin normalarından göründüyü kimi şikayət onun verilməsi üçün müəyyən edilmiş müddət ötürüldükdən sonra verilirsə, qəbul edilmir. Şikayət vermiş şəxs müddət ötürülməsinə səbəb olan hallar göstərməklə həmin müddətin bərpa edilməsi barədə məhkəmə qarşısında vəsatət qaldıra bilər. Lakin vəsatətin veriməsi müddətin mexaniki bərpa edilməsinə səbəb olmur. Məhkəmə ilk növbədə müddətin buraxılmasının səbəblərini arşdırır. Əgər o, müddətin şikayəti verən şəxsdən asılı olmayan səbəblərdən (xəstəlik, ezamiyyət və s.) buraxıldığı qənaətinə gələrsə, vəsatəti təmin edərək müddəti bərpa edir, əks halda isə vəsatəti rədd edir.

37. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şikayətin məhkəməyə verilməsinə dair müəyyən olunmuş müddətlərə dair müddəalar ədalətin düzgün həyata keçirilməsi və xüsusilə hüquqi müəyyənlik prinsipinin riayət olunmasına yönəlmişdir. Maraqlı şəxslər bu normaların tətbiq olunmasını gözləməlidir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarının qeyri-müəyyən vaxtdan sonra onlara yenidən baxılması hüquqi müəyyənlik prinsipini pozur. Bu cür hallar Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə baxışına olan hüququnun mahiyyətinə ziddir.

38. Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı 20 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır.

39. Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir.

40. Eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı 20 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır.

41. Göründüyü kimi müddətlərin müəyyən edilməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinin qarşısını almağa, mülki münasibətdə qeyri-müəyyənliyi, qeyri-sabitliyi aradan qaldırmağa xidmət göstərir.

42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunmaması ilə bağlı mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir. Tərəfin göstərdiyi dəlil formal əsas olmaqla buraxılmış prosessual müddətin bərpa edilməsinin üzürlü səbəbi kimi qiymətləndirilə bilməz. Odur ki, şikayət təmin edilməməli, Qobustan Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(026)-253/2022 nömrəli və bununla bağlı 10 fevral 2025-ci il tarixli, 2(026)-253/2022 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır.

43. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq

q ə r a r a a l d ı:

Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Qobustan Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(026)-253/2022 nömrəli və bununla bağlı 10 fevral 2025-ci il tarixli, 2(026)-253/2022 nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar