Məhkəmə qərarları › İş №2(105)-546/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-546/2021

10.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-546/2021 10.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, ilkin İddiaçı1 iştirakı ilə, İlkin iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşılıqlı iddiaçı Cavabdeh qarşı əmlakın özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi, mülkiyyətdən istifadəyə maneələrin aradan qaldırılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair ilk iddia, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(067)-18/2020 saylı qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Xəlilov) İlk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ilk iddia üzrə Cavabdeh qarşı əmlakın özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi, mülkiyyətdən istifadəyə maneələrin aradan qaldırılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası İddiaçı2 münasibətdə qismən təmin edilməsi, Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, 15.08.2017-ci il tarixli çıxarışa əsasən Xaçmaz rayonunun Palçıqoba kəndi ərazisində İddiaçı2 məxsus olan 0,20 ha torpaq sahəsi və üzərində yerləşən müəssisənin tikililəri və hovuzları ilk iddia üzrə Cavabdeh geri alınmaqla, Cavabdeh, həmin torpaq sahəsindən çıxarılması, ilk iddia qalan hissədə təmin edilməməsi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tərəflərin özlərinə aid edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK JTREAZ.22 hesabına köçürülməli, həmçinin "xxxx" MMC-nin 22 iyun 2020-ci il tarixli 550 saylı saylı hesab fakturasına əsasən ekspert tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq, "xxxx" MMC-nin VÖEN200178711, "xxxx" ASC Neftçilər filialı, Bankın kodu 507376, VÖEN **********, Müxbir hesab Az.27 NABZ******************** SWİFT BİK JBBKAZ.22, H/h: AZ82JBBK**********1147293A67 hesabına köçürülməsi qət edilmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İlk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə iddia qaldıraraq, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, 15.08.2017-ci il tarixli Çıxarışa əsasən Xaçmaz rayonunun Palçıqoba kəndi ərazisində yerləşən və İddiaçı1 xüsusi mülkiyyətində olan 0,20 ha torpaq sahəsi və üzərində yerləşən müəssisənin tikililəri və hovuzları Cavabdeh geri alınaraq onu həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, 15.08.2017-ci il tarixli çıxarış əsasında Xaçmaz rayonunun Palçıqoba kəndi ərazisində yerləşən və xüsusi mülkiyyətdə olan 0,2 ha torpaq sahəsi Cavabdeh geri tələb edilməklə onun həmin torpaq sahəsindən çıxarılması, Cavabdeh tərəfindən onlara vurulmuş 540000 manat həcmində maddi zərərin əvəzi, 50000 manat məbləğində kompensasiya şəklində dəyərləndirdiyi mənəvi zərərin əvəzi, habelə iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 30 manat miqdarında dövlət rüsumunun əvəzinin cavabdehdən onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonunun Palçıqoba kəndində JN-349 seriyalı, 30213028 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0.20 ha torpaq sahəsi onun xüsusi mülkiyyətində olub, Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli, 15.08.2017-ci il tarixli Çıxarışa əsasən həmin torpaq sahəsini digər iddiaçı qızı İddiaçı2 mülkiyyətinə keçirmişdir. Həmin torpaq sahəsi onun yəni İddiaçı1 mülkiyyətində olarkən, 2014-cü ildə Cavabdeh ilə tanış olaraq Xaçmaz rayonu, Palçıq-oba kəndində yerləşən 0.20 ha torpaq sahəsində birgə balıqçılıq təsərrüfatı yaradacaqları barədə razılığa gəlmişlər. Cavabdeh, həmin torpaq sahəsində yardımçı tikililər daxil olmaqla 20 ədəd su hovuzlarını təmənnasız olaraq maliyyələşdirəcəyini vəd edərək ona notarial qaydada təsdiqlənməyən 10.11.2014-cü il tarxili müqavilə imzalatmışdır. Lakin cavabdeh tikinti işlərini yekunlaşdırdıqdan sonra güya 280 000 manat pul vəsaiti yatırdığını bildirərək həmin məbləği ondan tələb etmişdir. O, bu müəssisədə mütəxəssis kimi işlədiyi vaxtlar Neftçala rayonundan 8500 ədəd balıq gətirib, onları yetişdirmişdir. Satışyararlı çəkiyə çatdırıb və əlavə olaraq balaca hovuzlarda növbəti mövsüm üçün 17000 ədəd “malyok” (1- 2 qramlıq körpə balıq) Neftçala rayondan gətirmişdir. Qeyd olunan 8500 ədəd balıqlardan 7000 ədədi oğurlanmışdır. 17000 ədəd xırda balıqlar isə cavabdehin işçisi X3 tərəfindən axar çaya buraxılaraq qəsdən ona külli miqdarda zərər vurmuşdur. Bundan sonra Cavabdeh və onun işçisi ona böyük təzyiqlər göstərərək onu təsərrüfatından uzaqlaşdırmışlar. Cavabdeh belə qanunsuz hərəkətləri ilə onunla aralarında olan müqaviləni kobudcasına pozmuşdur. O, artıq üç ildir ki, yaratdıqları balıqçılıq təsərrüfatına girə bilmir. Bu üç ildə cavabdeh torpaq sahəsini və müəssisəni zəbt edib təkbaşına idarə edir. Onun İrandan gətirdiyi 100000 ədəd balıq orta hesabla çəkisi 1 kq-a çatdırılıb cavabdeh tərəfindən satılmışdır. Cavabdeh bu balıqlardan 950000 manat qazanc əldə etmişdir. Cavabdehin isə yatırdığı məbləğ cəmi 68000 manat olmuş, o, yatırdığı vəsaiti götürmüş və 880 000 manat məbləğində pul vəsaitini də artıq gəlir kimi mənimsəmişdir. Aralarında bağlanmış müqaviləyə əsasən əldə olunan gəlirin 50% ona çatacağı bildirilsə də cavabdeh bu günə kimi ona heç bir məbləğdə pul verməmişdir. Cavabdeh və onun işçisi Şahin Qulubəyov əvvəlcədən qurulmuş plan əsasında onun bilik və bacarıqlarından istifadə edərək balıqçılıq təsərrüfatının yaradılmasına nail olmuş sonradan onu uzaqlaşdırmışlar. Belə ki, onun layihəsi üzrə tikilən müəssisədə yetişdirdiyi balıqların o təsərrüfatda olmadığı vaxtlarda hissə-hissə oğurlanaraq satılması, xırda balıqların axar çaya buraxılması ilə müəyyən olunur ki, əvvəlcədən düşünülmüş qaydada onun üçün tələ qurmuşlar. Sonradan guya 40000 manat pul vəsaitini aldığını bildirərək onun mülkiyyətində olan 0.2 ha torpaq sahəsini, üzərindəki yardımçı tikililər daxil olmaqla 20 ədəd su hovuzlarını özününküləşdirməyə cəhd etmişdir. Görəndə ki, bu mümkün deyil, ona qarşı zor tətbiq edərək onu öz təsərrüfatından qovmuşlar. Onu ölümlə hədələdiyi sözlər telefonunun yaddaşında durur. Belə təqibləri ilə onu cinayət etməyə sövq edir. O, bu adamların dələduz olduğunu bilsəydi, onlarla iş birliyinə girməzdi. Cavabdeh onunla 3 müqavilə bağlamış və üçü də notarial qaydada təsdiq edilməmişdir. Cavabdeh bunu bilərəkdən etmişdir. Bu müqavilələr ayrı-ayrı vaxtlarda bağlanmalarına baxmayaraq, 10.11.2014-cü il tarixini göstərir və üçü də 1№-li olduğunu bildirir. Birinci müqavilədə pul vəsaitini təmənnasız yatıracağını bildirsə də, ikinci müqavilədə 280000 mata pul vəsaitini birinci olaraq alacağını göstərir. Müqavilələrin üçünün də saxta, Cavabdeh məkirli planlarına uyğun olduğunu adi gözlə görmək olur. Cavabdeh hiylələrini həyata keçirmək üçün Xaçmaz rayon məhkəməsində ona qarşı əmlakın öhdəliklərdə nəzərdə tutulan şərtlərlə mülkiyyətinə verilməsi tələbinə dair iddia qaldırmışdır. Məhkəmə onun əsassız iddiasını təmin etməmişdir. Yuxarı instansiya məhkəmələri tərəfindən onun şikayətləri təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəsini almış məhkəmə qərarının olmasına baxmayaraq Cavabdeh qanunsuz hərəkətlərini davam edir, bu hərəkətlərə son qoyulması tələb edildikdə onu və ailə üzvlərini söyür, təhqir edir, müxtəlif hədələr edir və bildirir ki, belə hərəkətləri ilə onları məcbur edir ki, həmin torpaq sahəsi və müəssisədən onun xeyrinə əl çəksinlər. Ümumilikdə mülkiyyətlərində qanunvericiliklə müəyyən olunmuş qaydada sahiblik və istifadə etmələri mütəmadi və qanunsuz olaraq maneələr törədir, bizə maddi və mənəvi zərər vurur. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 müştərək qaydada onun tərəfindən dəyəri ödənilmiş əmlakların özgəninkiləşdirilərək onu əmlakından məhrum etmələri və onun hesabına əsassız varlanma nəticəsində ona vurduqları maddi zərərin əvəzi kimimübahisəli torpaq sahəsində bütün tikililər daxil olmaqla 20 ədəd su hövzəsinin təmir-tikinti işlərinin hazırkı bazar qiyməti 370000 (üç yüz yetmiş min) manatın, İddiaçı1 torpaq sahəsini onun mülkiyyətinə keçirməyi vəd etməklə aldığı 40000 (qırx min) manatın, balıqyetişdirmə təsərrüfatından naturada ayrıla bilməyən avadanlıqlarınalınması üçün ödənilmiş 3570 (üç min beş yüz yetmiş) manatın, İddiaçı1 tikililəri onun adına sənədləşdirmək adı ilə aldadaraq ondan aldığı 18600 manat pulun, Palçıq-oba kəndi ərazisində istifadəsində olan göl-torpaq sahəsinin təmizlənməsi, genişləndirilməsi-kiçik həcmli inkubator hovuzları yaradılmaqla orada körpə balıqlar saxlayıb onları onun pul vəsaiti ilə yaradılacaq balıqyetişdirmə təsərrüfatının 20 ədəd su hövzəsinə köçürülməsi adı ilə İddiaçı1 ondan aldığı 21000 ABŞ dolları məbləğində pulun, Neftçala şəhərindən alınmış 25500 ədəd balığa gətirilmə xərcləri daxil olmaqla tərəfindən ödənilmiş 2850 (iki min səkkiz yüz əlli) manat pulun, İddiaçı1 tərəfindən Palçıqoba kəndi ərazisindəki göl sahəsindən mübahisəli torpaq sahəsindəki 20 ədəd su hövzəsinə köçürülüb saxlanılaraq 1kq-a çatdırılmış 1500 ədəd balığın satılmasından əldə edilmiş 6000 (altı min) manat pulun, həmin 1500 ədəd balığın yetişdirilməsi üçün yemin alınmasına tərəfindən çəkilmiş xərclərin əvəzi 9180 (doqquz min yüz səksən) manat pulun, mübahisə predmeti olan torpaq sahəsində yardımçı tikililərlə birlikdə 20 ədəd su hovuzunun tikinti-təmir işləri ilə əlaqədar tərəfindən İddiaçı1 əmək haqqı olaraq ödənilmiş 6800 (altı min səkkiz yüz) ABŞ dolları məbləğində pulun alınaraq ona qaytarılması barədə və qətnamə ilə təmin edilmiş ilk və qarşılıqlı iddia tələblərinin hər iki tərəf üçün eyni vaxtda icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ilk İddiaçı1 onu aldadaraq özünə məxsus olmayan torpaq sahəsində onun külli miqdarda pul vəsaiti ilə balıq yetişdirmə təsərrüfatı yaradılmasına nail olduqdan sonra hazırda həmin torpaq sahəsinin mülkiyyətində olduğunu uydurmaqla üzərindəki hovuzlar və tikililərlə birlikdə ondan geri tələb edilməklə torpaq sahəsindən çıxarılması və pul tələbi barədə iddia qaldırmışdır. İddiaçı1 yaratdığı balıqçılıq təsərrüfatının illik gücü maksimum 20 tondur. Bu növ su hövzələrində saxlanıla bilən balıqların sayı və çəkisi elmi əsaslandırılmışdır. Elmi araşdırmalar onu deməyə əsas verir ki, 62.5 kv. metr su hövzəsində çəkisi 500 qram olan 5000 ədəd balıq saxlamaq mümkündür 20 ədəd su hövzəsindən iki ədədi inkubator hövzələridir ki, onlarda əmtəə balığı yetişdirmək mümkün deyil. Yaratdığı balıqçılıq təsərrüfatının qalan 18 su hövzəsinin hər biri 36 kv. metr, ümumi həcm isə 648 kv. metrdir. Beləliklə, su hövzələrində ümumi çəkisi 1 kq olan 25000 ədəd balıq saxlamaq mümkündür. Bir daha qeyd edir ki, bu optimal iş rejimi olduqda mümkündür. Əgər iş prosesində yaranmış problemləri, yəni xəstəlik, suyun qızması, lillənməsi və s. nəzərə alınsa, (ən azı 30%-35% itki də nəzərə alınmalıdır) bu sayın bir qədər də az olması müşahidə edilər. Özünü mütəxəssis adlandıran iddiaçının qeyri-peşəkarlığı nəticəsində pul itkisinə məruz qalmışdır. Yaratdığ təsərrüfatda satışa hazır oplan balıqlar onun tərəfindən 2016-cı ilin may ayında Fransada olarkən balıq şəklində deyil, kürü olaraq gətirilmişdir. Bu balıqlar Neftçaladan və ya iddiaçıların uydurduğu kimi İrandan alınan balıqlar deyil. Bundan başqa, torpaq sahəsində tikililərə dair onunla İddiaçı1 arasında müqavilə bağlanması öhdəliklər, şifahi tapşırıq müqaviləsi və razılaşmalar nəticəsində onun əmlak hüquqları və qanuni maraqları yaranmışdır. Hazırda onun istifadəsində olan balıqçılıq müəssisəsi Çinartala kəndi ərazisində yerləşir və həmin balıqçılıq müəssisəsinin Palçıqoba kəndi ərazisində İddiaçı2 mülkiyyətində olan müəssisəyə aidiyyəti yoxdur. Həmçinin, qarşılıqlı iddia üzrə cavabdehlər onu aldadaraq onun tərəfindən dəyəri ödənilmiş əmlakı özgəninkiləşdirməklə, onu əmlakdan məhrum etmişlər. Onlar İddiaçı1la işə başlayanda tikililər üçün 18600 manat məbləğində pul vəsaiti xərclənmişdir. Həmin vəsait onun tərəfindən ödənilmişdir. Ödənilən vəsait isə İddiaçı1 tərəfindən qəbul edilmiş və qəbzlərə müvafiq imza atmışdır Həmin təsərrüfatda tikinti gedən zaman İddiaçı1 ona bildirmişdir ki, onun gölü var və burada tikinti işlərinə xeyli vaxt gedəcəkdir. Bu müddət ərzində həmin göldə balıq yetişdirib satmaqla gəlir əldə etmək olar. O da Qırxların təklifini nəzərə alıb onun təklifi ilə razılaşmış və həmin göldə balıqların yetişdirilməsi üçün 40000 manat məbləğində vəsait qoymuşdur. 2 il ərzində həmin göldə yetişdirilən balıqların satışından 6000 manat məbləğində vəsait əldə edilmiş və həmin məbləği İddiaçı1 mənimsəmişdir. Xərclənən pulları isə özü öz xətti ilə qeyd etmişdir. Həmin dəftər hazırda mülki işin materiallarına əlavə edilmişdir. İddiaçı1 guya yetişdirdiyi balıqların təxminən 100 ton dəyərində olduğunu bildirir və guya həmin balıqlar onun tərəfindən satılmışdır. Qırxların dediyi rəqəmlər xəyali rəqəmlərdir. Onlar həmin təsərrüfatda fəaliyyətə başlayanda vergi orqanına qeydiyyata düşmüşlər. Həmin təsərrüfatın gəlirləri barədə mütəmadi olaraq vergi orqanına hesabat vermişlər. Cavabdehlərin ona vurduqları maddi zərərin əvəzi kimi-mübahisəli torpaq sahəsində bütün tikililər daxil olmaqla 20 ədəd su hövzəsinin təmir-tikinti işlərinin hazırkı bazar qiyməti olan 370000 (üç yüz yetmiş min) manat, İddiaçı1 torpaq sahəsini onun mülkiyyətinə keçirməyi vəd etməklə aldığı 40000 (qırx min) manat, balıqyetişdirmə təsərrüfatından naturada ayrıla bilməyən avadanlıqların alınması üçün ödənilmiş 3570 (üç min beş yüz yetmiş) manat, İddiaçı1 tikililəri onun adına sənədləşdirmək adı ilə aldadaraq ondan aldığı 18600 manat, Palçıq-oba kəndi ərazisində istifadəsində olan göltorpaq sahəsinin təmizlənməsi, genişləndirilməsi-kiçik həcmli inkubator hovuzları yaradılmaqla orada körpə balıqlar saxlayıb onları onun pul vəsaiti ilə yaradılacaq balıqyetişdirmə təsərrüfatının 20 ədəd su hövzəsinə köçürülməsi adı ilə İddiaçı1 ondan aldığı 21000 ABŞ dolları, Neftçala şəhərindən alınmış 25500 ədəd balığa gətirilmə xərcləri daxil olmaqla tərəfindən ödənilmiş 2850 (iki min səkkiz yüz əlli) manat, İddiaçı1 tərəfindən Palçıqoba kəndi ərazisindəki göl sahəsindən mübahisəli torpaq sahəsindəki 20 ədəd su hövzəsinə köçürülüb saxlanılaraq 1kq-a çatdırılmış 1500 ədəd balığın satılmasından əldə edilmiş 6000 (altı min) manat, həmin 1500 ədəd balığın yetişdirilməsi üçün yemin alınmasına tərəfindən çəkilmiş xərclərin əvəzi 9180 (doqquz min yüz səksən) manat, mübahisə predmeti olan torpaq sahəsində yardımçı tikililərlə birlikdə 20 ədəd su hovuzunun tikinti-təmir işləri ilə əlaqədar tərəfindən İddiaçı1 əmək haqqı olaraq ödənilmiş 6800 (altı min səkkiz yüz) ABŞ dolları məbləğində pul cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun deyil, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır, məhkəmə işdə müəyyən edilmiş faktlar və sübutlar əsasında deyil, heç bir hüquqi əsası olmayan subyektiv mülahizələrinə əsasən yekun nəticəyə gəlmiş və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin İddiaçı1 uzun illərdir sahibkarlıqla məşğul olduğunu, özünün və qızı İddiaçı2 da VÖEN-i olduğunu bildirərək, sonuncunun şəhadətnaməsini məhkəmə kollegiyasına təqdim edərək, işin aidiyyəti üzrə göndərilməsinə etiraz olmadığını bildirdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən qarşılıqlı iddiaçı Cavabdeh nümayəndəsi Vəkil2 izahatında tərəflərin sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarını və hazırkı mübahisənin məhz onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan, bu mübahisəyə kommersiya məhkəməsində baxılmalı olduğundan, qətnamənin ləğv edilməsini və mülki işin baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməli olmasını bildirdi. İş materiallarını araşdıraraq, məruzəçini və ilkin iddiaçını, cavabdehin nümayəndəsi Vəkil2 izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin qismən və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə nəticəyə gəlmiş, qarşılıqlı iddiaçı bu nəticədən narazı qalaraq apellyasiya şikayəti verərək, qətnaməni mübahisələndirmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.3. maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası MPM-nin 24.2. maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd edilən maddənin məzmunundan müəyyən edilir ki, məhkəmələr məhkəmə aidiyyətini müəyyən edərkən üç əsas xüsusiyəti – işdə iştirak edən şəxslərin subyektiv tərkibini (hüquqi, fiziki şəxslər və sahibkarlar), mübahisənin predmetini (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakterini) və hüquq münasibətinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məsələn, mülki, ailə, iqtisad və.s) yoxlamalıdır. Bununla yanaşı hər üç xüsusiyyət bir-biri ilə birbaşa bağlı olduğundan, məhkəmə aidiyyəti müəyyən edilərkən, onların üçünün də yoxlanılması zəruridir. Halbuki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin “hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır” prinsipini rəhbər tutaraq, iddia ərizəsini icraata qəbul etsə də, yaranan mübahisəyə hansı məhkəmədə baxılmasını (kommersiya və ya ümumi), yəni mübahisənin məhkəmə aidiyyətini nəzərdə tutan prosessual hüquq normalarını pozaraq, mübahisə üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətinin xarakterini nəzərə almalı olduğu halda, buna əməl etməmiş və nəticədə qanunvericiliyin yuxarıda qeyd normalarının tələblərini pozmaqla qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi məqsədi ilə hazırkı mülki iş üzrə Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsində sadalanan xüsusiyyətlər üzrə araşdıraraq, işin məhkəmə aidiyyəti ilə bağlı aşağıdakı nəticələri qeyd etməyi zəruri hesab edir. İş materiallarından olan fiziki şəxsin vergi uçotu haqqında şəhadətnaməyə əsasən X2 ********** VÖEN-lə, İddiaçı2 ********** VÖEN-lə, Cavabdeh ********** VÖEN lə "xxxx" MMC-nin qanuni təmsilçisi olmaqla qeydiyyata alınmışlar. Mülki Prosessual Məcəllənin 26.1. maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki Prosessual Məcəllənin 31.1. maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır (Mülki Prosessual Məcəllənin 32.3., 32.4. maddələri). Mülki Prosessual Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi ilkin iddiaçılar və qarşılıqlı iddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs olduqlarından, eləcə də hazırkı mübahisə məhz onların bu fəaliyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olduğundan, birinci instansiya məhkəməsi aidiyyət qaydalarını pozmaqla işi icraata götürərək qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prossesual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli 1325 №li Sərəncamına əsasən kommersiya və inzibati məhkəmələri yaradılmışdır. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2019-cu il 9 iyul tarixli 1633-VQD nömrəli Azərbaycan Respublikasının qanununa əsasən ismin müvafiq hallarında “inzibati-iqtisadi məhkəmə” sözləri ismin müvafiq hallarında “kommersiya məhkəməsi” sözləri ilə, ismin müvafiq halında “inzibatiiqtisadi məhkəmələr” sözləri ismin müvafiq halında “kommersiya məhkəmələri” sözləri ilə əvəz edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 24.2., 26.1., 44.2.2., 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ Qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia tələbi məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar