Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-567/2025 29.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı5 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi və cavabdehin qanunsuz sahibliyindən geri qaytarılması) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı5, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, Digər iddiaçıların nümayəndəsi İddiaçı4 iştirakları ilə, İddiaçı5 Cavabdeh qarşı "torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi və cavabdehin qanunsuz sahibliyindən geri qaytarılması" tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2(031)-31/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı5 məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq, Şabran rayon Pirəbədil kəndində yerləşən onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,09 ha torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi və cavabdehin qanunsuz sahibliyindən zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı5 vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə dəqiqləşmə verərək, Şabran rayon Pirəbədil kəndində yerləşən onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,09 ha torpaq sahəsindən cavabdehin qanunsuz sahibliyindən zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Eyni zamanda, iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 nümayəndəsi İddiaçı4 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası MPM-nin 55-ci maddəsinə əsasən, onu, digər mülkiyyətçilər İddiaçı2, İddiaçı1 və İddiaçı3, iddiaçı ilə eyni tələb ilə məhkəmə işində iştirak etmələri və ödənilən 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçılara verilməsini xahiş etmişdir.
4. Məhkəmə İddiaçı5 nümayəndəsi İddiaçı4 ərizəsini təmin etmiş, İddiaçı4, İddiaçı2, İddiaçı1 və İddiaçı3 İddiaçı5 ilə eyni tələb irəli sürən şəxs kimi işə cəlb edilmişlər.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixində onun və ailə üzvlərinin birgə mülkiyyətlərində olan Şabran rayonu Pirəbədil kəndində yerləşən 0,19ha torpaq sahəsinin 0,10ha hissəsini Cavabdeh satmışlar. xx.xx.2013-cü il tarixində onlara qalan torpaq sahəsini Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətindən **********62 reyestr nömrəsi ilə qeydiyyatdan keçirərək RX ******* nömrəli çıxarış almışlar. xx.xx.2018-ci il tarixdə həmin torpaq sahəsinin plan və ölçüsünə dair A 290303 nömrəli sənəd almışlar və hamin sənəddə torpaq sahəsinin döngə nöqtələri qeyd edilmişdir. Torpaq sahəsinin bir hissəsinin qonşu Cavabdeh tərəfindən zəbt olunduğunu şübhə edərək, xx.xx.2023-cü il tarixində torpaq sahəsinin yerində koordinatlarının dəqiqləşdirilməsi üçün DƏDKR-nin 5 saylı Xaçmaz ərazi idarəsinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Şabran rayonu Pirəbdil kənd ərazisində yerləşən 0,09 ha torpaq sahəsinin koordinatlarının yerində dəqiqləşdirilməsi ilə əlaqədar DƏDRK publik hüquqi şəxsin 5 saylı Ərazi idarəsinə ünvanlanmış müraciətlə əlaqədar bildirilir ki, ərizədə qeyd olunan torpaq sahəsinin faktiki yerində **********62 nömrəli çıxarışa əsasən yerində iki tərəf döngə nöqtələrinin koordinatları tanıdılmış, lakin digər iki tərəfini isə qonşu torpaq sahəsinin istifadəçisi tərəfindən dəmir torba bağlandığına görə tanıdılması mümkün olmamışdır. Torpağın zəbt olunması ilə əlaqədar əldə etdiyi fotoşəkildən məlum olur ki, cavabdeh onun torpaq sahəsinə bir hissədən 4 metr digər hissədən 8,6 metr girib. Dəfələrlə ona zəbt olunmuş torpaq sahəsinin boşaldılması ilə əlaqədar müraciət etsə də, cavabdeh onun sözlərinə əhəmiyyət verməmişdir. Onun bu qanunsuz hərəkətlərinə son qoyulması ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətindədir.
6. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********62, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013-cü il olan çıxarışdan görünür ki, İddiaçı5 ailə üzvlərinin birgə mülkiyyətlərinə Şabran rayonu Pirəbədil kəndi ərazisindən yaşayış məntəqələrinin torpaqlarından 0.09 ha torpaq sahəsi verilmişdir.
8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********61, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013-cü il olan çıxarışdan görünür ki, Cavabdeh ailə üzvlərinin birgə mülkiyyətlərinə Şabran rayonu Pirəbədil kəndi ərazisindən yaşayış məntəqələrinin torpaqlarından 0.10 ha torpaq sahəsi verilmişdir.
9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 20 noyabr 2024-cü il tarixli 3-21-3- 34/2- 16460/2024 saylı mütəxəssis rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş, reyestr nömrəsi **********62, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013-cü il olan çıxarışa əsasən İddiaçı5 və onun ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0.09 ha torpaq sahəsinin cənub-qərb tərəfdən 0.02406 ha hissəsi Cavabdeh tərəfindən metal torla hasarlanaraq istifadə olunur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
10. Şabran Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2(031)-31/2025 nömrəli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia tələbinin təmin edilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş, reyestr nömrəsi **********62, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013-cü il olan çıxarışa əsasən İddiaçı5 və onun ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0.09 ha torpaq sahəsinin cənub-qərb tərəfdən 0.02406 ha hissəsi Cavabdeh tərəfindən boşaldılaraq iddiaçılar İddiaçı5, İddiaçı4, İddiaçı2, İddiaçı1 və İddiaçı3 təhvil verilməsi, Cavabdeh 200 (iki yüz) manat dövlət rüsumunun tutularaq iddiaçılara ödənilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1 və 2-ci bəndləri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 220.1, 220.2 və 220.3-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4, 218.3, 220.5, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
12. Şabran Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2(031)-31/2025 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki işə baxan məhkəmə tərəfindən qanunvericiliyin tələbləri qismən pozulmuş, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar dəqiq aydınlaşdırılmamışdır. Bunun nəticəsi olaraq birinci instansiya məhkəməsi qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Bildirir ki, sözügedən ona məxsus olan Şabran rayonu, Pirəbədil kəndində yerləşən torpaq sahəsini iddiaçı özü ona satmışdır. Həmin vaxtı torpağa baxış keçirən zaman iddiçının ona təklif etdiyi torpaq sahəsinin 4 tərəfinin də iddiaçının özü tərəfindən çəpərləndiyini görmüşdür. Lakin buna baxmayaraq həmin yerin ölçülməsi üçün Şabran rayon Daşınmaz Əmlakın Dövlət Reyestrindən mütəxəssiz dəvət edərək iddiaçının ona təklif etdiyi torpaq sahəsini ölçdürmüş və yerləşmə yerini müəyyən etdirmişdir. Həmin mütəxəssiz yerinin ölçülərinin faktiki çəpərləndiyi yerlə tam uyğun gəldiyini və sənədlə uyğun olduğunu bildirmişdir. Bundan sonra o, tam əmin olaraq iddiaçının pulunu ödəyərək torpağı almışdır. Daha sonra 2013-cü ildə iddiaçının çəpərlədiyi yerlər çöldə qalmaq şərti ilə içəridən dəmir setka ilə yerin ətrafını bağlamışdır. Bir müddət sonra həmin yerdə müxtəlif tikililər tikmiş və çoxlu meyvə ağacları əkmişdir. Lakin həmin alqı-satqıdan 11 il keçdikdən sonra iddiaçı özündə qalan torpaq sahəsini başqasına satan zaman guya ki, onun qalan torpaq sahəsinin zəbt etdiyini bildirmişdir. Ona həmin torpaq sahəsini onun özünün satdığını və çəpərlədiyi yerdən içəri tərəfindən setka çəkdiyini bildirmiş, lakin iddiaçı bununla razılaşmayaraq onu məhkəməyə vermişdir. Nəticədə məhkəmə tərəfindən yerə baxış keçirilməsi üçün ekspertiza təyin edilmişdir. Ekspertiza rəyinə əsasən guya ki, iddiaçının 0,025 ha torpaq sahəsinin onun bağında olması bildirilmişdir. O, ekspert mühəndisinə torpağı alan zaman da ölçdürdüyünü və torpaq sahisinin faktiki ilə uyğun gəldiyini bildirmişdir. Ekspert mühəndis isə əvvəllər texniki inkişaf olmadığı üçün dəqiq ölçülərin əldə olunmasının qeyri-mümkün olduğunu bildirmişdir. O isə bununla razılaşmamış, həmin əvvəlki ekspertin də dövlət işçisi olduğunu, onun ölçüləri təsdiqləməsi səbəbindən həmin torpaq sahəsini almağını, çəpərin yerindən dəmir setka çəkdiyini, ağaclar əkdiyini bildirmişdir. Lakin bütün bunlara baxmayaraq Şabran Rayon Məhkəməsi əvvəllər aparılan ölçünün indiki ölçü ilə hansı səbəbdən uyğun gəlməməsini, bu işdə onun hər hansı bir günahının olub-olmamasını, torpağın hazırkı ölçüləri üzrə iddiaçının özünün ona təqdim edərək torpağı satdığını araşdırmadan əsassız qətnamə qət etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, məhkəmə qətnaməsindən razı olmayan cavabdeh apellyasiya şikayətində heç bir sübut gətirmədən, yalnız hansı vaxtda həmin torpaq sahəsini aldığını və çəpərlədiyini bildirir. Bundan əlavə heç bir qanuni əsas gətirmədən, guya ki, maddi hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsini bildirərək, İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinə istinad edərək qeyd etmişdir ki, qətnamə düzgün araşdırılmamış və əsaslandırılmamışdır. Apellyasiya şikayətinin təmin olunmaması və qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunur.
Apellyasiya icraatı iştirakçılarının izahatları
15. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
16. İddiaçı5 apellyasiya şikayətinə etitaz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
17. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etitaz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
18. Digər iddiaçıların nümayəndəsi İddiaçı4 apellyasiya şikayətinə etitaz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29: I. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
21. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 103.1. Torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kim sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılan halları ilə müəyyən edildi ki, iddiaçılar birgə mülkiyyətlərində olan Şabran rayonu Pirəbədil kəndində yerləşən 0,19ha torpaq sahəsinin 0,10ha hissəsini Cavabdeh satmışlar. xx.xx.2013-cü il tarixdə 0,09ha torpaq sahəsinə iddiaçıların mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İddiaçılar həmin 0,09 ha torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə olduğunu iddia edərək araşdırılan tələblə məhkəməyə müraciət etmişlər.
27. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıların birgə mülkiyyətində olan 0.09 ha torpaq sahəsinin cənub-qərb tərəfdən 0.02406 ha hissədə Cavabdeh tərəfindən müdaxilə vardır.
28. Birinci instansiya məhkəməsinin mübahisəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş, reyestr nömrəsi **********62, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013-cü il olan çıxarışa əsasən İddiaçı5 və onun ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0.09 ha torpaq sahəsinin cənub-qərb tərəfdən 0.02406 ha hissəsi Cavabdeh tərəfindən boşaldılaraq iddiaçılar İddiaçı5, İddiaçı4, İddiaçı2, İddiaçı1 və İddiaçı3 təhvil verilməsi, Cavabdeh 200 (iki yüz) manat dövlət rüsumunun tutularaq iddiaçılara ödənilməsi qət edilmişdir.
29. Məhkəmə, tərəflərin izahatlarını, mütəxəssis rəyini nəzərə alaraq bu nəticəyə gəlmişdir ki, iddiası əsaslı olduğundan təmin olunmalıdır.
30. Məhkəmə qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı əsaslı qətnamə qəbul edilmişdir.
32. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində qeyd olunmuş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
33. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
34. Kollegiya qeyd edir ki, araşdırılan mübahisə xüsusi bilik tələb olunan hallara aid olmaqla, işin müəyyən edilmiş hallarından göründüyü kimi iş üzrə mütəxxəsis rəyi alınmışdır. Həmin rəyin mötəbərliyi şübhə doğurmur. Cavabdeh tərəf həmin rəy ilə razılaşmayaraq mübahisələndirsə də rəyin əsassızlığına dair heç bir sübut təqdim etməmişdir. Şikayətin dəlilləri yalnız cavabdehin mülahizələrinə əsaslanır.
35. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsi müəyyən edilmiş hallara əsasən araşıdırılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, 2(031)-31/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.