Məhkəmə qərarları › İş №2(105)-579/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-579/2025

12.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-579/2025 12.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Əliağa oğlu və X1 ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı zəbt edimiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(027)-185/2024 nömrəli qətnaməsindən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan xx.xx.2013-cü il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, Alekseyevka kəndində yerləşən 0.08 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir.

2. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyat nömrəsi ********** olan xx.xx.2021-ci il tarixli Çıxarışdan görünür ki, Quba rayonu, Alekseyevka kəndində yerləşən 0.08 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı oğlu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* saylı Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (çıxarışa əsasən verilmiş xx.xx.2013-cü il tarixli, 248 inventar nömrəli texniki pasporta) əsasən xüsusi mülkiyyətində olan 0,08 hektar həyətyanı torpaq sahəsinin eni 1,40 metr, uzunu 39,60 metr olmaqla, torpaq sahəsinin Cavabdeh qeyri-qanuni sahibliyindən məcburi qaydada alınaraq, ona qaytarılması və qeyri-qanuni inşa edilmiş hasarın cavabdeh tərəfindən sökülərək, hasarın əvvəlki yerindən cavabdeh tərəfindən inşa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, Quba rayonunun Alekseyevka kəndində xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* saylı Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən fərdi yaşayış evi və evin yerləşdiyi 0.08 hektar həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında məxsusdur. Həyətyanı torpaq sahəsi sol tərəfdən Cavabdeh evi və həyətyanı torpaq sahəsi ilə qonşudur. O, həyat yoldaşı ilə birlikdə əsasən Bakı şəhərində yaşayır. Həyat yoldaşının xəstəliyi ilə əlaqədar bu il uzun müddət Alekseyevka kəndindəki evinə gəlməmişdir. Bu yaxınlarda evə gələrkən qonşusu Cavabdeh həyətyanı torpaq sahələrinin arasındakı hasarı sökərək 1,40 metr məsafədə ona məxsus torpaq sahəsini zəbt etməklə hasarı onun xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa etmişdir. Belə ki, o, eni 1,40 metr, uzunu 39,60 metr olmaqla, onun torpaq sahəsini qanunsuz zəbt etmişdir. Cavabdehin zəbt etdiyi göstərilən ölçülərdə torpaq sahəsi ona məxsusdur. Cavabdeh tərəfindən onun torpaq sahəsinin bir hissəsinin zəbt olunması barədə bildikdən sonra o, dəfələrlə Cavabdeh şifahi şəkildə müraciət etsə də, bu müraciətlərinin heç bir nəticəsi olmamışdır. Göstərilən səbəblərdən xüsusi mülkiyyətinin qorunması üçün iddia ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalmışdır.

5. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək, iddianı əsassız hesab edərək rədd olunmasını xahiş etmişdir.

6. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(027)-185/2024 nömrəli qətnaməsi ilə (hakim Vüqar Seyidov) iddia təmin edilməmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən İddiaçı məxsus 0.08 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən hansısa formada istifadə olunmadığı müəyyən olunmuşdur. Odur ki, məhkəmə həmin rəyi mötəbər sübut kimi qəbul edərək, hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi təmin edilməməlidir.

8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi, Mülki Məcəllənin 152.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Quba rayonunun Alekseyevka kəndində xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışa əsasən fərdi yaşayış evi və evin yerləşdiyi 0,08 hektar həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur və həmin həyətyanı torpaq sahəsi sol tərəfdən Cavabdeh evi və həyətyanı torpaq sahəsi ilə qonşudur. Həyat yoldaşı ilə birlikdə əsasən Bakı şəhərində yaşayır, belə ki, həyat yoldaşının xəstəliyi ilə əlaqədar bu il uzun müddət Alekseyevka kəndindəki evinə getməmişdir. Bu yaxınlarda evinə gedən zaman qonşusu Cavabdeh həyətyanı torpaq sahələrinin arasındakı hasarı sökərək 1,40 metr məsafədə ona məxsus torpaq sahəsini zəbt etməklə hasarı onun xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa etmişdir. Belə ki, o,eni 1,40 metr, uzunu 39,60 metr olmaqla ona məxsus torpaq sahəsini qanunsuz zəbt etmişdir. İşə baxan Quba Rayon Məhkəməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyinə əsaslanmışdır. Qətnamədə mütəxəssis Nəbi Nəbizadənin izahatına istinad olunur, lakin onun izahatı təhrif olunmuşdur. Belə ki, Nəbi Nəbizadə onun tələbi ilə məhkəməyə dəvət olunmuş və üçüncü dəfə məhkəmə təxirə salındıqdan sonra o, məhkəməyə gəlmişdir. Məhkəmədə ona verdiyi “Nəbi müəllim, siz yerində baxış keçirərkən, cavabdehin nümayəndəsi Məmmədhüseyn müəllimdən soruşanda ki, siz hasarı öz ərazinizdə inşa etmisiniz, yoxsa Düriyyə xanımın, o, nə cavab verdi?” sualına Nəbi Nəbizadə bildirdi ki, cavabdehin nümayəndəsi onun sualına cavab olaraq bildirmişdir ki, o, hasarı Düriyyə xanımın ərazisində inşa etmişdir”, lakin bu barədə qətnamədə göstərilməmişdir. Bundan başqa 19 dekabr 2025-ci il tarixdə məhkəmə iclası başlamamış, hakim Vüqar Seyidov tərəflərin, mütəxəssis Nəbi Nəbizadənin, məhkəmə iclas katibi Veysəl Fətəliyevin iştirakları ilə mübahisə yerinə baxış keçirilmişdir. Yerli baxış zamanı hakim özü müəyən etmişdir ki, hasar əvvəlki yerindən yox, İddiaçı ərazisindən inşa olunmuşdur. Həmçinin cavabdehin ərazisi tərəfdən hakim hasarın dibindən torpaq qatını götürülməsini bildirmiş və bu zaman hasarın əvvəki özülün cavabdehin ərazisində olduğu, hasar sökülüb yenidən inşa olunarkən, əvvəlki yerindən yox, İddiaçı ərazisindən inşa olunması müəyyən olunmuşdur. Bu faktları yerində hakim özü tərəflərə göstərmişdir, lakin qətnamədə bu barədə ümumiyyətlə heç nə göstərilməmişdir. Həmçinin, yerli baxış barədə protokol da tərtib olunmamışdır. Göstərilənlərə əsaslanaraq, yerli baxışdan qayıdaraq məhkəmə iclasında bildirmişdir ki, mütəxəssis rəyi düzgün verilməmişdir, bu səbəbdən təkrar ekspertiza keçirilməsi barədə vəsatət vermişdir. Lakin artıq üçüncü məhkəmə baxışı olduğundan və məhkəmənin elektron sistemi bundan sonra məhkəmə iclasının təyinini qəbul etmədiyindən onun vəsatəti təmin olunmamışdır və qətnamə qəbul olunmuşdur. Belə məlum olur ki, iş üzrə düzgün olmayan rəy vermiş mütəxəssis planlı şəkildə üç dəfə məhkəmə baxışlarına üzrsüz səbəbdən gəlməmişdir ki, onun rəyinin əsassız olduğu müəyyən olunanda məhkəmə artıq məhkəmənin elektron sistemi bundan sonra məhkəmə iclasının təyinini qəbil etmədiyindən təkrar ekspertiza təyin edə bilməsin ki, onun rəyinin düzgün olmaması müəyyən olunmasın. Məhkəmənin isə açıq-aydın bu faktları, həmçinin yerli baxış zamanı hakimin özünün yerində müəyyən olunmuş faktlarla cavabdehin hasarı iddiaçının ərazisində inşa etməsinin canlı şahidi olmasını nəzərə almadan cavabdehin xeyrinə qərar verməsi anlaşılmazdır. Bu səbəbdən hesab edir ki, torpaq sahələrinin yerləşməsinin müəyyənləşdirilməsi üçün yenidən ekspertiza təyin olunmalı və ekspertizanın keçirilməsi ekspertin özünün yerində baxış keçirməsi şərti ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmalıdır. Göstərilənlərə əsasən Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)- 185/2024 saylı qətnaməsinin ləğv olunması və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

14. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

15. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (...)

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...)

17. Maddə 157. Mülkiyyətin müdafiəsi (...) 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (...) 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

19. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

20. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

22. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

23. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (...)

24. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

26. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

27. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini təmin etmişdir.

30. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/4766 saylı rəyində və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı məxsus torpaq sahəsi Cavabdeh tərəfindən hansısa formada istifadə olunmur. Cavabdeh tərəfindən İddiaçı məxsus torpaq sahəsində hər hansı bir tikili inşa edilməmişdir. (sxem tərtib olunmuşdur, koordinatlar və ortofoto görüntülər mütəxəssis rəyinə əlavə edilmişdir)

31. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyində qeyd olunmuşdur ki, Quba rayonu Alekseyevka kəndində yerləşən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 11.6 kv.m hissəsinin küçəyə paralel istiqamətdə sağ qonşu tərəfdən sərhədi daxilində hasar çəkilərək tutulmuşdur.

32. Apellyasiya şikayətinin dəlilləri və iddiaçı tərəfin vəsatətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-579/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin mütəxəssisinin iştirakı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,08 ha torpaq sahəsinin sənəd üzrə sərhədləri müəyyən edilsin. 2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Cavabdeh xüsusi mülkiyyətində olan Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,08 ha torpaq sahəsinin sənəd üzrə sərhədləri müəyyən edilsin. 3. İddiaçı xüsusi mülkiyyətində olan həmin torpaq sahəsinin hər hansı hissəsi Cavabdeh tərəfindən istifadə olunurmu? Əgər istifadə olunursa həmin hissənin sahəsi və ölçüləri müəyyən edilsin. 4. İddiaçı xüsusi mülkiyyətində olan həmin torpaq sahəsində Cavabdeh tərəfindən hər hansı tikinti işləri (hasar və s.) aparılmışdırmı? Əgər tikinti işləri aparılmışdırsa onun ölçüləri müəyyən edilsin. 5. Cavabdeh tərəfindən tikilmiş mübahisəli hasar tikilisi İddiaçı məxsus torpaq sahəsində yerləşirmi? Əgər yerləşirsə həmin hissənin ölçüləri müəyyən edilsin.

33. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Abşeron Ərazi İdarəsinin məktubu ilə mübahisəli torpaq sahəsi ilə bağlı mütəxəssis rəyinin tərtib olunub təqdim edilməsi üçün 95 (doxsan beş) manat xidmət haqqının ödənilməsinin zəruri olması tərəflərə yazılı qaydada bildirilsə də, həmin ödəniş iddiaçı tərəfindən təmin edilməmiş, nəticədə adı çəkilən ekspertizanın keçirilməsi mümkün olmamışdır.

34. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

35. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəylərinə əsasən isə müəyyən edilir ki, iddiaçıya məxsus torpaq sahəsi cavabdeh tərəfindən hansısa formada istifadə olunmur, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində hər hansı bir tikili inşa edilməmişdir.

36. Torpaq Məcəlləsinin 65-ci maddəsinə görə, torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

37. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır.

38. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən keçirilən ekspertiza tədqiqatına dair ekspert rəyini MPM-in 103-cü maddəsinə əsasən hazırkı iş üzrə mötəbər sübut kimi qiymətləndirir və hesab edir ki, iddiaçı tərəf məhkəməyə həmin rəyin əsassızlığına dair mötəbər sübut təqdim edə bilməmişdir.

39. Göründüyü kimi, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və işin araşdırılmış halları ilə iddiaçının iddia etdiyi torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunması və ya orada cavabdeh tərəfindən hər hansı tikilinin inşa edilməsi müəyyən olunmur.

40. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin göstərilən ekspert rəyini mövcud mübahisə üzrə mötəbər sübut kimi qiymətləndirməklə yuxarıda göstərilən nəticəyə gəlməsi əsaslı olmuşdur.

41. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya həmçinin qeyd edir ki, işdə yerində müayinə aparılması haqqında protokol mövcuddur (iş v. 90) və həmin protokoldan görünür ki, hakimin, məhkəmə iclas katibinin, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, DƏDXR-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisi X3 iştirakı ilə yerində baxış aparılmışdır.

42. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu isə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətinin təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(027)-185/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar