Məhkəmə qərarları › İş №2(105)-589/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-589/2023

20.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-589/2023 20.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" X5 və Cavabdeh1 qarşı mülki hüquq pozuntularından əmələ gələn öhdəlik üzrə ziyanın ödənilməsi tələbinə dair iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(067)-2173/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" X1 və Şəbəkənin İstismar üzrə mühəndisi Cavabdeh1 təqsiri üzündən mülki hüquq pozuntusu nəticəsində ona məxsus bir baş iribuynuzlu camış cinsli heyvanın tələf olmasına görə dəymiş 1000 manat ziyanın, mülki dövriyyə zamanı camışın südündən əldə edəcəyi gəlir (əldən çıxmış) faydanın əvəzi olaraq 500 manat və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonunun Xaspoladoba kəndində yaşayır. Fərdi təsərrüfatında xırda və iri buynuzlu heyvanlar saxlayır. 16 noyabr 2021-ci il tarixində bərk külək əsməsi nəticəsində kənddəki elektrik dirəyinin naqilləri qırılaraq yerə düşmüş, kənd sakinləri və qardaşı dəfələrlə "xxxx"ın X3 daxili nömrəsinə zəng vuraraq qəza baş verməsini və təcili olaraq yerə düşmüş yüksək gərginlikli elektrik naqillərinin yerdən qaldırılmasını xahiş etmişlər ki, bədbəxt hadisə baş verməsinin qarşısı alınsın. Lakin X3 işçiləri həmin gün kəndə gəlməmiş və qəzanı aradan qaldırmamışlar. xx.xx.2021-ci il tarixində səhər saat 09:30 radələrində evdə olan zaman iri buynuzlu heyvanın böyürmə səslərinə bayıra çıxdıqda görmüşdür ki, iribuynuzlu camış yerə düşmüş yüksək gərginlikli naqilə ilişərək elektrik vurması nəticəsində tələf olub. Həmin iribuynuzlu camışın bazar qiyməti 1000 (bir min) manat dəyərində qiymətləndirilmişdir.O, bu barədə rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş və ibtidai araşdırma aparılaraq 27 noyabr 2021-ci il tarixində cinayət işinin başlanılmasının rədd olunması barədə qərar qəbul olunaraq, mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, Azərişıq” ASC-nin X4 mühəndis işləyir. xx.xx.2021-ci il tarixində Xaçmaz rayonu, Xaspoladoba kəndinə yaxın ərazidə olduğu üçün həmin kənddə naqillərin güclü külək nəticəsində yola düşməsi ilə bağlı əraziyə çağırmışlar və o, həmin yerə getmişdir. Həmin ərazidə naqillərin yerə düşdüyünü görmüş və bundan sonra həmin naqilləri bərpa etdirmişdir. Ondan başqa həmin əraziyə nəzarət edən 2 usta və 2 mühəndis var. Elektrik naqillərin yerə düşməsi nəticəsində baş vermiş hadisəyə o cavabdehlik daşımır, ona baş mühəndis cavabdehlik daşıyır. Qeyd edir ki, elektrik naqilləri yerə düşəndə ilk növbədə qəza bərpa briqadası dəvət olunmalı idi. Ona görə də iddiaçının mal-qarasının tələf olmasında o məsuliyyət daşımır. Xaçmaz Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(067)-2173/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. (hakim Sərxan Səmədzadə) Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: məhkəmə MM-nin 1097-ci maddəsinin tələblərini pozmuşdur. Həmin normanın əsas tələbi mülki hüquq pozuntusu delikt nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin, zərər vuran tərəfindən tam həcmlə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin də öhdəsinə qoyula bilər. Qanunla zərər vuranın təqsiri olmadıqda da (obyektiv sürətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Lakin işə baxan hakim düzgün mövqeyə gəlməyərək elektrik enerjisinin istifadə qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər kabinetinin 2 fevral 2005-ci, 18 nömrəli qərarının 10.1-ci maddəsinə istinad edərək “enerji sistemində və ya enerrjitəchizat şəbəkəsinin müəssisəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəymişdirsə” (Elektrik qəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və sair.) Enerji təchizatı müəsissəsi Azərbaycan Respublikasının Mülki məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır. Həmin qaydaların 10.2.1-ci maddəsinə əsaəsn Enerji Təchizatı müəssisəsi Fors-major hadisəsi ilə əlaqədar dəymiş ziyana görə istehlakçı qarşısında maddi məsuliyyət daşımır. Bu normativ hüquqi aktlara istinad edən məhkəmə iddianın predmetinə və əsasına uyğun olmayaraq iddianı təmin etməmişdir. Halbuki məhkəməyə təqdim olunmuş, xx.xx.2020-ci il tarixli Xaçmaz rayon polis şöbəsinin təhqiqatçısısın qərarında da qeyd olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə bərk külək əsməsi nəticəsində kənddəki elektrik dirəkləri qırılaraq yerə düşmüş kənd sakinləri Xaçmaz rayon elektrik şəbəkəsinin qəza xidmətinə zəng vuraraq qəza baş verməsini və təcili olaraq yerə düşmüş yüksək gərginlikli elektrik naqillərinin bərpa etməsini xahiş etmişlər ki, bədbəxt hadisə baş verməsin. Lakin cavabdehlər xx.xx.2021-ci il tarixədək, saat 09:30-dək qəzanı aradan qaldırmamışlar, qəza yerinə gəlməmişlər və iddiaçıya məxsus camış yerə düşmüş elektrik naqillərini toxunaraq tok vurma nəticəsidə tələf olmuşdur. Əgər külək əsməsi nəticəsində elektik naqilləri qırılaraq camışın üstünə düşüb onu tələf etsəydi Fors-major hadisəsi kimi qiymətləndirmək olardı. Belə ki, məhkəmə iclasında cavabdev Cavabdeh1 bildirmişdir ki, o baş vermiş qəzaya cavabdehlik daşımır, ona cavabdehliyi baş mühəndis daşıyır. İlk növbədə qəza yerinə qəza bərpa briqadası göndərilməlidir. Bundan əlavə işə baxan məhkəmə X2 qəza hadisəsi baş verəndən sonra hansı müddətə və hansı normativ hüquqi əsaslara görə aradan qaldırılması hissəsini müəyyənləşdirməmişdir. Bununla da səhv nəticəyə gəlmişdir. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb ) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Lakin işə baxan hakim bu maddənin tələblərini pozmuşdur. Belə ki, qanunla onların vəzifələrinə aid olan cavabdeh Azərenerjinin bir başa təqsiri üzündən əmələ gəlmiş və iddiaçıya məxsus bir baş iri buynuzlu camış növlü heyvanın tələf olunmasına səbəb olmuş qəza ilə bağlı fəaliyyətsizliyi üçün onları iddia tələbinə cavabdeh olduqları halda cavabdehlikdən kənar qoyaraq iddianın rədd olunması barədə qətnamə qəbul etmişdir. Beləliklə işə baxan məhkmə işi obyektiv hərtərəfliaraşdırmamış, iddiaçının əmlakı olunan hüquqlarından məhrum etməklə normal araşdırma aparmamışdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh "xxxx" X7 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdeh "xxxx" X3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(067)-2173/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və hesab etmişdir ki, İddiaçı bir baş iribuynuzlu camış cinsli heyvanının məhz cavabdeh "xxxx" X7 və Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində tələf olması heç bir mötəbər dəlillə sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən prosessual hüquq nörmalarının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.4-cü maddəsinə əsasən əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. İş materialları ilə müəyyən olunur ki, İddiaçı "xxxx" X1 və Şəbəkənin İstismar üzrə mühəndisi Cavabdeh1 təqsiri üzündən mülki hüquq pozuntusu nəticəsində ona məxsus bir baş iribuynuzlu camış cinsli heyvanın tələf olmasına görə dəymiş 1000 manat ziyanın, mülki dövriyyə zamanı camışın südündən əldə edəcəyi gəlir (əldən çıxmış) faydanın əvəzi olaraq 500 manat və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı "xxxx" X6 cavabdeh qismində qeyd etmiş, birinci instansiya məhkəməsi isə "xxxx" X6 iddiaya cavab verməli olan şəxs- X9 Cəmiyyəti ilə əvəz etməmiş, bununla da prosessual normanın tətbiqində səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 50.1-ci maddəsinə əsasən hüquqi şəxsin öz təşkilati-hüquqi formasını göstərən adı olur. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. (53.1.) Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır.( 53.2) Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. (53.3) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsinin 2.1-ci bəndinə əsasən cəmiyyət hüquqi şəxsdir, müstəqil balansa, banklarda hesablaşma hesabına və digər hesablara malikdir. Nizamnamənin 2.1-ci bəndinə əsasən cəmiyyətin ayrıca əmlakı vardır və öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir. Cəmiyyət qanuna uyğun olaraq əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququna malikdir, həmçinin vəzifələr daşıyır, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli qərarı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin strukturu təsdiq edilmişdir.(2 nömrəli əlavə) Həmin əlavənin 2-ci bəndinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan hüquqi şəxs statusuna malik olmayan təşkilatlar (idarələr): ... 2.2. X10 Təchizatı və Satışı İdarəsi (Sumqayıt) - Sumqayıt, Siyəzən, Şabran, Xızı, Xaçmaz, Quba və Qusar rayon elektrik şəbəkələri ;.. Göründüyü kimi, Xaçmaz rayon elektrik şəbəkəsi hüquqi şəxs statusuna malik olmayan təşkilat (idarə) olmaqla hazırki iş üzrə cavabdeh ola bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdeh "xxxx" X5 və Cavabdeh1 qarşı mülki hüquq pozuntularından əmələ gələn öhdəlik üzrə ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(067)-2173/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" X5 və Cavabdeh1 qarşı mülki hüquq pozuntularından əmələ gələn öhdəlik üzrə ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar