Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-589/2025 16.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı qarşı mülki iş üzrə (Açar sözlər: cavabdehlərin mənzildən çıxarılması və iddaçının mənzilə köçürülməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X27 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, Cavabdeh3 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-424/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı cavabdehlərin mənzildən çıxarılması və özünün mənzilə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 onun xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 21/27 ünvanında yerləşən 25 saylı mənzildən çıxarılması (yeni qaydalarla: Sumqayıt səhəri, Heydər Əliyev prospekti, 277, M4, m 1) və onun həmin mənzilə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1965-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 25 saylı mənzil (yeni qaydalarla: Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 277, M4, m 1) 16 iyun 2020-ci il tarixdən onun xüsusi mülkiyyətindədir. Sözügedən mənzil onun xüsusi mülkiyyətində olsa da mülkiyyətindən istifadə edə bilmir. Belə ki, həmin mənzildə məskunlaşmış Cavabdeh1 onun qardaşı oğlu, Cavabdeh2 onun anası, Cavabdeh3 onun yoldaşı, Cavabdeh4 və Cavabdeh5 isə onun övladlarıdır. Qeyd edir ki, səhhəti ilə əlaqədar gəzə bilmir, hazırda müvəqqəti cavabdehin qardaşı X6 Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən evində yaşayır. Lakin orada yaşamaq onun üçün əlverişli deyildir. Belə ki, sanitar qovşaq evdən çöldə yerləşir və gəzə bilmədiyi üçün sanitar qovşaqdan istifadə etməkdə çətinlik çəkir. Həm də özünün xüsusi mülkiyyətində olan mənzil ola-ola nəyə görə öz mənzilində yaşaya bilmir? Dəfələrlə cavabdehlərə mənzili tərk etmələrini bildirsə də nəticəsi olmamışdır. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, mübahisənın məhkəmədən kənar həlli mövcud deyildir. Qeyd edilənlərə əasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 3.Cavabdeh1 məhkəməyə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, 21/27 saylı evin 25 saylı mənzili onun ata nənəsi Mustafayeva Nəzirə Əjdər qızına məxsus olmuşdur. Nəzirə nənəsi xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. xx.xx.2020-ci il tarixdən bibisi, hazırki mülki iş üzrə İddiaçı nənəsinə məxsus olmuş mənzilin mülkiyyətçisidir. X2 ömrü boyu anasına məxsus mənzildə yaşamışdır (xx.xx.2010-cu il tarixdə bu mənzildə də vəfat etmişdir). Atası xx.xx.1979-cu il tarixdə, anası Cavabdeh2 Sadiq qızı ilə ailə həyatı qurmuş və anası bu mübahisəli mənzilə gəlin köçmüşdür. X3 xx.xx.1980-ci il tarixdə, qardaşı X14 xx.xx.1981-ci il tarixdə, o, 1986-cı il tarixdə, 1988-ci ildə isə digər bacısı X1 mənzildə anadan olmuşdurlar. Qardaşı Zahid və bacıları İradə və İranə ailə qurduqdan sonra yaşadıqları mənzili tərk etmişlər. Hal-hazırda o, yəni Cavabdeh1, anası Cavabdeh2, həyat yoldaşı Cavabdeh3, övladları Cavabdeh4 və Cavabdeh5 mübahisəli mənzildə yaşayırlar və son zamanlar mənzil tərəfindən əsaslı təmir edilmişdir. Hesab edir ki, onların cavabdehlərin, yəni o və ailə üzvlərinin Sumqayıt şəhəri, 2-ci mikrorayon, 21/27 saylı evin 25 saylı mənzilindən istifadə hüquqları vardır. Yuxarıda qeyd olunanlara əsasən, İddiaçı ona, yəni Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “Cavabdehlərin mənzildən çıxarılması və iddiaçının mənzilə köçürülməsi" tələbinə dair iddiası əsassızdır və təmin olunmaması barədə qətnamə qəbul olunmalıdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-424/2025 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və onun övladları Cavabdeh4 və Cavabdeh5 İddiaçı xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 21/27 ünvanında yerləşən 25 saylı mənzildən (yeni qaydalarla: Sumqayıt səhəri, Heydər Əliyev prospekti, 277, M4, m 1) çıxarılması, İddiaçı Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 21/27 ünvanında yerləşən 25 saylı mənzilə (yeni qaydalarla: Sumqayıt səhəri, Heydər Əliyev prospekti, 277, M4, m 1) köçürülməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının anası Mustafayeva Nəzirə Əjdər qızı Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 21/27 ünvanında yerləşən 25 saylı mənzili İddiaçı bağışlamış və mübahisəli mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. Hazırki iş üzrə cavabdehlər Cavabdeh2 Sadiq qızı və Cavabdeh1 (o cümlədən hazırki iş üzrə tərəf olmayan X15) İddiaçı və digərlərinə qarşı onların ünvan 4 ünvanından çıxarılması barədə iddia qaldırmış və iddia tələbləri məhkəmə qətnaməsinə əsasən təmin edilmişdir. Hazırda iddiaçı cavabdehlərin ona məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 21/27 ünvanında yerləşən 25 saylı mənzildən çıxarılması və özünün həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər sözügedən mənzili təmir etdiklərini, yaşamaq üçün başqa yerlərinin olmamasını və mənzildən istifadə hüquqları olduğunu əsas gətirərək iddia tələbini qəbul etmirlər. Hazırda cavabdehlər yaşayış sahəsinin mülkiyyətçisi olan İddiaçı ailə üzvü sırasına daxil deyildirlər.
6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 29,33, Mülki Məcəllənin 27.2, 152.1, 152.5, Mənzil Məcəlləsinin 8,9, 30.1, 30.2, 30.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh1 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-424/2025 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, 21/27 saylı evin 25 saylı mənzili onun ata nənəsi Mustafayeva Nəzirə Əjdər qızına məxsus olmuşdur. Nəzirə nənəsi 2020-ci ildə vəfat etmişdir. xx.xx.2020-ci il tarixdən bibisi, hazırki mülki iş üzrə İddiaçı nənəsinə məxsus olmuş mənzilin mülkiyyətçisidir. X2 ömrü boyu anasına məxsus mənzildə yaşamışdır (xx.xx.2010-cu il tarixdə bu mənzildə də vəfat etmişdir). Atası xx.xx.1979-cu il tarixdə anası Cavabdeh2 Sadiq qızı ilə ailə həyatı qurmuş və anası bu mübahisəli mənzilə gəlin köçmüşdür. X3 xx.xx.1980-ci il tarixdə, qardaşı X14 xx.xx.1981-ci il tarixdə, o, xx.xx.1986-cı il tarixdə, 1988-ci ildə isə digər bacısı X1 mənzildə doğulmuşlar. Qardaşı Zahid və bacıları İradə və İranə ailə qurduqdan sonra yaşadığı mənzili tərk etmişlər. Hal-hazırda o, anası Cavabdeh2, həyat yoldaşı Cavabdeh3, övladları X17 və X24 mübahisəli mənzildə yaşayırlar və son zamanlar mənzil tərəfindən əsaslı təmir edilmişdir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə ilə razı deyil. Belə ki, məhkəmə qəbul etdiyi qətnaməni əsaslandırarkən, MPM-nin 217 və Mənzil Məcəlləsini 30.4-cü maddələrinin tələblərinə istinad etmişdir. Yəni, qətnaməni mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarmışdır. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında hazırki mənzil hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən sonra əmələ gəldiyindən, mübahisəyə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin normalarını tətbiq etməklə, hüquqi qiymət vermişdir. Hesab edir ki, cavabdehlərin, yəni o və ailə üzvlərinin Sumqayıt şəhəri, 2-ci mikrorayon, 21/27 saylı evin 25 saylı mənzilindən istifadə hüquqları vardır. Belə ki, mənzil hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən əvvəl əmələ gəlmişdir. Göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsi tərəfindən mülki işə baxılarkən hərtərəfli, tam, obyektiv şəkildə araşdırma aparılmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməyərək, düzgün olmayan, əsaslandırılmayan, qanunsuz qətnamə qəbul edilmişdir. Mülkiyyətçi tərəfindən onlara bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə istifadə hüquqlarına xitam verilə bilər. Hesab edir ki, cavabdehlərin, yəni mən və ailə üzvlərimin Sumqayıt şəhəri, 2-ci mikrorayon, 21/27 saylı evin 25 saylı mənzilindən istifadə hüquqları vardır. Bununla yanaşı, sözügedən mənzil tərəfindən əsaslı təmir edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, hazırda kirayədə qalır, işləmir, kirayə pulunu qardaşı verir, öz evinə köçüb yaşamaq istəyir. Cavabdehlərin evdən çıxmasını istəyir. Qardaşı 1986-cı ildən o evdə yaşayır, özü anası ilə yaşayıb. Corat qəsəbəsində olan evdən çıxarılma ilə bağlı cavabdehin və qardaşının iddiası təmin edilib, həmin evdən çıxıblar.
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 bildirdi ki, Corat qəsəbəsində yerləşən ev təmirsizdir, orada yaşaya bilmirlər. Əri və qaynanası səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmirlər. Hazırki evi təmir ediblər, təmit xərclərini tələb edirlər. Əri təklif edib ki, hazırki ev ilə Corat qəsəbəsində yerləşən evləri dəyişsinlər. İddiaçı isə buna razı olmamışdır. 12 Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi ilə lazımi qaydada xəbərdarlıq edilsə də iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
13.Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 21/27 ünvanında yerləşən 25 saylı mənzil (yeni qaydalarla: Sumqayıt səhəri, Heydər Əliyev prospekti, 277, M4, m 1) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır.
14. xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən gürünür ki, Mustafayeva Nəzirə Əjdər qızı Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 21/27 ünvanında yerləşən 25 saylı mənzili İddiaçı hədiyyə etmişdir.
15. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-7/2024 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçılar Cavabdeh2 Sadiq qızının, X6 və Cavabdeh1 iddia tələbi təmin edilərək, cavabdehlər X7, X8, X10, X4 və X5 iddiaçıların mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 80-də yerləşən 109 saylı yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilmiş və cavabdehlər İddiaçı, X16, X18 və X9 ünvan 4 ünvanından çıxarılması qət edilmişdir.
16. Məhkəmə iclasında şahid qismində dindirilən X19 ifadəsində bildirmişdir ki, Tahir onun sinif yoldaşı olub. O, əvvəllər mənzil ustası olub. Tahirin evinin təmiri zamanı ona usta kimi köməklik edib. Ev çox təmirsiz idi. Coratda yerləşən mənzildə isə heç vaxt olmayıb.
17. Məhkəmə iclasında şahid qismində dindirilən X20 ifadəsində bildirmişdir ki, Tahir onun qonşusudur, evin eyni girişində yaşayır. O, həmçinin Tahirin valideynlərini də tanıyır. 2023-cü ildə o, mübahisəli mənzili təmir edib. Belə ki, Tahirin təşəbbüsü ilə evin döşəməsini, tavanını, qapı və pəncərəsini əsaslı şəkildə təmir edərək dəyişdirib.
18. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadəsində bildirdi ki, iddiaçı onun bibisi, Tahir isə onun qardaşıdır. Qardaşı mübahisəli mənzili öz hesabına təmir etdirib. Ev əvvəllər yaşamaq üçün çox yararsız olub. O, özü bu məhkəmə prosesindən öncə bibisinin Coratdakı evdən çıxarılması barədə iddia qaldırmışdır. Onu da qeyd edir ki, mübahisəli mənzil əvvəl nənə və babasına məxsus olub. Özü də həmin evdə doğulub.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
21. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (1982) Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-cı il tarixli qərarı:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.
23. Mülki Prosessual Məcəlləsinin:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
24. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-424/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-424/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. İşin mübahisəsiz hallarına əsasən Cavabdeh1 doğulduğu vaxtdan hazırda iddiaçının mülkiyyətində olan mübahisəli mənzildə yaşamaqla, həmin mənzil onun nənəsi Mustafayeva Nəzirə Əjdər qızına məxsus olmuş, 2020-ci il tarixdə mənzil cavabdehin bibisi olan iddiaçıya bağışlanmışdır. İddiaçı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətində olan ünvan 5 evdə yaşamışdır.
27. Cavabdeh doğulduğu vaxtdan hazırda iddiaçının mülkiyyətində olan mübahisəli mənzildə yaşamaqla, həmin mənzilə istifadə hüququ əldə etmişdir.
28. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-7/2024 saylı qətnaməsindən və həmin qətnamədə istinad olunan RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, iddiaçının əvvəllər yaşadığı ünvan 5, ev 7/20 hissədə X15, 7/20 hissədə Cavabdeh1, 6/20 hissədə isə Cavabdeh2 mülkiyyətindədir. Yəni, hazırkı iş üzrə cavabdehlərdən Cavabdeh1 və onun anası Cavabdeh2 həmin mənzilin paylı mülkiyyətçiləri olmaqla, məhz onların iddiası ilə hazırkı iş üzrə cavabdeh həmin mənzildən çıxarılmışdır.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-cı il tarixli qərarına əsasən isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Yuxarıda qeyd olunduğu kimi isə cavabdehlər Cavabdeh1 və onun anası Cavabdeh2 paylı mülkiyyətində ünvan 5 ünvanda fərdi yaşayış evi mövcud olmuşdur ki, belə olduğu təqdirdə iddiaçının müvafiq kompensasiya məbləği vermədən Cavabdeh1 mülkiyyətində olan evdən çıxarması ilə bağlı tələbi əsaslı hesab olunur.
30. Məhkəmə kollegiyası cavabdehin mübahisəli mənzili təmir etdirməsi və təmirə çəkilmiş xərclərlə bağlı dəlilinə münasibətdə isə qeyd edir ki, qeyd edilən mübahisə hazırkı mübahsiənin predmetini təşkil etməmişdir. Bununla yanaşı cavabdeh mübahisəli mənzili yaxşılaşdırdığını iddia etdiyi təqdirdə bununla əlaqədar çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələbinə dair məhkəmə müdafiəsi hüququndan da istifadə hüququna malik olmuşdur.
31. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-424/2025 nömrəli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-424/2025 nömrəli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.