Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-6/2021 16.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 14 noyabr 2016-cı il tarixli, 2(012)-650/2016 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 14 noyabr 2016-cı il tarixli, 2(012)-650/2016 saylı qətnaməsi ilə (hakim S.M.Quliyeva) İddiaçı Mikayıl oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı payın ayrılması tələbi təmin edilərək, ünvan 1 ünvanında yerləşən 4 A saylı fərdi yaşayış evindən İddiaçı Mikayıl oğlunun üçdə bir hissədən ibarət payının ayrılması, yaşayış evinin sahəsi 28,1 kv.metr olan 4 saylı, 9,0 kv.metr olan 5 saylı, 8.8 kv.metr olan 7 saylı və 8.8 kv.metr olan 8 saylı tikilidən ibarət olan ümumi sahəsi 67,9 kv.metr olan tikililərin naturada ayrılaraq İddiaçı Mikayıl oğlunun mülkiyyətinə verilməsi, həyətyanı sahənin tərəflərin, yəni İddiaçı Mikayıl oğlunun, Cavabdeh1 və Cavabdeh2 ümumi istifadəsində saxlanılması, iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Mikayıl oğlunun xeyrinə verilməsi və iş üzrə məhkəmə tikinti-texniki obyektlərin tədqiqinin ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, dövlət nəfinə keçirilməsi qət edilmişdir. Cavabdeh2 apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 14 noyabr 2016-cı il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Mikayıl oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Mirqasımov küçəsi,dalan 1 ünvanında yerləşən 4A saylı ev iddiaçının cavabdehlərlə ümumi birgə mülkiyyəti kimi qeydiyyatdan keçirilməsinə baxmayaraq faktiki olaraq hər biri ayrılıqda giriş-çıxış olan evlərə sahiblik edir, istifadə edirlər. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 4A saylı 2 mərtəbəli yaşayış evinin sahəsi 26,1 kv.metr olan hissəsi İddiaçı Mikayıl oğlunun mülkiyyətindədir. İddiaçıya məxsus olan 26,1 kv.metr hissənin ayrılaraq ayrıca qeydiyyata alınması mümkündür. İddiaçı bu barədə 03 dekabr 2014-cü il tarixdə rəsmi olaraq birgə mülkiyyətçi olan cavabdehləri xəbərdar etmişdir. Lakin iddiaçının rəsmi müraciətinə heç bir cavab verməmişlər. Rəsmi hüquq verən sənədlərdən göründüyü kimi ümumi mülkiyyətdə olan evdə olan paylar artıq müəyyənləşdirilmişdir. Lakin ayrıca sənədlərin alınmasını zəruri hesab edir. Cavabdehlər isə etiraz etməsələr belə həm də bunun üçün könüllü olaraq yazılı razılıq da vermirlər. Ona görə də, ümumi mülkiyyət kimi qeydə alınmış Xırdalan şəhəri, M.Mirqasımov küçəsi, dalan 1 ünvanında yerləşən 4A saylı 2 mərtəbəli yaşayış evinin ona məxsus olan yaşayış sahəsi 26,1 kv.metr olan hissəsinin ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Mikayıl oğlu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək Xırdalan şəhəri, M.Mirqasımov küçəsi, dalan 1 ünvanında yerləşən 4A saylı yaşayış evində ona məxsus olan pay bölgüsünün 1/3 hissəsini, ekspert tərəfindən qeyd olunan otaqların, yəni 2-ci mənzilə aid olan sahələri 28,1 kv.metr, 13.2 kv.metr, 9 kv.metr, 8.8 kv.metr, 8.8 kv.metr olan 4, 5 , 6, 7 və 8 saylı otaqları onun mülkiyyətinə ayrılması və həyətyanı sahənin ümumi istifadəyə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh2 verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 14 noyabr 2016-cı il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib və apelyasiya şikayətini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 4A saylı ümumi sahəsi 269,3 kv.metr, yaşayış sahəsi 92,8 kv.metr, yardımçı sahəsi 176,65 kv.metr olan 5 otaqlı fərdi yaşayış evinin 1/3 hissəsi (yaşayış sahəsi 26,1 kv.metr) hissəsi **********29-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 17 sentyabr 2014-cü il tarixdə İddiaçı Mikayıl oğlunun adına, yerdə qalan 1/3 hissəsi X3 və 1/3 hissəsi Cavabdeh2 adına qeydiyyata alınmışdır. Fərdi yaşayı evi 0,03049 ha bələdiyyəyə məxsus torpaq sahəsinin üzərində yerləşir. İddiaçı Mikayıl oğlu tərəfindən X6 və Cavabdeh2 ünvanlanmış bildirişdən görünür ki, İddiaçı Mikayıl oğlu ona məxsus pay hissəsinin satılmasını digər paylı mülkiyyətçilərə təklif etmiş, əks halda əmlakın hərracda satılması barədə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2016-cı il tarixli, 14195 saylı rəyinin rəyinin tədqiqat prosesinin təsviri hissəsində görünür ki, baxış zamanı tədqiq olunan ünvan 1 ünvanında yerləşən 4 A saylı fərdi yaşayış evinin, yerləşdiyi həyətyanı torpaq sahəsinin üç tərəfdən qonşu sahələrlə, bir tərəfdən küçə ilə əhatə olunduğu, tədqiq olunan evin kürsü mərtəbəsi olan birmərtəbəli yaşayış evi olduğu, həmin evin faktiki olaraq 14 tikilidən ibarət olduğu, tikililərə ayrı-ayrı giriş-çıxış olduğu müşahidə edilmişdir. Mübahisəli evin ümumi sahəsinin 210 kv.metr təşkil etdiyi müəyyən edilmişdir ki, bunun da tədqiq olunan evdən tərəflərin payına düşən 1/3 hissələri hesablamalara əsasən ümumi sahə üzrə 1/3 hissə - 70 kv.metr (210.0x1:3) təşkil edir. Tədqiq olunan evin tikililərinin planlı yerləşməsi, faktiki olaraq yaşayış və yardımçı otaqların sayını, həmin tikililərə ayrı-ayrı giriş-çıxışın olduğunu nəzərə alaraq tədqiq olunan evin tikililərinin tərəflərin paylarına uyğun təcrid mənzil şəkilində naturada 3 hissəyə bölünməsi İnşaat Norma və qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4-cü bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Belə olan halda bölgü zamanı mübahisəli evin sahələri 22,9 kv.metr, 18,7 kv.metr və 23.4 kv.metr olan 1, 2, 3 saylı tikililərdən ibarət bir təcrid mənzil, sahələri 28,1 kv.metr, 9,0 kv.metr, 8.8 kv.metr və 8.8 kv.metr olan 4, 5, 6, 7 və 8 saylı tikililərdən ibarət olan ikinci mənzil, eləcə də sahələri 12,0 kv.metr, 16,0 kv.metr, 18,0 kv.metr, 15,0 kv.metr, 4,0 kv.metr və 11,2 kv.metr olan 9, 10, 11, 12, 13 və 14 saylı tikililərdən ibarət üçüncü təcrid mənzil yaradıla bilər ki, bölgü zamanı 4 saylı tikili ilə 3 saylı tikili arasında olan pəncərə və qapı bağlanmalı, həmin 4 saylı tikili ilə 5 saylı tikilinin arasında olan arakəsmə divarda qapı quraşdırılmalı, 8 və 9 saylı tikililər arasında olan qapı və pəncərə bağlanmalı, 9 və 12 saylı tikililər arasında qapı quraşdırılmalı, tədqiq olunan evin yerləşdiyi həyətyanı sahə ümumi istifadədə saxlanılmalıdır. Bölgü nəticəsində tərəflərdən birinin sərəncamında olan 1-ci mənzilin ümumi sahəsi 65,9 kv.metr (yaşayış evinin 1, 2 və 3 saylı tikililər); tərəflərdən ikincisinin sərəncamında olan 2-ci mənzilin ümumi sahəsi 67,9 kv.metr (yaşayış evinin 4, 5, 6, 7 və 8 saylı tikililəri); tərəflərdən üçüncüsününü sərəncamında olan 3-cü mənzilin ümumi sahəsi 76,2 kv.metr (yaşayış evinin 9, 10, 11, 12, 13 və 14 saylı tikililər) təşkil edə bilər. Bu zaman 1-ci mənzilə 1/3 paya düşən sahədən 4,1 kv.metr (70-65,9) az sahə düşdüyü, 2-ci mənzilə 1/3 paya düşən sahədən 2.1 kv.metr (40-67,9) az sahə düşdüyü, 3-cü mənzilə 1/3 paya düşən sahədən 6,2 kv.metr (76,2-70) çox sahə düşdüyü müəyyən olunur. Yekun olaraq tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənlər nəzərə alaraq ünvan 1 ünvanında yerləşən 4 A saylı fərdi yaşayış evinin paylar üzrə naturada 3 hissəyə bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4-cü bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bölgü nəticəsində tədqiq olunan evin tikililəri üzrə hansı dəyişikliklərin aparılması, 1/3 pay üzrə mülkiyyətçilərin sərəncamına düşən mənzillərin hansı tikililərdən və sahədən ibarət olması, onların payından nə qədər az və ya çox sahələr düşməsi rəyin tədqiqat prosesinin təsviri hissəsində ətraflı göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 11 oktyabr 2017-ci il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 4 A saylı fərdi yaşayış evinin faktiki ölçüləri 210,0 kv.metr təşkil edir. Lakin həyətyanı torpaq sahəsinin sərhədləri olmadığı üçün, həmin torpaq sahəsinin faktiki ölçülərinin müəyyən etmək mümkün olmadı. ünvan 1 ünvanında yerləşən 4 A saylı fərdi yaşayış evinin paylar üzrə naturada 3 hissəyə bölünməsi İnşşat Norma və Qaydaları 2.08.01.89-un 1.1 2.2 və 2.4 bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bölgü nəticəsində, tədqiq olunan evin tikililəri üzrə hansı dəyişikliklərin aparılması, 1/3 pay üzrə mülkiyətçilərin sərəncamına düşən mənzillərin tikililərdən və sahədən ibarət olması, onların payəndan nə qədər az və ya çox sahələr düşməsi yuxarıda ətraflı göstərilmişdir. Lakin yuxarıda göstərilənlərə əsasən, həyətyanı torpaq sahəsinin bölgüsü üzrə tədqiqat aparılmadı. Tədqiq olunan evin təklif olunan bölgü variantı yuxarıda və rəyə əlavə olunmuş planda ətraflı qeyd olunmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 noyabr 2020-ci il tarixli, 2(105)-177/2020 saylı qətnaməsi ilə müəyyən olur ki, iddiaçı X1 cavabdeh X8 qarşı çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdeh X7 adına ünvan 1 ünvanında yerləşən 4 A saylı saylı evə dair 23908 nömrəli reyestr kitabında 06 avqust 2004-cü il tarixdə qeydə alınmış qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini, sənədlərin əsli olmadığından çıxarışın və digər sənədlərin cavabdehdən tələb edilməsini xahilş etmişdir. Abşeron Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli, 2(012)-129/2019 saylı qətnaməsi ilə iddiaçı X1 cavabdeh X8 və qeydilərinə qarşı vərəsəlik şəhadətnamələrinin və reyestrdən çıxarışın etibarsız hesab olunması tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 noyabr 2020-ci il tarixli, 2(105)-177/2020 saylı qətnaməsi ilə iddiaçı X5 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və Abşeron Rayon Məhkəməsinin 01 fevral 2019-cu il tarixli, 2(012)-129/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 may 2021-ci il tarixli, 2(102)-2262/2021 saylı qərarı ilə iddiaçı X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 noyabr 2020ci il tarixli, 2(105)-177/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1 və 146.2-ci maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Konstitusiyanın 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıgı andan əldə edənə keçir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıgı andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinin tələblərinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. İş materialları ilə müəyyən olunur ki. mübahisəli əmlak tərəflərin ümumi paylı mülkiyyətindədir. Tərəflər arasında ümumi mülkiyyətdə olan əmlaka hər birinin 1/3 hissədə payları artıq müəyyən edilmiş, paylı mülkiyyət hüquqları qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1 və 220.2-ci bəndlərinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İşin faktiki hallarından görünür ki, iddiaçı ilə cavabdehlər arasında ümumi mülkiyyətlərindəki əmlaka olan payları müəyyən edilsə də, payların naturada ayrılması ilı bağlı razılıq yoxdur. Buna görə də iddiaçı ona məxsus payın naturada ayrılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2016-cı il tarixli, 14195 saylı və 11 oktyabr 2017-ci il tarixli ekspert rəylərində evin ümumi sahəsinin 210 kv.metr təşkil etdiyi müəyyən edilmişdir ki, bunun da tədqiq olunan evdən tərəflərin payına düşən 1/3 hissəsi hesablamaya əsasən 70 kv.metr (210x1:3) təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı iddia tələbi üzrə ona ümumi sahəsi 67,9 kv.metr olan 4, 5, 6, 7 və 8 saylı tikililərindən ibarət 2-ci mənzilin ayrılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ümumi mülkiyyətdən iddiaçının payının tələb etdiyi, həmçinin ekspert rəyində göstərilmiş şəkildə naturada ayrılması digər paylı mülkiyyətçilərinin hüquqlarına pozuntusuna səbəb olmayacaqdır. Beləliklə, məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsasız olub, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin Cavabdeh2 aid hissədə münasibətdə apelyasiya qaydasında dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlanması üçün əsasdır. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb bu nəticəyə gəlir ki, hazırkı mübahisə birinci instansiya məhkəməsi tərəfindən düzgün həll olunduğundan apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatına xərclənmiş 100 (yüz) manat məbləğində pul ödənilmiş tələbin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Verilmiş apelyasiya şikayəti təmin edilmədiyi üçün ekspertiza tədqiqatının dəyəri Cavabdeh2 alınıb AZ.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 verdiyi apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 14 noyabr 2016-cı il tarixli, 2(012)-650/2016 saylı qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh2 alınıb AZ.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-6/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-6/2021
16.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver