Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-600/2022 25.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, Cavabdeh2, Cavabdeh2 nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli 2(012)-21/2021 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddianın qismən təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 21.741,638 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 04.02.2018-ci il tarixinə 9578 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 363 ABŞ dolları faiz borcu olmaqla, cəmi 31.682,638 ABŞ dolları borc qətnamə icra olunan vaxtın Azərbaycan manatı məzənnəsinə uyğun ekvivalent tutulması, tutmanın Cavabdeh1 mülkiyyət hüququ üzrə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 21 saylı evin 58 saylı mənzilinə yönəldilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 21 saylı evin 58 saylı mənzilin açıq hərracda satılması və mənzilin likvid dəyərinin 33.000 manat məbləğində müəyyən edilməsi, satışdan əldə edilmiş vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə olan borcun ödənilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 21 saylı evin 58 saylı mənzili satıldıqdan sonra ən gec 1 ay ərzində Cavabdeh1 həmin mənzildən çıxarılması, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumu üçün 20 manat məbləğində pul vəsaitinin ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ekspertiza xərci üçün 145 manat məbləğində pul vəsaitinin tutulması, Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1896/2021 nömrəli, 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayətinin təmin edilməməsi, Abşeron Rayon Мəhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(012)-21/2021 saylı qətnaməsinin Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2021-cu il tarixli qərarı ilə cavabdeh Məmmədova Ramil Nüsrət oğlunun kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- 1896/2021 nömrəli, 14 iyun 2021-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilməsi, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılması, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 21 742 ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 04.02.2018-ci il tarixinə 9578 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 363 ABŞ dolları faiz borcunun, cəmi 31 683 ABŞ dolları borcun, iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması, tutmanın Cavabdeh1 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 21 saylı evin 58 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi və mənzil satıldıqdan sonra ən gec 1 ay ərzində qeydiyyatda olan Cavabdeh1 və digər şəxslərin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin “Badamdar" filialı ilə Cavabdeh1 arasında bağlanmış 04.02.2015-ci il tarixli, İPK 01 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə, illik 26 % ödəmək şərtilə 23 000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 21 saylı evin 58 saylı mənzili 04.02.2015-ci il tarixli, İM 01 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı ASC-nin xeyrinə bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Sözügedən kredit müqaviləsinə əsasən Cavabdeh2 ilə 04.02.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, zamin Cavabdeh2 bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.Lakin, cavabdehlər kredit və zaminlik müqaviləsinin şərtlərini pozaraq yaranmış kredit öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişlər. Hazırda Cavabdeh1 banka 21 742 ABŞ dolları əsas borcu, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 04.02.2018-ci il tarixinə 9578 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 363 ABŞ dolları faiz borcu, cəmi 31 683 ABŞ dolları borcu vardır. Cavabdehlərə öhdəliyin icrası ilə bağlı xəbərdarlıqlar edilsə də, heç bir nəticə əldə olunmamışdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 Abşeron Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. O, 04 fevral 2015-ci il tarixdə zaminlik müqaviləsi bağlamışdır, bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşımaga öhdəsinə götürmüşdür. 2015-ci ilin sonunda devalvasiya nəticəsində ödənişlərin ödənilməsində çətinliklər yaranmışdır. Aylıq ödənişlərin məbləğinin azaldılması ilə bağlı iddiaçıya müraciət etməklərinə baxmayaraq, bir nəticəsi olmamış, bank tərəfindən heç bir güzəşt tətbiq edilməmişdir. Kredit müqaviləsi üzrə bu günədək 8900 ABŞ dollar məbləğ Banka ödənilmişdir. Ekspertiza rəyi ilə razılaşmır. İpoteka ilə yüklü edilmiş mənzilin likvid dəyəri ilə razı deyildir. Bu məqamlar məhkəmə tərəfindən araşdırılmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 nümayəndəsi vəkil X2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçı və digər cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətlərinin yaranması, iddiaçının kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etməsi, cavabdehlərin müqavilə üzrə öhdəliyi yerinə yetirməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul etmişdir. Bu nəticədən narazı qalan Cavabdeh2 qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən Cavabdeh apellyasiya şikayətində dəlil kimi ipoteka predmetinin ilkin satış qiymətinin müqavilədə göstərilən qiymətdən aşağı müəyyən edilməsini bildirsə də, apellyasiya məhkəməsi də həmin dəlilə işin halları baxımından qiymət verməyərək, yalnız cavabdehin likvid qiyməti ilə razı olmamasını qəbul etmədiyini göstəmişdir. Halbuki cavabdeh apellyasiya şikayətində ipoteka predmetinin yalnız likvid dəyərini deyil, ümumiyyətlə, ilkin satış dəyərini mübahisələndirdiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə cavabdeh tərəfindən iddianın təmin olunmuş hissəsində mübahisələndirilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, bankla Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə pulun verilməsinə dair əlavə təminat kimi də ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 21 saylı evin 58 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası həmçinin ipoteka predmeti olan əmlakın likvid dəyəri müəyyən edilməsi hissəsinə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3. maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci tarixli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədilə ipoteka predmeti olan əmlakın likvid qiymətinin müəyyənləşdirilməsindən ötrü məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, "xxxx" MMC tərəfindən verilmiş 02-28/22 № 08 aprel 2022-ci il tarixli ekspertiza rəyi ilə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 21 saylı evin 58 saylı mənzilin likvid dəyəri 68.000 (altmış səkkiz min) manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 21 saylı evin 58 saylı mənzilin likvid dəyəri kimi ilkin satış qiyməti 68.000 manat müəyyən edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsi mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 21 saylı evin 58 saylı mənzilin likvid dəyəri 68.000 (altmış səkkiz min) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh2 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat alınaraq "xxxx" MMCnin hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.3, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsi mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. İpoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 21 saylı evin 58 saylı mənzilin likvid dəyəri kimi ilkin satış qiyməti 68.000 (altmış səkkiz min) manat məbləğində müəyyən edilsin. Cavabdeh2 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat alınaraq "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-600/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-600/2022
25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver