Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-600/2025 29.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçı Tağıyeva (Teymurova) Könül Tahir qızının və onun vəkili-nümayəndəsi Vəkil2, Cavabdeh2 və digər Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil1 iştirakları ilə, iddiaçı Tağıyeva (Teymurova) Könül Tahir qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “cehiz və qızıl-zinət əşyalarının qaytarılması, bu mümkün olmadıqda isə dəyərinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3568/2024 nömrəli qətnaməsindən Cavabdeh1 (vəkili-nümayəndəsi Vəkil1) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3568/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 komplekt (sep, qolbaq, sırğa, üzük) - 3500 manat, nişan üzüyü - 1700 manat, qolbaq (mismar formasında) - 600 manat, klon (açar formasında) - 200 manat, klonlu sep (ürək formasında klon) - 300 manat və ya onların dəyəri olan 6300 manat məbləğində pul vəsaitinin alınıb iddiaçı Tağıyeva (Teymurova) Könül Tahir qızına verilməsi, iddia tələbinin qalan hissələrdə rədd edilməsi qət edilmişdir (hakim Elman Məmmədov). Qətnamədən Cavabdeh1 (vəkili-nümayəndəsi Vəkil1) tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı Tağıyeva (Teymurova) Könül Tahir qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan qızıl-zinət və şəxsi əşyalarının – komplekt (sep, qolbaq, sırğa, üzük) - 6000 manat, nişan üzüyü - 1700 manat, qolbaq (mismar formasında) - 700 manat, klon (açar formasında) - 390 manat, klonlu sep (ürək formasında klon) - 300 manat, şəxsi geyim əşyaları: ağ uzun don (nikah üçün) - 250 manat, üstü qaşlı dabanlı sabo - 40 manat, “Zara” markalı pencək (boz rəngli, “M” ölçüdə) - 130 manat, qara krosovka - 90 manat, mavi dəst ev geyimi (şalvar-köynək, “M” ölçüdə) - 50 manat, krem rəngli dəst (şalvar-köynək, ailəsi almışdır) - 50 manat, krem rəngli klaç çanta - 50 manat, açıq çəhrayı koblonlu sabo (“Mango” markalı, 38 ölçüdə) - 100 manat, mavi klas şalvar - 90 manat, nişanda alınan çəhrayı don - 130 manat, silfon dəst (“S-M” ölçüdə) - 70 manat, qırmızı çamadan - 90 manat, silfon köynək krem rəngdə - 40 manat, qolsuz köynək (etiketli, ağ rəngli, polo, “M” ölçüdə) - 40 manat, bosonojkalar (2 ədəd) - 30 manat, “Mango” markalı cins şalvar - 60 manat, ev geyimləri - 60 manat, açıq çəhrayı rəngli gecə geyimi - qutuda (dəst) - 120 manat, açıq çəhrayı rəngli atlas gecə geyimi - 90 manat, corab dəsti (12 ədəd) - 20 manat, dəst alt geyimləri və dəst şəxsi geyimlər - 70 manat, kosmetikalar (rumyana, brozer, pomada, “Chanel” markalı ətir) - 300 manat, “Mango” markalı berj çanta - 80 manat dəyərində olan əşyaların ona qaytarılması və ya həmin əşyaların naturada qaytarılması mümkün olmadığı halda onların cəmi dəyərini təşkil edən 11.390 manat pulun Cavabdeh1 alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Tağıyeva (Teymurova) Könül Tahir qızının vəkili-nümayəndəsi Vəkil2 iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı X6 məxsus qızıl-zinət və şəxsi əşyaları – komplekt (sep, qolbaq, sırğa, üzük) - 6000 manat, nişan üzüyü - 1700 manat, qolbaq (mismar formasında) - 700 manat, klon (açar formasında) - 390 manat, klonlu sep (ürək formasında klon) - 300 manat, şəxsi geyim əşyaları: ağ uzun don (nikah üçün) - 250 manat, üstü qaşlı dabanlı sabo - 40 manat, “Zara” markalı pencək (boz rəngli, “M” ölçüdə) - 130 manat, qara krosovka - 90 manat, mavi dəst ev geyimi (şalvar-köynək, “M” ölçüdə) - 50 manat, krem rəngli dəst (şalvar-köynək, ailəsi almışdır) - 50 manat, krem rəngli klaç çanta - 50 manat, açıq çəhrayı koblonlu sabo (“Mango” markalı, 38 ölçüdə) - 100 manat, mavi klas şalvar - 90 manat, nişanda alınan çəhrayı don - 130 manat, silfon dəst (“S-M” ölçüdə) - 70 manat, qırmızı çamadan - 90 manat, silfon köynək krem rəngdə - 40 manat, qolsuz köynək (etiketli, ağ rəngli, polo, “M” ölçüdə) - 40 manat, bosonojkalar (2 ədəd) - 30 manat, “Mango” markalı cins şalvar - 60 manat, ev geyimləri - 60 manat, açıq çəhrayı rəngli gecə geyimi - qutuda (dəst) - 120 manat, açıq çəhrayı rəngli atlas gecə geyimi - 90 manat, corab dəsti (12 ədəd) - 20 manat, dəst alt geyimləri və dəst şəxsi geyimlər - 70 manat, kosmetikalar (rumyana, brozer, pomada, “Chanel” markalı ətir) - 300 manat, “Mango” markalı berj çanta - 80 manat dəyərində olan əşyaların və ya həmin əşyaların naturada qaytarılması mümkün olmadığı halda onların cəmi dəyərini təşkil edən 11.390 manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq iddiaçı X6 verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı Tağıyeva (Teymurova) Könül Tahir qızı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, 2023-cü ilin oktyabr ayında Cavabdeh1 ilə ailə həyatı qurmuşdur. Toy zamanı ona hədiyyə olaraq oğlan evi tərəfindən qızıl-zinət əşyaları və bəzi geyim əşyaları alınmışdır. Ailə quran zaman o, cehiz əşyalarını və şəxsi əşyalarını, həmçinin qızıl-zinət əşyalarını ünvan 1 ünvanında saxlamışdır. Qeyd edir ki, o, 7 ildir ki, müəllimə işləyir və evləndikdən az müddət sonra işinə yaxın olsun deyə Qaradağ rayonu Sahil qəsəbəsində kirayədə yaşamaq məcburiyyətində qalmışlar. Bu müddət ərzində cehiz, qızıl-zinət və şəxsi əşyaları ünvan 1 ünvanında qalmışdır. Sonradan Cavabdeh1 ilə münasibətləri pisləşmiş, Cavabdeh1 onu tərk etmiş, bir daha evə qayıtmamış və Cavabdeh1 bacısı ona zəng edərək qardaşının ondan boşanmaq istədiyini bildirmişdir. 09 aprel 2024-cü il tarixində yuxarıda qeyd etdiyi ünvandan ona məxsus olan əşyaları aktla təhvil aldığı zaman cavabdehlərin aldığı qızılzinət əşyaları və geyim əşyaları ona təhvil verilməmişdir. Bundan sonra elə həmin gün, yəni xx.xx.2024-cü il tarixində Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, müstəntiq ona məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. xx.xx.2024-cü il tarixində Cavabdeh1 ilə rəsmən boşanmışdır. Ona mehriyə (hədiyyə) olaraq alınan qızılzinət və geyim əşyaları verilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qızıllar barədə bildirir ki, qaynanası ona qızılları özü ilə aparmamasını və evdə qoymasını demiş, o da qızılları evdə qaba qoymuşdur. Qeyd edir ki, o, Cavabdeh1 aid əşyaları vermiş, lakin cavabdeh ona aid əşyaları verməmişdir. Bəzi ayaqqabılar ona 2023-cü ildə alınmışdır. Onun iddia tələbində qeyd etdiyi nişan üzüyü 1700 manat dəyərindədir və bunu ona vaxtilə Cavabdeh1 özü demişdir. Onunla Cavabdeh1 evli olduqları zaman Cavabdeh1 “Özsüt” restoranında işləyirdi və aylıq olaraq 1200 manat maaş alırdı. Əlavə olaraq bildirir ki, onun qaynatası vəfat etmişdir, qaynanası isə hazırda işləmir. O, 2023-cü ilin noyabr ayında vaxtilə gəlin gəldiyi evdən çıxmış, Sahil qəsəbəsindəki evə köçərkən maşınına yerləşəcək qədər və gündəlik istifadə olunan əşyaları götürmüşdür, qayınanası isə bəzi əşyaların götürülməsini istəməmişdir. Ona məxsus qızıllar otağında, qabın içində olmuşdur. Onun otağının açarı olmamış, otağın qapısı açıq olmuşdur. Ona özünün aldığı qızıllar verilmiş, lakin cavabdeh tərəfin hədiyyə etdiyi qızıllar verilməmişdir. Bildirir ki, sonradan baldızı kosmetika və geyim əşyalarının onda olduğunu etiraf etmiş, həmin əşyaları ona verə biləcəyini demişdir. O, cavabdehlərdən əsas olaraq qızıllarını tələb edir... Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində iddiaçı Tağıyeva (Teymurova) Könül Tahir qızının vəkili-nümayəndəsi Vəkil2 iddia tələbini müdafiə edərək və iddiaçı Tağıyeva (Teymurova) Könül Tahir qızının izahatına uyğun izahat verərək bildirmişdir ki, İddiaçı (Teymurova) ilə Cavabdeh1 2023-cü ildə evlənmişlər. Tərəflər yaşadıqları ünvan 1 ünvanında yerləşən evdən müvəqqəti olaraq çıxmış, başqa evdə kirayədə yaşamış, iddiaçıya məxsus geyimlər, qızıl-zinət əşyaları, o cümlədən sənədlər sözügedən ünvanda qalmışdır. Belə ki, iddiaçı müəllimədir və işə gedib-gəlmək rahat olsun deyə tərəflər birgə nikah dövründə Sahil qəsəbəsində kirayə ev tutmuşlar. Daha sonra İddiaçı (Teymurova) ilə Cavabdeh1 arasında münasibətlər pozulmuş, cavabdeh evdən çıxmış və geri qayıtmamışdır. Bir müddət sonra İddiaçı baldızı zəng edərək iddiaçıya bildirmişdir ki, Cavabdeh1 ondan boşanmaq istəyir. Hazırkı işdə cavabdeh olan Cavabdeh3 iddiaçının baldızıdır. İddiaçı Cavabdeh1 ilə birgə yaşadığı ilkin evə getmiş, cehiz əşyalarını götürərkən qızıllarının evdə olmadığını görmüş və orada akt tərtib olunmuşdur. İddiaçı aktda qeyd yazaraq sırğa və üzüyü təhvil aldığını bildirmiş, elə həmin gün qızıllarının oğurlandığı barədə müvafiq polis orqanına şikayət etmişdir. Polis orqanında dindirilən zaman cavabdehlər etiraf etmişlər ki, qızıllar mövcud olmuş və həmin qızılları iddiaçıya təhvil vermişlər. Həmçinin bildirir ki, İddiaçı (Teymurovanı) aldatmışlar. Belə ki, onlar Sahil qəsəbəsindəki evə köçmüş, iddiaçının qızılları və digər əşyaları evdə qalmış, Cavabdeh1 isə həmin əşyaları götürərək gizlətmişdir. İddiaçı özünün aldığı qızılları cavabdehlərdən götürə bilmişdir, lakin digər qızıllar iddiaçıya qaytarılmamışdır. Onlar tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan şikayət verilmişdir, lakin onlara təhvil verilməyən qızıllar qarşı tərəfdə olduğu üçün həmin qızılların çəkisini bilmirlər. İddiaçının əvvəllər boşanmaq niyyəti olmamışdır, kirayə evə köçərkən iddiaçının qayınanası iddiaçıdan qızılların evdə saxlanmasını istəmiş, iddiaçı da evdən müvəqqəti çıxdıqları üçün qayınanasının fikrinə etiraz etməmişdir. Bundan əlavə, iddiaçının otağı açıq olmuşdur. Qızıl-zinət əşyalarının cavabdehlərdə olması polis orqanı tərəfindən aparılmış araşdırma zamanı şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. İddiaçıya məxsus paltarlar ilə bağlı qeyd edir ki, iddiaçının qış geyimləri özündə olduğundan onlar yay geyimlərinin iddiaçıya verilməsini istəyirlər. Odur ki, göstərilənlər əsasında o, iddia tələbinin təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vəkili-nümayəndəsi Vəkil1 etiraz ərizəsində və məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddianı qəbul etmirlər. Məhkəmə araşdırması zamanı iddiaçının iddiasının əsassız olması tam sübuta yetirilmişdir. Ümumiyyətlə, 1200 manat dəyərində olan komplekt qızıl-zinət əşyaları və 400 manat dəyərində olan nişan üzüyü istisna olmaqla, iddia tərəfi tələb olunan əşyaların mövcudluğunu sübut edə bilməmişdir. Lakin naturada mövcud olan qızıl-zinət əşyalarının da cavabdehlərdə olması isə ümumiyyətlə, məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Bu baxımdan birgə nikah dövründə hədiyyə kimi əldə olunmuş əşyaları digər şəxsdən məhkəmə qaydasında tələb edən şəxs həmin əşyaların mövcudluğunu və göstərilən dəyərdə olduğunu, əşyaların onun mülkiyyətində olduğunu və hazırda özgəsinin qanunsuz sahibliyində qaldığını sübuta yetirməlidir. Yalnız mübahisəli əşyaların mövcudluğunun, iddiaçıya məxsusluğunun və müvafiq dəyərdə olduğunun sübuta yetirilməsi, yaxud cavabdeh tərəfindən mübahisələndirilməməsi belə iddiaların təmin olunması üçün birmənalı əsas deyildir. Oxşar işlər üzrə birgə yaşadıqları evdən gedərkən mübahisəli əşyaları özü ilə aparmadığını və əşyaların cavabdehlərdə qaldığını sübut etmə yükü iddiaçının üzərinə düşür. İddiaçı ilk növbədə, həqiqətən də birgə yaşadıqları evi mübahisəli əşyaları özü ilə aparmaq imkanı olmadan tərk etdiyini sübuta yetirməli, yaxud cavabdeh tərəf bu halı mübahisələndirməməlidir. Qeyd olunan hallarla bağlı işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun. Qanunun göstərişinə əsasən tələb olunan qızıl-zinət əşyaları və digər şəxsi əşyaların hal-hazırda həqiqətən cavabdehlərdə olduğunu sübut etmə yükü iddiaçının üzərinə düşür. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçı özü də yaşadığı evdən məhz ailə münaqişəsi ilə bağlı getmədiyini təsdiqləmiş, iş yerinə yaxın yerdə yaşamaq istəməsi səbəbindən evdən getməsini bildirmişdir. Məhkəmə araşdırması zamanı iddia ərizəsində tələb olunan əşyaların naturada mövcudluğu, qiyməti, əyarı, çəkisi ilə bağlı isə ümumiyyətlə, məhkəməyə sübut təqdim oluna bilməmişdir. Əksinə, məhkəmə araşdırması zamanı iddiaçı qızılların əyarını, çəkisini xatırlamadığını bildirərək, bir daha iddiasını ehtimallar əsasında tərtib etdiyini dolayı yolla etiraf etmişdir. Məhkəmə isə ehtimallara və fərziyələrə əsaslanıb qərar qəbul edə bilməz, yalnız toplanmış və təqdim olunmuş sübutlar əsasında qərar qəbul edilməlidir. Bununla da iddiaçı tələb etdiyi əşyaların cavabdehlərin qanunsuz sahibliyində olduğunu sübut edə bilməmişdir. Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəsis rəyinə etiraz edir. Belə ki, həmin rəy ilə tanış olduqda tədqiqatın aparılması üçün müraciət edən şəxs tərəfindən verilmiş şifahi məlumatlar əsasında verilmiş rəy olduğu göstərilmişdir. Həmin rəydə qızılların çəkisi ilə bağlı heç bir qeyd yazılmamış, həmçinin qızılların əyarı isə gözəyarı şifahi verilən məlumata əsasən qeyd edilmişdir. Hansı ki, iddiaçı özü qızılların əyarı, çəkisi barədə məlumatları xatırlamadığını bildirmişdir. Yəni göründüyü kimi, təqdim edilmiş mütəxəsis rəyi mötəbər sübut ola bilməz. Həmçinin MPM-in tələblərinə əsasən sübutlar məhkəmənin hazırlıq iclasında təqdim edilməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bütün bunlara baxmayaraq, üçüncü baxış iclasında təqdim edilmiş mötəbər sübut hesab edilməyən mütəxəsis rəyi qərar qəbul edilərkən nəzərə alınmamalıdır. Həmçinin ümumiyyətlə, göstərilən qızıllardan yalnız cavabdehlər tərəfindən etiraf edilmiş və fotoşəkillərdə öz əksini tapmış 1200 manat dəyərində komplekt qızıl və 400 manat dəyərində nişan üzüyü istisna olmaqla, iddia tərəfi tələb olunan əşyaların naturada mövcudluğunu sübut edə bilməmişdir. Həmçinin naturada mövcud olan qızılların hazırda cavabdehlərdə olması da iddiaçı tərəfindən sübut edilə bilməmişdir. Naturada mövcud olan qızıl-zinət əşyalarını iddiaçı evi maneəsiz olaraq tərk edərkən özü ilə aparmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş şəkillərin bəzilərinin sübutlar siyahısından çıxarılmasını xahiş edir. İddiaçı tərəfindən tələb edilən sep, qolbaq və üzük şəkillərdə görsənir və həmin qızıl-zinət əşyalarının naturada mövcud olmasını təsdiq edirlər, lakin həmin əşyalar hüquqlarını müdafiə etdiyi şəxslərdə deyildir. Digər qızılların isə naturada mövcud olmasını iddiaçı tərəf sübut etməlidir. Cavabdeh1 ona bildirmişdir ki, komplekt 1200 manata, nişan üzüyü isə 400 manata alınmışdır. İddiaçının vəkili-nümayəndəsi qızılların və digər əşyaların oğurlandığını bildirmişdir. Ancaq iddiaçı və cavabdeh sərbəst şəkildə boşanmışlar və iddiaçı evdən heç bir təzyiq və dava olmadan çıxmışdır. Həmçinin bildirir ki, Cavabdeh1 “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarda bildirdiyi “xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Könül vəkili ilə bizim evə gələrək cehiz əşyalarını, şəxsi əşyalarını, qızıl əşyalarını götürərək aparmışdır” ifadəsinin mənası budur ki, evdə olan qızılların hamısı verilmişdir. İddiaçı da qızılların oğurlandığını bildirmişdir, amma akt tərtib olunan zaman iddiaçı nikahdan öncə alınmış, özünə məxsus qızılları götürdüyünü bildirmişdir. Ümumiyyətlə, heç bir əşya və digər qızıllar onlarda deyildir... Müdafiə etdiyi şəxslər də polis orqanına verdikləri izahatında bəzi qızılları, yəni iddiaçının özünün gətirdiyi qızılları iddiaçıya təhvil verdiklərini bildirmişlər. İddiaçı tərəfindən tərtib edilmiş aktda da paltarların və qızıl-zinət əşyalarının aşkar edilmədiyi göstərilmişdir. Həmçinin Cavabdeh1 ona zəng etmiş, iddiaçı Tağıyeva (Teymurova) Könül Tahir qızının əşyalarını və qızıllarını evdən gəlib götürmək istədiyini bildirmiş, o da cavabdehə onlarda qalmış iddiaçıya aid olan bütün əşyaların təhvil verilməsini söyləmişdir. Cavabdeh1 ona bildirmişdir ki, qızılları iddiaçı özü ilə aparıb. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, iddiaçı Tağıyeva (Teymurova) Könül Tahir qızının əmisi qızıdır və 6 ildir ki, evlidir. Qadınlar qızıl-zinət əşyaları alarkən bir-birinə göstərir və bu barədə söhbət edirlər. Onun da iddiaçı ilə qızıl barədə belə bir söhbəti olmuş, iddiaçı ona nişan üzüyü və komplekt alındığını bildirmişdir. İddiaçı (Teymurova) tərəfindən komplektin qiymətinin 6000 manat olduğu, nişan üzüyünün qiymətinin isə 1700 manat olduğu bildirilmişdir. Qeyd edir ki, nişan üzüyünün qiyməti 400 manat deyildir. Akt tərtib olunanda o deyil, anası orada olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, iddiaçı Tağıyeva (Teymurova) Könül Tahir qızının əmisinin yoldaşıdır və iddiaçı tərəfindən akt tərtib olunarkən orada olmuşdur. Onlar qızılları və əşyaları götürmək üçün Cavabdeh1 evinə getmiş, lakin Cavabdeh1 və anası əvvəlcə onları evə girməyə qoymamış, daha sonra evə daxil olmağa icazə vermişlər. İddiaçı evə daxil olub öz şkafını açanda özünü pis hiss etmiş, geyim əşyalarının yerində olmadığını görmüşdür. İddiaçının xarici pasportu orada olsa da, iddiaçıya məxsus sırğa, sep, qolbağ və üzükdən ibarət komplekt orada olmamışdır. Həmçinin iddiaçıya alınmış nişan üzüyünü də iddiaçı tapa bilməmişdir. Digər qızıllar barədə isə onun məlumatı yoxdur. İddiaçı kosmetikasının da yerində olmadığını bildirmişdir. Xatırlayır ki, iddiaçını bəy evinə yola salanda o özü idman geyimi, donu və digər əşyaları yığıb iddiaçını yola salmışdır və həmin paltarlar da Cavabdeh1 evində olmamışdır. İddiaçı Tağıyeva (Teymurova) Könül Tahir qızı o evdən ancaq 2 dənə qızıl götürmüşdür. Məhkəmədə şahid qismində dirdirilmiş X5 ifadəsində bildirmişdir ki, o, hüquqşünasdır və iddiaçı Tağıyeva (Teymurova) Könül Tahir qızının qohumu deyildir. Akt tərtib olunarkən akta möhürü o, vurmuşdur. Sözügedən akt 3 nüsxədə tərtib olunmuşdur. İddiaçı onunla əlaqə saxlamış və bildirmişdir ki, əşyalarını və qızıllarını boşandığı şəxsin evindən götürmək istəyir. Onlar 4 nəfərdən ibarət tərkibdə evə getmişlər. Onların getdikləri ev həyət evi idi. O, Cavabdeh1 ilə görüşmüş, cavabdeh ona qızılları ancaq məhkəmə qərarından sonra verə biləcəyini bildirmişdir. İddiaçının dediklərinə uyğun olaraq əşyaların siyahısı akta yazılmışdır. Akt tərtib olunduğu zaman iddiaçıya verilməyən əşyaların önünə “Təhvil verilmədi” qeydi yazmışdır. Lakin Cavabdeh1 vəkilinümayəndəsi akta “Aşkar olunmadı“ qeydini yazmasını bildirmişdir. İddiaçı ona məxsus olan, nikahdan öncə və nikah zamanı alınan qızılların burada olmadığını demişdir. O, Cavabdeh1 özü, anası və bacısı ilə danışmışdır. Cavabdehlər əvvəlcə qızılların onlarda olmadığını, qızılları iddiaçının özü ilə apardığını söyləmiş, amma paltarları verəcəklərini bildirmişlər. İddiaçıya nikahdan öncə alınmış 2 qızılını gətirib vermişlər. O, digər qızılların harada olması ilə bağlı soruşduqda ona cavab olaraq bildirmişlər ki, iddiaçı müəllimədir, digər qızılları özü ilə aparmışdır. Bir də iddiaçının xarici pasportu orada idi. Cavabdeh1 şəxsən İddiaçı (Teymurovaya) aid nikahdan əvvəl alınmış 2 qızılı və xarici pasportu vermişdir. Geyim ilə bağlı mübahisə yaranmış, iddiaçının baldızı bildirmişdir ki, qırmızı rəngli donu gətirib iddiaçıya verəcəkdir. İddiaçı (Teymurovanın) kosmetik əşyaları da evdə olmayan əşyalar içində idi. Həmçinin qarşı tərəf kosmetik əşyaları da iddiaçıya gətirəcəklərini bildirmiş, lakin həmin əşyalar iddiaçıya təhvil verilməmişdir. Onlar digər əşyaları təhvil almamış və digər əşyalar onlara verilməmişdir. Aktda bəzi əşyaların qarşısında “Aşkar olunmadı” qeydi yazılmışdır və akt onun dəsti-xətti ilə tərtib olunmuşdur. İş materiallarında olan X9 tərəfindən tərtib edilmiş 9 aprel 2024-cü il tarixli aktdan görünür ki, Tağıyeva (Teymurova) Könül Tahir qızı ona məxsus qızıl-zinət, cehiz və digər fərdi əşyalarının aktda göstərilən siyahısı üzrə ona məxsus olan cehiz əşyalarını, həmçinin qızıl-zinət əşyalarından yalnız özünün subay vaxtı aldığı halqa sırğa və qaşlı üzüyü təhvil aldığını, digər qızıl əşyalarının isə aşkar olunmadığını, evli olduğu zaman aldığı şəxsi əşyaları – geyim, çanta, ayaqqabı, kosmetika və s. kimi əşyalarının isə evdə olmadığını qeyd etmiş və bu faktı imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Abşeron RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X10 tərəfindən qəbul edilmiş 30 aprel 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, E.İsmayılov küçəsi ev 4/3-də yaşayan İddiaçı xx.xx.2024-cü il tarixdə DİN-in 102 XZM-nə və ərizə ilə Abşeron RPİ-nə müraciət edərək bildirmişdir ki, Abşeron rayonu, Masazir qəsəbəsi, Həsən Əliyev küçəsi, ev 96A-da ona məxsus 9000 manat dəyərində qızıl-zinət əşyalarının həyat yoldaşının bacısı Aygül və həyat yoldaşının anası Xuramanın oğurlayaraq ona 9000 manat maddi ziyan vurmaları barədə məlumat vermiş, toplanmış materialda göstərilən faktların öz təsdiqini tapmaması nəzərə alınaraq material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan X4 tərəfindən verilmiş 9 dekabr 2024-cü il tarixli, 202 nömrəli mütəxəssis rəyindən görünür ki, 2023-cü ilin oktyabr ayına 585 əyarlı bir ədəd, üstü brilyant qaşlı qızıl nişan üzüyün dəyəri 2100-2300 manat civarı olmaqla, orta hesabla 2200 manat, 585 əyarlı qızıl dəstinin (üzük, boyunbağı, sırğa və qolbaq) dəyəri 3500- 4500 manat civarı olmaqla, orta hesabla 4000 manat, 750 əyarlı bir ədəd mismar modelli qolbağın dəyəri 600-700 manat civarı olmaqla, orta hesabla 650 manat, klon ilə birlikdə bir ədəd 585 əyarlı boyunbağının dəyəri 500-600 manat civarı olmaqla, orta hesabla 550 manat, bir ədəd 585 əyarlı açar modelli klonun dəyəri 200-300 manat civarı olmaqla, orta hesabla 250 manat olmaqla, həmin qızıl-zinət əşyalarının, ümumilikdə, dəyəri 7650 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə yuxarıda qeyd olunan (iddianın qismən təmin edilməsi barədə) qətnamə qəbul etmişdir. Məhkəmə qətnamədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən tələb edilmiş qızıl-ziynət əşyaları - 6000 manat dəyərində komplekt (sep, qolbaq, sırğa, üzük), 1700 manat dəyərində nişan üzüyü, 700 manat dəyərində qolbaq (mismar formasında), 390 manat dəyərində klon (açar formasında) və 300 manat dəyərində klonlu sep (ürək formasında klon) ilə bağlı cavabdehlərin vəkili-nümayəndəsi məhkəmə iclasında həmin qızıl-ziynət əşyalarından yalnız komplektin və nişan üzüyünün vaxtilə naturada mövcud olmasını təsdiq etmiş, Cavabdeh1 ona komplektin 1200 manata, nişan üzüyünün isə 400 manata alındığını bildirdiyini, hazırda həmin qızılların cavabdehlərdə olmadığını bildirsə də, cavabdehin vəkili-nümayəndəsinin izahatında qeyd etdiyi dəlillər iddiaçının və nümayəndəsinin izahatları ilə yanaşı, iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillər, şahidlərin ifadələri və işdəki digər sübutlar ilə tam təkzib olunur. Həmçinin məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsindən görünür ki, cavabdehlərdən Cavabdeh1 əvvəlcə qızılları etiraf edərək ancaq məhkəmə qərarından sonra verə biləcəyini bildirsə də, sonradan mövqeyini dəyişərək qızılların iddiaçı tərəfindən aparıldığını bildirməklə ziddiyətli mövqe nümayiş etdirmişdir. Bu xüsusat məhkəməyə cavabdehlərin nümayəndəsinin izahatına tənqidi yanaşmağa əsas verir... Bundan başqa, iddiaçı Tağıyeva (Teymurova) Könül Tahir qızı tərəfindən tələb olunan qızılların sonuncu tərəfindən aparılmaması X9 tərəfindən tərəflərin iştirakı ilə tərtib edilmiş 09 aprel 2024-cü il tarixli aktla da tam təsdiqini tapır. Belə ki, tərəflərin və şahidin imzası ilə təsdiq edilmiş həmin aktda iddiaçının tələb etdiyi qızılların aşkar edilmədiyi göstərilmişdir. Bundan əlavə, iddiaçı iddia ərizəsində və məhkəmə iclasında 6000 manat dəyərində komplekt (sep, qolbaq, sırğa, üzük), 1700 manat dəyərində nişan üzüyü, 700 manat dəyərində qolbaq (mismar formasında), 390 manat dəyərində klon (açar formasında) və 300 manat dəyərində klonlu sepin (ürək formasında klonun) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq ona verilməsini xahiş etsə də, sözügedən qızıl-ziynət əşyalarından 6000 manat dəyərində komplekt (sep, qolbaq, sırğa, üzük), 700 manat dəyərində qolbaq (mismar formasında), 390 manat dəyərində klonun (açar formasında) dəyərinin iddia tələbində göstərilmiş məbləğdə olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iş materiallarında olan X4 tərəfindən verilmiş 09 dekabr 2024-cü il tarixli, 202 nömrəli mütəxəssis rəyindən göründüyü kimi, 2023-cü ilin oktyabr ayına 585 əyarlı bir ədəd üstü brilyant qaşlı qızıl nişan üzüyün dəyəri 2100-2300 manat civarı olmaqla, orta hesabla 2200 manat, 585 əyarlı qızıl dəstinin (üzük, boyunbağı, sırğa və qolbaq) dəyəri 3500-4500 manat civarı olmaqla, orta hesabla 4000 manat, 750 əyarlı bir ədəd mismar modelli qolbağın dəyəri 600-700 manat civarı olmaqla, orta hesabla 650 manat, klon ilə birlikdə bir ədəd 585 əyarlı boyunbağının dəyəri 500-600 manat civarı olmaqla, orta hesabla 550 manat, bir ədəd 585 əyarlı açar modelli klonun dəyəri 200-300 manat civarı olmaqla, orta hesabla 250 manat olmaqla, həmin qızıl-zinət əşyalarının, ümumilikdə, dəyəri 7650 manat məbləğində müəyyən edilmişdir. Ona görə də X4 tərəfindən verilmiş 09 dekabr 2024-cü il tarixli, 202 nömrəli mütəxəssis rəyində komplekt (sep, qolbaq, sırğa, üzük), qolbaq (mismar formasında) və klon (açar formasında) üçün müəyyən edilmiş minimal dəyər məbləğinə istinad edərək məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi komplekt (sep, qolbaq, sırğa, üzük) 3500 manat məbləğində, qolbaq (mismar formasında) 600 manat məbləğində və klon (açar formasında) 200 manat məbləğində qiymətləndirilməlidir. Sözügedən rəy əsasında 1700 manat dəyərində nişan üzüyü 2100- 2300 manat civarı, 300 manat dəyərində klonlu sep (ürək formasında klon) isə 500-600 manat civarı qiymətləndirilməsinə baxmayaraq iddiaçı tərəfindən qeyd edilən qızıl-ziynət əşyalarının dəyərinə görə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edilmədiyindən, məhkəmə hesab edir ki, nişan üzüyü və klonlu sep (ürək formasında klon) iddia tələbində göstərilmiş məbləğdə qiymətləndirilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi komplekt (sep, qolbaq, sırğa, üzük) 3500 manat dəyərində, nişan üzüyü 1700 manat dəyərində, qolbaq (mismar formasında) 600 manat dəyərində, klon (açar formasında) 200 manat dəyərində və klonlu sep (ürək formasında klon) 300 manat dəyərində olmaqla, ümumilikdə 6300 manat məbləğində qiymətləndirilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçıya verilməlidir... İddia tələbinin şəxsi geyim əşyaları: ağ uzun don (nikah üçün) - 250 manat, üstü qaşlı dabanlı sabo - 40 manat, “Zara” markalı pencək (boz rəngli, “M” ölçüdə) - 130 manat, qara krosovka - 90 manat, mavi dəst ev geyimi (şalvar-köynək, “M” ölçüdə) - 50 manat, krem rəngli dəst (şalvar-köynək, ailəsi almışdır) - 50 manat, krem rəngli klaç çanta - 50 manat, açıq çəhrayı koblonlu sabo (“Mango” markalı, 38 ölçüdə) - 100 manat, mavi klas şalvar - 90 manat, nişanda alınan çəhrayı don - 130 manat, silfon dəst (“S-M” ölçüdə) - 70 manat, qırmızı çamadan - 90 manat, silfon köynək krem rəngdə - 40 manat, qolsuz köynək (etiketli, ağ rəngli, polo, “M” ölçüdə) - 40 manat, bosonojkalar (2 ədəd) - 30 manat, “Mango” markalı cins şalvar - 60 manat, ev geyimləri - 60 manat, açıq çəhrayı rəngli gecə geyimi - qutuda (dəst) - 120 manat, açıq çəhrayı rəngli atlas gecə geyimi - 90 manat, corab dəsti (12 ədəd) - 20 manat, dəst alt geyimləri və dəst şəxsi geyimlər - 70 manat, kosmetikalar (rumyana, brozer, pomada, “Chanel” markalı ətir) - 300 manat, “Mango” markalı berj çanta - 80 manat dəyərində olan əşyalar ilə bağlı hissəsi barədə məhkəmə qeyd edir ki, iddiaçı ona məxsus geyimlərin cavabdehlərdə olduğunu bildirməsinə baxmayaraq, iddia tələbinin bu hissəsinin təmin edilməsi üçün əsas kimi istinad etdiyi halları sübut edə bilmədiyindən, iddia tələbi bu hissədə təmin edilməməlidir. Həmçinin iddia tələbinin Cavabdeh3 qarşı hissəsi ilə bağlı məhkəmə iclasında iddianın təmin edilməsinə əsas verən hallar müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə də rədd edilməlidir. Məhkəmə qəbul etdiyi qətnamədə gəldiyi nəticələrin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 225.2 və 225.3-cü, Ailə Məcəlləsinin 34.1-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan Cavabdeh1 (vəkilinümayəndəsi Vəkil1) apellyasiya şikayəti verərək, qətnamənin iddia təmin edilən hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. Məhkəmə araşdırması zamanı iddiaçının iddia tələbinin əsassız olması tam sübuta yetirilmişdir. Ümumiyyətlə, 1200 manat dəyərində olan komplekt qızıl-zinət əşyaları və 400 manat dəyərində olan nişan üzüyü istisna olmaqla, iddia tərəfi tələb olunan əşyaların mövcudluğunu sübut edə bilməmişdir. Lakin naturada mövcud olan qızıl-zinət əşyalarının da cavabdehlərdə olması isə ümumiyyətlə, məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Qanunun göstərişinə əsasən tələb olunan qızıl-zinət əşyaları və digər şəxsi əşyaların hal-hazırda həqiqətən cavabdehlərdə olduğunu sübut etmə yükü iddiaçının üzərinə düşür. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçı özü də yaşadığı evdən məhz ailə münaqişəsi ilə bağlı getmədiyini təsdiqləmiş, iş yerinə yaxın yerdə yaşamaq istəməsi səbəbindən evdən getməsini bildirmişdir. Məhkəmə araşdırması zamanı iddia ərizəsində tələb olunan əşyaların naturada mövcudluğu, qiyməti, əyarı, çəkisi ilə bağlı isə ümumiyyətlə, məhkəməyə sübut təqdim oluna bilməmişdir. Əksinə, məhkəmə araşdırması zamanı iddiaçı qızılların əyarını, çəkisini xatırlamadığını bildirərək, bir daha iddiasını ehtimallar əsasında tərtib etdiyini dolayı yolla etiraf etmişdir. Məhkəmə isə ehtimallara və fərziyələrə əsaslanıb qərar qəbul edə bilməz, yalnız toplanmış və təqdim olunmuş sübutlar əsasında qərar qəbul edilməlidir. Bununla da iddiaçı tələb etdiyi əşyaların cavabdehlərin qanunsuz sahibliyində olduğunu sübut edə bilməmişdir. Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəsis rəyi ehtimallara əsaslanmışdır. Belə ki, həmin rəy ilə tanış olduqda tədqiqatın aparılması üçün müraciət edən şəxs tərəfindən verilmiş şifahi məlumatlar əsasında verilmiş rəy olduğu göstərilmişdir. Həmin rəydə qızılların çəkisi ilə bağlı heç bir qeyd yazılmamış, həmçinin qızılların əyarı isə gözəyarı şifahi verilən məlumata əsasən qeyd edilmişdir. Hansı ki, iddiaçı özü qızılların əyarı, çəkisi barədə məlumatları xatırlamadığını bildirmişdir. Yəni göründüyü kimi, təqdim edilmiş mütəxəsis rəyi mötəbər sübut kimi qəbul oluna bilməz. İddiaçı tərəfindən tələb edilən sep, qolbaq və üzük şəkillərdə görsənir və həmin qızıl-zinət əşyalarının naturada mövcud olmasını təsdiq edirlər, lakin həmin əşyalar cavabdehlərdə deyildir. Digər qızılların isə naturada mövcud olmasını iddiaçı tərəf sübut etməlidir. İddiaçı və cavabdeh sərbəst şəkildə boşanmışlar və iddiaçı evdən heç bir təzyiq və dava olmadan çıxmışdır. Sonradan iddiaçı vəkili ilə evə gələrək cehiz əşyalarını, şəxsi əşyalarını, qızıl əşyalarını götürüb aparmışdır. İddiaçı tərəfindən tərtib edilmiş aktda da paltarların və qızıl-zinət əşyalarının aşkar edilmədiyi göstərilmişdir... Göründüyü kimi, məhkəmə iş üzrə obyektiv araşdırma aparmamış, düzgün nəticəyə gəlməmişdir. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İşə baxan məhkəmə hərtərəfli, tam və obyektiv araşdırma aparmamış, işin faktiki hallarına və tərəflərin izahatlarına düzgün hüquqi qiymət verməyərək əsassız nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin iddia təmin edilən hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı Tağıyeva (Teymurova) Könül Tahir qızı və onun vəkili-nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh2 və digər Cavabdeh1 vəkilinümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdilər, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, MPM-in 376.2ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərinə və işdə olan sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3568/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, iddiaçı cavabdehlərdən ona məxsus, iddia ərizəsində sadalanan qızıl-zinət və şəxsi əşyalarını məhkəmə yolu ilə tələb etmiş, məhkəmə iddiaçının tələbini qismən təmin edən qətnamə qəbul etmişdir. Qətnaməyə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 komplekt (sep, qolbaq, sırğa, üzük) - 3500 manat, nişan üzüyü - 1700 manat, qolbaq (mismar formasında) - 600 manat, klon (açar formasında) - 200 manat, klonlu sep (ürək formasında klon) - 300 manat və ya onların dəyəri olan 6300 manat məbləğində pul vəsaitinin alınıb iddiaçı Tağıyeva (Teymurova) Könül Tahir qızına verilməsi qət edilmişdir. İddiaçı məhkəmənin qətnaməsini iddia tələbinin təmin olunmayan hissəsində mübahisələndirməmişdir. Cavabdeh1 (vəkili-nümayəndəsi Vəkil1) isə qətnamədən narazı qalaraq ondan apellyasiya şikayəti vermiş, iddianın təmin olunmuş hissəsini mübahisələndirərək həmin hissədə qətnamənin ləğv edilib iddianın rədd edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Ona görə də hazırkı apellyasiya baxışının vəzifəsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını iddia tələbinin təmin olunmuş hissəsində yoxlamaqdan ibarətdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçının qızıl-zinət əşyaları ilə bağlı tələbini təmin etmişdir. Cavabdeh1 isə iddia edir ki, həmin qızıl-zinət əşyalarının bəziləri iddiaçıda ümumiyyətlə olmamış (naturada mövcud olmamış), mövcud olan qızıl-zinət əşyalarını isə iddiaçı özü ilə aparmış və bu əşyalar cavabdehlərdə qalmamışdır. İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçı Tağıyeva (Teymurova) Könül Tahir qızı 2023-cü ilin oktyabr ayında Cavabdeh1 ilə ailə qurmuşdur. Toy zamanı ona hədiyyə olaraq oğlan evi tərəfindən qızıl-zinət əşyaları və bəzi geyim əşyaları alınmışdır. Evlənən zaman iddiaçı ünvan 1 ünvanında yerləşən cavabdehlərə məxsus evə gəlin köçmüş, özünün cehiz, qızıl-zinət və şəxsi əşyalarını da həmin evə gətirmişdir. Burada az müddət yaşadıqdan sonra iddiaçının müəllimə işlədiyi məktəbə yaxın olması üçün yeni ailə Qaradağ rayonu Sahil qəsəbəsində kirayə mənzil tutub 2023-cü ilin noyabr ayında oraya köçmüşdür. Sahil qəsəbəsindəki mənzilə iddiaçı və Cavabdeh1 özləri ilə zəruri (gündəlik istifadə olunan) geyim və şəxsi əşyalarını aparmışlar. İddiaçının cehiz, qızıl-zinət, yay üçün geyim və başqa şəxsi əşyaları cavabdehlərə məxsus ünvan 2 ünvanındakı evdə qalmışdır. Daha sonra Cavabdeh1 iddiaçı ilə münasibətləri pozulmuş, cavabdeh iddiaçını tərk etmiş, bir daha kirayə yaşadıqları mənzilə qayıtmamış və Cavabdeh1 bacısı iddiaçıya zəng edərək qardaşının ondan boşanmaq istədiyini bildirmişdir. İddiaçının iddia ərizəsinə və məhkəmə proseslərində verdiyi izahatlarına görə o, 9 aprel 2024-cü il tarixdə cavabdehlərin Abşeron rayonu, Masazır kəndindəki evindən özünə məxsus olan əşyaları aktla təhvil götürdüyü zaman cavabdehlərin aldığı qızıl-zinət və geyim əşyaları ona təhvil verilməmişdir. Buna görə də elə həmin gün, yəni xx.xx.2024-cü il tarixdə Abşeron Rayon Polis İdarəsinə qızıl-zinət, bəzi geyim və şəxsi əşyalarının cavabdehlər tərəfindən oğurlanması barədə ərizə ilə müraciət etmiş, müstəntiq ona məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. xx.xx.2024-cü il tarixdə Cavabdeh1 ilə rəsmən boşanmışdır. Ona mehriyə üçün hədiyyə olaraq alınan qızıl-zinət və geyim əşyaları verilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı 9 aprel 2024-cü il tarixdə cavabdehlərə məxsus evdən öz əşyalarını götürərkən qızıl-zinət əşyaları saxladığı (qoyduğu) yerdə olmamış, cavabdehlər ona yalnız subay vaxtlarında özünün aldığı qızıl-zinət əşyalarını (sırğa və üzüyü) təhvil vermiş, özləri tərəfindən nişan və toy üçün alınmış qızıl-zinət əşyalarını isə ona verməmişlər. Məhkəmə kollegiyası işin faktiki halları baxımından mübahisəli qızıl-zinət əşyalarının iddiaçının özündə olması və özü ilə kirayə yaşadığı mənzilə aparması barədə cavabdehlərin dəlillərini inandırıcı və həqiqətə uyğun hesab etmir. Belə ki, iddiaçı qızılzinət əşyalarını kirayə yaşadığı mənzilə aparsaydı, onların hamısını aparardı. Halbuki, iddiaçının qızıl-zinət əşyalarının bəziləri (subay vaxtlarında özü aldığı sırğa və üzüyü) cavabdehlərə məxsus evdə və cavabdehlərdə olmuş (özü qoyduğu yerdən cavabdehlər tərəfindən götürülmüş), həmin qızılları məhz cavabdehlər iddiaçıya təhvil vermişlər. Bu isə digər qızıl-zinət əşyalarının da cavabdehlərdə olması nəticəsinə gəlməyə əsas verir (bir yerdə saxlanılan qızıl-zinət əşyalarından bəziləri cavabdehlərdə aşkar olunduğundan, digərlərinin də onlar tərəfindən götürüldüyü şübhəsizdir). Bundan başqa, iddiaçıya toya görə alınmış qızıl-zinət əşyaları gündəlik istifadə üçün əlverişli (rahat) və təhlükəsiz (bahalı olduğuna görə) olmadığından onları iddiaçının özü ilə kirayə yaşadığı mənzilə aparması ağlabatan görünmür. Xüsusən də, iddiaçı müəllimə işlədiyindən məktəbə diqqətçəkən qızıl-zinət əşyaları (komplekt) taxıb getməsi yolverilməz sayılır. Qeyd olunan hallar belə nəticəyə gəlməyə əsas verir ki, mübahisəli qızıl-zinət əşyaları cavabdehlərə məxsus evdə olmuş, həmin əşyalar iddiaçıya verilməmiş və cavabdehlərdə qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər arvadın hər birinin əmlakıdır). İstinad edilən normalara əsasən iddiaçı nişan və toy üçün ona hədiyyə olaraq alınıb verilmiş mübahisəli qızıl-zinət əşyalarını cavabdehlərdən tələb etməkdə haqlı olmuşdur. İddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının naturada mövcudluğu iş materialları, o cümlədən iddiaçı tərəfin təqdim və istinad etdiyi fotoşəkillər, özünün izahatı və şahidlərin ifadələri ilə kifayət qədər sübut olunur. Həmin sübutlar təsdiq edir ki, mübahisəli qızılzinət əşyaları iddiaçıya məxsus və onun istifadəsində olmuşdur. Məhkəmə kollegiyası həmçinin mübahisəli qızıl-zinət əşyalarının mümkün qiymətləri barədə mütəxəssis rəyinin qeyri-mötəbərliyi, həmin rəyin dəqiq olmayan məlumatlara və ehtimallara əsaslanması ilə bağlı cavabdeh tərəfin mülahizələrini əsassız sayır. Belə ki, mütəxəssis rəyində qeyd edilir ki, qiymətləndirilməsi tələb olunan qızıl-zinət əşyaları tədqiqata təqdim edilmədiyinə görə onların çəkisini müəyyən etmək mümkün olmamışdır. Lakin, təqdim edilmiş fotoşəkillərdə görünən qızıl-zinət əşyalarına mütəxəssis tərəfindən baxış keçirilməklə onların dizaynı, eləcə də modelləri müəyyən edilmiş, daha sonra qızılın alışı və satışı ilə məşğul olan müxtəlif məntəqələrdən həmin qızıl-zinət əşyalarına oxşar olan qızılların dəyərləri barədə məlumatlar əldə edilmişdir. Qiymətləndirmə üzrə tədqiqat nəzəri hesablama yolu ilə, təqdim edilmiş fotoşəkillərdəki qızıl-zinət əşyaları uyğun modellərlə müqayisə edilərək, qiymətləndirmə metodlarının tətbiqi əsasında aparılmışdır... Göründüyü kimi, mütəxəssis rəyi ehtimallara deyil, müvafiq tədqiqat və qiymətləndirmə metodikasına əsaslanmışdır. Ona görə də həmin rəyin mötəbərliyinin şübhə altına alınması əsassızdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etdiyi hissədə haqlı olmuşdur. Məhkəmənin qətnaməsi cavabdeh tərəfindən mübahisələndirilən hissədə qanuni və əsaslıdır. Məhkəmə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, mübahisənin həllinə maddi hüquq normalarını düzgün tətbiq etmiş, işə baxarkən qəbul edilmiş qətnamənin ləğvinə əsas ola biləcək prosessual pozuntulara yol verməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə əsassız və qəbulolunmazdır. Ona görə də Cavabdeh1 (vəkili-nümayəndəsi Vəkil1) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)- 3568/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 (vəkili-nümayəndəsi Vəkil1) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3568/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-600/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-600/2025
29.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver