Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-612/2021 02.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh, onun nümayəndə və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1337/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1337/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh qızıl kolye-əyarı 750, çəkisi 23 qram, qiyməti- 1600 manat, qızıl komplekt sırğa-üzük (İtalya)-əyarı 750, çəkisi 14 qram, qiyməti 1000 manat, brilyant qaşlı qızıl nişan üzüyü-əyarı 750, çəkisi 8 qram, qiyməti 600 manat, qızıl komplekt sırğa-üzük, əyarı 750, çəkisi-11 qram, qiyməti-770 manat dəyərində olan qızılzinət əşyaları və ya onların dəyəri olan 3.970 manat pulun, 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. (hakim Azər İsmaylov). Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərəkSumqayıt Şəhər Məhkəməsinin 2(060)-1337/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona məxsus qızıl-zinət əşyalarının və ya onların dəyəri olan 3970 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və P R O S E S İ Ş T İ R A K Ç İ L A R İ N İ N İ Z A H A T L A R İ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, X3 ilə xx.xx.2003-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, birgə nikahdan iki uşağı doğulmuşdur. X3 ilə ailə həyatı qurduqdan sonra cehiz əmlakları ilə birlikdə Sumqayıt şəhəri, 11-ci mikrorayon, 30 saylı evin, 17-ci mənzilinə köçmüş və həmin mənzildə uşaqları ilə birlikdə yaşamışdır. İddiaçı onun keçmiş həyat yoldaşının qardaşı arvadıdır. Göstərilən əsasların heç biri həqiqətə uyğun deyil. İddiaçı hər hansı qızıl-zinət əşyasını qəbul etməmişdir. Ailədə münasibətləri kəskinləşdiyi üçün o, 2015-ci ildə həmin mənzili tərk etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə nikahı ləğv edilmiş və azyaşlı uşaqları onun himayəsinə verilmişdir. İddiaçının keçmiş həyat yoldaşı ilə borc söhbəti olmuşdur ki, onun da özünə heç bir aidiyyatı yoxdur. Belə ki, həyat yoldaşı Qazaxıstana getmək üçün Aytəndən yol pulu alıb. Aytənin də dediyinə görə, həyat yoldaşından xəbərsiz qızıllarını lombarda qoyub ona pul verib. Hələ o vaxt nikahı pozulmamışdır. Hətta onda olan məlumata görə boşandıqdan təqribən 1 il sonra keçmiş həyat yoldaşı Aytən ilə arasındakı söz-söhbətlə bağlı polisə və məhkəməyə müraciət etmiş, inzibati qaydada cəzalandırılmışdır. Aytən məhkəmədə bildirmişdir ki, 2015-ci ilin yanvar ayında Sumqayıt şəhər 1-ci Polis Bölməsinə qızıl-zinət əşyasının onun tərəfindən qaytarılmamasına dair ərizə ilə müraciət etmişdir. Həmin araşdırma zamanı da bir daha aydın oldu ki, iddiaçıya heç bir qızıl- əşyası borcu yoxdur. Keçmiş həyat yoldaşının borcuna heç bir aidiyyatı yoxdur, iddiaçının ona qarşı bu cür iddiasının arxasında başqa niyyət durur. Belə ki, aralarında artıq 5 ilə yaxındır ki, mənzil mübahisəsi var. O, mənzili tərk etdikdən bir müddət sonra, konkret olaraq 2016-cı ilin sonlarında Sumqayıt Şəhər Məhkəməsində o vaxt qaynatasının adına olan ünvan 1 ünvanında yerləşən 17 saylı mənzilə köçürülməyi barədə iddia qaldırmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-466/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdehlərə qarşı "mənzilə köçürülmə" tələbinə dair iddiası təmin edilmiş və az yaşlı uşaqları ilə birlikdə ünvan 1, mənzil 17 ünvanına köçürülməyi qət edilmişdir. Məhkəmənin xx.xx.2017-ci il tarixli qətnaməsindən cavabdehlərin vermiş olduğu apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamələr qanuni qüvvəsini almış və iş icraya yönəlmişdir. İcra zamanı cavabdehlər onu mənzilə köçməyini əngəlləmək üçün başqa bir qanunsuzluğa əl atmış, belə ki, bu dəfə mənzil qaynatası tərəfindən digər cavabdeh qaynı X1 adına bağışlanmışdır. O da öz növbəsində məhkəmə icraçılarına müraciət edərək, onun mənzilə köçürülməyinin dayandırılmasını xahiş etmişdir. Bundan sonra yenidən məhkəməyə müraciət etməli olmuşdur. Sumqayıt Şəhər Məhkəməsi onun həmin mənzilə istifadə hüququnu tanımışdır. Bundan sonra isə iddiaçının həyat yoldaşı əvvəlcə 2000, sonra isə 4000 manat kompensasiya təqdim etdi ki, o, mənzilə köçməsin. O məbləğlə razılaşmamışdır. Məhz bu səbəbdən də belə bir absurd iddia irəli sürüblər. Bütün bunlar onu qeydiyyatda və istifadə hüququ olduğu mənzildən məhrum edilməyi üçündür. Məhkəmə baxışı zamanı iddiaçı niyə 5 ildir məhkəməyə müraciət etmirsən sualına cavab verərkən bildirmişdir ki, guya onun ünvanı ona bəlli olmamışdır. Hansı ki, qeyd etdiyi kimi o, düz 5 ildir ki, bu ailə ilə məhkəmə mübahisəsindədir. Hesab edir ki, iddiaçının iddiası tam əsassız və qanunsuzdur. Ondan qızıl-zinət əşyası almamışdır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin olunmasını, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-1337/2020 saylı qətnaməsinin ləğv olunmasını və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili X4 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, cavabdeh iddiaçıdan heç bir qızıl zinyət əşyası almayıb və istifadə də etməyib. İddiaçının dediyinə görə cavabdeh qızılları ondan 2015-ci ilin aprel ayında götürüb. Halbuki cavabdeh 2014-cü ilin dekabr ayından həmin evdən çıxıb. Beş il ərzində iddiaçı tərəflə aralarıdna çox məhkəmə mübahisələri olub və bu müddət ərzində bir dəfə də olsun qızıla dair hər hansı bir izahat səslənməyib. Bundan əlavə hesab edir ki, hazırki mübahisə üzrə iddia müddəti tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin olunmasını, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-1337/2020 saylı qətnaməsinin ləğv olunmasını və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, cavabdehlə hər ikisi bir ünvanda yaşamaqla bir ailənin gəlinləri olmuşdur. İki qardaşın həyat yodaşları kimi bir ünvanda yaşamışlar. Münasibətlər yaxşı olduğu üçün hər şeydən ümumi istifadə etmiş, eləcə də ona məxsus qızıl-zinət əşyalarıdan da lazım olanda, toya gedəndə hər ikisi istifadə etmişdir. Ona görə qızıl-zinət əşyaları ona məxsus otaqda bir qabın içində idi və heç bir razılıq almadan cavabdeh də istifadə edirdi. 2015-ci ilin sonlarında qızılları yerində görməyəndə cavabdehdən qızılların harda olduğunu soruşmuş, cavabdeh demişdir ki, toya taxmış, sonra da anasıgilə getmişdir, orda qalıb, gətirəcəkdir. Bir neçə gün bu gün, sabah gətirəcəyini desə də, gətirməmiş, sonra isə ailədə narazılıq yarandığı üçün həyat yoldaşı ilə həmin mənzildən çıxıb valideynlərinin evində yaşamağa başlamışdır. Bu ərəfədə də cavabdehdən qızılları qaytarmağı tələb etsə də, cavabdeh hər dəfə bir bəhanə gətirmiş, sonuncu dəfə demişdir ki, əgər qızılları qaytarmasa polisə müraciət edərəck. Cavabdeh isə demişdir ki, şikayət etmək onun hüququdur. Məcbur olub polisə şikayət etmiş, polisdə araşdırma zamanı cavabdeh izahatında qızılların onda olduğunu, lombarda qoyduğunu etiraf etmiş, amma demişdir ki, guya qızılları o, özü könüllü verib. Polis araşdırmanın sonunda məktubla cavab vermişdir ki, bu iş mülki mübahisə olduğu üçün məhkəməyə müraciət etməlidir. Bu illər ərzində atası, qardaşı burda olmadığı və həyat yoldaşı da ona məhkəməyə ərizə verməyə icazə vermədiyi üçün məhkəməyə ərizə verə bilməmişdir. İndi isə hazırkı iddia ilə məhkəməyə müraciət edərək cavabdehdən qızıllarını tələb edir. Cavabdeh ona məxsus 3.970 manat dəyərində olan qızıl-zinət əşyalarını götürmüş və mənimsəmişdir. Qeyd edilənlərə əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-1337/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili X8 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-1337/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, iddiaçının, cavabdehin, vəkillərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin 5-ci PBdə verdiyi izahatından görünür ki, o, İddiaçı qızıl-zinət əşyalarını aldığını, həmin qızıl-zinət əşyalarından 210 manat dəyərində olan qızıllı qaytardığını və qalan qızıl-zinət əşyalarının dəyəri olan pulu isə anasından alıb İddiaçı qaytaracağını bildirmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 1 ədəd kolye 750 əyar, çəkisi 23 qram, qiyməti 2300 manat, qızıl komplekt sırğa və üzük, İtaliya istehsalı 750 əyar, çəkisi 14 qram, dəyəri 1100 manat, brilyant qaşlı üzük 750 əyar, çəkisi 8 qram, qiyməti 1400 manat, qızıl komplekt sırğa-üzük 750 əyar, çəkisi 11 qram, dəyəri 1050 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməli, iddiaçının tələb etdiyiy qızıl-zinyət əşyaları və ya onların dəyəri, həmçinin 30 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəcsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yacud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin oluna bilməz. Belə ki, apelyant apelyasiya şikayətində qətnamənin ləğv olunmasını, idianın təmin olunmamasını xahiş etsə də buna dair sübut təqdim edə bilməmiş, dəlillərini əsaslandıra bilməmişdir, onun dəlilləri isə məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1337/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-612/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-612/2021
02.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver