Məhkəmə qərarları › İş №2(105)-625/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-625/2022

31.03.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-625/2022 31.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma və yaşayış sahəsinə köçürülmə” tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(060)- 7256/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(060)-7256/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı, uşaqları, 21.05.2004-cü il təvəllüdlü X3 və 13.07.2005-ci il təvəllüdlü Məlikov Məhəmməd Hilal oğlu ilə birlikdə Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi və iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Süleymanova Almaz ). İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(060)-7256/2021 saylı qətnaməsinin iddianın qismən təmin edilməsi, İddiaçı, uşaqları, 21.05.2004-cü il təvəllüdlü X3 və 13.07.2005-ci il təvəllüdlü Məlikov Məhəmməd Hilal oğlu ilə birlikdə Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi hissəsinin dəyişdirilmədən saxlanılmasını və Cavabdeh Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsində yerləşən fərdi yaşayış evində yerləşən 2 otaqlı evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı X4 Cavabdeh qarşı “yaşayış sahəsindən çıxarılma və yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh- Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsi, fərdi yaşayış evində yerləşən 2 otaqlı evdən çıxarılması və onun 2 övladı- 21.05.2004-cü il təvəllüdlü X3 və 13.07.2005-ci il təvəllüdlü Məlikov Məhəmməd Hilal oğlu ilə həmin 2 otaqlı fərdi evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə əvvəlcə faktiki və 13 dekabr 2005-ci il tarixdə isə rəsmi nikah münasibətlərinə girməklə ailə qurmuşdur. Cavabdehlə birgə nikahdan 2 övladları- 21.05.2004-cü il təvəllüdlü X3 və 13.07.2005-ci il təvəllüdlü Məlikov Məhəmməd Hilal oğlu anadan olmuşdur. Cavabdehlə birgə yaşamağın davamı mümkün olmamışdır. Ailə münasibətləri pisləşmişdir. Ailədə baş vermiş münaqişə nəticəsində, yəni cavabdehin təqsiri üzündən münasibətləri pozulmuşdur və heç bir səbəb olmadan ailədə dava-dalaş salmış, içkiyə qurşanaraq ailəni təhqir etməyə başlamışdır. Bu barədə dəfələrlə polis orqanlarına müraciət etmişlər. O, həmişə ailənin dağılmaması və bərpası üçün əlindən gələni etmişdir. Ailənin bərpası mümkün deyildir, çünki sadəcə olaraq bunu cavabdeh istəmir. Ötən bu müddət ərzində uşaqların maddi cəhətdən təminatı üçün cavabdeh tərəfindən heç bir iş görülməmişdir. Ailələri faktiki olaraq dağılmış və nikahları Sumqayıt şəhər məhkəməsinin 12.02.2021-ci il tarixli qətnaməsi ilə pozulmuş və Cavabdeh lilə birgə nikahdan anadan olmuş 2 övladı -21.05.2004-cü il təvəllüdlü X3 və 13.07.2005-ci il təvəllüdlü Məlikov Məhəmməd Hilal oğlunun saxlanılması üçün ayda hər bir uşağa 145 (yüz qırx beş) manat olmaqla, cəmisi 290 (iki yüz doxsan) manat xeyrinə aliment tutulması qət edilmişdir. Qeyd edir ki, cavabdeh uşağların atası olmasına baxmayaraq, uşağların saxlanılması ilə əlaqədar ona heç bir köməklik göstərmir. Baxmayaraq ki, faktiki olaraq yüksək gəlir əldə edir. O, isə heç bir gəlir əldə etmir. Cavabdeh onları Sumqayıt qəsəbəsi, fərdi yaşayış evində yerləşən 2 otaqlı evdən küçəyə atmışdır. Həmin vaxtdan cavabdeh yaşayış sahəsinə heç bir səbəb olmadan onu buraxmamış, ailədə dava- dalaş salmış və bunun nəticəsində ailədaxili münasibətləri dözülməz həddinə çatmışdır. Cavabdeh heç bir səbəb olmadan, dava-dalaş salaraq, müxtəlif bəhanələrlə yaşayış sahəsindən istifadəni çətinləşdirərək, onu yaşayış sahəsinə buraxmamışdır. Beləliklə də, valideyinlərinin 20.000 manatdan çox xərc çəkib tikdiyi və azyaşlı körpələri olan ana kimi ona verilmiş mənzildə yaşamaq hüququndan məhrum olunmuşlar və bu hadisələr nəticəsində o, üzrlü səbəblərdən burada yaşaya bilməmiş və faktiki olaraq boşanan vaxtdan 2021-ci ilin fevral ayından cavabdeh onu evdən qovmuşdur. Onun bütün əmlakları, şəxsi əmlakları və sairə hal-hazırda həmin mübahisəli yaşayış sahəsində qalmışdır. Həmin vaxtdan Stansiya Sumqayıtda atasıgildə müvəqqəti sığınacaq tapmağa məcbur olmuşdur. Hal-hazırda isə, faktiki olaraq evsiz-eşiksiz küçələrdə qalmışlar. Halbuki, fərdi yaşayış evinin qaz, su, elektrik və sairə kommunal xidmətlər üzrə bütün müqavilələr onunla bağlanmış və bütün ödənişləri də o, ödəməyə məcbur olmuş, çünki bütün sayğaclar onun adına rəsmiləşdirilmişdir. Bundan başqa, cavabdeh onu və uşaqlarını ölümlə hədələyir, evə özü kimi əyyaş şəxsləri cəlb edib sərxoşluqla və əxlaqsızlıqla məşğul olur ki, belə bir vəziyyətdə onunla bir evdə yaşamaq qeyri-mümkündür. O, hətta polisə müraciət edərək cavabdeh barəsində mühafizə orderi çıxarılmasını da xahiş etmişdir. Ona görə də, cavabdehin onun yaşayış sahəsindən istifadə hüquqlarının məhdudlaşdınlmasına yönələn hərəkətlərinə son qoyulmalı və mübahisəli yaşayış sahəsinə onun yaşayış və istifadə hüquqlarının tanınması və bərpası və oraya köçürülməsi barədə məhkəmə qətnaməsinin çıxarılması üçün tam əsaslar vardır. Bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərzində göstərdiyi Məlikova soyadının Vəliyeva qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlə birgə yaşamağı davam etdirmək mümkün olmamışdır. Ailə münasibətləri pisləşmişdir. Ailədə baş vermiş münaqişə nəticəsində, yəni cavabdehin təqsiri üzündən münasibətləri pozulmuşdur və heç bir səbəb olmadan ailədə dava-dalaş salmış, içkiyə qurşanaraq ailəni təhqir etməyə başlamışdır. Bu barədə dəfələrlə polis orqanlarına müraciət etmişdir. O, həmişə ailənin dağılmaması və bərpası üçün əlindən gələni etmişdir. Ailələri faktiki olaraq dağılmış və o, uşaqları 21.05.2004-cü il təvəllüdlü X3 və 13.07.2005-ci il təvəllüdlü Məlikov Məhəmməd Hilal oğlu ilə birlikdə Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçürülmüşlər. Cavabdeh içki aludəçisidir, evə müxtəlif kişilər gətirir. Onun yetkinlik yaşına çatmayan qızı və oğlu var. Həmin evi onun atası özü tikərək onlara hədiyyə etmişdir. Evin tikilməsinə onlar vəsait xərcləməmişlər. Uşaqların gələcəyi üçün təhlükəli olan bir insanla birgə yaşamaq qeyri mümkündür. Apellyasiya şikayətində Sumqayıt Şəhər Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(060)-7256/2021 saylı qətnaməsinin iddianın qismən təmin edilməsi, İddiaçı, uşaqları, 21.05.2004-cü il təvəllüdlü X3 və 13.07.2005-ci il təvəllüdlü Məlikov Məhəmməd Hilal oğlu ilə birlikdə Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi hissəsinin dəyişdirilmədən saxlanılması və Cavabdeh Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsində yerləşən fərdi yaşayış evində yerləşən 2 otaqlı evdən çıxarılması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək qətnamənin qismən ləğv olunmaqla cavabdehin birgə yaşadıqları fərdi yaşayış evindən çıxarılmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-367/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı X4 ilə Cavabdeh arasında 13 dekabr 2005-ci il tarixində, Siyəzən rayon Qeydiyyat şöbəsində bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra 21.05.2004-cü il təvəlüdlü X3 və 13.07.2005-ci il təvəllüdlü Məlikov Məhəmməd Hilal oğlunun iddiaçı X1 yanında qalması qət edilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti MKT İB-nin 23 saylı MKS-nin verdiyi 432 saylı, 25.05.2021-ci il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, İddiaçı, X3, Məlikov Məhəmməd Hilal oğlu Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsi, fərdi yaşayış evində qeydiyyatsız yaşayırlar. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, X4 ilə "xxxx" ASC arasında Stansiya Sumqayıt ərazisində yerləşən yaşayış sahəsində sudan istifadə qaydaları haqqında müqavilə bağlanmış, X2 **********000 saylı Abonent kodu verilmişdir. Beləliklə, göründüyü kimi tərəflərin birgə nikahı dövründə Sumqayıt şəhəri, Stansiya Sumqayıt qəsəbəsində fərdi yaşayış evi inşa olunmuş və tərəflər həmin evdə yaşamışlar. Həmin ev özbaşına tikili olmaqla, hüquq müəyyənedici sənədləri yoxdur, dövlət qeydiyyatına alınmamışdır. Mübahisəli evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olsa da, həmin ev mövcuddur, yaşayış sahəsi kimi istifadə olunur və iddiaçı uzun müddət daxilində bu evdən yaşayış sahəsi kimi istifadə etmişdir. Özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3-cü maddəsinin tələbinə görə əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunur ki, "Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz". Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2ci və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli evdən cavabdehin çıxarılması ilə bağlı apellyasiya şikayətinin dəlili əsaslı hesab oluna bilməz. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi mübahisəli özbaşına tikili olan ev həmçinin cavabdehin ümumi istifadəsində olmuşdur. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətinə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(060)-7256/2021 saylı qətnaməsi apelyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar