Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-640/2025 12.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qızıl-ziynət əşyaları və əmlak tələbinə dair (Açar sözlər: qızıl- zinət tələbi - sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakı ilə Quba Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 2(027)-92/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Əhmədov Səbuhi tərəfindən tərtib edilmiş aktdan görünür ki, İddiaçı məxsus 26 adda əşya ünvan 1 ünvanından götürülmüşdür.
2. xx.xx.2023-cü il tarixli icarə müqaviləsindən görünür ki, cavabdeh saxlanca verilən əşyaların saxlanılması üçün hər ay 80 manat məbləğində pul ödəyir.
3. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10858/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, ünvan 1 İddiaçı tərəfindən boşaldılmalı və mənzil Cavabdeh təhvil verilməlidir.
4. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10858/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Bakı şəhəri Səbail rayon və İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Səbuhi Əhmədovun xx.xx.2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraat xitam verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh, Nümayəndə və Bakı şəhəri, Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Əhmədov Səbuhi tərəfindən götürülmüş komplekt gül formasında, üzük-9.36 qr 5000 manat, sırğa-16.80 qr 9000 manat, bilərzik-9.66 qr 6500 manat, boyunbağı-9.76 qr 12000 manat, 583 əyar 3 karat cəmi 32500, qızıl onluq 2 ədəd 8.6 qr 583 əyar hər biri 1500 manat, cəmi 3000 manat, nişan üzüyü-9.3 qr 583 əyar 1500 manat, mebel dəsti servant, divan, 2 ədəd kreslo, stol və 6 ədəd stul, qəhvəyi rəng Ruminiya istehsalı 2500 manat, çılçıraq 12 şamdanlı Çexiya istehsalı 5000 manat, “SONY” markalı televizor Yaponiya istehsalı 800 manat, “SONY” markalı video maqnitafon Yaponiya istehsalı 300 manat, 4 ədəd xalça 3x2 ölçülərdə Təbriz istehsalı 8000 manat, 2 ədəd palaz Bakı istehsalı 2000 manat, “İndesit” markalı paltaryuyan 5 kq İtaliya istehsalı 700 manat,“İndesit” markalı soyuducu 2 kameralı İtaliya istehsalı 900 manat, 6 ədəd yorğan 4 kq-lıq yun ilə 600 manat, 4 ədəd döşək 3 ədədi 6 kq-lıq, 1 ədədi 12 kq-lıq yun ilə 500 manat, 3 ədəd yastıq Kitay istehsalı 300 manat, 5 ədəd qaz tükübalış 400 manat, 3 ədəd divan mütəkkəsi 300 manat, 2 ədəd tozsoran qırmızı və mavi 400 və 200 manat Yaponiya istehsalı cəmi 600 manat, Pianino “Belarus” Qara rəng 1000 manat, qazan dəsti 12 dəst Almaniya istehsalı 1000 manat, madonna yemək dəsti 12 nəfərlik açıq qəhvəti rəng Yaponiya istehsalı 1500 manat, çamadanda çəngəl-bıçaq dəsti Almaniya istehsalı 500 manat, bagema vaza orta ölçülü göy rəng Çexiya istehsalı 200 manat, bagema dolça 4 stəkanla tünd qəhvəyi rəng Çexiya istehsalı 150 manat, 4 ədəd vaza 1i 250 manat Çexiya istehsalı cəmi 1000 manat, 2 ədəd güldan 400 və 200 manat Çexiya istehsalı cəmi 600 manat, 12 ədəd billur Fujer, iri ölçülü Çexiya istehsalı 300 manat, 12 ədəd billur rumka, Çexiya istehsalı 200 manat, 12 ədəd billur stəkan, 12 ədəd nəlbəki, Çexiya istehsalı 300 manat, Billur iri külqabı Çexiya istehsalı 80 manat, gümüş qaşıq, bıçaq, çəngəl dəsti 18 ədəd 3000 manat, çay servisi, tünd göy rəng, 6 nəfərlik Polşa istehsalı 500 manat, qəhvə servisi açıq qəhvəyi rəng 6 nəfərlik Polşa istehsalı 400 manat, mis qazan, çömçə, həvəngdəstə 500 manat, balta, oxlov, yuxa yayan, dördayaq, ət taxtası, sac 100 manat, 6 çamadanda müxtəlif yorğan üzləri, döşək üzləri, yastıq üzləri, yataq örtükləri Kitay istehsalı 1500 manat, 12 ədəd hamam dəsmalı, Kitay istehsalı 600 manat, 12 ədəd əl-üz dəsmalı, Kitay istehsalı 400 manat, 24 ədəd çay dəsmalı, Kitay istehsalı 200 manat, 2 ədəd hamam xalatı 200 manat, müxtəlif qab-qacaq və məişət avadanlıqları 1000 manat dəyərində əşyalarının və qızıllarının alınıb ona verilməsi, naturada verilməsi mümkün olmadıqda dəyərinin pulla, yəni 75130 manat pulla ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 2004-cü il tarixindən o, ünvan 1-da yaşayır. Həmin mənzil atasından miras qalmışdır. Borcu olduğu, yəni maddi cəhətdən sıxıntısı olduğu üçün “Rabitəbank”-dan və “Unibank”- dan 10000 manat pul götürmüş, lakin ödəməkdə çətinlik çəkdiyindən yaşadığı, atasından ona miras qalmış Bakı şəhəri, Neftçilər prospekti 19-da yerləşən 10 saylı mənzilini satmaq qərarına gəlmişdir. Bu məqsədlə “Birja” qəzetinə elan vermişdir. Bir neçə gündən sonra makler İlqar Əliyev ona zəng edərək evi bir çox şəxslərin almaq istədiyini bildirmiş, onlardan birinin də Quba rayon sakini Cavabdeh olduğunu demişdir. Ev satılmış, lakin ona pul verilməmişdir. Belə ki, İlqar Əliyev ilə Cavabdeh arasında olan razılaşmaya əsasən pul İlqar Əliyevə verilmiş, o, məhkəmələrə müraciət etmiş, alğı-satqı müqaviləsi ləğv edilməmiş, İlqar Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edilərək 4 il müddətinə azadlıqdan məhrum edilmişdir. Məhkəmə qətnaməsi icraya yönəlmiş, icraçı ona bildirmişdir ki, “sənin əmlaklarını çölə atacam.” O, isə icra məmuruna əmlaklarını başqa ünvana aparacağını bildirmişdir. xx.xx.2023-cü il tarixində Cavabdeh əri ilə birlikdə onun həmin evdə olan əşyalarını evdən çıxarmışlar. O, əmlaklarını tələb etdikdə ona əmlakların yerini söyləməmişlər. Məhkəmənin qətnaməsinə əsasən icraçı onu evdən çıxartmış, əmlakları və qızılları həmin evdə qalmışdır. O, evdən çıxmamışdan əvvəl qızıllarını qazanın içərisində gizlətmişdir. Cavabdeh və icra məmuru Əhmədov Səbuhi ona evdən heç nəyi götürməyə imkan verməmişlər. Göstərilənlərə əsasən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
7. Quba Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 2(027)-92/2025 nömrəli qətnaməsi ilə (hakim V.Seyidov) iddia tələbi qismən təmin edilərək, - mebel dəsti servant, divan, 2 ədəd kreslo, stol və 6 ədəd stul, qəhvəyi rəng Ruminiya istehsalı 2500 manat, çılçıraq 12 şamdanlı Çexiya istehsalı 5000 manat, “SONY” markalı televizor Yaponiya istehsalı 800 manat, “SONY” markalı video maqnitafon Yaponiya istehsalı 300 manat, 4 ədəd xalça 3x2 ölçülərdə Təbriz istehsalı 8000 manat, “İndesit” markalı paltaryuyan 5 kq İtaliya istehsalı 700 manat,“İndesit” markalı soyuducu 2 kameralı İtaliya istehsalı 900 manat, 6 ədəd yorğan 4 kq-lıq yun ilə 600 manat, 4 ədəd döşək 3 ədədi 6 kq-lıq, 1 ədədi 12 kq-lıq yun ilə 500 manat, 2 ədəd tozsoran qırmızı və mavi 400 və 200 manat Yaponiya istehsalı cəmi 600 manat, Pianino “Belarus” Qara rəng 1000 manat, qazan dəsti 12 dəst Almaniya istehsalı 1000 manat, madonna yemək dəsti 12 nəfərlik açıq qəhvəti rəng Yaponiya istehsalı 1500 manat, çamadanda çəngəlbıçaq dəsti Almaniya istehsalı 500 manat, bagema vaza orta ölçülü göy rəng Çexiya istehsalı 200 manat, bagema dolça 4 stəkanla tünd qəhvəyi rəng Çexiya istehsalı 150 manat, 4 ədəd vaza 1-i 250 manat Çexiya istehsalı cəmi 1000 manat, 2 ədəd güldan 400 və 200 manat Çexiya istehsalı cəmi 600 manat, 12 ədəd billur Fujer, iri ölçülü Çexiya istehsalı 300 manat, 12 ədəd billur rumka, Çexiya istehsalı 200 manat, 12 ədəd billur stəkan, 12 ədəd nəlbəki, Çexiya istehsalı 300 manat, Billur iri külqabı Çexiya istehsalı 80 manat, gümüş qaşıq, bıçaq, çəngəl dəsti 18 ədəd 3000 manat, çay servisi, tünd göy rəng, 6 nəfərlik Polşa istehsalı 500 manat, balta, oxlov, yuxa yayan, dördayaq, ət taxtası, sac 100 manat, 6 çamadanda müxtəlif yorğan üzləri, döşək üzləri, yastıq üzləri, yataq örtükləri Kitay istehsalı 1500 manat, 12 ədəd hamam dəsmalı, Kitay istehsalı 600 manat, 12 ədəd əl-üz dəsmalı, Kitay istehsalı 400 manat, 24 ədəd çay dəsmalı, Kitay istehsalı 200 manat, 2 ədəd hamam xalatı 200 manatdan ibarət əşyalar, həmin əşyalar olmadıqda isə onların dəyərinin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gələrkən hesab etmişdir ki, araşdırma zamanı müəyyən edilib ki, ünvan 1 ünvanında İddiaçı məxsus əmlaklar cavabdeh tərəfindən saxlanca yerləşdirilmişdir. Qeyd olunan əmlaklar hazırda saxlancda saxlanılmaqdadır. İddiaçı komplekt gül formasında, üzük-9.36 qr 5000 manat, sırğa-16.80 qr 9000 manat, bilərzik-9.66 qr 6500 manat, boyunbağı-9.76 qr 12000 manat, 583 əyar 3 karat cəmi 32500, qızıl onluq 2 ədəd 8.6 qr 583 əyar hər biri 1500 manat, cəmi 3000 manat, nişan üzüyü-9.3 qr 583 əyar 1500 manat məbləğində olan qızıl-ziynət əşyalarının mətbəx əşyası hesab edilən qazanın içinə qoyduğunu qeyd etsə də, Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Əhmədov Səbuhi tərəfindən iddiaçının iştirakı ilə əmlaklar siyahıya alınan zaman və həmin qızıl-zinət əşyalarının əmlaklar saxlanca verilən zaman bu halı mübahisələndirməmişdir. Həmçinin yuxarıda göstərilən qızıl-zinət əşyalarının iş üzrə iddiaçı tərəfindən icra zamanı götürülməməsi (əgər həmin qızıl-zinət əşyaları həqiqətən də mövcud olmuşdursa) ağlabatan deyildir. Ona görə ki, qızıl-zinət əşyalarının götürülməsi üçün hər hansısa maneə olmamışdır. Bu səbəbdən məhkəmə hesab edib ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
9. Bundan başqa cavabdehin nümayəndəsi məhkəmə iclasında mebel dəsti servant, divan, 2 ədəd kreslo, stol və 6 ədəd stul, çılçıraq 12 şamdanlı, “SONY” markalı televizor, “SONY” markalı video maqnitafon, 4 ədəd xalça 3x2 ölçülərdə, “İndesit” markalı paltaryuyan,“İndesit” markalı soyuducu, 6 ədəd yorğan, 4 ədəd döşək, 2 ədəd tozsoran, Pianino, qazan dəsti, madonna yemək dəsti, çamadanda çəngəl-bıçaq dəsti, bagema vaza orta ölçülü, bagema dolça, 4 ədəd vaza, 2 ədəd güldan, 12 ədəd billur Fujer, 12 ədəd billur rumka, 12 ədəd billur stəkan, 12 ədəd nəlbəki, Billur iri külqabı, gümüş qaşıq, bıçaq, çəngəl dəsti, çay servisi, balta, oxlov, yuxa yayan, dördayaq, ət taxtası, sac, 6 çamadanda müxtəlif yorğan üzləri, döşək üzləri, yastıq üzləri, yataq örtükləri, 12 ədəd hamam dəsmalı, 12 ədəd əl-üz dəsmalı, 24 ədəd çay dəsmalı, 2 ədəd hamam xalatından ibarət iddiaçıya məxsus əşyaların saxlancda saxlanıldığını bildirərək, iddiaçıya təhvil verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə hesab edib ki, iddia tələbi cavabdeh tərəfin etirafı hissəsində təmin edilməlidir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 157.2, 181.1 181.2, 181.4-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 2(027)-92/2025 nömrəli qətnaməsinin qismən, iddia tələbinin qızıl-zinət əşyalarının təmin edilməyən hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə qızıl-zinət əşyalarına aid hissədə iddia tələbini rədd edərkən yanlış nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan və icraçı tərəfindən tərtib edilən akt əmlaklara baxış keçirmədən və onları saymadan Cavabdeh sözlərinə əsasən tərtib olunub. Həmin akt tərtib olunarkən onun halı pisləşmiş, təcili yardım çağırılmış, həkim onu müayinədən keçirən zaman ona hansısa kağıza zorla imza etdirmişlər. Sonradan məlum olmuşdur ki, onun imzaladığı sənəd əmlakları yoxlamadan, saymadan, keyfiyyətinə baxmadan formal şəkildə tərtib edilən aktdır. Aktın tərtib olunduğu vaxt onun səhhəti ilə əlaqədar təcili tibbi yardım çağırılmasına dair vəkili tərəfindən Bakı şəhəri Səbail rayon Təcili və X2 Stansiyasına sorğu ilə müraciət etsə də, onalara arxivin məhv edildiyi bildirilmiş və sorğu cavablandırılmamışdır. xx.xx.2023-cü il tarixində Cavabdeh əri ilə birlikdə iddiaçıya məxsus əmlakları evdən çıxarmış və məlum olmayan yerə aparmışdır. Əşyalarının yerini soruşduqda isə ona hər hansı məlumat verməmişlər. Məsələ ilə bağlı icra məmuruna müraciət etdikdə icra məmuru bildirmişdir ki, əşyaları saxlanılması üçün Cavabdeh təhvil vermişdir. Göründüyü kimi cavabdeh onun məlumatı və icazəsi olmadan ona məxsus əmlakları evdən çıxarmış və ona məlumat verməmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı işə baxan hakim müşavirəyə getməzdən əvvəl ona “sənin qızılların orada ola bilməz, mən qızılları təmin etməyəcəm” kimi fikir bildirmişdir. Onun əmlakların hansı vəziyyətdə və tam yerində olduğunu müəyyən etmək məqsədilə ekspertiza təyin edilməsi barədə vəsatətini məhkəmə təmin etməmişdir. Məhkəmə iclası zamanı ona qarşı aqressiv davranış sərgilənmiş və nəticədə halı pisləşmiş təcili yardım çağırılmış və onu müayinə etmişdir. Bu hallar video çəkilişlərdə də var. Həmin video çəkilişlərin tələb edilməsi zəruridir. Göründüyü kimi məhkəmə onun heç bir sübutuna inanmamış, müşavirəyə getməzdən əvvəl iddianın qızılla bağlı hissəsini təmin etməyəcəyini bildirmişdir. Bu hallar məhkəmə zalında olan video görüntülərdə də vardır. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazı
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, işin hallarından da bəlli olduğu kimi mübahisəli əşyaların yerləşdiyi mənzil əvvəllər iddiaçıya məxsus olmuş, lakin sonradan hazırkı iş üzrə Cavabdeh həmin evi almışdır. Evin dəyəri kimi ödənilmiş məbləğ İlqar Əliyev tərəfindən ona verilməmişdir. Sonuncu cinayət əməli nəticəsində məhkəmə hökmü ilə azadlıqdan məhrum edilmişdir və hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Yenə işin hallarından bəlli olduğu kimi məhkəmə qətnaməsi ilə iddiaçının mübahisəli mənzildən çıxarılması qərara alınıb. Bundan sonra iddiaçı öz əmlaklarını, qızıl əşyalarını həmin evdən götürə bilməmişdir. İddiaçıya mənzilin məhkəmə qətnaməsi ilə cavabdeh tərəfin olması, əmlaklarını həmin mənzildən götürməsi barədə xəbərdarlıq edilmiş, iddiaçı da bunun üçün vaxt istəmişdir. Daha sonra iddiaçıya sonuncu xəbərdarlıq edilərək bildirilmişdir ki, artıq o, əmlakları götürməlidir, ona əlavə vaxt verilməyəcəkdir. Həmin zaman da iddiaçının Cavabdeh ilə aralarında mübahisə yaranmış, Cavabdeh iddiaçını təhqir etmiş, iddiaçının vəziyyəti pisləşmiş və Təcili Yardım çağırılmışdır. Bu zaman iddiaçıya əmlakların götürülməsi ilə bağlı sənədə heç bir baxış keçirilmədən imza çəkdirmişlər. Halbuki əmlaklar götürülən zaman sayılmalı, keyfiyyətinə baxılmalı və sair hallar müəyyən edilməli idi. Heç bir baxış keçirilmədən akt tərtib olunaraq əmlaklar cavabdehə verilmişdir ki, guya cavabdeh həmin əmlakları saxlayacaqdır. Bir müddət keçdikdən sonra iddiaçı müəyyən yer tapdığından əmlakları götürmək istəyəndə cavabdeh tərəf əmlakın yerini iddiaçıya bildirməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə əmlakın yerini iddiaçıya demədiklərini, əmlakın yerini ancaq icra məmuruna deyə biləcəklərini bildirmişdir. İddiaçı bununla bağlı icra məmuruna müraciət etdikdə icra məmuru əmlakların akt əsasında Cavabdeh təhvil verildiyini bildirib. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh Nümayəndə əmlakları saxlanca verdiyini bildirmişdir. Cavabdeh tərəf iddiaçıya məlumat vermədən əmlakları saxlanca vermişdir. Cavabdeh tərəf məhkəmə icraatı zamanı saxlanc yerinin harada yerləşməsini bildirməmişdir. Hətta əmlakların olduğu yerə baxışın keçirilməsi barədə vəsatət versələr də, cavabdeh Nümayəndə yenə də əmlakların saxlanc yerini bildirməkdən yayınmışdır. Qızıl əşyalarına münasibətdə isə bildirir ki, iddiaçı nənəsindən anasına, anasından da ona qalan qızıl əşyalarını satmamışdır. Həmin əşyalar isə qazanın içərisində olub. Lakin məhkəmə göstərilən hissədə əsassız nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi və vəkili Vəkil sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, o əmlaklarının geri qaytarılmasını tələb edir. Bildirir ki, 3 il cavabdeh tərəf özbaşına mübahisəli mənzilə gəlib-gedib və onu içəri buraxmayıblar. Həmin müddətdə ona əşyalarını götürməyə şərait yaratmayıblar. Daha sonra isə ona məxsus əşyaları ona məlum olmayan yerdə saxlayıblar. Cavabdeh Nümayəndə əşyaların yerini soruşduqda heç bir məlumat verməmiş, icra məmuru isə ona narahatlıq üçün əsas olmadığını, əmlaklarını Cavabdeh saxlanca verdiyini və saxlanc yerini ondan soruşmağı bildirmişdir. Artıq pensiya alır, təqaüdünün tam hesablanması üçün sənədlərini də götürməlidir, lakin cavabdehlər ona imkan vermirlər. Onun hazırda nə evi, nə də ki əşyaları var. Göstərilənlərə əsasən iddiaçı sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahatında apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, əşyaların saxlanc yeri icra məmuruna yazdıqları ərizədə qeyd edilib. İddiaçı mənzildən çıxarılarkən guya affekt vəziyyətində olduğunu bildirir. Halbuki o mənzildən çıxarılarkən bişidirdiyi yeməyini də aparıb. Necə ola bilər qazın üstündəki yeməyi (qazanı) aparıb, lakin qızıl əşyalarını aparmayıb? Bundan başqa iddiaçı bir dəfə onun ərindən bəzi paltarlarını (alt paltarlarını) götürməsinə icazə verilməsini xahiş etmiş, onlar da otağın açarını iddiaçıya verərək istədiyi əşyaları aparmasını bildirmişlər. Hətta həmin vaxt münasibətləri normal olduğundan iddiaçının şəklini çəkmişdir. Həmin şəkildə onun çəkilmə tarixi də qeyd olunub və şəkildən görünür ki, iddiaçının əlində əşyalar var. Əgər iddiaçının qızıl əşyaları da var idisə, nə səbəbə onları götürməmişdir? Göstərilənlərə əsasən cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayət əsassızdır. İddiaçı tərəfindən təqdim edilmiş mütəxəssis rəyi həqiqəti əks etdirmir. Belə ki, əşyalar saxlancda olduğu halda mütəxəssis rəyi necə tərtib olunub? Digər tərəfdən iddiaçının evini satmaqda məqsədi banka borcunun olması ilə əlaqədar olub. Əgər onun qeyd etdiyi kimi qızıl əşyaları olsaydı, banka olan borcunu evini satmaqla yox, qızılları satmaqla da həll edə biıərdi. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
20. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2, 217.4. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1-385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayətindən görünür ki, apellyator Quba Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 2(027)-92/2025 nömrəli qətnaməsini qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində (qızıl-zinət əşyalarına dair hissədə) mübahisələndirmişdir. Digər tərəf qətnamədən apellyasiya şikayəti verməmişdir.
22. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissədə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və işdə olan sübutlarla əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 2(027)-92/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
24. İddia ərizəsindən görünür ki, tələb iki hissədən-1) əmlak (məişət əşyalarının) və 2) qızıl-zinət əşyasının cavabdehdən alınması barədədir.
25. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya ilk növbədə qeyd edir ki, yalnız iddia tələbində qeyd olunan əsaslarla iddia irəli sürüldükdə həmin tələblərin birmənalı olaraq təmin olunması anlamına gəlinə bilməz. Həmin iddiaların təmin olunması üçün ilk növbədə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
26. Nəzərə alınmalıdır ki, əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
27. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
28. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
29. Araşdırılan işin mübahisəsiz hallarından müəyyən edilir ki, ünvan 1 əvvəllər İddiaçı məxsus olmuş, sonra həmin mənzil notarial qaydada müqavilə rəsmiləşdirilməklə Cavabdeh satılmış, hazırda sözügedən mənzil sonuncunun mülkiyyətindədir.
30. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10858/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, ünvan 1 İddiaçı tərəfindən boşaldılmalı və mənzil Cavabdeh təhvil verilməlidir.
31. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10858/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Bakı şəhəri Səbail rayon və İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Səbuhi Əhmədovun xx.xx.2020-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraat xitam verilmişdir.
32. Yenə işdə olan Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Əhmədov Səbuhi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, İddiaçı məxsus 26 adda əşya ünvan 1 ünvanında siyahıya alınaraq cavadeh Cavabdeh saxlanca verilmişdir. Həmin əşyalar sırasında hər hansı qızıl-zinət əşyası qeyd edilməmişdir. Aktın tərtibatı zamanı İddiaçı iştirak etmiş, hər hansı etiraz bildirməmiş, yaxud qızıl-zinət əşyaları ilə bağlı qeyd etməmişdir.
33. Eyni zamanda aktın mətnində iddiaçıya mənzildə olan dəyəri daha artıq həcmcə daşınması rahat olan əşyaların pul, qızıl-zinət əşyası və s. dərhal götürülməsi izah edilmişdir.
34. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hissə ilə bağlı gəldiyi nəticə ilə razılaşan apellyasiya kollegiyası bildirir ki, mübahisələndirilən hissədə iddia tələbi iddiaçının formal mülahizələrindən, yalnız iddia ərizəsində qeyd olunan fikirlərdən ibarət olmaqla, iddianın əsası heç bir mötəbər və tutarlı sübutla təsdiq olunmamışdır.
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qızıl-zinət əşyası ilə bağlı dəlilinə tənqidi yanaşaraq qeyd edir ki, əvvəla işin hallarından müəyyən edildiyi kimi İddiaçı mövcud alqı-satqı müqaviləsindən sonra evdən könüllü çıxmayaraq, iki ilə yaxın həmin evdə yaşamış, yalnız alıcı tərəfin (hazırki iş üzrə cavabdehin) müdaxiləsindən (məhkəmə müdafiəsindən) sonra məhkəmə qərarı əsasında evi tərk etmişdir.
36. Buradan da belə qənaətə gəlinir ki, artıq tərəflər arasında uzunsürən məhkəmə çəkişmələrinin, münasibətlərin kəskinləşdiyi bir vaxtda iddiaçının özünə məxsus olan qızıl-zinət əşyalarını həmin evdə saxlaması və ya daşınması çətinlik yaradan əşya kimi qarşı tərəfin saxlancına verilməsi ağlabatan mühakimə hesab edilə bilməz.
37. İkincisi, yuxarıda qeyd olunan aktın məzmunundan görünür ki, İddiaçı mübahisələndirilən əşyaları saxlamağa yeri olmadığını bildirmiş və icra sənədinin icrasının bir həftə təxirə salınmasını xahiş etmişdir. Belə olan halda, yəni onsuz da yaxın günlərdə mənzildən çıxarılacağını bildiyi bir halda qızıl-zinət əşyaları ilə maraqlanmaması, mövcud olduğu halda onları götürməməsi kollegiyanın qənaətincə inandırıcı deyildir.
38. Üçüncü, yenə də həmin aktın məzmunundan görünür ki, siyahıya alınma həyata keçirilirkən, icra məmuru tərəfindən iddiaçıya ilk zəruri əşyaların və qiymətli əmlakların götürülməsi təklif olunmuş, götürülməsi (daşınması) mümkün olmayan əşyalar isə siyahıya alınaraq (eyni zamanda video çəkiliş aparılmaqla) məsuliyyət elan edilməklə tələbkara saxlanca verilmişdir. Göründüyü kimi İddiaçı həmin vaxt aktı mübahisələndirməyərək, digər şəxslərlə birgə imza etmişdir.
39. Yuxarıda sadalananlara istinad edərək bir daha kollegiya qeyd edir ki, iddia tələbinin qızıl-zinət əşyalarına dair hissəsində iddiaçı tərəfindən məhkəməyə hər hansı təkzibedilməz sübut növü təqdim edilmədiyindən, habelə bu hissədə iddia tələbinin əsassızlığına dair iş materiallarında olan sübutlar əsasında işə baxan məhkəmə göstərilən hissədə iddia tələbini rədd etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir.
40. Məhkəmə kollegiyası nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir
41. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı yekunlaşdıran kollegiya bildirir ki, iddiaçı tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin işi obyektiv araşdırmamasına istinad etsə də, bu dəlilləri təsdiq edən sübutları əsaslandırmamış, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində sadalanan dəlillər mülahizə xarakterli olmaqla, formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 2(027)-92/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. (elektron kabinet və vəkil vasitəsilə) Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.