Məhkəmə qərarları › İş №2(105)-660/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-660/2023

12.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-660/2023 12.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə (açar sözlər: iddia ərizəsinin baxılmamış saxlanılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), X3 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 2(060)-5100/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları “Unibrands Electronics” ilə İddiaçı arasında bağlanmış 18968 saylı, xx.xx.2019-cu il tarixli nisyə satış müqaviləsinə və ona edilmiş 1 saylı əlavəyə əsasən, “Unibrands Electronics” dəyəri 2779 manat olan məişət məhsulunu İddiaçı nisyə satmağı, alıcı isə qəbul edib avadanlığın dəyərini ilkin ödəniş 79 manat olmaqla, qalan məbləği 12 ay müddətində hər ay 225 manat olmaqla, hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Sumqayıt Şəhər Prokurorluğu tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən, Cavabdeh tərəfindən aldadılaraq pulunun ələ keçirilməsi barədə müraciəti üzrə araşdırmanın qeyri-obyektiv aparılması barədə Sumqayıt şəhər prokurorluğuna ünvanlanan 02 mart 2022-ci il tarixli ərizəyə əsasən Sumqayıt şəhər polis idarəsinin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Elsevər Quliyev tərəfindən xx.xx.2021-ci il tarixli qərar əsassız olduğundan ləğv edilərək, əlavə araşdırma aparılması üçün Təhqiqat şöbəsinə qaytarılmışdır. AR DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən, birgə gəlir əldə olunması vədi ilə 3500 ABŞ dolları dəyərində qızılzinət əşyalarının Cavabdeh tərəfindən aldadılaraq ələ keçirilməsinə dair müraciət üzrə Sumqayıt ŞPl Təhqiqat şöbəsində araşdırma aparılaraq toplanmış sübutlara istinad edilməklə əməldə cinayət tərkibi olmadığına görə 3 iyul 2021-ci ildə CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Qərardan ərizəçinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokuroruna, yuxarı prokurora və ya məhkəməyə şikayət etmək hüququ vardır. Şikayətdə göstərilən xüsusatların tam, hərtərəfli araşdırılması məqsədilə müraciət cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın əsaslılığının yoxlanılması üçün cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən Sumqayıt Şəhər Prokurorluğuna göndərilmişdir. AR DİN Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əssən, Sumqayıt şəhər sakini İddiaçı xx.xx.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə ərizə ilə müraciət edərək tanışı Cavabdeh ondan borc pul istədiyi zaman ona 3000 manat dəyərində qızıl zinət əşyası verdiyini, lakin bir ildən çox vaxt keçməsinə baxmayaraq onun borcunu qaytarmadığını bildirmişdir. Araşdırma zamanı Cavabdeh izahat verərək, İddiaçı 1300 manat nəğd pul və 890 manatlıq qızıl-zinət əşyası borc götürdüyünü, iki ay sonra 1300 manat pulu Xəyaləyə qaytardığını, qızılı lombarda qoyub 700 manat pul götürdüyünü pulu ödəyə bilmədiyi üçün lombardın onun qızıllarını müsadirə etdiyini, halhazırda Xəyaləyə 890 manat borcu qaldığını qeyd etmişdir. "xxxx" MMC-nin Sumqayıt ŞPİ-nin 4-cü PB-nə ünvanladığı məktuba əsasən, Cavabdeh 10 mart 2020-ci il tarixində 750 əyarlı 14.0 qram çəkidə 1 cüt sırğa brilliant qaş girov qoymuş və girov dəyəri 700 manat məbləğində pul götürmüşdür. xx.xx.2020-ci il tarixində isə girovu tam şəkildə çıxarmışdır. Cavabdeh Sumqayıt ŞPİ-nin 4-cü PB-də verdiyi izahatına əsasən, o, Xəyalə adlı tanışından maşın almaq üçün 2000 manat məbləğində borca pul götürmüşdür. Həmin pulun 1300 manatını Xəyalə ona əvvəldən vermiş, 700 manatını isə Xəyaləyə məxsus təxmini dəyəri 890 manat olan qızılları lombarda qoyaraq əldə etmişdir. Həmin borcun 1300 manatını 2 ay sonra yaşadığı evdə Xəyaləyə qaytarmışdır. Lakin lombarda yerləşdirmək üçün ona verilən 890 manat məbləğində qızıl əşyasını borcu ödəyə bilmədiyi üçün lombard aralarında olan müqaviləyə əsasən ondan müsadirə etmişdir. Xəyaləyə 890 manat borcu vardır. Həmin borcu yenidən iş fəaliyyətinə başlarkən qaytaracağına söz vermişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, ailəlikcə çoxdan tanıdığı Cavabdeh ona olan inamından istifadə edərək onu aldatmış və 6049 manat məbləğində malını ələ keçirib hazırki vaxtadək qaytarmamışdır. Belə ki, o, kirayədə yaşayan zaman soyuducusu olmamışdır. 14 dekabr 2019-cu il tarixində Sumqayıt şəhərində Unibankdan 2779 manat məbləğində kredit götürərək soyuducu almışdır. Həmin vaxtlar yaşadığı mənzili dəyişmək zərurəti olduğundan soyuducunu qoymağa evdə yer olmamış və cavabdehin təklifi ilə soyuducunu müvəqqəti olaraq onların evinə qoymuşdur. Lakin indiyədək cavabdeh soyuducunu qaytarmamışdır. O, bankdan aldığı 2700 manatı 12 ay müddətində ödəmişdir. İlkin ödəniş kimi 79 manat məbləği əvvəlcədən ödəmişdir. Bundan əlavə cavabdehlə ticarət sahəsində şərikli iş görmək barədə razılığa gəlmiş və cavabdehə 2 adda, 6,700 çəkidə, 2970 manat dəyərində brilliant sırğalar-qızıl zinət əşyası vermişdir. Sonradan cavabdehin onun qızıl əşyalarını girov qoyaraq pul götürməsi məlum olmuş, qızıllarını indiyədək qaytarmamışdır. O, bu barədə Sumqayıt şəhər Polis İdarəsinə şikayət etmişdir. Pİ tərəfindən cinayət iş qaldırılmadığı üçün Sumqayıt şəhər prokuroruna etdiyi şikayət nəticəsində prokurorluq tərəfindən Polis İdarəsi TŞ-nin baş təhqiqatçısının qərarı ləğv olunmuş və iş əlavə araşdırılma üçün təhqiqat şöbəsinə göndərilmişdir. Lakin AR DİN Baş İstintaq və Təhqiqat İdarəsinin 13 aprel 2022-ci il tarixli cavabı ilə işdə cinayət tərkibi olmadığı göstərilərək yenə cinayət işi qaldırılmamışdır. O, hətta cavabdehin hərəkətlərindən və şikayətinin nəticəsiz olduğundan bezib 4 ay əvvəl özünü öldürmək istəyərək dərman içmişdir. Bu barədə Pİ-də və 4-cü PB-də materiallar da vardır. Cavabdeh polis orqanlarında izahat verərkən həqiqətən onun mallarını götürmüş olduğunu etiraf edərək qaytaracağını bildirsə də, qaytarmamışdır. Bu hərəkətlərlə də cavabdeh ona xeyli miqdarda zərər vurmuşdur. Qeyd olunanlara əsasən məhkəmədən 6049 manat məbləğində əmlakının cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 2(060)-5100/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 2190 (iki min yüz doxsan) manat borcun və 40 (qırx) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Aynur Behbudova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbinin əsaslı olmasını işdə tərəf olan şəxslərin yaxın münasibətdə olmaları, həmin münasibətdən irəli gələrək İddiaçı maşın almaq üçün Cavabdeh borc pul və qızıl əşyalarını verməsi, ödənişləri edəcəyinə vəd verməsinə baxmayaraq həmin ödənişləri etməsindən boyun qaçırmasını işin mübahisə edilməyən halı hesab edir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 385.1, 425.1, 445.2.1, 462.1, 442, 739, 1091, 1092.2 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qətnaməsini ləğv edərək iddianın tam həcmdə təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri: Məhkəmə qətnamə çıxararkən öhdəliyin yerinə yetirilməsi tələbini və qaydalarını özündə ehtiva edən AR Mülki Məcəlləsinin 385, 425, 442, 462 və 739-cu maddələrinə və əsassız varlanmaya dair 1091-ci maddəyə əsaslanmnışdır. Lakin bu maddələr onun borcludan borcunu və əmlakını tələb etmək hüququnu, öhdəliyin icra edilməməsi üçün borclunun cavabdeh olmasını və əsassız varlanma hallarını özündə ehtiva edir. Hansı ki bunlar onun iddiasını tam təmin etməmək üçün əsas deyil. Məhkəmə qeyd edir ki MPM-nin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanmalıdır. Məhkəmə özü isə bunu etməmişdir. Belə ki, məhkəmənin, qızılların birkasında, qızıl komplektimin birkasında onun qiymətinin 2970 manat yazılmış olduğunu gördüyü halda, həmin qızılı cavabdehin sözü ilə 890 manat dəyərində qiymətləndirməsi olduqca qeyri-obyektiv, ədalətsiz və qanunsuzdur. Aydındır ki, lombarda girov qoyulan qızıl öz həqiqi qiymətinə deyil, lom qiymətinə qəbul edilir. Məhkəmə bu hallara qətiyyən əhəmiyyət verməmişdir. Məhkəmə cavabdehin izahatına əsaslanıb 2970 manat dəyərində qızıla təxmini dəyər hesablayaraq 890 manat qiyməti hansı əsasla qoymuşdur? Birka ola-ola orada göstərilən qiymətin deyil, təxmini dəyərin əsas götürülməsi hansı qanuna uyğun hesab oluna bilər? 890 manat dəyəri olan qızıla lombardın 700 manat, az qala öz dəyəri müqabilində pul verməsi mümkündürmü? Məhkəmə bu hala da əhəmiyyət verməmişdir ki, o, soyuducunu almaq üçün Unibankdan 2779 manat borc götürmüş və həmin borcu cavabdeh deyil, o, ödəmişdir. Məhkəmə bu hissədə iddianı rədd edərkən əsas kimi qətnamədə qeyd edir ki, o, polis idarəsinə müraciət edərkən soyuducu ilə bağlı izahat verməmiş və məhkəmə hesab edir ki bu hal soyuducumun cavabdeh tərəfindən ələ keçirilmiş olmasını sübut etmir. Halbuki bu soyuducu barədə tələbinin rəddi üçün əsas deyildir. Cavabdeh özü məhkəmədə etiraf etmişdir ki, soyuducu onda olub və soyuducunu satıb. O, polisdə ona görə soyuducu barədə şikayət etməmişdir, qızılları üçün narahat idi, onları almaq istəyirdi, soyuducunu isə cavabdehin satmış olmasından xəbəri yoxdu, bunu məhkəmədə bilmişdir. Cavabdehin, guya soyuducunu onun adına özü üçün almış olması və pulunu özünün vermiş olması barədə yalan izahat vermiş olması isə ondan da bilinir ki o, həm guya soyuducunu xəstə anasına hədiyyə almış olduğunu deyir, həm də satdığını bildirir. Əvvəla cavabdehin ad gününə soyuducu alması qətiyyən inandırıcı deyil və əgər bu doğru idisə o,aldığı hədiyyəni niyə satırdı. Onun eyni zamanda Unibankdan pulu götürüb soyuducu üçün ödəmiş olduğu soyuducunun iddiaçıya məxsus olmasının sübutu deyilmi? Beləliklə də cavabdehin bu yalan izahatıını məhkəmə demək olar ki, sübut kimi qəbul etmişdir. Qətnamə prosessual hüquq normalarının tələblərini pozmaqla çıxarılmışdır. Belə ki, AR MPM-in 8.1-cimaddəsinə əsasən mülki işlər ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.Lakin məhkəmə işə baxarkən MPM-nin bu tələbini pozmuşdur. Lakin məhkəmə MPM-in 14.1-ci maddəsinin tələblərini pozmuşdur. Bundan başqa, təqdim edilmiş,əmlakın dəyərini müəyyən edəcək sübutu-vəsatəti nəzərə almamaqla AR MPM-nin 77, 88-ci maddələrinin tələblərinə əməl etməmişdir. Göstərilənlərdən də aydın olur ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmaqla işə baxmış və qanunsuz qətnamə çıxarmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək orada göstərilənlərə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətin etiraz edərək təmin olunmamasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Maddə 149.2.3. İddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Maddə 152.1 və 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 259.0.12. Ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda hakim ərizəni baxılmamış saxlayır. Maddə 384.0. və 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Hazırkı halda kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək və apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək belə qənaətə gəlir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq olunmadığından Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 2(060)-5100/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilərək, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddia tələbinin mahiyyət və ifadə tərzindən göründüyü kimi iddiaçı 6049 manat dəyərində əmlakı cavabdehdən tələb etmişdir. Kollegiyanın qənətinə görə birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi icraata götürülərkən ümumiyyətlə prosessual qanunvericiliyin tələblərinə riayət edilməmiş, MPM-in 149.2.3 və 152.1.1-ci maddələrinin tələbindən irəli gələn imperativ normalara xüsusi diqqət yetirilməmişdir. Mülki Prosessual Məcəllənin 222.1-ci maddəsinə əsasənm məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Kollegiya qeyd edir ki, iddia ərizəsinin qaytarılması müəyyən maneələri aradan qaldırmaq məqəsədi daşıyır. Həmin maneələrin siyahısı da MPM-in 152-ci maddəsində dəqiq müəyyən edilmişdir. Bu əsaslar bütünlüklə prosessual hüquqi xarakter daşıyır. Lakin hazırkı mülki işin başlanmasına əsas olmuş iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehdən tələb etdiyi əmlakların adlarını, onlar olmadıqda cavabdehdən alınmalı əmlakın dəyərini iddia ərizəsinin “xahiş edirəm” hissəsində göstərməmişdir. Bu baxımdan iddia tələbi müəyyən deyildir. Qanunvericiliyin tələbinə əsasən məhkəmə iddia ərizəsini icraata qəbul edərkən ilkin olaraq MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməsini, 150.1.1-ci maddəsində göstərilən sənədlərin iddia ərizəsinə əlavə edilməsini yoxlayır. Çünki iddia ərizəsinin həmin maddələrin tələblərinə əməl edilməməsi geri qaytarılması üçün əsasdır. Birinci instansiya məhkəməsi müəyyən olmayan tələb üzrə iddia ərizəsini icraata qəbul edərək, mahiyyəti üzrə baxmaqla mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Yuxarıda sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, ilk növbədə qanunvericiliyin yuxarıda qeyd olunan imperativ tələbinə əsasən iddia verilməsinin qanunla müəyyən edilmiş qaydasına riayət olunmalıdır. Əgər belə qaydalara riayət olunmamışdırsa bu iddia ərizəsinin və ona əlavə olunmuş sənədləri geri qaytarılması üçün, geri qaytarılmadığı halda isə səhvən icraata qəbul edilibsə, bu halda ərizənin baxılmamış saxlanılması üçün əsasdır. Göründüyü kimi birinci instansiya məhkəməsi qeyd edilən bu prosessual hüquq normalarının da tələbinə əməl etməmiş, qeyd edilən iddia ərizəsini baxılmamış saxlamamış, iddia ərizəsi əsasında başlanmış işə mahiyyəti üzrə baxmış və yekun qərar olaraq iş üzrə qətnamə qəbul etmişdir ki, bu da yolverilməzdir MPM-in 4-cü, 5-ci, 149-cu, 216-cı və 218-ci maddələrinin mənasına görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada, yəni iddia ərizəsinin formasına və məzmununa riayət etməklə tərtib edilmiş və qanunvericiliklə nəzərdə tutulmuş qaydada imza edilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Yalnız bu halda məhkəmədə iş başlanılır və mahiyyəti üzrə baxılaraq sürülmüş tələb üzrə Azərbaycan Respublikası adından məhkəmə aktı – qətnamə qəbul edilir. Lakin qeyd olunan nöqsanların apellyasiya icraatı zamanı aradan qaldırılması qeyrimümkün olmaqla, apellyasiya instansiyasının səlahiyyətinə aid deyil. Ona görə də kollegiya birinci instansiya məhkəməsi tərəfindən buraxılmış bu nöqsanları davam etdirməyərək, iddia ərizəsinin baxılmamış saxlamaq qənaətinə gəlir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 2(060)-5100/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalı, iddiaçı tərəfə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 260.3-cü maddəsinin tələbinə görə qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Kollegiya qeyd edir ki, iş üzrə iddia baxılmamış saxlanıldığından ödənilmiş dövlət rüsumunun qaytarılması haqqında məsələyə də münasibət bildirilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1-ci və 114.1.5-ci maddələrinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılmışdırsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də kollegiya hesab edir ki, Kapital Bank ASC vasitəsilə ödənilmiş 80 manat dövlət rüsumu (xx.xx.2022-ci il tarixli, 4108 nömrəli qəbz, büdcə səviyyə kodu 142211, GPP qəbz nömrəsi 9********) iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 2(060)-5100/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən "xxxx" ASC vasitəsilə ödənilmiş 80 manat dövlət rüsumu (xx.xx.2022ci il tarixli, 4108 nömrəli qəbz, büdcə səviyyə kodu 142211, GPP qəbz nömrəsi 9********) geri qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar