Məhkəmə qərarları › İş №2(105)-669/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-669/2023

06.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-669/2023 06.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: avtomobilin geri qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X10 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(067)-2757/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları:

1. AD 608002 saylı, xx.xx.2019-cu il tarixli nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “VAZ 21154” minik markalı, ** TD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi İddiaçı məxsusdur.

2. ƏN-Vİİİ 115683 saylı, xx.xx.2021-ci il tarixli etibarnamədən müəyyən olunur ki, İddiaçı nümayəndəsi X2 “VAZ 21154” minik markalı, ** TD *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini etibarnamə əsasında X5 istifadəsinə vermişdir.

3. Elektron Notariat avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə sistemə daxil olmuş etibarnaməyə mülkiyyətçi İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə xitam verilmişdir.

4. ƏN-Vİİİ 287017 saylı, xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı “VAZ 21154” minik markalı, 90TD563 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini etibarnamə əsasında Cavabdeh istifadəsinə vermişdir.

5. Elektron Notariat avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə sistemə daxil olmuş etibarnaməyə mülkiyyətçi İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə xitam verilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan ** TD *** dövlət qeydiyyat nişanlı, VAZ-21154 markalı, buraxılış ili 2012ci il, ağ rəngli nəqliyyat vasitəsini cavabdehin qanunsuz sahibliyindən alınaraq onun istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun cavabdehlə heç bir qohumluq əlaqəsi yoxdur, onunla düşmənçiliyi və ədavəti yoxdur. “VAZ-21154” markalı, buraxılış ili 2012-ci il, ağ rəngli ** TD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun mülkiyyətinə aid olan əmlakıdır. Həmin avtomaşın AD 608002 saylı, xx.xx.2019-cu il tarixli qeydiyyat şəhadətnaməsi ilə onun adına rəsmiləşdirilmişdir. O, mülkiyyətində olan nəqliyyat vasitəsinin alqı-satqısına dair X3 adlı şəxslə qarşılıqlı razılığa gəlmişlər. Bu səbəbdən də Füzuliyə xx.xx.2021-ci il tarixdə etibarnamə vermişdir. O, maşını bazarda sataraq ona pulunu ödəyəcəyini bildirmişdir. Füzuli Kərimov ondan aldığı avtomaşını sonradan etibarnamə əsasında başqa şəxsə faktiki olaraq satmış, pulunu almış və ona verdiyi etibarnamə əsasında onun adından maşını satdığı Cavabdeh oğlu Kənan Əskərovun adına etibarnamə vermişdir. O, bundan xəbər tutduqda Füzuli Kərimovdan maşının pulunu ödəməsini tələb etmişdir. Lakin o, vədinə əməl etməyərək pulunu ödəməkdən yayınmışdır. Bu səbəbdən də o, verdiyi etibarnaməni notariat orqanında ləğv etdirmişdir. Həmin etibarnamə ləğv olunduqdan sonra cavabdeh onun yanına gələrək aldığı avtomaşının mübahisəli olduğunu bilməmiş, lakin onunla bu barədə razılığa gəlməsini xahiş etmişdir. Cavabdeh F.Kərimovu taparaq ondan maşının pulunu ödəməsi məsələsini həll edəcəyini bildirmişdir. O, isə cavabdehə inanaraq təkrar ona etibarnamə vermişdir. Cavabdeh isə vədinə əməl etməmiş, maşının pulunu ödəməsini təmin etməmişdir. o, yenidən verdiyi etibarnaməni ləğv etdirmişdir. Mübahisəli nəqliyyat vasitəsi cavabdehin istifadəsində qaldığından avtomaşını istifadəsinə qaytarmağı təklif etmişdir. Lakin cavabdeh avtomaşını ona qaytarmaqdan imtina edir. Cavabdehin hərəkətləri nəticəsində onun mülkiyyət hüquqları pozulmuş və ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

8. Cavabdehin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmamışdır.

9. Xaçmaz Rayon Məhkəməsinin (hakim S.Səmədzadə) 29 noyabr 2022-ci il tarixli, 2(067)-2757/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilib, **-TD-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21154” markalı, buraxılış ili 2012-ci il olan, ağ rəngli nəqliyyat vasitəsinin Cavabdeh qanunsuz sahibliyindən alınaraq İddiaçı verilməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehdən tələb etdiyi 90TD563 dövlət qeydiyyat nişanlı, VAZ-21154 markalı, buraxılış ili 2012-ci il, ağ rəngli nəqliyyat vasitəsi idiaçıya məxsusdur. Həmin 90TD563 dövlət qeydiyyat nişanlı, VAZ- 21154 markalı, buraxılış ili 2012-ci il olan, ağ rəngli nəqliyyat vasitəsini Cavabdeh qanunsuz sahibliyindən alınaraq İddiaçı verilməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 362.1, 365.1.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 222.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

13. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının mübahisələndirdiyi avtomobili onun faktiki sahibliyinə və ixtiyarına əvəzli şəkildə, yəni dəyərinin əvəzini pul vasitəsilə əldə etdikdən sonra verməsinə, həmin vaxtı etibarnamə verməklə avtomobilin alqı-satqısının rəsmiləşdirilməsi zamanı özünü vaxt itkisindən, müvafiq qeydiyyat imtahan bölməsinə gedib-gəlməkdən və avtomobilin rəsmiləşdirilməsi xərclərindən azad etməsi məqsədini güdməsinə düzgün hüquqi qiymət verməmişdir. Eyni zamanda iş üzrə iddiaçının mübahisəli avtomobilə görə məhz avtomabilin satılması üçün etibarnamə verdiyini iddia ərizəsində göstərdiyi X3 adlı şəxsdə, işə cəlb edilib dindirilməli və avtomobilin əvəzində ödənilmiş məbləğin təmsilçi və ya təmsil olunan tərəfindən verilibverilməməsi aydınlaşdırılmamışdır.

14. Qeyd edilənlərə əsasən Xaçmaz Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(067)-2757/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

15. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin qərarından sonra icra məmurlarına bildirmişdir ki, qətnamədən apellyasiya şikayəti veriliblər. Bilir ki, etibarnamə alqı-satqı müqaviləsi deyil. Amma etibarnamə verlən zaman cavabdeh iddiaçıya pul ödəmiş, həmçinin avtomobilin təmirinə xeyli xərc çəkib. Verilən pulla bağlı məbləğ onu maraqlandırır ki, gələcəkdə əsassız varlanma ilə məhkəməyə iddia qaldıra bilsin. Apellyasiya şikayətini də verməkdə məqsədi məhz bu olub.. Müdafiə etdiyi şəxsin dediyinə görə 8500 ABŞ dollar pul ödəyib. Amma tərəflər arasında heç bir yazılı qəbz yoxdur. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə İddiaçı səbəb və mümkünsüzlüyünü bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Mə 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayətindən görünür ki, apellyator Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(067)-2757/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Ona görə də kollegiya Xaçmaz Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(067)-2757/2022 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiya məhkəməsində icraat: Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.

23. Belə ki, işin mübаhisəsiz hаlı оndаn ibаrətdir ki, VAZ-21154 markalı, buraxılış ili 2012-ci il, ağ rəngli 90TD563 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur və sonuncu həmin avtomobili etibarnamə əsasında bir il müddətinə Cavabdeh vermişdir.

24. İddiaçı tələbinin faktiki əsası kimi ona istinad edir ki, sözügedən avtomobili etibarnamə əsasında cavabdehin istifadəsinə vermiş, cavabdeh də öz növbəsində həmin avtomobilin dəyərini ödəməli idi. İddiaçı bildirir ki, pulu ödənilmədiyindən etibarnaməni ləğv etdirmiş, etibarnamə ləğv olunduqdan sonra cavabdeh onun yanına gələrək aldığı avtomaşının mübahisəli olduğunu bilməmiş, lakin onunla bu barədə razılığa gəlməsini xahiş etmişdir. Cavabdeh F.Kərimovu taparaq ondan maşının pulunu ödəməsi məsələsini həll edəcəyini bildirmişdir. O, isə cavabdehə inanaraq təkrar ona etibarnamə vermişdir. Cavabdeh isə vədinə əməl etməmiş, maşının pulunu ödəməsini təmin etməmişdir. O, yenidən verdiyi etibarnaməni ləğv etdirmiş, mübahisəli nəqliyyat vasitəsi cavabdehin istifadəsində qaldığından avtomaşını istifadəsinə qaytarmağı təklif etmişdir. Lakin cavabdeh avtomaşını ona qaytarmaqdan imtina edir. Cavabdehin hərəkətləri nəticəsində onun mülkiyyət hüquqları pozulmuş və ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

25. Məhkəmə kollegiyası özünün mövqeyini mülki qanunvericiliyin əqdlər və əqdlərdə təmsilçilik institutları ilə bağlı yanaşmasına uyğun hesab edir.

26. Belə ki, Mülki Məcəllənin əqdlərdə təmsilçiliyin anlayışını müəyyən edən 359.1-ci maddəsində təsbit edilmişdir ki, əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Beləliklə, etibarnamə ilə təmsil edilən təmsilçiyə onun üçün mülki hüquq və vəzifələr yaradan, dəyişdirən və xitam edən əqdlər bağlamaq səlahiyyəti verir. Bu mənada, etibarnamə üzrə əqdlərdə təmsilçilik institutunun mühüm bir cəhəti həm də ondan ibarətdir ki, belə münasibətlərin yaranması və davam etdirilməsi müstəsna olaraq tərəflərin (təmsil edilənin və təmsilçinin) iradələrindən asılıdır.

27. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 365.1.3 və 356.1.4-cü maddələrində etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi, habelə etibarnamə verilmiş şəxsin imtinası etibarnamənin qüvvəsinə xitam verilməsi əsasları kimi təsbit edilmişdir. Eləcə də, Mülki Məcəllənin 365.2-ci maddəsində imperativ qaydada müəyyən edilmişdir ki, etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir.

28. Konstitusiya Məhkəməsi S.Əliyevanın şikayəti ilə əlaqədar qəbul etdiyi 31 may 2006-cı il tarixli qərarında həmin məsələ ilə bağlı aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “Ümumiyyətlə qeyd olunmalıdır ki, qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyışmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir”.

29. Məhkəmə kollegiyası nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarının məcburi hüquqi qüvvəsi həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Konstitusiya Məhkəməsi də özünün 25 yanvar 2005-ci il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir.

30. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamış, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər isə qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdehə münasibətdə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(067)-2757/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar