Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-679/2024 30.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Xaçmaz rayonu Qoçaqlı kənd tam orta məktəbinə qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba-Xaçmaz Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Xaçmaz rayonu Qoçaqlı kənd tam orta məktəbinə qarşı əmrin ləğv olunması və işə bərpa tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 2(067)-449/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə Təhsil sektorunun Qoçaqlı kənd tam orta məktəbi üzrə xx.xx.2023-cü il tarixli 50 saylı əmrindən çıxarışdan müəyyən olunur ki, məktəbin ibtidai sinif müəllimi - İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Əmrin verilməsinə əsas xx.xx.2023-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-29/3-2-573F/2023 nömrəli əmri olmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh Xaçmaz rayon Qoçaqlı kənd tam orta məktəbinə qarşı əmrin ləğv olunması və işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 sentyabr 2023-cü il tarixli, 50 nömrəli əmrin ləğv edilməklə onun işə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Xaçmaz rayon Qoçaqlı kənd tam orta məktəbin direktoru M.Masanovun 04 sentyabr 2023-cü il tarixli, 50 nömrəli əmri ilə əsassız olaraq işdən çıxarılmışdır. Guya o, 29 avqust 2023-cü il tarixdə keçirilmiş sertifikatlaşdırma imtahanında iştirak etməmək səbəbi ilə əmək müqaviləsinə xitam verilmişdir. Halbuki həmin ərəfədə o, səhhətində problem olduğu üçün imtahanda iştirak edə bilməmişdir (arayış əlavə olunub). O, həmin əmri əsassız və qanunsuz hesab edir.
4. xx.xx.2023-cü il tarixli, SN 00008 № ******* saylı Xudat şəhər poliklinikası ASM-in verdiyi arayışdan müəyyən olunur ki, Xaçmaz rayon Qoçaqlı kənd tam orta məktəbin müəllimi- 1971-ci il təvəllüdlü İddiaçı “Hipertoniya” xəstəliyi diaqnozu səbəbindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işdən azad edilmişdir.
5. Xaçmaz Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 2(067)-449/2024 nömrəli qətnaməsi ilə (hakim Nərmin Abıyeva) iddia tələbi təmin edilməmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli qərarının 5.2-ci bəndinə əsasən, təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunduqlarından və həmin qərarın 5.4-cü maddəsinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi nəzərdə tutulduğundan, İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edilməklə, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsi qanuna uyğundur, ona görə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə Təhsil sektorunun Qoçaqlı kənd tam orta məktəbi üzrə xx.xx.2023-cü il tarixli 50 saylı əmrinin ləğv edilməsi üçün əsas yoxdur.
7. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə, “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli qərarının 5.2, 5.3 və 5.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Xaçmaz rayon Qoçaqlı kənd tam orta məktəbin direktoru M.Masanovun 04 sentyabr 2023-cü il tarixli, 50 nömrəli əmri ilə əsassız olaraq işdən çıxarılmışdır. Guya o, 29 avqust 2023-cü il tarixdə keçirilmiş sertifikatlaşdırma imtahanında iştirak etməmək səbəbi ilə əmək müqaviləsinə xitam verilmişdir. Halbuki həmin ərəfədə o, səhhətində problem olduğu üçün imtahanda iştirak edə bilməmişdir. O, həmin əmri əsassız və qanunsuz hesab edir. Bundan əlavə o, həmin dövürdə bülütendə olmuşdur. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli qərarının 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. O, da üzürlü səbəbdən sertifikatlaşdırmadan keçməmişdir. Buna görə də, onun işdən azad edilməsi tam qanunsuzdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba-Xaçmaz Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Xaçmaz rayon Qoçaqlı kənd tam orta məktəbinə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. Əmək hüququ I. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir;
15. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
16. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 5. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Maddə 11. İşəgötürənin əsas hüquqları
1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.
17. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
18. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
“Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli qərarının
19. 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
20. 5.3-cü maddəsinə əsasən təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
21. 5.4-cü maddəsinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
23. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
24. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
27. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
28. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak dən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. İddia tələbinin mahiyyətindən görünür ki, tələb əmək münasibətlərindən irəli gələn mübahisə ilə bağlı olmaqla iki hissədən, əmrin ləğv edilməsi və işə bərpa olunmasından ibarətdir. Tələbin ikinci hissəsi törəmə tələb olub, birinci hissədən bilavasitə asılıdır.
31. İddiaçı tələbinin faktiki əsası kimi ona istinad edir ki, onun işdən azad edilməsi barədə verilmiş əmr qanunsuzdur. Belə ki, Xaçmaz rayonu Qoçaqlı kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləyir, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə Təhsil sektorunun Qoçaqlı kənd tam orta məktəbi üzrə xx.xx.2023-cü il tarixli 50 saylı əmrlə təkrar sertifikatlaşdırmadan keçmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilsə də, o, təkrar sertifikatlaşdırma keçirilən müddət ərzində xəstəliyi ilə əlaqədar olaraq təkrar sertifikatlaşdırmada iştirak edə bilməmişdir. Bu halı Xudat şəhər poliklinikası ASM-in verdiyi xx.xx.2023-cü il tarixli, SN 00008 № ******* saylı arayış təsdiq edir. Həmin arayışa əsasən “Hipertoniya” xəstəliyi diaqnozu səbəbindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək işdən azad edilmişdir.
32. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi və apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün olmuşdur.
33. Belə ki, “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli qərarının 5.2-ci bəndinə əsasən, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
34. Həmin qərarın 5.3-cü maddəsinə əsasən ki, təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
35. Həmin qərarın 5.4-cü maddəsinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.
36. Göründüyü kimi qanunvericilik təkrar sertifikatlaşdırmada bu qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən və iştirak edə bilməyən təhsilverənlər tərəfindən əmək müqaviləsinə xitam verilməsini konkret olaraq nəzərdə tutmuşdur. İşçilərin üzrlü səbəblərdən təkrar sertifikatlaşdırmada iştirak etmədiyi hallar üçün isə sertifikatlaşdırmanı təxirə salmaq kimi bir qayda nəzərdə tutmamışdır. xx.xx.2023-cü il tarixdə təkrar sertifikatlaşdırma keçirilmiş, iddiaçı isə təkrar sertifikatlaşdırmada iştirak edə bilməmişdir.
37. İş materiallaına əlavə edilmiş Azərbaycan Respublikası Elm və Təhsil nazirinin təkrar sertifikatlaşdırmadan keçməyənlər barədə xx.xx.2023-cü il tarixli 3-29/3-2- 537F/2023 nömrəli əmrinin surətindən görünür ki, həmin əmrə əsasən eyni zamanda təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqaviləsinin 5 sentyabr 2023-cü il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsinin və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsinin təmin edilməsi tapşırılmışdır.
38. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Xaçmaz rayonu Qoçaqlı kənd tam orta məktəbin direktoru tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi, bu barədə xx.xx.2023-cü il tarixdə əmrin verilməsi qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. İddiaçının göstərdiyi dəlil həmin əmrin ləğv edilməsi üçün əsas deyildir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə əməl edilmiş, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulmasına səbəb olan pozuntuya yol verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırıldığından, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmədiyindən, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir.
40. Beləliklə, göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 2(067)-449/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.