Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-699/2024 11.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X4 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2569/2021 nömrəli, 09 fevral 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia ərizəsinin qismən təmin edilməsi, icraçı "xxxx" MMC ilə payçı Cavabdeh1 arasında bağlanmış Kooperativ binada mənzil tikintisi haqqında xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 ünvan 1 ünvanında inşa edilən 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 47 kv.m olan bir otaqlı 64 saylı mənzildən çıxarılaraq mənzilin boşaldılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh "xxxx" MMC qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin olunmaması, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-2569/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-2569/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsinə dair müddətin bərpa edilməsi haqqında vəsatət vermişdir. Abşeron Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli qərardadı ilə buraxılmış müddətin bərpa edilməsi, Abşeron Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(012)- 2569/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün mülki işin materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 19 fevral 2024-cü il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-2569/2021 nömrəli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayət əsassız hesab edilərək təmin edilməməsi və baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron LTD 2013 MMC ilə Cavabdeh1 arasında kooperativ binada mənzil tikintisi üçün bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi və Cavabdeh1 ünvan 2 ünvanında inşa olunan 14 mərtəbəli yaşayış binasının 1-ci blokunun (girişinin) 13-cü mərtəbəsindəki 1 otaqlı 64 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Abşeron Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli qərardadından şikayət verərək, Cavabdeh1 Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)- 2569/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsinə dair müddətin bərpa edilməsi haqqında vəsatətin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-2569/2021 nömrəli qətnaməsi xx.xx.2021-ci il tarixdə tərəflərə göndərilmişdir. Qətnamə xx.xx.2022-ci il tarixdə icraya yönəldilmiş və müvafiq icra qurumu tərəfindən xx.xx.2022-ci il tarixdə icra icraatına başlanılmışdır. İcra sənədi üzrə başlanılmış icraatla bağlı materialdan görünür ki, icra sənədinin könüllü icra edilməsi barədə icra məmurunun xx.xx.2022-ci il tarixli bildirişini cavabdehin bacısı Sitarə İbrahimova xx.xx.2022-ci il tarixdə şəxsən qəbul etmişdir. Göründüyü kimi iddiaçının qətnamənin qəbul edilməsindən 2022-ci il tarixdə məlumatı olmuş, lakin qətnaməni götürülməsi ilə bağlı heç bir addım atmamış və ya qəsdən qətnaməni almaq istəməmişdir. Lakin məhkəmə öz qərardadında guya cavabdehin vəkili və nümayəndəsi Vəkil1 cavabdehin bacısı ilə münasibətlərinin pis olduğunu və qeyd edilən bildirişin cavabdehə çatdırılmadığını bildirdiyini qeyd etmişdir. Bununla bağlı bildirmək istəyir ki, məhkəmə öz qanunsuz qəbul etdiyi qərardada hüquqi don geydirmək üçün cavabdehin nümayəndəsinin fikirlərini təhrif etmiş, belə ifadə işlədilmədiyi halda qərardada yalan məlumatlar daxil etmişdir. Məhkəmə icra sənədinin könüllü icra edilməsi barədə icra məmurunun xx.xx.2022-ci il tarixli bildirişini cavabdehin bacısı Sitarə İbrahimova xx.xx.2022-ci il tarixdə şəxsən qəbul etməsini nəzərə almamış, əksinə cavabdehin nümayəndəsinin fikirlərini təhrif etməklə qanunsuz qərardad qəbul etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli və onunla bağlı 19 fevral 2024-cü il tarixli qərardadları ləğv edilməli və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin rədd edilməsinə dair iş üzrə yeni qərardad qəbul edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1.5. maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Mülki Prosessual Məcəllənin 135.1. maddəsinə əsasən Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər (Mülki Prosessual Məcəllənin 135.2. maddəsi). Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir (Mülki Prosessual Məcəllənin 135.3. maddəsi). Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 13 fevral 2007-ci il tarixli qərarında hüquqi mövqeyini qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Cavabdeh1 prosessual müddətin ötürüldüyünü əsas gətirərək, bu müddətin bərpasına dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. İlk növbədə qeyd edilməlidir ki, müddətin bərpası barədə birinci instansiya məhkəməsinin qənaəti anlaşılan deyil. Belə ki, məhkəmə ərizənin təmin edilməsini onunla əsaslandırmışdır ki, cavabdehin qətnamənin mövcudluğundan xəbərdar olması barədə iş və ya icra materiallarında hər hansı sübut olmadığı, qətnamənin sonuncuya məlum olduğu tarixdən 1 ay ərzində mübahisələndirilməklə prosessual müddəti ötürməmişdir. Lakin nəticədə buraxılmış müddəti bərpa edir. Məhkəmənin bu mövqeyindən aydın olmur ki, məhkəmə ərizəni müddətin ötürülməməsi, yoxsa müddəti ötürməsi əsası ilə təmin etməsi qənaətinə gəlmişdir. Halbuki Konstitusiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarında qeyd edildiyi kimi tərəfin prosessual müddətin ötürməməsi onu belə vəsatət verməkdən azad edir. Məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Hazırkı işdən göründüyü kimi, cavabdeh müddətin bərpasına dair ərizədə müddətin ötürülməsinə səbəb kimi icra məmuru tərəfindən icra sənədinin ona təqdim edilməsindən sonra qətnamədən məlumatlı olduğunu və bundan sonra məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli qətnamənin xx.xx.2024-cü il tarixdə qəbzə imza etməklə əldə etməsinə istinad etmişdir. Lakin müddətin bərpası ərizəsinə baxan birinci instansiya məhkəməsi işin bu halları ətraflı araşdırmamış, yəni qətnamənin surətinin (MPM-nin 134- 135-ci maddələrinin tələbi baxımından) cavabdehə rəsmi qaydada hansı tarixdə verilməsini yoxlamamış, nəticədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın (K.N.Qəribovanın şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarı). Göründüyü kimi, prosessual müddətin bərpa edilməsi üçün o hallar mövcud olmalıdır ki, həmin hal onun prosessual hərəkətinin aparılması imkanından məhrum etsin. Prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrinin deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur. Həmçinin vəkil və nümayəndə ona həvalə edilmiş səlahiyyətlər həddində onlara göndərilən məhkəmə aktını təmsil etdikləri tərəfə çatdırmaq öhdəliyi daşıyırlar. Məhkəmə kollegiyası vurğulayır ki, buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmadığını sübut etməlidir. Çünki qanunla müəyyən edilmiş prosessual müddətin işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını müəyyənləşdirməyə yönəlmişdir. Halbuki tələbinin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, bu sənəd cavabdehin bacısı Sitarə İbrahimova tərəfindən ona çatdırılması üçün xx.xx.2022-ci il tarixdə qəbul edilmişdir. Lakin cavabdeh keçən bu müddət ərzində apellyasiya şikayəti verə bilməməsinin üzrlü səbəbdən baş verməsinə dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Cavabdehin nümayəndəsi Vəkil1 cavabdehin bacısı ilə münasibətlərinin pis olması və qeyd edilən bildirişin cavabdehə çatdırılmaması barədə dəlilinə gəldikdə məhkəmə kollegiyası qeyd olunan dəlili inandırıcı hesab etmir. Bu fikir yalnız ötürülmüş müddətin bərpa edilməsinə xidmət edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli və onunla bağlı 19 fevral 2024-cü il tarixli qərardadları ləğv edilməli, prosessual müddətin ötürülməmiş hesab edilməsinə dair ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3. maddəsinə görə, apellyasiya instansiyası qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.3., 399, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli və onunla bağlı 19 fevral 2024-cü il tarixli qərardadları ləğv edilsin. Cavabdeh1 müddətin bərpası barədə ərizəsi təmin edilməsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-699/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-699/2024
11.03.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver