Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-709/2021 03.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, ilkin iddiaçı Bayramova (İmanova) Esmira Sərvaz qızının, qarşılıqlı iddiaçı Cavabdeh iştirakı ilə, İlkin iddiaçı Bayramova (İmanova) Esmira Sərvaz qızının Cavabdeh qarşı avtomobilin qaytarılması tələbinə dair ilkin, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Bayramova (İmanova) Esmira Sərvaz qızına qarşı birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyən olunması, əmlakın ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda satılması, əmlakın satışından əldə edilən pul məbləğinin tərəflər arasında onların payına mütanasib surətdə bölünməsinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Zəngilan rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(034)-18/2020 saylı qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Zəngilan rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.İmanova) ilkin iddia ərizəsinin təmin edilməsi, 1999-cu il buraxılışlı, göy yaşıl metalik rəngli, Ban: WDB 2100651B005809, «Mersedes E320» markalı AZ **-DR-*** dövlət qediyyat nişanlı avtomobilə Bayramova (İmanova) Esmira Sərvaz qızının 2/3 hissədə payı və Cavabdeh 1/3 hissədə payları müəyyən edilməsi, avtomobilin satılması və satışdan əldə edilən pulun tərəflər arasında Bayramova (İmanova) Esmira Sərvaz qızına 2/3 hissədə, Cavabdeh isə 1/3 hissədə paylara bölünməsi, avtomobil tapılmadığı halda, ya da tam yararsız vəziyyətdə tapıldığı halda avtomobil üçün sərf olunan 16.000 manat müəyyən olunmuş paylara uyğun tərəflər arasında bölünməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İlkin iddiaçı Bayramova (İmanova) Esmira Sərvaz qızı Cavabdeh qarşı avtomobilin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “Mercedes Benz E320” minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, “Mercedes Benz E320” minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsinin və əmlakı natura şəklində cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə yenidən ərizə təqdim edərək ona məxsus “Mercedes Benz E320” minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobildə ona 2/3 hissədə, Cavabdeh 1/3 hissədə payın müəyyən edilməsi, avtomobilin qiymətləndirilərək cavabdehin payına uyğun olaraq pul ödəməklə avtomobilin natura şəklində ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə yenidən ərizə təqdim edərək ona məxsus “Mercedes Benz E320” minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobildə ona 2/3 hissədə, Cavabdeh 1/3 hissədə payın müəyyən edilməsi, avtomobilin qiymətləndirilərək paylarına uyğun bölünməsi, avtomobil olmadıqda isə onun məbləği tərəflər arasında paylara uyğun bölünməsi, avtomobil yararsız olduqda 16000 manat dəyəri paylara uyğun bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh ilə aralarında olan xx.xx.2015-ci il tarixli nikahları xx.xx.2018-ci il tarixdə Yasamal rayon məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Hazırda ayrılmış, bir yerdə yaşamırlar. O, “Mercedes Benz E320” minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh sürmək üçün etibarnamə vermişdir. Lakin hazırda cavabdehlə ayrı yaşadıqları üçün maşınını cavabdehdən tələb etsə də o, maşını ona qaytarmaqdan imtina etmişdir. Avtomobili nikaha daxil olandan dərhal sonra 16000 manata almışdırlar. O, istəmir ki, onun mülkiyyətində olan maşından kimsə istifadə etsin, o insan səhər o maşınla cinayət də edə bilər, çünki o, bu insanla artıq yad adamlardırlar. “Mercedes Benz E320” markalı, AZ **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2015-ci il tarixində alqısatqı müqaviləsi əsasında onun adına dövlət qeydiyyatına alınmışdır. Sözü gedən avtomobil atasının və anasının şəxsi vəsaiti ilə alınmış və ona hədiyyə olunmuşdur. Lakin onun sürücülük vəsiqəsi olmadığından sürücülük vəsiqəsi alanadək həmin avtomobili xx.xx.2015-ci il tarixdən Cavabdeh istifadə etməsinə etibarnamə ilə icazə vermişdir. xx.xx.2019-cu il tarixdən cavabdehin istifadəsinə verilməsi barədə etibarnaməyə xitam verilmişdir. xx.xx.2018-ci ildə cavabdehlə nikahları məhkəmə qaydasında pozulmuşdur. Nikahları rəsmi pozulduğu tarixdən 1 il əvvəl Cavabdeh və ailəsi onu iki körpə uşaqla evdən qovmuşdur. Evdən qovulduğu vaxtdan 2 ildir ki, cavabdehdən əmlakı geri qaytarılmasını tələb etmişdir. Cavabdeh əmlakını qanunsuz olaraq ona qaytarmadığı üçün əmlakından məhrum olmuş və bu səbəbdən mülkiyyət hüququ pozulmuşdur. Hazırda o ona məxsus avtomobili cavabdehdən tələb edir. O həmçinin bildirdi ki, Mahir maşını ona satmaqla öz hissəsini də ona satmışdır. Qarşılıqlı iddiaçı Cavabdeh Bayramova (İmanova) Esmira Sərvaz qızına qarşı birgə nikah dövründə əldə olunmuş əmlakda payların müəyyən olunması, əmlakın ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda satılması və əmlakın satışından əldə edilən pul məbləği tərəflər arasında onların payına mütanasib surətdə bölünməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə olunmuş “Mercedes Benz E320” minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomaşında payların müəyyən olunması, əmlakın ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda satılması və əmlakın satışından əldə edilən pul məbləğinin tərəflər arasında onların payına mütanasib surətdə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh məhkəməyə Azərbaycan Respublikası MPMnin 53cü maddəsinə əsasən ərizə təqdim edərək məhkəmədən “Mercedes Benz E320” minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomaşında 5/6 hissədə onun, 1/6 hissədə cavabdehin payının müəyyən olunması və avtomaşının ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda satılması və əmlakın satışından əldə edilən pul məbləğinin tərəflər arasında onların payına mütanasib surətdə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qarşılıqlı iddiaçı İmanov X3 rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, qarşılıqlı iddia tələbinin təmin barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni qəbul edərkən təqdim olunan sübutları hərtərəfli və tam qiymətləndirməmiş, nəticədə əsassız qətnamə qəbul etmişdir. Maddi və prosessual hüquq normaları pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin iddiaçı Bayramova (İmanova) Esmira Sərvaz qızı apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zəngilan rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin təmin qarşılıqlı iddia tələbinin rədd edilməsini mübahisəli avtomobilin xx.xx.2015-ci il tarixdə, yəni tərəflərin birgə nikah dövründə alqı-satqı müqaviləsinə əsasən X4 qızının adına alınmasının tam sübuta yetirilməsi, tərəflərin və şahidlərin ifadəsi ilə mübahisəli avtomobili 16000 manata satın alınması müəyyən olunduğunu, həmçinin cavabdeh Cavabdeh avtomobili gizlədib ekspertə təqdim etməsindən imtina etməsini və iddiaçının himayəsində olan iki azyaşlı uşaqların mənafeyini nəzərə alması ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüquqi əsası kimi Ailə Məcəlləsinin 37.1., 37.2. və Mülki Məcəllənin 106.1, 157.2, Mülki Prosessual Məcəllənin 14.2, 218.1, 217.3, 217.4. maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan qarşılıqlı iddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla qeyd edir ki, hər iki tələb payın müəyyən edilməsinə yönəldiyindən, ilkin olaraq bu tələblərə birlikdə qiymət verilməlidir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi). Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (Mülki Prosessual Məcəllənin 2.1. maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. İşdən görünür ki, hər iki tərəf xx.xx.2015-ci il tarixdə nikaha daxil olduqlarını, bu nikahlarının xx.xx.2018-ci il tarixli məhkəmə qətnaməsinə əsasən pozulduğunu və onların nikah dövründə mübahisəli avtomobili əldə etdiklərini, həmin avtomobilə paylarının müəyyən edilməsini, bununla yanaşı ilkin iddiaçı avtomobilin qiymətləndirilərək paylarına uyğun bölünməsini, avtomobil olmadıqda isə onun məbləği tərəflər arasında paylara uyğun bölünməsini, avtomobil yararsız olduqda 16000 manat dəyəri paylara uyğun bölünməsini, qarşılıqlı iddiaçı isə həmin avtomaşının ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda satılması və əmlakın satışından əldə edilən pul məbləğinin tərəflər arasında onların payına mütanasib surətdə bölünməsini məhkəmədən xahiş etmişlər. İş üzrə DİN-nin BDYPİ-nin xx.xx.2019-cu il tarixli məktubundan müəyyən edilir ki, “Mercedes Benz E320” minik markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2015-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında Asif Səfərzadənin adından qeydiyyatdan çıxarılmış və dövlət qeydiyyat nişanı dəyişdirilmədən X1 adına təkrar qeydiyyata alınmışdır. Göründüyü kimi mübahisəli avtomobil tərəflərin birgə nikah dövründə onların birgə vəsaiti hesabına əldə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1. maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinin məzmununa görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2012-ci il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qaldırılan məsələnin düzgün həlli üçün ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab edir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: birincisi əmlakın ər-arvadın nikah müddətində əldə olunması, ikincisi isə əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Qeyd olunmalıdır ki, ərlə arvadın nikah dövründə və ya nikah müddətində qazandıqları əmlak üzərində birbaşa birgə mülkiyyəti yaranmır. Həmin əmlak üzərində birgə mülkiyyət yalnız o halda yarana bilər ki, ərlə arvadın birgə nikah dövründə və ümumi birgə gəlirləri hesabına əldə edilmiş olsun. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı əmlakın və ya onun dəyərinin birgə nikah dövründə əldə edilmiş əmlak kimi dəyərləndirilməsi üçün həmin əmlakın birgə nikah dövründə qazanılmış vəsait hesabına alınması zəruridir. Bunun üçün tərəflərdən birinin işləmədiyinin (qazanc əldə etməməsinin) əhəmiyyəti yoxdur. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər (Ailə Məcəlləsinin 37.1., 37.2. maddələri). Bu maddi hüquq normasında ər-arvad arasında onların ümumi əmlakı bölünərkən hər birinin bərabər pay alması prinsipi nəzərdə tutlmuşdur. Lakin yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda əmlakdakı payların qeyri-bərabər bölünməsi mümkün olur ki, bu zaman da əmlakın bərabər bölünməsini arzulamayan şəxs payının daha çox bölünməsi üçün əsas olan hallar barədə məhkəməyə sübut təqdim etsin. Tərəflərin birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü Hüseyn və xx.xx.2017-ci il təvəllüdlü Həsən adlı övladlarının anaları iddiaçının himayəsində qalmasını, tərəflər valideyn kimi bərabər məsuliyyət daşısalar da, övladlarının gündəlik tələbatlarının ödənilməsi ilə hər iki valideyn deyil, ana tərəfindən təmin edilməsi nəzərə alınarsa, uşaqların mənafeyi baxımından tərəflərin əmlak üzərində payların bölgüsü zamanı bərabərlik prinsipindən kənara çıxılmalıdır. Çünki valideyn kimi övladları qarşısında birgə məsuliyyət daşmalarına baxmayaraq, Cavabdeh ilkin iddiaçı ilə birgə övladlarının gündəlik maddi və mənəvi tələbatının ödənilməsində iştirak etməməsi, övladlarının maddi və mənəvi tələbatının ödənilməsində ananın üstünlüyü diqqətə layiq hal kimi dəyərləndirilməlidir. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquqları və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini də nəzərdə tutur (K.N.Qəribovanın şikayəti üzrə xx.xx.2008-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, 1999-cu il buraxılışlı, göy yaşıl metalik rəngli, Ban: WDB 2100651B005809, «Mersedes E320» markalı AZ **-DR-*** dövlət qediyyat nişanlı avtomobil tərəflərin birgə nikah dövründə əldə edildiyindən, həmin avtomobilə payların müəyyən edilməsi hissəsində Bayramova (İmanova) Esmira Sərvaz qızının 2/3, Cavabdeh 1/3 hissədə payı müəyyən edilməlidir. Məhkəmə kollegiyası həm ilkin iddianın avtomobilin qiymətləndirilərək paylarına uyğun bölünməsi, avtomobil olmadıqda isə onun məbləği tərəflər arasında paylara uyğun bölünməsi, avtomobil yararsız olduqda 16000 manat dəyəri paylara uyğun bölünməsi, eləcə də qarşılıqlı iddia tələbinin və avtomaşının ixtisaslaşdırılmış müəssisə tərəfindən açıq hərracda satılması və əmlakın satışından əldə edilən pul məbləğinin tərəflər arasında onların payına mütanasib surətdə bölünməsi barədə tələblərinə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (Mülki Məcəllənin 213.1., 213.2. və 213.3. maddələri). Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.1., 220.2. və 220.3. maddələri). Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (Mülki Məcəllənin 220.4., 220.5. və 220.6. maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsinindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Hamin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş ardıcıllıq qaydasına əməl olmadığından, istər ilkin iddiaçının avtomobilin paylarına uyğun bölünməsi, avtomobil olmadıqda isə onun məbləği tərəflər arasında paylara uyğun bölünməsi, avtomobil yararsız olduqda 16000 manat dəyəri paylara uyğun bölünməsini, istərsə də qarşılıqlı iddiaçının həmin əmlakın birbaşa hərrac qaydasında həll edilməsini (satılmasını) tələb etməkdə haqlı olmamışdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Zəngilan rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, ilkin və qarşılıqlı iddia tələbinin qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2., 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4., 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutuaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Zəngilan rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. 1999-cu il buraxılışlı, göy yaşıl metalik rəngli, Ban: WDB 2100651B005809, «Mersedes E320» markalı AZ **-DR-*** dövlət qediyyat nişanlı avtomobilin 2/3 hissəsinə Bayramova (İmanova) Esmira Sərvaz qızının, 1/3 hissəsinə Cavabdeh payı müəyyən edilsin. İlkin və qarşılıqlı iddia tələbləri qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-709/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-709/2021
03.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver