Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-718/2022 15.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(060)-3319/2021 saylı qərardadından Cavabdeh1 şikayətinə əsasən işə apellyasiya qaydasında yazılı icraatda baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(060)-3319/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Əfqan Ələkbərov) İddiaçı MMC-nin Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(060)-3319/2021 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmış, Cavabdeh1 qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2021ci il tarixli, 2(060)-3319/2021 saylı qiyabi qətnaməsi ilə Cavabdeh1 18330 manat borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(060)-3319/2021 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(060)-3319/2021 saylı qərardadı ilə Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(060)- 3319/2021 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Cavabdeh qərardaddan şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(060)-3319/2021 saylı qiyabi qətnaməsindən xəbər tutan kimi 15.11.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qiyabi qətnamənin surətini almış və 10 gün müddətində qiyabi qətnamənin ləğvi barədə ərizə vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(060)-3319/2021 saylı qərardadı ilə qiyabi qətnamənin ləğv edilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Qərardadın surətini aldıqdan sonra qərardaddan şikayət vermiş, lakin şikayəti elekton qaydada verilmədiyinə görə məhkəmənin 27.12.2021-ci il tarixli qərardadı ilə şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Qərardadın surətini poçt vasitəsi ilə 15.01.2022-ci il tarixdə aldıqdan sonra elektron qaydada şikayət vermişdir. Məhkəmə tərəfindən qiyabi qətnamənin surəti 10.08.2021-ci il tarixdə Sumqayıt şəhəri, 48-ci məhəllə, 9 saylı evin 1 saylı mənzilinə göndərilmiş, lakin 2017-ci ildən həmin ünvanda yaşamadığı üçün qiyabi qətnamənin surətini almamışdır. Bu fakt ərazi üzrə 20 saylı MKS-nin verdiyi 1195 saylı, 20.12.2021-ci il tarixli arayışı ilə də təsdiq olunur və həmin arayış da məhkəməyə təqdim edilmişdir. Bundan başqa, Sumqayıt şəhər 21 saylı MKS-nin verdiyi 1839 saylı, 20.12.2021-ci il tarixli arayışı ilə onun Sumqayıt şəhəri, 5-ci məhəllə, 26 saylı evdə yaşaması təsdiq olunur. Onun qiyabi qətnamənin ləğvi barədə ərizəni vermək hüququ qiyabi qətnamənin surətini aldığı vaxtdan 10 gün müddətində yaranmasına baxmayaraq məhkəmə qəbul etdiyi hazırki qərardadda göstərmişdir ki, müddətin bərpasına dair ərizə verməmişdir. Ərizənin verilməsinə ehtiyac yoxdur, çünki o, qiyabi qətnaməni məhkəməyə ərizə verməklə qəbul etmiş, qiyabi qətnamənin surətini götürdüyü vaxtla onu təqdim etdiyi gün arasındakı 10 günlük müddət bitməmişdir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi, qiyabi qətnamənin ləğvi barədə ərizənin və ona əlavə edilmiş sənədlərin qəbul edilməsi, iş üzrə qəbul edilmiş qiyabi qətnamənin ləğv olunaraq işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli, Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(060)- 3319/2021 saylı qiyabi qətnamənin ləğvi haqqında ərizəsinə yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: İşdən görünür ki, birinci instansiya məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(060)-3319/2021 saylı qiyabi qətnaməsinin ləğv edilməsi haqqında ərizəni təmin etməyərkən, cavabdeh tərəfindən qiyabi qətnamənin 11.08.2021-ci il tarixdə əldə edilməsinə, qiyabi qətnamənin ləğv olunması barədə ərizənin isə 02.12.2021-ci il tarixdə məhkəməyə daxil olmasına, qiyabi qətnamənin ləğvi barədə ərizə verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməsinə və buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim etməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassız olmaqla, işin faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(060)-3319/2021 saylı qiyabi qətnaməsi poçt vasitəsi ilə Cavabdeh1 qeydiyyatda olduğu Sumqayıt şəhəri, 48-ci məhəllə, 9 saylı evin 1 saylı mənzilinə göndərilmiş, 10.08.2021-ci il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilməklə qiyabi qətnamənin surəti alınmışdır (İ/v-91). Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımını, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi günlə əlaqələndirmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 15 noyabr 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(060)-3319/2021 saylı qiyabi qətnaməsinin ona verilməsini xahiş etmiş, 21 noyabr 2021ci il tarixdə məhkəmə qəbzinə imza etməklə qiyabi qətnaməni almışdır. Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(060)-3319/2021 saylı qiyabi qətnaməsinin ləğv edilməsi haqqında ərizəsi 01 dekabr 2021-ci il tarixdə rabitə orqanına verilmiş, 02 dekabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Həmin Məcəllənin 247-ci maddəsinə görə məhkəmə ərizənin baxılma yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə xəbər verir və onlara ərizənin və ərizəyə əlavə edilmiş materialların surətlərini göndərir. Həmin Məcəllənin 248-ci maddəsinə əsasən qiyabi qətnamənin ləğvi haqqında ərizəyə hakim, həmin ərizə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində məhkəmə iclasında baxır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş şəxslərin məhkəmə iclasına gəlməməsi ərizəyə baxılmasına mane olmur. İşdən görünür ki, Cavabdeh1 qiyabi qətnamənin ləğvi haqqında ərizəsinə baxılma yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə xəbər verilməmiş, qanunla müəyyən edilmiş qaydada ərizəyə məhkəmə iclasında deyil, məhkəmə iclasından kənar baxılmış, bununla da prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Cavabdeh1 şikayətində qiyabi qətnamənin göndərildiyi ünvanda yaşamadığını, 10.08.2021-ci il tarixdə qiyabi qətnamənin qəbul edilməsi barədə poçt göndərişinin verilməsi haqqında xəbərnamədəki imzanın ona məxsus olmamasını göstərmişdir. Cavabdeh1 şikayətinə əlavə etdiyi Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı MKS-nin 1195 saylı, 20.12.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, 48-ci məhəllə, 9 saylı evin 1 saylı mənzilində qeydiyyatdadır, lakin 2017-ci ildən həmin ünvanda yaşamır. Həmçinin Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı MKS-nin 1839 saylı, 20.12.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, 5-ci məhəllədə, həyət 26-da 2017ci ildən qeydiyyatsız yaşayır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(060)-3319/2021 saylı qiyabi qətnaməsinin ləğv edilməsi haqqında ərizəsinə yenidən Azərbaycan Respublikası MPM-də nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərə xəbər verilməklə məhkəmə iclasında baxılmalı, Cavabdeh1 qeydiyyatda olduğu Sumqayıt şəhəri, 48-ci məhəllə, 9 saylı evin 1 saylı mənzilində yaşayıb-yaşamaması araşdırılmalı, poçt göndərişinin verilməsi haqqında xəbərnamədəki imzanın cavabdehə məxsus olubolmaması yoxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli, Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(060)- 3319/2021 saylı qiyabi qətnaməsinin ləğv edilməsi haqqında ərizəsinə yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 133, 263-264, 397 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh1 şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 2(060)- 3319/2021 saylı qərardadı ləğv edilsin. Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2021-ci il tarixli, 2(060)- 3319/2021 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizəsinə yenidən baxılması üçün iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-718/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-718/2022
15.02.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver