Məhkəmə qərarları › İş №2(105)-730/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-730/2021

11.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-730/2021 11.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər X1 və X2 ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul və maddi-mənəvi ziyan tələbinə dair iş üzrə Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim B.R.Ələkbərov) iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi və Azərbaycan Respublikası MPM-nin 255.0.5-ci maddəsinə əsasən ekspertiza təyin alınanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul və maddi-mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada onlara ödədiyi 320 ABŞ dolları və 3740 manat nağd pulun, təmirə xərclədiyi 4450 manatın, avadanlıqların alınmasına və quraşdırılmasına sərf edilmiş 3750 manat məbləğində vəsaitin, vəkilə ödədiyi 1000 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun, avtomobilini tələsik ucuz qiymətə satdığına görə ona dəymiş 2000 manat məbləğində ziyanın, bankdan kredit götürdüyünə görə ödəməli olduğu 1837,48 manat faizin, kredit alarkən bank xərclərinə çəkilmiş 60 manat xərcin, ümumilikdə 320 ABŞ dolları və 16807,48 manat məbləğində pulun, habelə əsəb-stress keçirdiyinə, eləcə də psixoloji gərginlik və narahatlıq yaşadığına görə ona vurulmuş mənəvi ziyana görə 5000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 verdiyi şikayəti onunla əsaslandırmışdır ki, iddiaçı mərhum atası Nadir Sədrəddinovdan miras qalmış və hal-hazırda ona məxsus H.Əliyev küçəsində yerləşən qeyri-yaşayış sahəsində olan gözəllik salonu kimi fəaliyyət göstərən obyektinə qarşı, Siyəzən Rayon Məhkəməsinin icraatında olan tamamilə həqiqətə uyğun olmayan əsassız iddiası ilə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi ilə əlaqədar rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(059)-437/2020 saylı qərardadı üzrə icraatın dayandırılması ilə razı deyil. İddiaçı indiyə kimi də, onun icarə pulunu ödəmir, həmçinin dövlətin vergisini ödəmədiyi üçün, ona dəfələrlə xəbərdarlıqdan sonra, məcbur olub bu ilin sentyabr ayının 7-də, ona verdiyi etibarnaməni notariat qaydada ləğv etdirərək ondan obyektini boşaldaraq çıxmasını tələb etmişdir. Lakin iddiaçı indiyədək obyekti boşaltmır və onu məhkəməyə vermişdir. Məhkəmənin iş üzrə ekspertizanın təyin edilməsi ilə əlaqədar işin dayandırılmasını düzgün hesab etmir. Siyəzən Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli qərardadın ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı və Cavabdeh2 və R.N. Sədrəddinov məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikasının MPM-in 97.1-ci maddəsinin İ cümləsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İş materiallarından göründüyü kimi mövcud sualları izah etmək üçün xüsusi bilik tələb olunur və həmin suallara cavab verilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizasının (müstəqil qiymətləndiricinin) təyin olunması zəruridir. Azərbaycan Respublikası MPM-in 97.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdır. Azərbaycan Respublikasının MPM-in 99.2-ci maddəsinə əsasən ekspertiza məhkəmə ekspertizası idarəsinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən keçirilir. Ekspertizanın keçirilməsi bir neçə ekspertə həvalə edilə bilər. Həmin Məcəllənin 255.0.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim iş üzrə icraatı dayandıra bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qəbul edilmiş qərardad qanunla nəzərdə tutulmuşdur və birinci instansiya məhkəməsi haqlı olaraq icraatı dayandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Cavabdeh Cavabdeh1 şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2(059)-437/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Elman Əhmədov Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar