Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-750/2022 11.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Abşeron Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, e-2(012)-1195/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, e-2(012)-1195/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elman Məmmədov) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh əsas borc üzrə 2692,54 ABŞ dolları, faiz borcu üzrə 5898,74 ABŞ dolları olmaqla, ümumilkdə 8591,28 ABŞ dolları borc və ya ödəniş gününə Mərkəzi bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borcun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tələbin Cavabdeh məxsus ** XC *** dövlət nömrə nişanı olan “KİA Sportage” markalı avtomobilə yönəldilməsi, Cavabdeh mülkiyyətində olan ** XC *** dövlət nömrə nişanı olan “KİA Sportage” markalı avtomobilin açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh cəmiyyətin xeyrinə 2720,47 ABŞ dolları məbləğində əsas borcun, 6281,93 ABŞ dolları məbləğində faiz borcunun, cəmi 9002,40 ABŞ dolları borcun tutulması, tələbin Cavabdeh məxsus ** XC *** dövlət nömrə nişanı olan “KİA Sportage” markalı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, cəmiyyətlə bağlanmış xx.xx.2015-ci il tarixli, AK/78029/49/24 saylı kredit sazişinə əsasən bank Cavabdeh 60 ay müddətinə, illik 17% olmaqla, 16262 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı kimi cavabdeh aldığı dövlət nömrə nişanı ** XC *** olan “KİA Sportage” avtomobili bankın xeyrinə girov (ipoteka) qoymuşdur. Girov (ipoteka) qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçmiş və bu barədə müvafiq şəhadətnamə verilmişdir. Hazırda Cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu krediti və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə, kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Cavabdehə banka olan borcunun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə və bildiriş göndərilməsinə baxmayaraq hazırki vaxtadək banka olan borcu ödənilməmiş qalır. Hazırda cavabdehin banka olan əsas kredit borcu 2720,47 ABŞ dolları, faiz borcu 6281,93 ABŞ dolları təşkil edir. Kredit müqaviləsinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən gecikdirildikdə, habelə icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iddia ərizəsinə məhkəmədə baxılarkən etibarnamə üzrə nümayəndəsi və vəkili tərəfindən dəfələrlə onun tərəfindən ödənilmiş ödənişlərin edilməsi və həmin ödənişlərin hansı qaydada borcdan silinməsi barədə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən müvafiq sənədlərin tələb edilməsi barədə şifahi vəsatət verilsə də, məhkəmə həmin vəsatəti təmin etməmişdir. Məhkəmə mühasibatlıq ekspertizası təyin edilərkən də, ekspertə heç bir sənəd təqdim edilmədiyindən ekspertizanın rəyi formal olmuş və borc düzgün hesablanmamışdır. Belə ki, bankdan 16262 ABŞ dolları kredit götürmüş və mütəmadi olaraq heç bir gecikmə olmadan borcunu ödəmiş və nəticədə 2692,54 ABŞ dolları borcu qalmışdır. Bu onu göstərir ki, banka olan borcunun təxminən 84 faizini ödəmişdir. Belə olan halda, 2692,54 ABŞ dolları əsas məbləğə 5898,74 ABŞ dolları faiz borcunun necə hesablanması məlum deyildir. Faiz borcu əsas borcdan 2 dəfədən artıq çoxdur və bank tərəfindən formal və əsassız hesablamanın ekspertiza tərəfindən heç bir araşdırma aparmadan təkrarlanması ilə müşayiət olunmuşdur. Bu hal məhkəmə tərəfindən araşdırma aparılmadan qanunsuz və ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. Bütün bu hallar nəzərə alınaraq qanuni və ədalətli yekun nəticəyə gəlinməsi üçün onun banka olan borcu düzgün hesablanmalıdır. Cavabdeh apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və onun borcunun düzgün hesablanaraq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi əsas və faiz borcuna aid hissələrdə dəyişdirilmədən saxlanılmalı, qətnamə ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətində qətnaməni əsas və faiz borclarına aid hissələrdə mübahisələndirdiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19 fevral 2015-ci il tarixli, AK/78029/49/24 saylı kredit sazişinin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh avtomobilin alınması üçün 60 ay müddətinə, illik 17 faiz ödənilməsi şərti ilə 16262 ABŞ dolları məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh məxsus “KİA Sportage” markalı avtomobil ipoteka ilə yüklü edilmiş, avtomobilin qiyməti 32525 manat müəyyən edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “KİA Sportage” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdır. İş materiallarında olan 20 fevral 2015-ci il tarixli, 130136 saylı ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh məxsus “KİA Sportage” markalı, ** XC *** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2015-ci il tarixli, AK/78029/49/24 saylı kredit sazişinə əsasən Cavabdeh 2720,47 ABŞ dolları məbləğində əsas borcu, 6281,93 ABŞ dolları məbləğində faiz borcu vardır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasını 24 sentyabr 2021-ci il tarixli, 9/5402 saylı rəyindən görünür ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 19 fevral 2015-ci il tarixli, AK/78029/49/24 №-li kredit sazişinin şərtlərinə müvafiq olaraq Cavabdeh xx.xx.2020-ci il tarixə (müqavilə müddətinin sonuna) İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas borcu 2927,42 ABŞ dolları, faiz borcu 5898,74 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Həmçinin hesabdan çıxarış məlumatlarından göründüyü kimi, xx.xx.2020-ci il tarixdə 234,88 ABŞ dolları məbləğində ödəniş edilmişdir. 234,88 ABŞ dolları məbləğində ödəniş nəzərə alındığı təqdirdə, Cavabdeh 2692,54 ABŞ dolları əsas, 5898,74 ABŞ dolları faiz borcu qalacaqdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/4226 saylı rəyindən görünür ki, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 19 fevral 2015-ci il tarixli, AK/78029/49/24 №-li kredit sazişinin şərtlərinə müvafiq olaraq Cavabdeh xx.xx.2020-ci il tarixə (müqavilə müddətinin sonuna) banka olan borcu 8.826,16 USD məbləğində, o cümlədən əsas borc üzrə 2.927,42 USD, faiz borcu üzrə 5.898,74 USD müəyyən olunur. Həmçinin hesabdan çıxarış məlumatlarından göründüyü kimi, xx.xx.2020-ci il tarixdə borcalan tərəfindən 234,88 USD məbləğində ödəniş aparılmışdır. Həmin 234,88 USD məbləğində ödəniş əsas məbləğə yönəldilməklə 8.591,28 məbləğində, o cümlədən əsas borc üzrə 2692,54 USD, faiz borcu üzrə 5898,74 USD borcu qalır. İş materiallarına əlavə olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh məxsus “KİA Sportage” markalı (buraxılış ili-2014, rəngi-qara), ** XC *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 28000 manat, likvid dəyəri 24500 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İş üzrə araşdırılmış sübutlardan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19 fevral 2015-ci il tarixli, AK/78029/49/24 saylı kredit sazişinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh avtomobilin alınması üçün 60 ay müddətinə, illik 17 faiz ödənilməsi şərti ilə 16262 ABŞ dolları məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh məxsus “KİA Sportage” markalı avtomobil ipoteka ilə yüklü edilmiş, avtomobilin qiyməti 32525 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası MM-nin 269.1, 269.2 və 269.4-cü maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə görə girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsində göstərilir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” qanunun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2.faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi. 4.1.4.ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1, 34.1.1, 34.1.2-ci maddələrinin mənasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı-əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması və sair hallarda yaranır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, əsas və faiz borclarına aid hissələrdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. “İpoteka haqqında” qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak, qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 5-ci maddəsinin 7 və 8-ci bəndlərində göstərilir ki, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır); etimadlı idarəetmədə olan əmlaka sahiblik hüququ dəyişilərkən əmlakın dəyəri haqqında mübahisə yarandıqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertizası haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. “İpoteka haqqında” qanunun 1.0.9-cu maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətini müəyyən etməmişdir. Halbuki “İpoteka haqqında” qanunun 39.3.3-cü maddəsi imperativ xarakter daşıyır. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh məxsus “KİA Sportage” markalı (buraxılış ili-2014, rəngi-qara), ** XC *** dövlət qeydiyyat nişanlı avtomobilin likvid dəyəri 24500 manat təşkil edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, Cavabdeh məxsus “KİA Sportage” markalı (buraxılış ili-2014, rəngi-qara), ** XC *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 24500 manat müəyyən edilməlidir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyləri ilə tam təkzib edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi əsas və faiz borclarına aid hissələrdə dəyişdirilmədən saxlanılmalı, qətnamə ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 olan hesabına, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının dəyəri olan 500 manat tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesablaşma hesabı AZ 06AİİB********************, VÖEN:**********, “Kapital bank ASC Sumqayıt filialı, bank kodu 200253, müxbir hesabı AZ37NABZ0135001**********1944, bank VÖEN:**********, SWİFT AİİBAZ2X hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, e-2(012)-1195/2021 saylı qətnaməsi əsas və faiz borclarına aid hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh məxsus “KİA Sportage” markalı (buraxılış ili-2014, rəngi-qara), ** XC *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda ilkin satış qiyməti 24500 (iyirmi dörd min beş yüz) manat müəyyən edilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 olan hesabına, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 500 (beş yüz) manat tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesablaşma hesabı AZ 06AİİB********************, VÖEN:**********, “Kapital bank ASC Sumqayıt filialı, bank kodu 200253, müxbir hesabı AZ37NABZ0135001**********1944, bank VÖEN:**********, SWİFT AİİBAZ2X hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-750/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-750/2022
11.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver