Məhkəmə qərarları › İş №2(105)-751/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-751/2023

13.03.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-751/2023 13.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma torpaq sahəsinin boşaldılması tələbinə dair iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma,özgəsinin qanunsuz sahibliyindən əmlakın geri qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)- 2378/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********47 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0,1399 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı adına Dövlət reyestrində 363 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınmışdır. AZ-İ 699185 seriyalı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X4 ilə İddiaçı arasında xx.xx.2011-ci il tarixində Quba rayon Qeydiyyat şöbəsində nikah bağlanmış, nikah haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixində 453 nömrə ilə qeyd edilmişdir. İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0,1399 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə 779679 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 20 iyul 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********47 revestr nömrəli Çıxarışa əsasən ona məxsus Quba rayonu, İ-Nügədi kəndində yerləşən 0,1399 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsində əkilmiş qələmlərin cavabdehin hesabına çıxarılması, torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 20 iyul 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********47 reyestr nömrəli Çıxarışa əsasən Quba rayonu, İ-Nügədi kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,1399 ha torpaq sahəsi mülkiyyət hüququ ilə ona məxsusdur. Lakin ona məxsus olan torpaq sahəsində Cavabdeh qanunsuz şəkildə istifadə edir. Cavabdeh ona məxsus torpaq sahəsində qanunsuz olaraq qələmlər əkmişdir. O, dəfələrlə cavabdehə torpaq sahəsindən çıxmasını bildirsə də, cavabdeh buna əməl etmir. Cavabdeh ona məxsus torpaq sahəsindən istifadə edərək özü üçün gəlir götürür. O haqqı olan torpaq sahəsindən istifadə edə bilmir. Hazırda ona məxsus torpaq sahəsini cavabdeh zəbt etmişdir. Cavabdehi torpaq sahəsindən çıxarda bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-2378/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixdə verilmiş, **********47 reyestr nömrəli, ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı məxsus olan Quba rayonu, Birinci Nügədi kəndi ərazisində yerləşən 0,1399 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində əkilmiş qələmlərin Cavabdeh hesabına çıxarılması və torpaq sahəsinin boşaldılması qət olunmuşdur. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixdə verilmiş, **********47 reyestr nömrəli, ********** saylı qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı məxsus olan Quba rayonu, Birinci Nügədi kəndi ərazisində yerləşən 0,1399 ha torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsində əkilmiş qələmlər Cavabdeh hesabına çıxarılmaqla torpaq sahəsi boşaldılmalıdır. Məhkəmə gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 157.4-ci maddələrinə istinad etmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, məhkəmə qətnaməsinin ləğv edilməsini və müəyyən edilmiş hallar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının boşaldılmasını tələb etdiyi 0,1399 ha torpaq sahəsi də daxil olmaqla onun ailə üzvlərinə məxsus torpaq sahələri 20 il əvvəl İddiaçı atası Tofiq Ağabalayev və ailə üzvləri tərəfindən həmkəndli və qohumu Əzim Əbdülrəhimova satılmışdır. Hal-hazırda həmin şəxslərin hər ikisi vəfat etmişdir. Torpaq sahələrini alan Əzim Əbdülrəhimov isə 18 ay əvvəl vəfat etmişdir. Bu vaxta qədər sözügedən torpaq sahəsi barəsində heç bir mübahisə olmamışdır. Yalnız torpağı alan şəxsin vəfatından sonra İddiaçı torpaq sahəsini sənədləşdirərək hazırki iddia ilə çıxış edir. O isə heç bir torpaq sahəsini qanunsuz tutmamışdır. Əzim Əbdülrəhmanov torpaq sahəsini alandan sonra ona bağa baxmağı tapşırıb. O bağa baxmaqla yanaşı, torpaq sahəsinin sahibi onun bir hissəsini ona verib, həmin hissəsində meyvə tingləri əkmiş, bu hissə ona məxsus olmuşdur. Halhazırda belə bir məhkəmə mübahisəsi və məhkəmə qərarı nəticəsində onun çəkdiyi zəhmət də puça çıxır. Torpağı satan və alan şəxslərin sağlığında İddiaçı, nə Əzim Əbdülrəhimova qarşı, nə də ona qarşı heç bir etiraz etməmişdir. Hətta əvvəlki torpaq sahibinin ailə üzvü həyat yoldaşı da torpağın satıldığını təsdiq edir. Əsl həqiqət isə bundan ibarətdir ki, iddiaçı, ailə üzvləri ilə birgə satdığı 20 il əvvəl satdığı torpaq sahəsinə yeni sənəd düzəldərək, geri qaytarmaq istəyir. O ötən illər ərzində 0,139 ha torpaq sahəsində qələmlər əkərək qulluq etmişdir. Torpaq sahəsi əvvəllər boş sahə olub, onun zəhməti və çəkdiyi xərclərin hesabına hal-hazırda bağ sahəsidir. İddiaçı torpaq sahəsini geri qaytardığı təqdirdə ona çəkdiyi xərclərin əvəzi olaraq dəymiş ziyanı da ödəməlidir. Məhkəmə heç bir ekspertiza təyin etmədən qərar qəbul etmişdir ki, bu da işin düzgün araşdırılmadığını göstərir. İddiaçı əvvəllər satdığı və heç vaxt mübahisələndirmədiyi torpaq sahəsini, hal-hazırda tələb etməklə ona ziyan vurmuş olur. Belə ki, torpaq sahəsini hazırki hala o gətirmişdir. Məhkəmədə işə baxılan zaman onun izahatlarını nəzərə alınmamışdır. Halbuki bu halları təsdiq edən şahidlər də vardır. Məhkəmədə işə baxılarkən mübahisənin hərtərəfli və obyektiv araşdırılması üçün şərait yaradılmamışdır. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Apellyasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 84. 1, 2 3 və 6-cı hissələrinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Maddə 111. 1 və 2-ci hissələrinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti məhkəmə aktının ləğvinə yönədliyindən, apellyasiya baxışının həddini qətnamənin tam qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, mübahisə predmeti olan Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0,1399 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsusudur. İddiaçı cavabdehin ona məxsus ünvanda yerləşən torpaq sahəsini zəbt ediyini əsas gətirərək, qeyd edilən iddia tələbini irəli sürmüşdür. Cavabdeh iddia tələbinə etiraz edərək, etirazının əsası kimi həmin torpaq sahəsinin başqa şəxs tərəfindən satın alınması, həmin şəxs tərəfindən ona torpaq sahəsindən istifadə etməyə razılıq verilməsi, ona bağışlanması, hazırda da faktiki onun istifadəsində olması, orada onun tərəfindən ağaclar əkilməsi kimi hallarla əsaslandırmışdır. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, hazırki mülki iş üzrə mübahisə predmeti olan torpaq sahəsinin iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olması halı aşkar olduğundan və həmin torpaq sahəsi faktiki olaraq cavabdehin istifadəsində olduğundan, indiki halda məhz cavabdeh həmin torpaq sahəsinin onun qanuni sahibliyində olması halını sübutetmək öhdəliyini daşıyır. Lakin məhkəmə araşdırması zamanı iddiaçıya məxsus mübahisə predmeti olan torpaq sahəsinin cavabdehin qanuni sahibliyində olması halının müəyyən edilməsi mümkün olmamışdır. Eyni zamnada məhkəmə araşdırması zamnaı müəyyən edilmişdir ki, cavabdeh həmin torpaq sahəsində ağaclar əkmişdir. Bununla da, hazırki mülki iş üzrə iddia tələbinin qanuni əsası qismində çıxış edən MM-nin 157.4-cü maddəsinin dispozitiv şərtləri mövcud olmuşdur. Həmçinin, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili ilə bağlı onu qeyd edir ki, cavabdehin hazırki mülki iş üzrə əkdiyi ağaclarla bağlı ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı heç bir tələbi olmamışdır. Həmçinin, hazırki mülki iş üzrə mübahisəli hüquq münaisbətlərinin həlli ilə bağlı xüsusi bilik tələb olunmadığından (cavabdehin həmin torpaq sahəsi ilə bağlı heç bir sənədi olmadığından) müvafiq ekspertiza keçirilməsi zəruri olmamışdır. Bu baxımından məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin qeyd edilən hallarla bağlı dəlilləri əsassız olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən işin halları tam aydınlaşdırılaraq, işin hallarına düzgün hüquqi qiymət verilərək, iş üzrə düzgün nəticəyə gəlmiş, qəbul edilmiş qətnamə qanuni və əsaslı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti təmin olunmadığından, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382,384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-2378/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar