Məhkəmə qərarları › İş №2(105)-76/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-76/2024

06.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-76/2024 06.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X18 və X6 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçı X3, Cavabdeh iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı torpaq sahəsindən maneəsiz istifadə tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(074)-110/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov) iddianın təmin edilməsi, Cavabdeh, iddiaçı X5 məxsus Şamaxı rayonu Avaxıl kəndində yerləşən 0,17 ha torpaq sahəsində tikdiyi qanunsuz və sənədsiz tikili yəni fərdi yaşayış evinin sökülməsi, iddiaçı X5 məxsus Şamaxı rayonu Avaxıl kəndində yerləşən 0,17 ha torpaq sahəsinə sahib olmaq, ondan maneəsiz istifadə etmək və ona dair sərəncam vermək hüququnun təmin edilməsi, Cavabdeh 50 manat ekspetiza xərcinin alınıb X10, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı X8 Cavabdeh qarşı torpaq sahəsindən maneəsiz istifadə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus torpaq sahəsində tikdiyi qanunsuz və sənədsiz evin sökülməsi, ona məxsus 0,17 ha torpaq sahəsinə öz istədiyi kimi sahib olmaq, ondan maneəsiz istifadə etmək və ona dair sərəncam vermək hüququnun təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin notarial təsdiqli surətindən (JN - 012A, KOD ********) görünür ki, 0.17 ha torpaq sahəsi 4 nəfərlik ailə tərkibi ilə ona məxsusdur. Həmin şəhadətnamə Şamaxı rayon Aqrar İslahat Komissiyasının 28 mart 1997-ci il tarixli, 40 saylı qərarı ilə “fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı” mülkiyyət hüququ ilə ona verilmiş və bu sənəd 3767 nömrə ilə kitabda qeydə alınmışdır. Bu sənəddə həm qonşu torpaqlar, həm də həyətyanı sahənin qaiməsi (sertifkatı) imzalanmış və möhürlənərək təsdiq edilmişdir. 2004-2007-ci illərdə ağır xəstə olmuş və bu səbəbdən sözügedən torpaq sahəsi nəzarətsiz qaldığından cavabdehin atası X9 ona məxsus həmin torpaq sahəsində Cavabdeh üçün qanunsuz və sənədsiz ev tikmişdir. Dəfələrlə cavabdehə və onun ailə üzvlərinə bildirmişdir ki, ya bu sənədsiz ev sökülməlidir, ya da cavabdehin ailəsi imkan verməlidir ki, özünə məxsus torpaq sahəsini sata bilsin. Cavabdeh və onun ailə üzvləri qeyd etdiyi təkliflə razılaşmırlar. İndiyədək ayıb bilib məhkəməyə müraciət etməmiş, gözləmişdir ki, bəlkə özləri öz işlərini dərk edib ona məxsus torpaq sahəsini boşaldarlar. Lakin belə görür ki, cavabdeh bir nəticə çıxarmaq fikrində deyil. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, qanunla müəyyən edilmiş qaydada mülkiyyətinə verilmiş 0.17 ha torpaq sahəsindən maneəsiz istifadə etmək hüquqları pozulmuşdur, torpağın üzərində sərəncam vermək hüququndan məhrum edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Şamaxı Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin qətnaməsi faktiki olaraq torpaqdan sahiblik istifadə sərəncam vermək hüquqlarını tamamilə pozmuşdur. Belə ki, mübahisəli ev faktiki olaraq mübahisələndirilməyən və qüvvədə olan bələdiyyə qərarına əsasən verilmiş torpaq sahəsində tikilmişdir. Mübahisə predmetinin iddiaçıya aid olması ekspert rəyi ilə bələdiyyə qərarı ilə ona məxsus olması sübuta yetirilməmişdir. Bundan əlavə iş üzrə ilkin təhkim aktı (Aqrar islahat komissiyasının) məhkəməyə təqdim edilməmiş və araşdırılmamışdır. İddiaçının öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallar sübut edilməmişdir. Şamaxı rayon Avaxıl Bələdiyyəsinin 10 mart 2006-cı il tarixli 05 saylı qərarına əsasən X4 yaşayış evi tikmək məqsədi ilə 0,12 ha torpaq sahəsi satılmışdır. AZ-İ № 772492 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X7 xx.xx.2016-cı il tarixdə ölmüşdür. Faktiki olaraq onun istifadəsində olan torpaq sahəsi Avaxıl Bələdiyyəsinin 10 mart 2006-cı il tarixli 05 saylı qərarı ilə mərhum ərinə verilmiş, qərar qüvəddədir və mübahisəli ev ərinə aid torpaq sahəsində tikilmişdir. Ekspertiza rəyində həmin torpaq sahəsinin iddiaçıya məxsus olması sübuta yetməmiş və bundan əlavə torpağın mənsubiyyəti müəyyən olunmamışdır. Belə ki, həmin torpaq sahəsi bələdiyyəyə məxsus olmuşdur. Avaxıl Bələdiyyəsinin 10 mart 2006-cı il tarixli 05 saylı qərarının əsaslı olub-olmaması məhkəmə tərəfindən araşdırılmamışdır. Eləcə də iddiaçıya məxsus torpaq sahəsinin ona ayrılmasına dair təhim aktının mövcud olub-olmaması araşdırılmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı X8 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddiaçının torpaq sahəsini cavabdehin sahibliyindən geri tələb etmək hüququ olduğundan, eləcə də tikilmiş ev iddiaçının mülkiyətindəki torpaq sahəsindən öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququnu pozmaqla, maraqlarına toxunması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qətnaməni mübahisələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Şamaxı rayonu Avaxıl kəndində iddiaçıya ailə üzvləri ilə birlikdə AİK-nin xx.xx.1997-ci il tarixli 40 saylı qərarı ilə 0,17 ha torpaq sahəsinin mülkiyyətinə verilməsi, Cavabdeh mərhum əri X12 rayon Avaxıl kənd ərazisində Avaxıl Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 05 saylı qərarı ilə 0,12 ha torpaq sahəsi yaşayış evi tikmək məqsədilə satılması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi iddiaçıya məxsus torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş yaşayış evinin sökülməsi və onun mülkiyyət hüququnun təmin olunması barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2-ci, 180-ci maddələri təşkil edir. İddiaçı xəstəliyi ilə əlaqədar ona məxsus torpaq sahəsinin nəzarətsiz qaldığını, cavabdehin atası da həmin torpaq sahəsini zəbt edərək orada qızı Cavabdeh üçün icazəsiz ev inşa etdiyini, cavabdehin torpaq sahəsini könüllü boşaldacağını güman etsə də, mümkün olmadığını iddia etmişdir. Cavabdeh isə iddiaya etiraz edərək istifadələrində olan torpaq sahəsinin Şamaxı rayon Avaxıl Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 05 saylı qərarı ilə ev tikmək məqsədilə mərhum əri Qaradağlı Dünyamalıyevə verildiyini və mübahisəli evin məhz həmin ərazidə inşa edildiyini bildirmişdir. Mülki Məcəllənin 157.2. maddəsinin dispozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı cavabdehin çıxarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu sübut etməli, ikinci iddiaçı tələb edilən anda əmlakın cavabdehin sahibliyində olduğunu sübut etməli, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu tələb mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Hazırkı iş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2023-cü il tarixli, 3-16- 16/2-10/8537 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Şamaxı rayonu Avaxıl kənd sakinlərinin həyətyanı torpaq sahələrinə hazırlanmış yerquruluşu layihəsi (DWJ məlumatları) ilə faktiki istifadəçilik arasında uyğunsuzluq olduğundan qərardadın bu suallarını cavablandırmaq mümkün olmadı. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Şamaxı rayonu Avaxıl bələdiyyəsinin 10 mart 2006-cı il tarixli 05 saylı qərarı ilə X4 yaşayış evi tikmək məqsədi ilə satılmış 0,12 ha torpaq sahəsinə hazırlanmış sxem yerquruluşu qaydasında hazırlanmadığından (istinad nöqtələri, məsafələr olmadığından) naturada faktiki istifadəsində olan torpaq sahəsinin bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsinin eynilik təşkil etməsini müəyyən etmək mümkün deyildir, Şamaxı rayonu Avaxıl kənd sakinlərinin həyətyanı torpaq sahələrinə hazırlanmış yerquruluşu layihəsi (DWJ məlumatları) ilə faktiki istifadəçilik arasında uyğunsuzluq olduğundan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrdə göstərilən cizgilərdəki torpaq sahəsinin naturadakı faktiki istifadədə olan torpaq sahəsi ilə eyni olub-olmamasını kv.m. dəqiqliklə müəyyən etmək mümkün deyildir. Bu səbəblərdən iddiaçı X8 və onun ailə üzvlərinə Şamaxı rayon AİK-nın 28 mart 1997-ci il tarixli 40 saylı qərarı ilə JN-Q12A KOD 41010058 saylı şəhadətnaməyə əsasən verilmiş 0,17 ha torpaq sahəsi ilə Cavabdeh məxsus, mərhum X1 adına yaşayış evi tikmək məqsədi ilə verilmiş 0,12 ha torpaq sahəsinin üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmadı. Qeyd etmək lazımdır ki, iddiaçı sökülməsini tələb etdiyi evin yerləşdiyi torpaq sahəsinin onun mülkiyyətində olduğunu, həmin torpaq sahəsinin cavabdehin sahibliyində olduğunu və bu sahibliyin qanunsuz olduğunu sübut edə bilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı mübahisəli fərdi yaşayış evinin ona məxsus torpaq sahəsində tikilməsi ilə yanaşı həmin evin qanunsuz olduğunu iddia edir. Halbuki Şamaxı rayon Avaxıl Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 5 saylı qərarına əsasən cavabdehin mərhum əri X4 yaşayış evi tikmək məqsədilə 0,12 ha torpaq sahəsi satılması işin mübahisəsiz halıdır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tkinti və qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (Mülki Məcəllənin 180.1, 180.4-cü maddələri). Göründüyü kimi cavabdehlərə fərdi yaşayış evinin tikintisi məqsədilə torpaq sahəsi ayrılmış və həmin sahə iddiaçıya məxsus torpaq sahəsi ilə qonşu ərazidə yerləşsə də, məhz evin yerləşdiyi torpaq sahəsini iddiaçıya məxsus olması müəyyən olunmur. Bundan başqa o da vurğulanmalıdır ki, iddiaçı mübahisəli evin tikilməsi zamanı ağır xəstəliyi ilə bağlı torpaq sahəsi nəzarətsiz qaldığından, cavabdehin atası həmin evi inaş edib, lakin iddiaçı bunu təsdiq edən hər hansı bir tutarlı sübut məhkəməyə təqdim etməmişdir. Halbuki cavabdeh onun mərhum qardaşı Qaradağlı Dünyamalıyevin həyat yoldaşıdır və aralarında qohumluq münasibətləri mövcuddur. Bu mənada mübahisəli ərazidə yaşayış evinin tikintisindən iddiaçının məlumatsız olması inandırıcı görünmür. Məlum olduğu kimi Mülki Məcəllənin 172.3. maddəsinin mənasına görə qonşu torpaq sahəsinin mülkiyyətçisi öz mülkiyyət hüququnu yolverilməz şəkildə poza biləcək belə qurğuların tikilməsini və ya istismarını qadağan edə bilər. Belə qadağanlara o zaman yol verilir ki, hüququ pozulan mülkiyyətçi pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi bu işlərin aparılmasına qarşı öz etirazını bildirmiş olsun. Belə bildiriş verilmədikdə onun hüququnun qərəzsiz şəkildə pozulmasının nəticələrinə dözməlidir. Lakin öz torpaq sahəsində yaşayış evi tikən mülkiyyətçi qərəzsiz olaraq qonşu torpaq sahəsinin sərhədini pozduqda və bunu görərək qonşu mülkiyyətçi etiraz etməzsə ağır məsrəflər hesabına başa gələn bina tikilib istifadəyə verildikdən sonra, şübhəsiz ki, onun sökülməsini tələb etmək ədalətsiz olardı. Buna görə də qanunvericilikdə nəzərdə tutulmuşdur ki, belə halda sərhədi pozulmuş qonşu müəyyən pul kompensasiyası almaqla həmin pozuntuya dözməlidir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, əgər mübahisəli evin yerləşdiyi torpaq sahəsi iddiaçıya məxsus olmuş olsa belə, Mülki Məcəllənin 172.3. maddəsinin tələbi baxımından fərdi yaşayış evinin sökülməsi məqsədəuyğun hesab edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ekspert rəyində qərardadla qoyulmuş suallar üzrə üçüncü sual ekspert rəyində cavablandırılsa da, texniki xəta olaraq hazırkı işə aid olmayan təkrar üçüncü sual üzrə cavab qeyd edilmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirilməni hazırkı işə aid olmaması səbəbindən nəzərə alınmasını zəruri hesab etmir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsində icraat zamanı, həmçinin apellyasiya baxışında keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50+50=100 (yüz) manat iddiaçı X2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X10, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı X3 Cavabdeh qarşı torpaq sahəsindən maneəsiz istifadə barədə iddia tələbi rədd edilsin. İddiaçı X2 iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 100 (yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X10, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar