Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-777/2022 20.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(060)- 4395/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Ələkbərov) iddiaçi İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə dair iddiasının təmin edilməməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq İddiaçı 110 manat tutularaq X1 müxbir hesabına köçürülməsi (Kod:210005,VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************) qət edilmişdir. İddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, **-KR-*** dövlət qeydiyyat nömrə nişanlı “KİA Sorento” minik markalı avtomobilin mühərrikinin daxilindəki texniki nasazlığın aradan qaldırılması məqsədilə onun tərəfindən xərclənmiş 3238 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması, avtomobilin mühərrikinin daxilindəki texniki nasazlığın aradan qaldırılması ilə əlaqədar iş adamı olaraq ona dəymiş maddi və mənəvi zərərin miqdarı 2000 manat müəyyən edilərək cavabdeh tərəfindən əlavə olaraq təzminat ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 01.02.2021-ci il tarixində Turbo.az saytına daxil olaraq ******* saylı elana əsasən satışa qoyulmuş “KİA Sorento” minik markalı, 2011ci il istehsalı, 83000 km yürüşlü, 2.0 dizel mühərrikli, 25000 manat qiyməti ilə dəyərləndirilmiş avtomobil barəsində əlavə bilgilər almaq üçün elanda qeyd olunmuş cavabdehə aid telefon nömrəsinə zəng etmişdir. Həmin gün saat 19.00 radələrində onlar cavabdehin faktiki yaşadığı ünvanın qarşısında görüşmüşdürlər. Satışa qoyulmuş avtomobil binanın həyətində saxlanılmışdır. Avtomobilə zahiri baxışdan sonra ustanın yanına gedərək avtomobilin texniki vəziyyətinin araşdırılaraq onlara məlumat verilməsini ustadan xahiş etmişdirlər. Usta arxa sol amortizatorun və ötürücülər qutusu yağının dəyişdirilməsinin vacibliyini demiş, mühərrikin ötürücü qutusunun açılmadan onların texniki vəziyyəti barədə konkret bir məlumat verə bilməyəcəyini bildirmişdir. Cavabdeh mühərrikin açılmasına etiraz etmiş, elanda qeyd edildiyi kimi mühərrik və ötürücü qutuda heç bir problem olmadığını, mühərrikin və ötürücü qutusunun açılmasından sonra avtomobilin digər alıcılar tərəfindən qəbul edilməyəcəyini bildirərək, avtomobili bu vəziyyətdə satacağını bəyan etmişdir. O, avtomobilin qiyməti barədə 24300 manat dəyərində razılaşaraq 02.02.2021-ci il tarixində cavabdehə beh olaraq 100 manat vəsait ödəmişdir. 03 fevral 2021-ci il tarixdə avtomobil onun adına rəsmiləşdirilmişdir. 04 fevral 2021-ci il tarixində avtomobilin VİN nömrəsilə online qaydada avtomobilin istismarı ilə əlaqədar beynəlxalq sayta baxılarkən avtomobilin elanda göstərildiyi kimi 83000 km deyil 239000 km yürüş edilməsi məlum olmuşdur. Bu barədə cavabdehə məlumat verilərkən onun özünün də bundan xəbəri olduğu məlum olmuş, nə səbəbə elanda yalan məlumat yazması soruşulanda, o konkret bir cavab verməmişdir. Sonradan avtomobil idarə edilərkən müxtəlif vaxtlarda mühərrikində nasazlıqlar ortaya çıxmışdır. 23.03.2021-ci il tarixində cavabdehə zəng edilərək bu barədə məlumat verilmiş, mühərrikin açılıb nasazlığın səbəbinin araşdırılması üçün avtomobilin yanına gəlməsi xahiş edilmişdir. Lakin cavabdeh avtomobilin təmiri ilə əlaqədar xərcləri qarşılamayacağını bildirərək bununla əlaqədar bir daha müraciətlərə cavab verməyəcəyini bildirmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə işin ədalətli həlli üçün həm zəruri olan mühüm sübutları nəzərdən qaçırmış və iddia tələbi üzrə mübahisə olunan məsələlərin aydınlaşdırılması məqsədilə tam və obyektiv araşdırma aparmadan və müəyyən məsələləri təqdid etmədən iş üzrə əsassız və qanunsuz qərar qəbul etmişdir İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini iddiaçının qeyd etdiyi hallara dair heç bir sübut təqdim etməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. İşdən görünür ki, iddia tələbi vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi barədədir. İşin mübahisə edilməyən halı isə ondan ibarətdir ki, tərəflər arasında “KİA Sorento” minik markalı avtomobilin 24300 manat ödənilməklə alqı-satqısı barədə razılaşma olmuş, 03 fevral 2021-ci il tarixdə avtomobil iddiaçının adına rəsmiləşdirilmişdir. Hazırkı iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 587.1-588.1-ci maddələri təşkil edir. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: Əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir (Mülki Məcəllənin 587.1, 588.1-ci maddələri). Qanunun mənasına görə satıcının təqsirindən asılı olmayaraq əşyanın qüsurları barəsində məlumat vermədikdə alıcı qüsurların aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmçinin alıcı əşyanın qüsurlarının ona verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirdiyi halda, satıcı həmin qüsurlara görə cavabdehlik daşıyır. İşdən görünür ki, tərəflər alqı-satqı müqaviləsi bağlayarkən avtomobilin mövcud vəziyyətdə satılması barədə razılığa gəlmiş və alıcı da bununla razılaşmışdır. Həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyinə əsasən təqdim edilmiş “KİA Sorento” minik markalı, **-KR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin mühərrik nömrəsi həkk edilmiş sahədə olan hərf və rəqəmlərin kənarında kənar predmetin təsirindən yaranmağa xarakterik metal cızıqları, sıyrıqları yəni əlavə izlər və nömrənin silinməsi əlamətləri aşkar edilməmişdir. Həmin nömrə zavod üsulu ilə həkk edilmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yeində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur. (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göründüyü kimi, öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyan iddiaçı tələbində göstərdikləri halları təsdiq edən heç bir sübut təqdim etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddiaçının maddi hüquqi tələbi 3238 manat olduğundan, mənəvi zərər ondan doğan, törəmə tələb olduğundan, iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-777/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-777/2022
20.04.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver