Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-777/2024 01.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (əmlak tələbi-icraatın dayandırılması) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(027)-176/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 180 (bir yüz səksən) baş qoyunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılıb ki, o, 12 ilə əvvəl Cavabdeh heyvandarlıq təsərrüfatına baxmağa razılıq vermiş, çoban kimi işə başlamış, amma bir müddət sonra aldadıldığını hiss edib, əməyinin qarşılığında edilən vədlər söz olaraq ortada qalmışdır. Onların razılaşmasına görə cavabdeh ödəniş əvəzi olaraq hər il ona 30 qoyun verməyi öhdəsinə götürmüş, o, isə ona çobanlıq edib, qoyun sürüsünü otarmaq və baxmağı öhdəsinə götürmüşdür. O, 6 ilinin haqqını cavabdehdən güc bəla ilə alsa da, qalan 6 ilin haqqını ala bilməmişdir. O, cavabdehin təsərrüfatı üçün özünü fəda etmiş, evində də düz-əməlli yaşaya bilməmiş, illərini çöllərdə keçirmiş, yayda yaylaqda, qışda isə qışlaqda yaşamalı olmuş, min bir zəhmətə qatlaşmışdır. O, sadəcə öz zəhmət haqqını istəyir, cavabdeh ona borcu olan 180 heyvanı verməli olduğu halda verməmiş, ondan borcunu istəyən zaman bir yerdə pulunu yığıb verəcəyini, “onun üçün Qubadan yer, ev alacağı kimi yalan vədlərlə onu aldatmışdır. O, heç vaxt Mübarizdən borc pul almamış, ondan zəhməti olan haqqı istəyəndə o, heç bir əsas gətirmədən ona olan borcunu ödəməmiş, ona verməli olan 180 qoyunu verməmişdir. O, Mübarizin barəsində işlədiyi Dövlət Gömrük Komitəsinə və müxtəlif dövlət orqanlarına çoxsaylı şikayətlər yazmışdır. Mübariz onu 2010-cu il tarixdən 2022-ci il tarixədək əmək müqaviləsi bağlamadan çoban kimi işlətmişdir. Dövlət Gömrük Komitəsi tərəfindən ona verilmiş cavaba əsasən Mübarizə töhmət elan olunmuşdur. Bundan başqa Əmək Müfəttişliyi tərəfindən Mübariz 3000 manat cərimə edilmişdir. X6 və X2 da şahiddirlər ki, Mübarizin onun zəhmət haqqını kəsməsi ilə bağlı aralarında narazılıqlar olmuş, Laçınla birlikdə Mübariz heyvanları ondan alıb qaynı Dəmirə vermişdir. Beləliklə də Mübariz onun haqqını verməmək üçün bu addımı atmışdır. Hesab edir ki, haqqı olaraq verilməli olan 180 baş qoyunun cavabdehdən alınıb ona verilməsi tələbi təmin olunmalıdır.
3. Quba Rayon Məhkəməsinin (hakim R.Həsənov) 13 fevral 2024-cü il tarixli, 2(027)- 176/2024 saylı qərardadı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-706/2024 saylı işi üzrə İddiaçı Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə bəraət almasına dair Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2023-cü il tarixli qərarından xüsusi ittihamçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə baxılıb qurtarılanadək hazırkı mülki iş üzrə icraat dayandırılmışdır.
4. Qərаrdаddаn narazı qalan İddiaçı oğlu şikayət verərək, qərardadın ləğv edilməsi və mülki iş üzrə icraatın təzələnərək, işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərardad qəbul xahiş etmişdir.
5. Quba Rayon Məhkəməsinin 27 fevral 2024-cü il tarixli, 2(027)-176/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir
6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə istinad edərək mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-706/2024 saylı işi üzrə İddiaçı Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə bəraət almasına dair Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2023-cü il tarixli qərarından xüsusi ittihamçı Cavabdeh nümayəndəsi Vəkil3 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə baxılıb yekun qərar qəbul edilənədək hazırkı mülki iş üzrə icraat dayandırılmalıdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri
7. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin iş üzrə icraatın dayandırılması barədə mövqeyi əsassız və qanunsuzdur. Belə ki, hazırkı mülki iş üzrə iddia tələbi məhkəməyə verildikdən sonra cavabdeh tərəf Cavabdeh qarşı bu iddianın böhtan olması barədə xüsusi ittiham qaydasında İddiaçı cinayət məsuliyyətinə cəlb olunması məqsədi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin hökmü ilə İddiaçı bu böhtanına görə məhkum olunmuşdur. Cavabdehin vəkili Vəkil3 vəsatət verərək xüsusi ittiham qaydasında cinayət işinə Ali Məhkəmədə baxılıb qərar qəbul olunana qədər İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Məhkəmə isə həmin əsassız vəsatəti təmin etmişdir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-177/2023 saylı, 23 iyun 2023-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 06 ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Lakin həmin hökm Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1578/2023 nömrəli, 17 avqust 2023-cü il tarixli hökmü ilə ləğv edilmiş və İddiaçı əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət tərkibinin olmaması əsası ilə bəraət verilmişdir. Həmin hökmdən Cavabdeh kassasiya şikayəti vermişdir və onun kassasiya şikayəti üzrə cinayət işi məhkəmənin icraatındadır. Həmin kassasiya şikayəti təmin olunmasının hazırkı mülki iddia ilə hər hansı bir bağlılığı yoxdur. Belə ki, tərəflər arasındakı mübahisə mülki hüquq münasibətlərinə aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındakı iş isə cinayət işi olduğundan icraatın dayandırılması əsassızdır. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.
b) Şikayəti qarşı etirazın dəlilləri
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə görə, Konstitusiya məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa icraat dayandırılır. 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Maddə 402.2 Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
11. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərindən kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, iş üzrə icraatın dayandırılmasının əsası məhkəmədə baxılan mülki işin həllinin asılı olduğu başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir.
Apellyasiya baxışının hədləri
12. Şikayətdən görünür ki, apellyator Quba Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(027)-176/2024 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
13. Ona görə də kollegiya Quba Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(027)-176/2024 nömrəli qərardadı tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Apellyasiya instansiya məhkəməsi şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli və Quba Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(027)-176/2024 nömrəli qərardadı ləğv edilərək, sonrakı prosessual hərəkətlərin edilməsi məqsədilə birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
15. Belə ki, iddia tələbinin mahiyyətindən və ifadə tərzindən görünür ki, tələb 180 baş qoyunun cavabdehdən alınaraq ona verilməsi barədədir.
16. İddiaçı tələbinin faktiki əsası kimi ona istinad edir ki, o, cavabdehin heyvandarlıq təsərrüfatında çoban kimi işləmiş, lakin sonradan aldadıldığını hiss etmişdir. Belə ki, aralarındakı razılığa görə o çobanlıq edib, qoyun sürüsünü otarmaq və baxmağı öhdəsinə götürmüş, cavabdeh də əməyinin müqabilində ona hər il 30 qoyun verməyi öhdəsinə götürmüşdür. O, 6 ilin haqqını cavabdehdən cətinliklə olsa alsa da, qalan 6 ilin haqqını ala bilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
17. Cavabdeh tərəf isə iddia etiraz edir və vəsatət verərək mülki işin icratının dayandırılmasını xahiş edir. Vəsatət onunla əsaslandırılır ki, hazırkı iş üzrə iddiaçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilindiyi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-177/2023 saylı, 23 iyun 2023-cü il tarixli hökmündən müəyyən edilir ki, məhz həmin hökmlə iddiaçının təqsirli bilinməsinə səbəb Cavabdeh barəsində “Space” telekanalında yalan və böhtan xarakterli məlumatları yayması olmuşdur. Bu cür məlumatların məzmununu isə məhz yuxarıda qeyd olunan mülki iş üzrə iddianın predmeti (180 baş heyvanın verilməsi məsələsi) təşkil edir.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirir ki, hazırki iddia tələbi tərəflər arasında mövcud olmuş sövdələşmədən irəli gələn əmlakla, yəni 180 baş xırdabuynuzlu heyvanların qaytarılması barədədir. Cinayət işi isə tərəflərin özlərinin şəxsiyyəti ilə bağlı telekanalda yayımlanmış məlumatla bağlıdır.
19. Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu biləbilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymadır.
20. Maddənin dispozisiyasından göründüyü kimi bu cinayət əmlak xarakterli olmayıb, bilavasitə obyektini başqa şəxsin şərəfi, ləyaqəti və ya nüfuzu təşkil edir.
21. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi hazırkı mülki iş üzrə icraatın yuxarıda qeyd olunan cinayət işi ilə səbəbli əlaqəsinin olub-olmamasını, iddianın müqəddəratının məhz həmin cinayət işi üzrə qəbul ediləcək yekun məhkəmə aktında asılı olub-olmamasına konkret qiymət vermədən icraatı dayandırmaqda haqlı olmamışdır. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi məqsədlilə birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
22. Prosessual qanunvericiliyin tələbinə görə hazırki qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
23. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı:
İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Quba Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli, 2(027)-176/2024 nömrəli qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi məqsədilə birinci instaniya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.